Məktəbəqədər təhsil dövrü uşağın fərdi inkişafında ən kritik və həlledici mərhələdir. Bağçalar sadəcə uşaqların vaxt keçirdiyi və ya nəzarətdə saxlanıldığı müəssisələr deyil. Bu mühit uşağın dünyanı kəşf etdiyi, şəxsiyyətinin formalaşdığı və həyatın ilk ciddi mərhələlərinə hazırlaşdığı mühüm bir mərhələdir.
Müasir yanaşmalar göstərir ki, bağçalar uşaqların məktəbə keçidində həm sosial, həm emosional, həm də akademik bacarıqlarını balanslı şəkildə inkişaf etdirməlidir.
Bəs bağçada erkən akademik bacarıqlar ilə sosial bacarıqlar arasında balans necə qorunur? Bağçalardakı həddindən artıq yüklənmə uşaqlarda hansı problemlərə səbəb ola bilər?
AzEdu.az-a mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva danışıb.
Bağçalarda uşaqlara ağır yüklü biliklərin verilməsi uğurlu nəticə vermir:
“Bağçalar uşaqların sosial bacarıqlarını artıran, məktəbə adaptasiya prosesini təmin edən və onları ümumilikdə həyata hazırlayan bir məkandır. Biz bağçalarda akademik biliklərdən daha çox həyat bacarıqlarının verilməsinə üstünlük veririk. Çünki bu yaşda uşaqlara ağır yüklü biliklərin verilməsinin o qədər də uğurlu nəticə vermədiyini düşünürük. Buna görə də uşaqların həyatda qarşılaşa biləcəkləri sosiallaşma, kommunikasiya, nitq və digər mühüm bacarıqların inkişafına önəm verilməlidir. Əlbəttə, bu istiqamətdə bir çox fərqli məqamlar mövcuddur və onların hər biri kurikulumlarda öz əksini tapmışdır".
Müəllimlər proqramı düzgün şəkildə işləsələr, uşaqların bağçalardakı inkişafı təmin edilər:
“Kurikulum dörd inkişaf sahəsi üzrə uşaqların inkişafını təmin edir. Bunlardan birincisi fiziki inkişafdır ki, bura uşağın sağlamlığı, gigiyenası və təhlükəsizliyi ilə bağlı məsələlər daxildir. İkincisi idrak sahəsidir ki, buraya uşağın nitqi, ətraf aləmlə tanışlığı və sadə məntiqi bacarıqları daxildir. Üçüncüsü uşaqların yaradıcı bacarıqlarını, estetik zövqlərini və əmək vərdişlərini formalaşdıran fəaliyyətlərdir. Dördüncüsü isə uşaqların sosiallaşması və emosional bacarıqlarının inkişafıdır. Buraya kommunikasiya bacarıqları, insanlarla davranış, etiket normaları, böyüklərlə və kiçiklərlə rəftar formaları daxildir.
Əlbəttə ki, bu sahələrin hamısı çox vacibdir. Məktəbəqədər təhsil müəssisələrində tətbiq olunan bütün proqramlar məhz bu istiqamətlərə fokuslanır və bu da uşaqların düzgün inkişafını təmin edir. Təbii ki, bir şərtlə - müəllimlər proqramı qarşılarına qoymalı, hər bir bəndi və inkişaf sahəsini düzgün şəkildə işləməlidirlər".
Hələ də bağçalarımızda köhnə proqramlarla işləyən müəllimlər var:
“Təəssüf ki, hələ də bağçalarımızda köhnə proqramlarla işləyən müəllimlər mövcuddur. Onlar mövcud proqramları sadəcə oradan-buradan köçürür, lakin özləri hələ də köhnə təfəkkürlə fəaliyyət göstərirlər. Kurikulumun məzmunundan xəbərsizdirlər. Digər təəssüf doğuran məqam isə ondan ibarətdir ki, bəzi təhsil idarələri, metodistlər və ya metod birləşmələri özlərindən perspektiv planlar hazırlayaraq tərbiyəçi-müəllimlərə pulla satırlar.
Müəllimlər də bu hazır planları alır və onları öz qruplarına uyğunlaşdırmadan tətbiq etməyə məcbur qalırlar. Çünki yuxarı qurumlar məhz bunu tələb edir. Nəticədə isə uşaqların bacarıqlarının düzgün və hədəfəyönlü inkişafını təmin etmək mümkün olmur".
