Azedu.az

Dərs oyunla başlayır, kodlaşdırma ilə davam edir: Estoniya təhsili

Araşdırma

1 Aprel 2026, 12:38
Dərs oyunla başlayır, kodlaşdırma ilə davam edir: Estoniya təhsili

Estoniya, kiçik bir ölkə olmasına baxmayaraq, təhsil sahəsində böyük uğurlar əldə etmişdir. Həmçinin beynəlxalq qiymətləndirmələrdə, xüsusən PISA testlərində riyaziyyat, elm və oxu bacarıqları sahəsində yüksək nəticələr göstərərək Avropa liderlərindən biri olmuşdur. 

AzEdu.az Estoniyanın təhsil sistemini araşdırıb.

Estoniya dünyada ilk ölkələrdən biridir ki, "ProgeTiiger" proqramı çərçivəsində 7 yaşından (1-ci sinifdən) uşaqlara kodlaşdırma və robototexnikanı öyrətməyə başlayıb. Onlar üçün proqramlaşdırma sadəcə texniki bacarıq deyil, məntiqi düşünmə formasıdır.

Burada kağız gündəliklər və jurnallar tarixə qovuşub. Bütün ölkə daxilində vahid onlayn platforma var. Valideynlər övladının dərslərini, davamiyyətini və hətta müəllimin qeydlərini real vaxt rejimində görürlər. Şagirdlər isə ev tapşırıqlarını çox vaxt bu sistem üzərindən rəqəmsal formada təhvil verirlər.

Estoniyada dövlət kurikulumu (tədris planını) təyin edir, lakin müəllimə "necə öyrədəcəyi" barədə tam sərbəstlik verir. Müəllim dərsi istər parkda, istər muzeydə, istərsə də laboratoriyada keçə bilər. Onlara metodika seçmində heç kim təzyiq etmir. 

Estoniya məktəblərində rəqəmsal savadlılıq ayrıca bir fənn deyil, bütün fənlərin daxilinə inteqrasiya olunub. Məsələn, uşaqlar tarix dərsində qədim dövrlərə aid 3D modellər yaradır və ya riyaziyyat dərsində statistik məlumatları xüsusi proqramlarla analiz edirlər.  

Estoniyada təhsil sadəcə məktəblə bitmir. Ölkədə yaşlıların və böyüklərin yenidən təhsil alması üçün dövlət tərəfindən böyük dəstək var. Hər il böyüklərin təxminən 20%-i rəsmi olaraq hansısa kursda və ya təlimdə iştirak edir. 

Dünyanın kibertəhlükəsizlik mərkəzlərindən biri hesab olunan Estoniya, uşaqlara çox kiçik yaşlarından rəqəmsal təhlükəsizlik və məsuliyyətli internet istifadəsini öyrədir.

Müəllimlər hər bir şagirdin öyrənmə sürətinə uyğun fərdi rəqəmsal profil hazırlayırlar. Əgər bir uşaq riyaziyyatı daha tez qavrayırsa, o, sinfi gözləmir, proqramda irəli gedir.

Əgər şagird bir mövzunu anlamırsa, məktəb dərhal ona əlavə "dəstək müəllimi" (tutor) ayırır. Bu, pullu repetitorluq deyil, dövlətin pulsuz xidmətidir. 

Estoniyada yeni qanunvericiliyə əsasən, təhsil almaq öhdəliyi 18 yaşına qədər (və ya orta ixtisas təhsili alana qədər) artırılıb. Məqsəd heç bir gəncin ixtisassız qalmamasıdır.

Trampdan MƏHV EDİN! əmri - Ordusu İranı darmadağın edir
Son xəbərlərDaha çox