Son zamanlar sosial şəbəkələrə, xüsusilə də TikTok-a daxil olarkən, sözün əsl mənasında peşman oluruq. Yaşlarına uyğun olmayan davranışlar, işlətdikləri qeyri-etik ifadələrlə gündəmi zəbt edən uşaqlar və onlara bunu etməyə “dəstək” olan valideynləri demək olar ki, əksər vaxtlarda görə bilirik. Bu uşaqların yaşının çox az, bəzilərinin isə məktəbli olduğunu nəzərə alsaq, bu axının böyük bir fəlakət olduğunu deyə bilərik.
Bəs dərs öyrənməli zamanlarını bu cür zərərli fəaliyyətlərlə itirən uşaqları bunu etməyə nə vadar edir? Axı bu, onların şəxsiyyət kimi yetişməsinə zərbə vurur.
Psixoloq Aydan Məmmədova AzEdu.az-a açıqlamasında bildirib ki, bu davranışların arxasında müxtəlif psixoloji amillər dayanır və bu hadisələr çox vaxt uşaqların valideynlərini cəzalandırmaq istəyi fonunda baş verir.

A.Məmmədovanın sözlərinə görə etik olmayan sözlərin işlədilməsi belə davranış pozuntusuna daxildir.
"Hətta sosial şəbəkələrdə biz bullinqlərlə də rastlaşa bilərik; uşaqlar başqalarının, öz həmyaşıdlarının üzərində dominantlıq quraraq onların üzərində bullinq edirlər.
Birinci səbəb valideynlərin avtoritar və liberal tərbiyə üsullarıdır. Avtoritar ailədə valideynlər övladlarını daha çox diqqət altında saxlayır və ümumiyyətlə onların sərbəst şəkildə qərar vermələrinə icazə vermirlər. Liberalda isə bunun tam əksi olur: övladlar diqqətdən kənarda qalır, bütün məsuliyyət uşağın üzərinə düşür. Hətta elə olur ki, uşaq uşaq olaraq deyil, bir valideyn kimi rol üstlənir.
Müasir dövrdə yaşayırıq və sosial şəbəkələrin inkişaf etdiyi bir dönəmdir. Yeni nəslin dili ilə desək, “kəşf et”-ə çıxırlar. Bu zaman artıq ətrafda bu hallarla qarşılaşmağımız qaçılmazdır. “Kəşf et”-ə çıxdıqca orada həmyaşıdlarının da qarşısına çıxırlar. Oradakı rəylər və normallaşdırılma hallarını digər uşaqlar da görür və bunun normal olduğunu düşünürlər. Fikirləşirlər ki, bu yanlış deyil; o edirsə, mən də edə bilərəm. Artıq belə hallar zəncirvari şəkildə artmış olur. Bu, valideynlərin yanlışıdır, düzgün tərbiyə verilmir.
Bayaq qeyd etdim ki, avtoritar tərbiyə üsulunda uşaq diqqətdə olur, hər şeyə nəzarət olunur. Belə bir fikir yarana bilər ki, bu nəzarət altında uşaq necə belə davranır? Uşaq ailə daxilində, valideynlərinin və böyüklərinin yanında doğru-düzgün davranır, lakin çərçivədən, ailədən kənara çıxdıqda onun sosial mühiti olur ki, orada azadlığına qovuşmuş kimi hiss edir. İstədiyi kimi davranır.
Nalayiq sözlər işlədən yeniyetmələr özlərini daxilən böyük kimi hiss edirlər. Onlar tez böyüməyə can atırlar. Ailələri tərəfindən diqqət görməyən yeniyetmələr məşhurlaşmaq istəyir.
Bir şeyi də qeyd etmək istəyirəm ki, mənfi olan hər bir şey daha çox önə çıxır. Çünki orada çoxlu rəylər yazılır, həm dəstəkləyənlər, həm də qarşı çıxanlar olur. Rəylər yazıldıqca onların “kəşf et”-ə çıxma imkanları daha da artır",- deyə psixoloq qeyd edib.
Digər bir məsələ isə bu davranışlara hüquqi qiymət verilməsidir. Uşaqların bu cür videolarından pul qazananlar, onlara xoş olmayan sözləri söylədənlər də var. Bəs bu hallara hüquqi qiymət necə verilir? Məsuliyyətə cəlb olunma hansı hallarda mümkündür?
Vəkillər Kollegiyasının üzvü Babək Umudov müsahibə zamanı bu davranışları hüquqi aspektdən dəyərləndirərək bir çox məqamlara aydınlıq gətirib.

"İlk növbədə şəxsin inzibati xətaya və yaxud cinayət məsuliyyətinə cəlb olunması üçün onun 16 yaşa çatması mütləq şərtdir. Bir çox hallarda bu cür hərəkətləri xırda xuliqanlıq kimi qiymətləndirirlər. Xırda xuliqanlıq dedikdə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması və ya zor tətbiq etmək hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşahidə edilməyən hərəkətlər başa düşülür.
Bu cür hərəkətlərə görə şəxslər 50 manatdan 100 manata qədər cərimə olunur. Pozuntunu törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 gün müddətinə inzibati həbs tətbiq edilir. Əslində yetkinlik yaşına çatmayanın qazancı olmaya da bilər. Bu zaman inzibati cəriməni onun valideynləri və ya digər qanuni nümayəndələri ödəyir.
Əgər bu cür əməlləri törədən şəxs 14 yaşından 16 yaşınadəkdirsə, həmin şəxsin törətdiyi xırda xuliqanlığa görə valideyni və ya qanuni nümayəndəsi 60 manatdan 100 manatadək cərimə olunur.
İkinci tərəfdən, sosial şəbəkələrdə edilən bu hərəkətlər təhqir kimi də qiymətləndirilə bilər. Bu isə artıq cinayətdir. Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, sosial mediada və ya kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq başa düşülür. Bu da 1000 manatdan 1500 manatadək cərimə ilə nəticələnir.
Yetkinlik yaşına çatmayanlara münasibətdə 240 saatdan 320 saat müddətədək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri, yaxud 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə, yetkinlik yaşına çatmayanlara qeyd olunan cəzalar tətbiq olunmaya da bilər. Bu halda onlara tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq olunur.
Bu cür tədbirlərə xəbərdarlıq, vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək, yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tədbirlər müəyyən etmək daxildir", - deyə B.Umudov fikrini yekunlaşdırıb.
Xoşagəlməz davranışlar sərgiləyən azyaşlılar digər uşaqlara da mənfi nümunə olurlar. Bu, onları həm dərslərdən, həm də yaxınlarından uzaqlaşdırır. Əslində, belə hadisələri valideyn məsuliyyətsizliyinin nəticəsi kimi dəyərləndirənlər olduğu kimi, zəmanəyə “uyğunlaşma arzusunun” fəsadı kimi görənlər də var. Buna görə valideynlər diqqətli olmalı və övladlarının yaşlarına uyğun fəaliyyətlərlə məşğul olmalarına şərait yaratmalıdırlar.
Aysel Məmmədli