Müəllimlər yalnız rəsmi kurikuluma əsaslanmalıdırlar:
“Biz bilirik ki, regiona, mühitə və uşaqların fərdi xüsusiyyətlərinə görə inkişaf səviyyələri fərqlidir. Buna görə də hər bir tərbiyəçi öz qrupunun ehtiyaclarına, uşaqların ümumi mühitinə və inkişaf səviyyəsinə uyğun fərdi planlar hazırlamalıdır. Lakin təəssüf ki, müəllimlər hələ də diktə olunan hazır perspektiv planlarla işləmək məcburiyyətində qalırlar. Bu isə uşaqların fərdi bacarıqlarının inkişafına fokuslanmağı çətinləşdirir.
Kurikulum təlimlərində müəllimləri daim yönləndiririk ki, onlar kənar diktələrə deyil, yalnız dövlətin tələbi olan rəsmi təhsil proqramına - kurikuluma tabe olmalı və onun tələblərini yerinə yetirməlidirlər. Təəssüf ki, bir çox müəllim hələ də bu hüquqlarını bilmir və kənar şəxslərdən hazır perspektiv planlar alaraq onlara bağlı qalır.
"Yoxlama" adı ilə bağçalara gələn bəzi metodistlər və digər nümayəndələr müəllimləri məhz həmin pulla satılan planlar üzrə yoxladıqları üçün, tərbiyəçilər də məcbur qalaraq həmin planlara uyğun formal sənədlər hazırlayır və dərsləri də buna uyğun keçirmiş kimi göstərirlər. Nəticədə bağçalarda təlim-tərbiyə işi düzgün formalaşa bilmir".
Erkən akademik yüklənmə balansı pozur:
“Digər vacib məsələ bağçada erkən akademik bacarıqlar ilə sosial bacarıqlar arasındakı balansın qorunmasıdır. Qeyd etdiyim səbəblərdən bu balansı qorumaq faktiki olaraq mümkün olmur. Çünki rəsmi proqrama görə bağçada akademik biliklərin verilməsi nəzərdə tutulmayıb. Lakin təəssüf ki, müəllimlər məcburi yazı, oxu və sürətli oxu kimi məşğələlərlə uşaqları yükləməyə məcbur edilirlər.
Halbuki məktəbəqədər təhsil proqramlarında yazı və oxu ilə bağlı hər hansı bir standart mövcud deyil. Orada yalnız çap hərflərinin tanınması, səs üzərində qurulan sadə heca və söz oyunları nəzərdə tutulur. Müəllim bu səs oyunları üzərində işləməli olduğu halda, birbaşa oxu bacarıqlarını inkişaf etdirməyə fokuslanır. Bu da sosial bacarıqların arxa plana keçməsinə və balansın pozulmasına səbəb olur.
Valideynlərin kifayət qədər maarifləndirilməməsi və ya məktəblərin yazı və oxu kimi artıq bacarıqlar tələb etməsi valideynləri məcbur edir ki, hələ 5 yaşında uşaqlarını əlavə müəllimlərin yanına göndərsinlər. Bu isə çox ciddi risklər yaradır.
Uşaqların vaxtından əvvəl yazı yazmağa məcbur edilməsi skolioz, göz çəpləşməsi və görmənin zəifləməsi kimi problemlərə səbəb olur. Eyni zamanda kiçik motorikanın düzgün inkişaf etməməsi, barmaqlardakı sinir uclarının zədələnməsi və davranış bacarıqlarının formalaşmaması kimi təhlükələr ortaya çıxır.
Bu səbəbdən hesab edirəm ki, bu məsələlər Nazirlik və aidiyyəti agentliklər tərəfindən ciddi şəkildə nəzərə alınmalı, ictimailəşdirilməli və uşaqların sağlamlığının hansı təhlükə altında olduğu açıq şəkildə bəyan edilməlidir.
Təəssüf ki, hazırda bağçalarda texniki problemlər də kifayət qədərdir. Nazirlik bu çatışmazlıqları aradan qaldırmaqla məşğul olduğu üçün proses hələlik ləng gedir. Ümid edirik ki, yaxın zamanda bu problemlər də öz həllini tapacaq".
Zeynəb Tehranlı