Məktəbəqədər təhsil pilləsi ümumi təhsil strategiyasının əsas sütunu hesab edilir.Bu mərhələdəki ab-hava, problem və perspektivlər sonradan təhsilin digər üst qatlarına da ciddi surətdə təsir göstərir.
Yerli məktəbəqədər tədris prosesində son illərdə inkişaf xarakterli müəyyən işlər görülür, bir çox çatışmazlıqlar aradan qaldırılır. Xüsusən də bağçaların yerli icra orqanlarından alınaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi təhsilin bu pilləsində çox ciddi dirçəlmələrə səbəb oldu.
Lakin təəssüf ki, bugün də məktəbəqədər təhsil seqmentində bir çox yeniliklərə, xüsusən də metodiki istiqamətdə fərqli yanaşmaların tətbiqinə ciddi ehtiyac var.
Məktəbəqədər təhsilin missiya və fəlsəfəsi beynəlxalq təcrübələrdə özünü yüksək şəkildə əks etdirir. Fərqli-fərqli ölkələrdə məktəbəqədər təhsilin məzmun xətti və standartları arasında ciddi oxşarlıqlar olsa da, bəzi spesifik fərqlər də nəzərə çarpır. Həmin spesifik özəlliklər fərqli-fərqli ölkələrin məktəbəqədər təhsilə olan yanaşmasının göstəricisidir. Həmin nümunələrin uğurlu tətbiqi yerli məktəbəqədər təhsil mühitində də ciddi inkişafa səbəb ola biləcək.
Azərbaycanda fəaliyyət göstərən məktəbəqədər tədris müəssisələrinin beynəlxalq təcrübədən qazanacağı 3 böyük özəllik var:
-uğurlu məzmun xətti;
- qəbul qaydaları;
-tədris zamanı tətbiq olunan davranış qaydaları.
“Bağçanı evdə qur” -Yapon modeli
Yaponiyada məktəbəqədər tədris müəssisələrinin nüfuzu cəmiyyət daxilində çox yüksək qiymətləndirilir. Burada universitet və məktəblərdə də uşaq bağçaları təşkil edilir ki, analoji təcrübənin ölkəmizdə də tətbiqinə ciddi ehtiyac var.
Qaydalara əsasən, azyaşlını bağçaya göndərməyən ailə bunun əvəzində məktəbəqədər müəssisədə uşaqlara keçirilən bütün zəruri proqramları ev daxilində övladına da öyrətməyə borcludur. Bunun üçün ailə başçıları xüsusi kurslara gedib zəruri biliklər öyrənirlər.
Yaponiyada məktəbəqədər tədris seqmentini inkişaf etdirən bir başqa detal isə ölkədə bu istiqamətdə özəl uşaq bağçaların kütləvi şəkildə təşkilidir. Burada özəl bağçalar ümumi məktəbəqədər təhsilin təqribən 80%-i əhatə edir. Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin təlim-tərbiyə sistemləri arasında ciddi bir fərq yoxdur. Məktəbəqədər təhsil sistemlərində ödəniş haqqı valideynlərin gəlirlərinin miqdarı, evdəki uşaqlarının sayı, neçənci uşağın bağçaya getməsi ilə müəyyən edilir.
Yaponlarda erkən yaşlı uşaqların təlim-tərbiyə prosesinin öz fəlsəfəsi, öz prinsipləri, normaları vardır ki, onlar xüsusi nümunə olaraq yerli tədris mühitində də müəyyən dərəcədə öz əksini tapmalıdır. Bu təlim-tərbiyədə əsas, mühüm olanlar aşağıdakılardır:
Yapon bağçalarında hətta 1 yaşlı körpədə belə artıq özünəinam hissi formalaşdırılmalı, qorxu hissi aradan qalxmalıdır. Yəni, burada təlim-tədris prosesi artıq uşağın bir yaşından etibarən start götürülür və həyata hazırlığın ilkin etapı kimi dəyərləndirilir;
Bağçaya gedən körpə 2 yaşına çatdıqda o artıq bəzi əl işlərinə, bu sahədəki yaradıcılığa ciddi maraq göstərməlidir. Deyilən prinsiplər bu yaşadək artıq təlqin olunmalıdır. Bunun üçün isə xüsusi hazırlanmış proqramlardan istifadə edilir. Həmin proqram təbii ki, təkcə 1-2 yaşla yox, 6-7 yaşadək dövrü özündə əks etdirir.
Xüsusi qeyd etmək lazımdır ki, yerli məktəbəqədər tədris müəssisələrində azyaşlıların yaş qruplarına görə bölgüsü olsa da, bu, məzmundan çox formaya xidmət edən meyar kimi xarakterizə olunur. Yəni, 1-3 yaş aralığında olanlarla daha böyükləri arasında fərqləndirmələrin aparılması, onların qruplara ayrılması daha çox azyaşlıların müdafiəsi kimi nəzərdə tutulur. Reallıqda isə bu mexanizm məzmun etibarilə də dolğunlaşdırılmalı və hər yaş qrupunun inkişaf parametrləri hazırlanmalıdır.
Bağçada dünyanı anlamaq – Ciddi ingilis modeli
İngiltərədə “erkən təməl mərhələ” adlanan məktəbəqədər təhsil uşağın 6 ayından başlayır və 5 il davam edir. Burada uşağın 6 yaşına qədərki təlim-tərbiyə prosesinin əsas vəzifələri onun bir şəxsiyyət kimi formalaşması və məktəbəhazırlıq prinsipləri ilə müəyyən edilir. Həm məktəbəqədər təhsil sistemində, həm də evlərdə bu prinsiplər əsas götürülür.
İngiltərədə məktəbəhazırlıq tədris seqmentinin bir çox müsbət tərəfləri var. Bu, həm məzmun, həm də təşkilati tərəfdən dəyərləndirilməlidir. Məsələn, ölkədə bağçalara qəbul qaydalarında maraqlı bir məqam var. uşaqlar daha yüksək statuslu bağçada oxumaq və özlərini inkişaf etdirmək üçün 3 ya, 4 yaşında müəyyən yoxlamadan keçməlidirlər. Onlar yoxlanış zamanı tədris müəssisəsinə yığılır, öz məharətlərini, öyrəndiklərini nümayiş etdirə bilən oyunlar oynayır, rəqs edir, bir-biri ilə söhbət edirlər. Yəni, imtahan mexanizmi yalnız və yalnız azyaşlının yaddaş göstəricisi, intellektual bacarıqlarını əhatə etmir. O, sadalanan meyarlar vasitəsilə artıq öz hazırlılıq səviyyəsini göstərə bilir.

Müəllimlər isə onları müşahidə edərək, onların belə bir mühitdə necə davrandıqlarına, müəllimlərin onlardan soruşduqlarını nə dərəcədə başa düşüb, hansı səviyyədə cavab vermələrinə fikir verirlər. Bunun əsasında müəllimlər bu uşaqlardan hər birinin onların təmsil etdikləri məktəbdə təhsil almağa nə dərəcədə hazır olub-olmadıqlarını müəyyənləşdirirlər. Müəllimlərin seçimlərinə təsir edən əsas amil uşaqların qabiliyyətləri, bacarıqları, hazırlıq səviyyəsidir. Başqa amillər, məsələn uşağın ailəsinin maddi imkanları bu seçimə demək olar ki, təsir etmir. Hər kəs öz məktəbinin nüfuzunu daha üstün tutur.
İngiltərə bağçalarındakı qəbul qaydaları pilot xarakterli də olsa yerli məktəbəqədər müəssisələrimizdə tətbiqi çox vacibdir. Çünki bu cür yoxlanışlardan sonra xüsusi istedadlı və intellektual-yaradıcı bacarıqlı uşaqlar seçilərək eyni mühitdə inkişaf edirlər.
Həmçinin, bu metodlarla uşaqlara aşağıdakı istiqamətdə hazırlanmalıdırlar:
Sərbəst ruhlu körpələr – ABŞ bağça modeli
ABŞ təcrübəsində məktəbəqədər təhsilin əsas özəlliyi buradakı günlük qrafik və onun uşaqlar üçün faydalılığının düzgün firmada hesablanmasıdır. Azərbaycan məktəbəqədər tədris mühitinə gətirilməli olan əsas yeniliklərdən biri də məhz ABŞ təcrübəsindəki qəbul, gündəlik rutinlər və məzmun standartlarıdır. Burada gündəlik fəaliyyət hər gün əvvəlcə bir saat ərzində uşaqların kifayət qədər oynaması ilə başlayır. Həmin gün azyaşlılar üçün oyunların ardınca hansısa bir əlamətdar hadisələr olduğunu danışır, maraqlı suallar ətrafında dostcasına, heç bir kompleks olmadan söhbət edirlər. Müəllim özü də bir əlamətdar hadisəni yada sala bilər. Onun niyə əlamətdar olduğunu izah edə bilər və uşaqların hər biri öz fikirlərini deyə bilərlər.
Daha sonra uşaqların hər biri əvvəlcədən ona verilmiş konkret tapşırıq əsasında çalışmağa başlayır. Bu tapşırıqlar oyun, yazı, şeir söyləmək, oxumaq, yazmaq öyrənmək, hansısa bir fiqur düzəltmək və s. ola bilər.
Bütün təhsil prosesi uşağın mühakimələr etməsinə, konkret məsələlərlə bağlı fikir yürütmələrinə, sərbəst seçim etmək, müstəqillik, azadlıq hisslərinin inkişaf etdirilməsinə yönəldilir.

ABŞ bağçalarında gündəlik məzmunlu proqramla yanaşı, qəbul qaydaları da çox maraqlıdır. Uşağı məktəbəqədər müəssisəyə yazdırmaq üçün valideynlər 4 ay əvvəldən ərizə ilə müraciət etməlidirlər. Sənədləri təqdim etməzdən əvvəl tibbi müayinədən keçmək lazımdır. Yerli məktəbəqədər müəssisələrdə bəzən növbə olur, amma əvvəlcədən müraciət edilərsə, uşağın seçilmiş bağçaya düşmək şansı kifayət qədər yüksəkdir. Sənədlər təqdim edildikdən 4 ay sonra uşağa bağçada yer ayrılmalıdır. Valideynlərin uşağın bağçada olacağı müddətini seçmək hüququ, eyni zamanda müqaviləyə ciddi əməl etmək öhdəliyi vardır.
Bağçalarda uşaq sayı sərt qaydalarla tənzimlənir: 1 tərbiyəçiyə 3 yaşlı 4 uşaqdan çox, yaxud 3 yaşdan yuxarı 4 azyaşlıdan çox uşaq həvalə edilə bilməz. Üstəlik, qrupda uşaq sayı 21-dən artıq olmamalıdır. Buna görə də, bir qrupda 3-4 tərbiyəçinin olması təəccüblü deyil.
Ən fərqli metodlar-Fin nümunələri
Finlandiya məktəbəqədər təhsilinin də xeyli maraqlı və ölkəmizdə tətbiqi mütləq olan tərəfləri vardır. Burada bağçaların vahid proqramı yoxdur, ancaq aşağıdakı prinsiplərə əsaslanır: sevgi, hörmət, həm uşaqlara, həm də onların tərbiyəçilərinə verilən fəaliyyət azadlığı.
Finlandiyada məktəbəqədər hazırlığa görə yerli hakimiyyət orqanları məsuliyyət daşıyır. Məktəb yaşına qədər, yəni altı yaşadək bütün uşaqlar məktəbəqədər hazırlıqda iştirak etmək hüququna malikdirlər. İstər bələdiyyəyə məxsus olan, istərsə də özəl bağçalar 9 aydan 6 yaşadək uşaqları qəbul edir, baxmayaraq ki, fin uşaqları adətən, 1,5-2 yaşından etibarən bağçaya getməyə başlayırlar. Məktəbəqədər təhsilin məcburi mərhələsi 6 yaşına keçən uşaqlar üçün bir il davam edən hazırlığı əhatə edir. Uşaqlar adətən, altı yaşda hazırlıqlara cəlb edilir, 7 yaşda məktəbə gedirlər.
Uşaq bağçalarında standart iş rejimi saat 6:00–6:30-la 17:00–17:45 arasındadır. Finlandiyada valideynləri növbə ilə işləyən (həkimlər, polis əməkdaşları) azyaşlılar üçün də uşaq bağçaları var və bu cür bağçalarda gündəlik iş rejimi fərqlidir.
Finlandiyada uşaq bağçaları ilə bağlı daha bir nümunəvi məqam onların bir neçə tipə bölünməsidir. Bu cür tipologiya ölkədə bağçaların kəmiyyət və keyfiyyət baxımdan inkişafına güclü təkan verir. Yalnız dövlət və özəl bağçalardan ibarət olan yerli məktəbəqədər tədris seqmentimizdə bu cür tipologiyanın tətbiqi çox faydalı ola bilər: Bələdiyyə bağçaları. Hər qrupda 10-dan 25-dək uşaq olur və onlarla 2-3 müəllim məşğul olur.
Finlandiyada uşağı valideynlərinin də izləyə biləcəyi açıq bağçalar var. Belə uşaq bağçaları bir növ maraq klubuna bənzəyir: valideynlər övladları ilə birlikdə gildən heykəl düzəldir, rəsm çəkir, nağıl oxuyur, oyun oynayırlar. Bu bağçalarda məşğələlər pulsuzdur. Ölkədə məşğələlərin əcnəbi dildə keçirildiyi məktəbəqədər müəssisələr də fəaliyyət göstərir.
Finlandiya bağçalarında uşaq sayı sərt qaydalarla tənzimlənir: 1 tərbiyəçiyə 3 yaşlı 4 uşaqdan çox, yaxud 3 yaşdan yuxarı 4 azyaşlıdan çox uşaq həvalə edilə bilməz. Üstəlik, qrupda uşaq sayı 21-dən artıq olmamalıdır. Buna görə də, bir qrupda 3-4 tərbiyəçinin olması təəccüblü deyil. Finlandiyada müxtəlif yaşda olan uşaqlar eyni qrupa qatıla bilər. 0-dan 3 və ya 3-dən 6 yaş arası uşaqların olduğu qruplar var. Finlərin fikrincə, bu, uşaqlarda əməkdaşlığı və ünsiyyət bacarıqlarını inkişaf etdirir.
Burada məktəbəqədər müəssisələrdə uşaqların təşəbbüskarlığı və sərbəstliyi hər cür yollarla təşviq edilir. Müəllimlər uşaqlara nisbi sərbəstlik verir: gölməçələrdə oturmaq və yaş qumla oynamaq qadağan deyil. Uşaqlar istəmədiklərini edə bilməzlər, deyək ki, körpə yemək istəmirsə, buna məcbur edilmir.
Göründüyü kimi, Finlandiya təhsil sistemində məktəbəqədər tədris prosesinin bir çox nümunəvi tətbiqləri mövcuddur. Ölkəmizdə bağçalara olan birrəngli münasibət-bağçaların ancaq uşaq saxlama müəssisəsi, dayəlik institutu kimi qavrayışlarını aradan qaldırmaqdan ötrü bu cür nümunələrdən istifadə çox məntiqlidir.
Hər ev bir bağça -İsrail modeli
İsrail nümunəsində isə qeyd edə biləcəyimiz əsas detal ev bağçalarına xüsusi diqqətin göstərilməsidir. Doğrudur, “ev bağçaları”, “ailə-bağça” modeli bir çox ölkələrin təcrübəsində tətbiq olunur. Amma İsraildə bu mexanizm daha mütəşəkkil qaydada həyata keçirilir. Yerli bağça sistemimiz üçün İsrail nümunəsindən götürə biləcəyimiz əsas detal məhz budur.
Eyni vaxtda 5-8 uşağı qəbul edən İsrail ev bağçaları müvafiq ixtisas kursunu bitirmiş mənzil sahibi tərəfindən təşkil edilir. Eyni zamanda tərbiyəçi kimi çalışan ev sahibi həm özəl sahibkar, həm də şəhər bələdiyyəsinin dəstəyi ilə fəaliyyət göstərə bilər. Adətən, İsraildə ev uşaq bağçalarının özünün uşaq meydançaları olmur. Ona görə də yaşca kiçikləri uşaq arabalarında ən yaxınlıqdakı uşaq meydançasına aparır, qalanları isə əl-ələ tutub, cərgəyə düzülərək özləri oraya gedirlər.
Burada körpələrin (1,5 yaşa qədər) gündəlik rejimi onların fizioloji xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılır. Uşaqlar kitab oxumaq, musiqi dinləmək və oyun oynamaq (böyük və kiçik motor bacarıqlarının inkişafı daxil olmaqla) kimi məşğələlərə zorla cəlb edilmirlər. Məşğələlər xoş ab-havada, sevgi və qayğının hakim olduğu mühitdə keçirilir, çünki bu yaşda ən vacib məsələ uşaqları sevgi və qayğı ilə əhatə etməkdir.
1,5 yaş uşaqların aktiv araşdırma dövrüdür. Uşaqlar gördükləri hər şeyi maraqla öyrənir, işçi heyətinin nəzarəti altında müxtəlif materiallarla tanış olur, məşğələlərdə iştirak edirlər. Elə bu yaşda da uşaqları icazə verilənlərin sərhədləri ilə tanış edir, dostluq və qarşılıqlı münasibətlər anlayışının təməli qoyulur.
İşçi heyyət yaşca böyük olan qrupdakı uşaqların (2 yaşdan yuxarı) qarşısına öyrədən və idrak prosesində əvəzolunmaz vasitəçi kimi çıxırlar. Nitqin inkişafına xüsusi diqqət yetirilir. Ancaq əsas məqam uşaqlara həyatın növbəti mərhələsində çox ehtiyac duyacaqları müstəqilliyi öyrətməkdir.
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı