Təhsil sistemi cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafında həlledici rol oynayan ən mühüm sahələrdən biridir. Bu sistemin dayanıqlı və səmərəli fəaliyyəti isə ilk növbədə onu formalaşdıran əsas qüvvə müəllim kadrlarından asılıdır. Müəllimlərin cins tərkibi, onların müxtəlif təhsil pillələrinə görə paylanması və bu bölgünün zamanla dəyişmə dinamikası təhsilin keyfiyyətinə, sosial münasibətlərə və gender bərabərliyinə birbaşa təsir göstərən vacib göstəricilərdəndir
Maraqlıdır, məktəbəqədər, ibtidai, orta və ümumi təhsil müəssisələrində nə qədər kişi müəllim fəaliyyət göstərir?
AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024/2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində işləyən müəllimlərin ümumi sayda payı qadınlar arasında 12,4 faiz, kişilər arasında isə 0,1 faiz təşkil edir. Bu səviyyədə çalışan müəllimlərin 99,9 faizi qadın, 0,1 faizi isə kişidir.
Ümumi təhsil müəssisələrində çalışan müəllimlər qadınlar arasında 87,6 faiz, kişilər arasında isə 99,9 faiz təşkil edir. Ümumilikdə bu müəssisələrdə müəllimlərin 84,2 faizi qadın, 15,8 faizi kişidir.
İbtidai təhsil səviyyəsində müəllimlərin 24,7 faizi qadınlar, 8,3 faizi isə kişilərdir. Bu səviyyədə müəllimlərin 94,1 faizi qadın, 5,9 faizi kişidir.
Ümumi orta və tam orta təhsil səviyyələrində müəllimlərin 62,9 faizi qadınlar, 91,6 faizi kişilər təşkil edir. Bu səviyyələrdə çalışan müəllimlərin 78,6 faizi qadın, 21,4 faizi isə kişidir.
Ümumilikdə 2024/2025-ci tədris ilində ölkə üzrə müəllimlərin 84,2 faizi qadın, 15,8 faizi kişidir. Cəmi müəllim sayı 163,527 nəfərdir, onlardan 137,760 nəfəri qadın, 25,767 nəfəri isə kişidir.
Təhlil göstərir ki, Azərbaycan təhsil sistemində müəllim kadrlarının böyük əksəriyyətini qadınlar təşkil edir. Qadın müəllimlərin üstünlüyü xüsusilə məktəbəqədər və ibtidai təhsil səviyyələrində nəzərə çarpır. Kişi müəllimlərin payı isə əsasən ümumi orta və tam orta təhsil mərhələlərində artım göstərir.