İlk dəfə keçirilən dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) çalışan rəhbər heyətin diaqnostik qiymətləndirilməsi oktyabr ayının 25-də baş tutub.
İmtahanda iştirak edənlərdən biri də İsmayıllı rayonu 4 nömrəli uşaq bağçasının müdiri Məhburə Yusifovadır.
AzEdu.az onunla əlaqə saxlayıb.
"2001-2005-ci illərdə Gəncə Dövlət Universitetində məktəbəqədər təlim, pedaqogika və metodika ixtisası üzrə təhsil almışam. 2005-ci ildə universiteti bitirib, rayonumuzda Texniki Yaradılıq Mərkəzində dərnək rəhbəri kimi fəaliyyət göstərmişəm. Sonra Heydər Əliyev Mərkəzində həmin sahədə işimi davam etdirmişəm.
Bundan başqa, "İcma əsaslı məktəbəqədər təhsil" layihəsində uğur qazanaraq orada da tərbiyəçi müəllim kimi bir il fəaliyyət göstərmişəm. 2023-cü ildə Elm və Təhsil Nazirliyinin keçirdiyi imtahan və müsabiqədə uğur qazandıqdan sonra İsmayıllı şəhərindəki 4 saylı uşaq bağçasında tərbiyəçi müəllim kimi işə başlamışam. Hazırda həmin bağçada həm tərbiyəçi müəllim, həm də müdir vəzifəsində çalışıram.
Artıq 20 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğulam.
İmtahan çox şəffaf və obyektiv şəkildə keçirildi. Suallar situativ xarakter daşıyırdı və bağçada qarşılaşdığımız real vəziyyətləri əhatə edirdi. Hətta deyərdim ki, imtahan sualları asan səviyyədə idi.
Bu sualların cavabını müdirlər bilməlidir, çünki onlar bağçada həm təşkilati, həm də pedaqoji işlərə cavabdehdirlər.
İmtahanda 50 bal toplamışam. Mən bu prosesdən çox razıyam. İmtahan mənim üçün peşəkar inkişafımı ölçmək və özümü sınaqdan keçirmək fürsəti oldu.
Hazırlıq baxımından isə imtahana xüsusi vaxt ayıra bilmədim. Amma əvvəlki biliklərim və təcrübəm mənə kömək etdi".