Böyük Türk alimi İsmayıl Hikmətin 1928-ci ildə Azərbaycanda nəşr olunan iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi”
kitabı yenidən işıq üzü görüb.
Kitabın ərsəyə gəlməsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin dörd böyük aliminin əməyi var. Nəşrin ideya müəllifi filologiya elmləri doktoru, professor, universitetimizin Beynəlxalq Əlaqələr üzrə prorektoru, əməkdar müəllim Mahirə Nağıqızı, transliterasiya və tərtib edənləri, “Ön söz”, “İzah və qeydlər”in müəllifləri filologiya elmləri doktoru, professor , əməkdar müəllim Təyyar Salamoğlu və Cəlilabad filialının dosenti, filologiya üzrə fəlsəfə doktoru Yədulla Dadaşlı, elmi redaktoru filologiya elmləri doktoru, professor, əməkdar müəllim Yaqub Babayevdir.
Kitab “İLĞIM ƏDVİYYATLARI”nın sponsorluğu ilə “Elm və təhsil” nəşriyyatında nəşr olunub. Universitetimizin Elmi Şurasının 14 sentyabr 2022-ci il tarixli qərarı ilə çap edilib elmi ictimaiyyətə təqdim olunan bu kitab XIII-XVII əsrləri əhatə edən zaman kəsiyindəki Azərbaycan ədəbiyyatının öyrənilməsi üçün ilk mötəbər və sistemli elmi mənbədir.
Əsər transliterasiya edilərkən müəllifin üslubuna toxunulmamış , mətn olduğu kimi saxlanmışdır. Kitabda İsmayıl Hikmətin şəkli, tərcümeyi-halı, əsərin yeni nəşrinin ideya müəllifinin “Hər şey Nəsimidən başladı” adlı yazısı, tərtibçi alimlərin “İsmayıl Hikmətin “Azərbaycan ədəbiyyatı tarixi” və ədəbiyyat tarixçiliyimizin bəzi metodoloji problemləri” adlı geniş müqəddimə, hər cild üçün ayrı “izah və qeydlər” də yer alıb.
Xüsusi vurğulamaq istəyirik ki, professor Təyyar Salamoğlu və dosent Yədulla Dadaşlının yüz otuz səhifəlik “Ön söz” ü Azərbaycanda İsmayıl Hikmətin elmi fəaliyyətinə dair tədqiqatların sırasını zənginləşdirən monoqrafik və metodoloji xarakterli araşdırmadır.
Qeyd edək ki, İsmayıl Hikmətin türkçülük konsepsiyası ilə yazılmış “Azərbaycan ədəbiyyatı tarixi” əsəri XX əsrin 20-30-cu illərində sovet rejiminin antitürk siyasətinin qurbanı olmuş, nəşrindən dərhal sonra kəskin tənqidlərə məruz qalmış, gözdən salınıb.
Buna görə də uzun illər orta əsrlər ədəbiyyatımıza dair çox zəngin ilk mənbələr əsasında yazılmış bu sistemli tədqiqat ədəbiyyat tarixçiliyimzdə layiq olduğu yeri tuta bilməmişdir.
Düşünürük ki, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyi , türk xalqlarının birliyi uğrunda dövlətlərimizin mübarizə apardığı müasir dövrümüzdə kitabın yenidən nəşri çox böyük elmi və hətta siyasi əhəmiyyət kəsb edir. İdeya müəllifinin də yazdığı kimi:
“İnanırıq ki, ilk nəşrindən yüz ilə yaxın bir müddətin keçdiyi bu kitabın yeni nəşri ədəbi-elmi ictimaiyyətimizin tərəfindən maraqla qarşılanacaq, mütəxəssislərimiz orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqində bu dəyərli əsərdən səmərəli və obyektiv şəkildə faydalana biləcəklər”.
ADPU-nun müəllimi Məhrux Dövlətzadə.