Uşaq bağçalarında kişi müəllimlərin olmaması təkcə Azərbaycanda deyil, bir çox ölkədə müşahidə olunan sosial-pedaqoji problemdir. Bu tendensiyanın arxasında bir neçə struktur və mədəni faktor dayanır.
Ənənəvi gender rolları, cəmiyyətin bəzi stereotipləri və erkən uşaqlarla işləmə sahəsinin “qadın işi” kimi qəbul olunması kişi pedaqoqların bu sahəyə marağını və daxilolma faizini əhəmiyyətli dərəcədə azaldır.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, bu, formalaşmış bir ənənədir:
"Məktəblərdə daha çox qadınlar işləyib və bu da öz növbəsində stereotip kimi formalaşıb. Düşünürəm ki, məsələnin bu formada inkişaf etməsinə səbəb uşaqlara müxtəlif xidmətlərin göstərilməsi və bu xidmətlərin daha çox qadınlarla bağlı olmasıdır.
Hesab edirəm ki, bunun üçün ilk növbədə zaman lazımdır. Hazırda bağça sistemimizdə islahatlar həyata keçirilir. Zamanla ola bilər ki, biz bu tendensiyanı müşahidə edək və kişilər bu sahəyə meyil göstərsinlər.
Gələcəkdə sistem təkmilləşsə, proses fərqli istiqamətdə getsə və bağça sistemində dəyişikliklər olsa, hesab edirəm ki, kişilərin də bu prosesə cəlb olunma imkanları reallaşa bilər. Yəni bağçalar yalnız xanımlar üçün nəzərdə tutulmayıb. Biz gender bərabərliyindən danışırıq, amma bağçalarda bu bərabərlik pozulub. Düşünürəm ki, islahatlar həyata keçirildikcə gələcəkdə kişilərin bu sahədə çalışdığını da görəcəyik.
Xarici ölkələrdə də qadınlar çoxluq təşkil etsə də, kişilər prosesdə iştirak edirlər. Ümumiyyətlə, bu, bir qədər bizim mentalitetdən qaynaqlanan məsələdir. Xaricdə təmizlik işçilərinin tərkibinə baxdıqda isə kişilərin qadınlardan az olmadığını görmək mümkündür. Tərbiyə işini yalnız xanımlar aparmamalıdır; kişilər də bu işdə fəal olmalıdır".