Azedu.az

Tikinti və təmir problemləri məktəbəqədər təhsili MƏHDUDLAŞDIRIR

Bağçalar

29 Yanvar 2026, 16:17
Tikinti və təmir problemləri məktəbəqədər təhsili MƏHDUDLAŞDIRIR

Azərbaycanda 2 milyon 730 min uşaqdan cəmi 40 faizinin məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçasına) əlçatanlığı var. Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Maraqlıdır, bağçaya gedən uşaqların faizinin aşağı olmasının əsas səbəbləri nədir?

AzEdu.az-a mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə mütəxəssis, ADPU-nun müəllimi  Xalidə Həmidova danışıb.

Onun sözlərinə görə, əsas problemlərdən biri məktəbəqədər təhsil müəssisələrinin tikintisi ilə bağlı mövcud qanunvericilikdə müəyyən edilmiş standartların həddindən artıq sərt olmasıdır:

“Zahid Orucun uşaq hüquqları ilə bağlı çıxışına baxmayaraq, məsələyə Azərbaycan Respublikasının mövcud imkanları nəzərə alınmaqla yanaşmaq vacibdir. Məlumdur ki, hazırda ölkədə fəaliyyət göstərən 1370-ə yaxın uşaq bağçası ümumilikdə uşaqların cəmi 16-17 faizini əhatə edə bilir. Yeni tikilən bağçalar və özəl müəssisələr də nəzərə alındıqda bu göstərici maksimum 20 faizə çatır.

Qalan uşaqlar isə əsasən alternativ məktəbəqədər təhsil formaları və ev şəraitində həyata keçirilən hazırlıq proqramları vasitəsilə əhatə olunur ki, bu da təxminən 36-38 faiz təşkil edir. Halbuki strateji hədəflərə əsasən, məktəbəqədər təhsilə cəlbetmə səviyyəsinin 2030-cu ilə qədər 90 faizə çatdırılması nəzərdə tutulur. Göründüyü kimi, bu sahədə ciddi çətinliklər mövcuddur.

Bu standartlar böyük ərazilər tələb edir ki, xüsusilə iri və sıx məskunlaşmış şəhərlərdə torpaq çatışmazlığı şəraitində bu, prosesi daha da çətinləşdirir. Buna baxmayaraq, qanunvericilikdə hələlik hər hansı yumşaldıcı dəyişikliklər həyata keçirilməyib”.

Həm Bakıda, həm də regionlarda fəaliyyət göstərən bir çox uşaq bağçaları əsaslı təmirə ehtiyac duyur:

“Bu səbəbdən hazırda əsas ümid alternativ modellərə yönəlir. İki növbəli təhsil, məktəbə hazırlıq qrupları, gündüz qayğı mərkəzləri və digər alternativ formalar vasitəsilə uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin artırılması mümkün hesab olunur. Nazirlik son illərdə bu istiqamətdə müxtəlif təşəbbüslər irəli sürsə də, tələb olunan maliyyə vəsaitinin böyük olması prosesi ləngidir.

Qarabağda yeni məktəb və uşaq bağçalarının tikintisi resursların müəyyən qədər bu istiqamətə yönəlməsinə səbəb olub. Bu amil ümumi prosesə müəyyən təsir göstərsə də, regionlarda bağçaların tam işlək vəziyyətə gətirilməsi gələcəkdə əhatə faizinin artmasına imkan yarada bilər. Qarabağ münaqişəsi dövründə məcburi köçkün ailələrinin bir hissəsi uşaq bağçalarında müvəqqəti yerləşdirilib. Sonrakı illərdə həmin ailələrin bir qismi yeni yaşayış binalarına köçürülsə də, hələ də bağçalarda məskunlaşan ailələr mövcuddur. Bu ailələrin mərhələli şəkildə öz daimi yaşayış yerlərinə köçürülməsi bağçalarda əlavə yerlərin açılmasına şərait yarada bilər”.

Vaxtilə 80-dən çox iri tutumlu uşaq bağçasının özəlləşdirilməsi və sonradan fəaliyyət istiqamətinin dəyişdirilməsi də məktəbəqədər təhsilin əhatə səviyyəsinə mənfi təsir göstərib:

“Elektron qeydiyyat sistemi vasitəsilə bağçaya qəbul olunan uşaqların sayı müəyyən qədər izlənilə bilir. Lakin səbəblər barədə uzun-uzadı danışmaq olar. Məsələyə uşaq hüquqlarının qorunması prizmasından yanaşsaq, ideal halda hər bir uşaq məktəbəqədər təhsilə cəlb olunmalı və bu mərhələni başa vurduqdan sonra növbəti təhsil pilləsinə keçməlidir. Təəssüf ki, hazırda bu, tam şəkildə mümkün deyil.

Bu müəssisələrin bir qismi lisenziyalaşdırılmadığı və ya rəsmi qeydiyyatdan keçmədiyi üçün dövlət tərəfindən tam nəzarətə götürülə bilmir. Bu da ümumi mənzərənin dəqiq qiymətləndirilməsini çətinləşdirir”.

Gələcəkdə qanunvericilikdə ediləcək dəyişikliklər bu sahədə vəziyyəti yaxşılaşdıra bilər:

“Gözlənilir ki, təhsil və inkişaf yönümlü mərkəzlərin də uşaqların rəsmi qeydiyyatını aparması tələbi qoyulsun. Bu halda məktəbəqədər təhsilə cəlb olunan uşaqların real sayı daha dəqiq müəyyən edilə və ümumi əhatə göstəriciləri artırıla bilər”.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox