Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-29 13:11:23
İngiltərədə iki universitet bitirən azərbaycanlı – “Analitik düşüncə Qərb təhsilinin qazandırdığı ən böyük dəyərdir"

UniverMAYAK layihəsi çərçivəsində bu dəfə bir çoxlarının arzusu olan İngiltərəyə xəyalən də olsa, səfər edəcəyik. İngiltərinin Şeffild Universiteti və London İqtisad Məktəbinin məzunu, Azərbaycan Elm Assosiasiyasının həmsədri  İnqilab Şahbazov  sizi bu ölkədəki təhsil sistemi, oxumağın çətinliyi ilə tanış edəcək:

AzEdu.az müsahibəni təqdim edir:

-İnqilab bəy, əksər gənclərə İngiltərədə təhsil xəyal kimi görünür. Bu yanaşmaya  münasibətiniz necədir? Həqiqətən, belədirmi?

-Buranın əlçatmaz görünməsinin səbəblərindən biri budur ki, İngiltərə maddi cəhətdən bahalı ölkədir. Xüsusilə, London və onun ətrafında –ölkənin cənub şəhərlərində- yaşayış olduqca bahadır. Bu səbəbdən, bir çox azərbaycanlı üçün orada oxumaq çətin ola bilər. Siz orada öz hesabınıza oxuyursunuzsa, bu, külli miqdarda vəsaitin xərclənəcəyi deməkdir. Təəssüf ki, xaricdə təhsildə dövlət dəstəyi dayandırılıb. Dövlət proqramı olduqda şəhərdən, universitetdən asılı olmayaraq, tələbə maddi problemlə üzləşmirdi. Fərz etsək ki, maddi problemləri həll etmisiniz, ortaya çıxacaq digər məsələ dil amili ola bilər. Əgər İngiltərəyə getmək istəyirsinizsə, ingilis dili bilginiz o qədər də yüksək səviyyədə deyilsə, orada  təhsil almağınız da çətin olacaq. Artıq aşağı səviyyəli  ingilis dili bilgisi  orada kifayət etməyəcək. Dili yüksək səviyyədə bilməlisiniz ki, həm oxuya, həm də insanlarla ünsiyyətə girə biləsiniz.

Digər problem isə fərqli mədəniyyətlərdir... Azərbaycan və İngiltərə bu mənada, çox fərqli ölkələrdir. Ola bilsin, bir çoxları üçün ora getmək əlçatan olsun, amma yaşamaq üçün arzu olunan yer olmaya da bilər. Təhsil səviyyəsi nə qədər yüksək sayılsa da, cəmiyyət bəzi adamlar üçün yaşanılmaz ola bilər. Düşünürəm ki, bu 3 faktor İngiltərəni bəzi adamlar üçün əlçatmaz edir.

-Əsas məsələlərdən birinin dil faktoru olduğunu vurğuladınız. İngiltərədə təhsil üçün minimal  IELTS və ya TOEFL balı nə qədər tələb olunur?

-IELTS üçün ümumi nəticə ən azı, 6.0 olmalıdır.  Bu kursa və universitetə görə dəyişir. İlk onluqda olan universitetlər adətən, 6.5 və ya 7.0 tələb edir. Universitetlərin daxilində bölgü aparsaq, humanitar sahələr üçün (sosiologiya, hüquq, politologiya) 7.0 nəticə istənilir. Mənim oxuduğum kurs 7.0 tələb edirdi və üstəlik şərt kimi qoymuşdu ki, “writing” (yazı) 7.5 olmalıdır. Mən, xüsusən bunun üçün çalışdım. Bəzi kurslar çox spesifikdir, yalnız ümumi nəticə yox, bölmələr üzrə də müəyyən balı tələb edirlər. Keçirilən kursun mahiyyətindən asılı olaraq, bu hər hansı bölmə üçün qoyula bilər. Sosiologiyada yazıya üstünlük verildiyi üçün, burada “writing” balı əsas götürülür. İngiltərəyə TOEFL-la gedənlərin sayı azdır. Amma IELTS-in 6.5 və 7.0 göstəricisi TOEFL-da 90-dan yuxarı nəticəyə bərabərdir. İngiltərə daha çox IELTS-ə üstünlük verir. Bu, İngiltərənin yaratdığı imtahan sistemidir.  Təbii olaraq bu ölkə universitetləri, öz yaratdıqları sistemin qiymətləndirməsini daha üstün tuturlar.

-Bir çoxlarının arzuladığı ölkədə iki universitet bitirmisiniz. Bu, üstünlüyə sahiblənmək  necə hissdir?

- Olduqca xoşbəxt hissdir... Öncə ona görə ki, bunu bacarmışam!Ora ilk getdikdə bunun öhdəsindən gəlməyəcəyimi düşünürdüm. Tamamilə ayrı cəmiyyət, sistem- bunlar hamısı mənə yeni həyat təcrübəsi kimi gəlirdi və qorxudurdu. Bir- iki həftədən sonra uyğunlaşa bildim və bu mərhələləri bir-bir aşdım. Tam inteqrasiya olunandan sonra oxumaq da rahat olur. Mən inkişaf etmiş bir ölkənin necə qurulduğunu, idarə edildiyini və fəaliyyət göstərdiyini müşahidə etdim. 6 il  bir ölkədə yaşamaq göstərdi ki, burada insanlar necədi, təhsil sistemi, dövlət və özəl sektor necə işləyir. Hamısını birbaşa müşahidə etdim. Bunlar həqiqətən,  mənə ömür boyu istifadə edəcəyim qazanclar verdi, dünyaya baxışımı dəyişdi, bir növ, gözlərimi açdı.

Oraların verdiyi ikinci qazanc isə universitetlərin  təhsili və diplomudur. Mənim üçün əsas olan təhsildir - öyrəndiklərinizi tətbiq edə bilirsinizsə, bu, sizə həmişə qazanc gətirir.İngiltərədə öyrəndiyim bilikləri işimdə daim tətbiq etmişəm və edirəm. Həmçinin, İngiltərədə olan tələbə yoldaşlarımla birlikdə bir təşkilat yaratmışıq. Orada oxumasaydıq, bir -birimizi tanımayacaqdıq. Orada oxuyan uşaqların bir araya gəlib, təşkilat yaratması çox yaxşıdır, bir-birimizi  anlayırıq. İngiltərədə öyrəndiklərimizi Azərbaycan auditoriyasına  çatdıra bilirik. Düşünürəm ki, həm fərdi, həm də kollektiv olaraq qazanmışıq.

-Fərqli cəmiyyət,  sistemə daha tez adaptasiya olmaq üçün nələr etmək lazımdır?

-İlk növbədə, qaynayıb-qarışmaq lazımdır. Tələbələrin əksəriyyətinin etdiyi ən böyük səhv,yalnız öz millətindən olanlarla ünsiyyətdə olmasıdır. Xüsusilə, yerli insanlarla əlaqə qurmurlar. Bu da onların adaptasiyasını əngəlləyir. Bilirdim ki, yalnız azərbaycanlı və türklərlə ünsiyyət adaptasiyaya kömək etmir, ona görə, ingilislərlə daha çox əlaqədə olmağa başladım. Müxtəlif idman və sosial tədbirlərinə gedirdim. Beləliklə , artıq ingilis cəmiyyətini başa düşəndən sonra  bildim ki, necə adaptasiya olmaq olar. Özümü artıq yad cəmiyyətdə kimi hiss etmirdim. İkinci deyə biləcəyim bu olar ki, daim ölkənizə qayıtmaq barədə düşünməyəsiniz, çünki bu sizi darıxmağa vadar edəcək və siz depressiyaya düşəcəksiniz. Bu, bir çoxlarında müşahidə etdiyim problemdir. Bir müddət ailənizi, ölkənizi  yaddan çıxartmağa çalışmalısız, sanki bir fərdsiniz və sizi xarici ölkəyə yerləşdiriblər ki, burada yaşamalısınız. Məsələyə belə yanaşmaq lazımdır.

-Təhsil aldığınız universitetlərdən danışaq. İlk hansı ali məktəbdə oxumusunuz? Necə oldu oranı seçmək qərarına gəldiniz?

-İlk təhsil aldığım yer Şeffild Universitetidir. İngiltərənin şimalında yerləşir. Xüsusən, sosial elmlər və mühəndislik üzrə ixtisaslaşmış ali təhsil ocağıdır. Burada sosiologiya üzrə bakalavr təhsili almışam. 2012-ci ildə universitetə daxil olmuşam. Mən həmişə humanitar sahədə oxumaq istəyirdim ki, gələcəkdə əhalinin sosial rifahının yaxşılaşdırılması və ictimaiyyətdə elmi maarifləndirmə sahəsində çalışım. Düşündüm ki, sosiologiya buna aparan ən yaxşı yollardan biridir. Orada verilən təhsil sizə imkan verir ki, müxtəlif sahələrdə çalışa biləsiniz. Sosiologiya bir neçə sahəni özündə birləşdirir. Eyni zamanda, sosial işlər sevdiyim bir sahədir, yəni insanlarla işləmək, onlara kömək etmək, məlumat çatdırmaq, ictima işlər mənim üçün həmişə maraqlı olub. Sosiologiya bu cəhətdən mənim üçün münasib idi.

-Universitetə müraciət zamanı hansı sənədlər tələb olunurdu? 

-Birinci tələb olunan sənəd təbii ki, hazırlıq kursunda aldığınız qiymətlərdir. Universitetə 2012-ci ildə daxil oldum, amma İngiltərəyə 2010-cu ildə getmişdim. 2 il hazırlıq kursu keçdim. Bu kursda aldığınız qiymətlər ilkin həlledici sənəddir. Nəticə yüksək olmalıdır ki, universitetə daxil olasınız. Digər tələb olunan sənədlər isə motivasiya məktubu (nəyə görə bu universitetdə təhsil almaq istəyirsiniz, seçiminizi əsaslandırmalısınız) və ingilis dili biliyinizi sübut edən bildirişlərdi.

-Hazırlıq kursundan danışardınız: bu müddətdə nələr tədris olunur, həmçinin, bu kurslara qəbul üçün hansı sənədlər lazımdır?

-2010-cu ildə Bakıda məzun oldum və bundan əvvəl hazırlıq kursuna müraciət etmişdim. Bu zaman attestat tələb olunur. IELTS  göstəriciniz isə 5.0 olmalıdır. Səhv etmirəmsə, motivasiya məktubu da var idi, amma daha kiçik ... Digər sənəd isə maliyyə imkanınızın olub-olmamasını göstərən sənəd idi. Burada valideynlərinizin iş yerindən arayışı lazımdır, çünki dövlət hazırlıq kursunu dəstəkləmir. Bankda isə 2010-cu ilə görə 7 min funt sterlinq tələb olunurdu.  Bu da bizim əvvəlki pulla 10 min manat edirdi. Bank hesabındakı pul hanısa müəssisə və universitetin qoyduğu şərt deyil, səfirlik tərəfindən müəyyən olunur. Başqa kurslara gedənlər var idi, onlar da 7-8 min funt sterlinq arasında pul ödəyirdilər.Hazırlıq kursuna daxil olduqdan sonra sizə seçim verilir.  Minumum 3, maksimum 4 sahə seçməlisiniz. Birinci il 4, ikinci il 3 kursu keçirdin. Birinci kurs daha ağır oldu. Mən ilk il coğrafiya, tarix, sosiologiya və biznesin idarə edilməsini seçmişdim. İkinci il gördüm ki, biznesin idarə edilməsinə ehtiyac yoxdur, onu çıxartdım və 3 sahə qaldı. Əgər müəllimlər görsə ki, sizin ingilis dili səviyyəniz yüksək deyil, sizi kursa yazılmağa məcbur edirlər. Siz həm əsas dərslər keçirsiniz, həm də dil kursuna gedirsiniz. Universitetlərin kriteriyaları var və qiymətlərinizdən asılı olaraq, siz universitetə daxil olursunuz. Dərsləri bizim DİM-in imtahan sistemi ilə müqayisə edə bilirik. Bizdə də hazırlaşıb universitetə daxil olursunuz, orada da kursu (A level) bitirib univesitetə gedirsiniz. Fərq odur ki, bizdə əsasən əzbərlənməyə yönəlibsə, onlarda hamısı yazılı, klassik imtahan idi. Bütün suallar sizdən analitik düşüncə tələb edirdi. Siz universitetə gedəndə avtomatik olaraq analitik düşünməni bilirsiz, amma Azərbaycandan birbaşa ora getsəniz, bu, çox çətin olur. Başqa uşaqlarda bunu görmüşəm.

-Azərbaycanda abituriyentlər universitetə daxil olduqdan sonra oranın xəyal etdikləri kimi olmadığını deyirlər. Bəs sizdə necə oldu, düşündüyünüz qədər var idimi?

-Düşündüyümdən daha çox oldu. Xüsusilə, müəllim heyətini çox bəyəndim. Olduqca həm mehriban, həm də  tələbkar idilər. Sizdən maksimum nəticəni tələb edirdilər. Mehriban olmağı ona görə vurğuladım ki, istənilən problemdə siz onun otağına  gedib dəstək ala bilirdiniz. Adamlar bu cəhətdən çox açıq idilər. Qapını bağlayıb otaqlarında qalmazdılar, mümkün qədər kömək etməyə çalışırdılar. Eyni zamanda, nəzərə alırdılar ki, mən qeyri-ingilisəm və mənim ekstra problemlərim ola bilər. Məsələn, yazı üslubu bizdə çox akademik idi. Mənim ona öyrəşməyim bir neçə ay vaxt aldı. Burada müəllimlər mənə çox kömək oldu və bu prosesi sürətləndirdilər. Eyni zamanda, universitetin kitabxanası İngiltərədə ən yaxşı 2, ya da 3-cü  kitabxanadır.  Bir dəfə kitabxanaya getməklə istənilən məlunatları əldə edə bilirdim, seçim çox idi. Doğrusu elə bir kitabxana gözləmirdim. Şeffild-in yerləşdiyi şəhər çox gözəl idi, sanki Azərbaycanın kiçik bir rayonudur, təmiz hava, əhali az, sakit bir şəhər... Həm də müasir, inkişaf etmiş bir yer... Şəhər özü insanı oxumağa sövq edirdi, orada oxumamaq mümkün deyil.

-Universitetdə keçdiyiniz dərs sistemini təsvir edərdiniz...

-Mövzu həmişə iki cür imtahanla qiymətləndirilirdi. Hər semestrın axırı siz yazılı iş verməlisiniz. Bir də yazılı imtahan olurdu: Ağ kağız verilirdi və siz onu doldurmalıydınız. Ona görə dərslər də buna uyğun aparılırdı. Dərslərdə bizə həm kurs işini yazmağı, həm də imtahana hazırlıq üçün dərslər öyrədilirdi. Dərslərdə qrup diskussiyası  çox olurdu, müəllim daha az danışırdı. Müəllim bir növ moderator rolunu oynayırdı. Mövzunu ortaya qoyurdu, 5-10 dəqiqə açılış nitqini söyləyir və ekranda prezentasiya göstərirdi. Sonra isə kürsünü sizə verir və siz danışmalı idiniz. Bu yaxşı cəhətdir, bir növ sizi məcbur edir ki, dərsə yaxşı hazırlaşasınız. Beləliklə, sinifdə səssiz qalmırsınız, səssiz qalmaq sizə ziyandır. Bir neçə dərsdən sonra müəllim müşahidə edib haqqınızda mənfi məruzə yaza bilər ki, bu tələbə çox sakitdir. Buna görə, həm kommunikasiya bacarıqlarınızı, həm də danışıq qabiliyyətinizi inkişaf etdirməlisiz. Orada növbəti dərs sizdən tələb olunur ki, prezentasiya hazırlayıb, təqdim edəsiniz. Yəni dərsə hazır olduğunuzu təqdimatda göstərməlisiniz. Bu zaman həm prezentasiyaya baxaraq danışmalısız, həm də normal nitq söyləməlisiniz. Buna görə üzərinizdə çox çalışmalısız. Əzbərçilikdən daha çox öyrənməlisiniz ki,danışa biləsiz. Bildiyiniz kimi bir şeyi əzbərləyəndə bir müddət sonra yaddan çıxır. Dərslərimiz adətən belə keçirdi.

-Şeffild Universitetində təhsil aldığınız müddətdə magistr pilləsi üzrə də İngiltərədə oxumağı planlaşdırırdınızmı?

-Bəli. Mən o sistemi görəndən, ilk ildən sonra qətiləşdirmişdim ki, magistraturanı da  burada oxuyum.O sistem mənim üçün çox rahat və məhsuldar idi. Müəllimlər daim tələbkar idi. Düşündüm ki, özünü inkişaf etdirmək istəyirsənsə, bu sistemdə qalmalısan. Ona görə magistr pilləsini də orada oxudum. Seçimimə peşman deyiləm.

-Magirstratura pilləsi üçün müraciət etdiyiniz universitetdə hansı sənədlər tələb olunurdu-London İqtisad Məktəbi oxuduğum ədliyyə və hüquq sahəsində  dünyada birinci yerdə olduğu üçün  buradakı kriteriyalar çox yüksəkdir. Ora çox az insan qəbul olunur və qiymətlər də yüksək olmalıdır. Qiymətlərdən başqa, yüksək keyfiyyətli motivasiya məktubu və iş təcrübəniz olmalıdır. İş təcrübənizin yoxluğu  ora qəbul olmanıza imkan verməyə bilər. Şeffilddə oxuduğum 3 il ərzində 4-5 yerdə işləmişdim və bunu sübut edən sənədlərim var idi. Eyni zamanda, qiymətlərim kifayət qədər yüksək idi. Motivasiya məktubunu isə müəllimdən dəstək aldıqdan sonra olduqca yüksək  səviyyəyə qaldıra bilmişdim. İlk motivasiya məktubumla yanaşı qoyduqda  çox böyük fərq var idi. Əsas 3 faktor idi,  amma bu şərtlər yalnız bu sahayə aiddir. Ola bilər ki, digər sahələrdə kriteriyalar dəyişsin. Ona görə kursdan əvvəldən maraqlanmaq, nələr tələb edilirsə, hazırlaşmaq lazımdır. Əgər mən iş təcrübəsinin tələb olunduğunu son ildə bilsəydim, gecikmiş  olardım.

-Təhsil aldığınız iki universitet arasında hansı fərqləri müşahidə etdiniz?

-Sıralamadakı yerlərini kənara qoyuram. LSE birinci yerdədi, digəri isə ilk 20-likdə yer alır. Oxuduğum universiteti dünyada birinci yerə qaldıran müəllim heyətidir.  Heyət ulduzlardan ibarətdir. İdman termini ilə desək, ulduz oyunçuların əksəriyyəti həmin univeristetin komandasındadır. Müəllimlərdən aldığım hər bir dərs mənim üçün ayrı bir zövq idi. Elə bir ekspert, professordan dərs almaq insana zövq verirdi. Daim oxumaq istəyirsən, maraqlı tapşırıqlar verirdilər, qrup diskussiyaları olurdu. London İqtisad Məktəbində bu, daha geniş yayılmışdı. Digər üstünlük isə LSE –nin kitabxanasın sosial elmlər üzrə Avropada ən böyük olması idi. Bu sahədə oxuduğum üçün şanslıydım. İstənilən ölkə haqqında, mövzuda  məlumat tapmaq olardı, arxivlərdə bütün materiallar var idi.

-Azərbaycanlı tələbələrin ən yaralı problemlərindən birinə toxundunuz: Şeffild və LSE-də kitabxana şəraiti və istifadə qaydaları necə idi?

-Aralarında uçurum olmasa da,müəyyən fərqlər var idi. Əsas fərq o idi ki, LSE-də istənilən elm sahəsi üzrə hər il çıxan kitabı tapa bilirdin. Şeffild Universitetində bəzən hansısa kitabı tapmamaq olardı. İkinci isə Şeffild-in kitabxanası daha müasir  standartlara cavab verirdi. Bu da mənə biraz təəccüblü gəldi, çünki LSE  ən böyük kitabxanaya malik idi, amma bəzi kompüterlərvə binanın quruluşu köhnə idi. Düşünürəm ki, daha çox kolleksiyaya fikir vermişdilər. O kitabların yarısı  Azərbyacan kitabxanasında olarsa, bu, tələbələr üçün böyük xoşbəxtlik sayılar. Qaydalara gəlincə, tələbə biletini elektron turniketə yaxınlaşdırırsınız, qapı açılır. Hər mərtəbədə bir neçə elm sahəsinə aid kitablar var. Sizə lazım olan yerə gedirsiniz. Bundan başqa, kitabları götürə də bilərsiniz. Bunun üçün orada xüsusi aparat var, bizim marketlərdə gördüyünüz aparatlara bənzəyir. Aparat barkoda yaxınlaşdırılır və sistemin yaddaşına düşür ki, bu kitab çıxarılıb. Sizə vaxt qoyulur ki, nə vaxt qaytarmalısız. Qaytarmadığınız təqdirdə sizi cərimələyirlər, hər gün kiçik miqdarda məbləğ gəlir. Qaytarmaq üçün də həmin aparatın yanına yaxınlaşıb, kitabın barkodu oxunduqdan sonra orada olan zənbilə qoyursunuz. İmtahan qabağı kitabxanalar 24 saat işləyirlər,digər günlərdə axşam 11-12 də bağlanır. Bu da universitetə görə dəyişə bilər.

-Kitabxanalardan eyni anda neçə tələbənin istifadə edə bilirdi?

-London İqtisad Universitetində bilmirəm, amma Şeffilddə bunu hesablayan mexanizm var idi. Orada  eyni vaxtda mindən çox adam olurdu. 24 saat işləyən kitabxanadır və hər saat ora 1000-dən çox tələbə gəlirsə, bu gündə 20-25 min edir. Bu, təxmini hesablamadır. Axşamlar adam azalırdı. İmtahan qabağı isə kitabxana 24 saat dolu olurdu.

-Gənclər xaricdə təhsil üçün təqaüd proqramlarına üstünlük verirlər. Bəs İngiltərədə təqaüd proqramları  mövcuddurmu?

-Bəli, bütün universitetlərdə var. Həm humanitar, həm də dəqiq elmlər üzrə müraciət edə bilərsiniz. Azərbaycan  İngiltərə təqaüd sistemində orta gəlirli ölkə kimi təsnifatlaşdırılıb. Bu da çox universitetə imkan vermir ki, daha çox azərbaycanlı tələbəyə təqaüd versin. Əgər aşağı gəlirli ölkə kimi qeydiyyatdan keçsəydik, onda daha çox həmyerlilərimizə təqaüd verərdilər. Tutaq ki, bizə cəmi 10-15 təqaüd ayırırsa, aşağı gəlirli, məsələn Afrika, Asiya ölkələri üçün minlərlə təqaüd ayrılır. Somalidən, Efiopiyadan olan tələbənin təqaüd alma şansı azərbaycanlıdan çoxdur. Təqaüd üçün  tələb olunan sənədlər isə motivasiya məktubu, qiymətlərinizin yüksək olmasıdır. Eyni zamanda təqaüd verən şirkət qarşınızda müəyyən şərtlər qoya bilər. Məsələn, bitirdikdən sonra həmin yerdə işləməli ola bilərsiniz. Bu, hamısına şamil olunmur. Tələb olunan sənədlər univeristetə qəbul üçün olanlardan fərqlənmir. Burada həm ümumi, həm də universitetlərin təqaüd proqramları var. Bir də üçüncü tərəflər var, bunlar ya QHT, ya da xeyriyyə fondlarıdır.  Elə fondlar var ki, təqaüd verir və hansı universitetə daxil olmanızdan asılı olmayaraq istifadə edə bilərsiniz. Mənim oxuduğum universitetlərdə də var idi, amma mən müraciət etməmişəm. Şeffild universitetində proqramın olmasından xəbərim yox idi, gec öyrəndim. LSE-də isə özüm müraciət etmədim. İngiltərədə təqaüdlə təhsil alan azərbaycalılar barmaqla sayılacaq qədərdir. Təqaüdlərin formaları dəyişir, ən yüksək sizin yataqxana və təhsil xərclərinizi ödəyir. Elə proqramlar var ki, yalnız təhsil xərcini və ya yataqxananı ödəyir. Konkret formula yoxdur.

-İngiltərə bahalı ölkələrdən hesab olunur. Burada bir tələbə üçün aylıq minumum və maksimum xərclər nə qədərdir?

-Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bizim ölkədə olan devalvasiyaya görə, funtla manatın nisbəti ikiqat dəyişdiyi üçün mən oxuduğum vaxt fərqli idi. İndi qiymətlər çox yüksəkdir. İngiltərədə şimal şəhərləri çox ucuz, cənub isə çox baha olur. Bir qayda olaraq belədir. Getməmişdən əvvəl xəritəni açıb baxmalısız. Ona görə Şeffild şimalda, LSE cənubda yerləşdiyi üçün çox fərqlər var idi. Şimal şəhərlərində yataqxana aylıq 300-400 funt ola bilər, bu da 9 aylıq 3-4 min edir. Cənubda isə  eyni yataxana həmin müddətlik 10 min funt ola bilər. Yemək xərcləri də ikiqat dəyişir. Şimal şəhərlərində 300-350 bəs edirsə, cənubda 600-700 funt lazım olacaq. Nəqliyyat xəclərinə gəlincə, mən oxuduğum vaxt avtobus xərci bizim məzənnə ilə təqribən, 1.50 manat idisə, cənubda 2-2.50  manat idi. Taksi  qiymətləri, ümumiyyətlə, fərqli idi. Şimalda 10 funta getdiyiniz yolu, cənubda 40-50 funta gedə bilərsiniz. Universitetlərin qiyməti də dəyişir. Eyni kurs cənubda 3-4 min funt daha baha ola bilər. Mənim oxuduğum kurs 9 min funt, cənubda isə 13-14 min idi. Çünki orda universitetə ayrılan pullar, müəllimlərin əmək haqqı daha yüksəkdir.

-Sualım universitetlərin qiymətləri ilə bağlı olacaq: Bu,  məbləğ hansı aralıqda dəyişir?

- İstər bakalavr, istərsə də magistr üzrə minumum 9 mindən aşağı kurs yoxdur. Dəqiq elmlərdə qiymətlər adətən, 15 mindən yuxarı olur. Astronomiyada, tibb elmlərində qiymətlər 30 mini keçir. Bir qayda var, harda ki, laboratoriya və texnikadan daha çox istifadə olunursa, qiymətlər də baha olur. Mənim  kursum da müəyyən xüsusi  kompüterlərdən istifa edirdik, qalan hər şey kitab, kağız idi. Amma mühəndislik oxuyan dostlarım adətən laboratoriyada olurdular, robotlarla işləyirdilər. Onların kursu daha baha idi.

-İngiltərədə tələbələr daha çox hansı ixtisaslar üzrə təhsil almağa üstünlük verirlər?

-İngiltərədə müşahidə etmişəm ki, sahələr bərabər bölünüb, çünki hər sahədə iş tapmaq imkanı demək olar ki, eynidir və əmək haqları da yaxşıdır. Sosiologiya oxuyan ingilis tələbə bitirdikdən sonra sosioloq olub aya 3-4 min qazanacaqsa, mühəndis də böyük ehtimal elə qazanacaq. Ona görə tələbələr bir yerə fokuslanmırlar. Bunun  bariz nümunəsi odur ki, hər il əksər universitetlərdə bir çox kurs keçirilir. Məsələn, Azərbaycanda sosiologiya azsaylı təhsil ocaqlarında keçirilirsə, orada  çox universitetdə var, çünki tələb çoxdur və bir universitet bunu çatdırmır. Bizdə daha çox neft, qaz və maliyyə sahəsində oxumağa üstünlük verirlər, çünki bu sahə üzrə iş imkanı daha çoxdur. Bu bir reallıqdır ki, bizdə əmək haqları sektorlar üzrə çox fərqlidir. Məsələn, mənim sahəm üzrə oxuyan tələbə bu üzrə işləməkdə maraqlı olmaya bilər. Soruşanda deyirlər ki, əmək haqqı azdır deyə seçməmişəm. Amma onun İngiltərədə oxuyan ekvivalentini gözümün qabağına gətirəndə düşünürəm ki,  o, burada bunu deyə bilməzdi.

-İngiltərədə xarici tələbələrə iş izni verilirmi?

-Bu, ən böyük problemlərdəndir, çünki qeyri-ingilislərə iş imkanı çox çətindir. Sizin bütün kvalikasiyalarınız uyğun gəlirsə belə, sırf ingilis və ya Avropa Birliyindən olmadığınıza görə, işdən  rədd cavabı ala bilərsiz. Bu dəfələrlə başıma gəlib. Bunun səbəbi var. Qeyri –ingilis üçün sənədləşmə prosesi çox uzundur, dövlətin sizdən tələb etdiyi sənədlərin sayı həddən artıq çoxdur. Bu proses bir neçə ay çəkir. Özünüzü işə götürənin yerinə qoyun. Sizə bu gün işçi lazımdır və siz onu götürürsüz, amma sənədləşməsi xeyli çəkəcək. Avtomatik olaraq, həmin insandan imtina edirlər. Belə başa düşürəm ki, bu, dövlətin apardığı siyasətdir ki, öz vətəndaşları daha çox işlə təmin olunsun. Həmçinin, avropalı vətəndaşlar üçün də iş tapmaq asandır.

-Ümumiyyətlə,  İngiltərə əcnəbi tələbələrin çoxluq təşkil etdiyi ölkədirmi?

-Bəli!  Səhv etmirəmsə, 2014-2015-ci il statistikası açıqlanmışdı. Burada göstərilmişdi ki, İngiltərədə xarici tələbələrin xərclədiyi pul  11 milyard funt sterliq idi. Tələbənin sayı dəqiq yadımda qalmayıb, amma çox idi. Bu universitetə görə dəyişə bilər. Mən oxuduğum universitet rəngarəng idi, orada dünyanın istənilən yerindən tələbə görə bilərdin. Əsasən, İngiltərənin müstəmləkəsi olmuş ölkələrdən (Hindistan, Pakistan, Karib dənizi ölkələri) tələbələr üstünlük təşkil edir. Bundan əlavə, MDB ölkələrindən də tələbə çoxdur. Humanitar sahə ciddi dil biliyi tələb edir deyə, burada əsasən, ingilislər və avropalılar oxuyurdular. Hər iki universitetdə öz departamentimizdə yeganə azərbaycanlı mən idim, qalanları isə ingilislər və avropalılar idi. Dəqiq elmlərdə isə hər millətdən olanlara rast gəlmək olurdu. Çünki burada dil eyni səviyyədə tələb olunmur.

-İngiltərə universitetlərində xarici tələbələrə hansısa güzəştlər olunurmu?

- Yeganə ala biləcəyiniz dəstək  təqaüd ola bilər. Aşağı gəlirli ölkədən gəlirsinizsə, təqaüd alma şansınız böyükdür. Dərsdə davranışınız və oxumağınızın qiymətləndirilmədə heç bir fərqi olmur. Hamıya bərabər münasibət göstərilir. Əgər dil probleminiz varsa, müəlim sizə kömək edəcək. Yanına gedəndə  daha çox kömək edə bilər ki, dil üslubunu mənimsəyəsiniz.

-Sizcə, İngiltərə təhsil sistemini digərlərindən fərqləndirən əsas cəhət nədir?

-Hollandiya, İsveç, İsveçrə ilə müqayisə etdikdə bu ölkələrdə üstün cəhət odur ki, universiteti bitirdikdən sonra universitet daxilində və ya ölkədə iş tapma şansınız yüksəkdir. Çünki orada iş məhdudiyyəti çox deyildir. İngiltərədə isə belə deyil, bu, ölkənin mənfi cəhətidir. Bu ölkədə nə qədər tələbənin oxumağına, təhsil keyfiyyətinin yüksək olmasına baxmayaraq işləmək şansı çox aşağıdır. Müsbət cəhət isə bir çox məşhur ekspertlərin İngiltərə universitetlərində işləməsidir. Sizin onlarla ünsiyyətdə olma şansınız həmişə olur. Digər mənfi cəhət İngiltərənin bahalı ölkə olmasıdır. Bu, oranı Amerika və Almaniyayla nisbətdə daha az cəlbedici edir. Almaniyada bəzi universitetlər ya pulsuzdur, ya da qiymətlər bir semestr üçün 500-1000 avro arasında dəyişir.

-Bəs, İngiltərədə təhsil almağın perspektivi nədir?

- Ən böyük perspektiv odur ki, siz dünyanın ən məşhur universitetlərindən birindən bilik və təhsil almış olursuz. Həm dünyaşöhrətli müəllimlər, həm də digər tələbələrlə əlaqələr olur. Gələcəkdə bu əlaqələrdən yaxşı istifadə edə bilərsiniz. Bundan başqa o diplom bir çox qapını açır. Orada analitik düşüncə sizdən tələb olunduğu üçün bütün məsələlərə həmişə analitik yanaşır, tənqid etməyi, fərqli düşünməyi  bacarırsınız. Bu, verilən ən böyük və ömürlük faydadır. Belə düşünürlər ki, İngiltərə universitetini bitirmisinizsə, sizə hər yerdə yaşıl işıqdır. Bir ingilis vətəndaşını götürürəm, tutaq ki, yüksək qiymətləri var, ən yaxşı universitetləri bitirib,yenə də iş tapma imkanı ola bilər ki, 100% olmasın. Hazırda dünyada əmək bazarında diplomdan daha çox iş təcrübəsinə fikir verirlər. Ona görə, mən də oxuduğum müddətdə işlədim. Bu çox vacibdir, çünki gələcəkdə yalnız diplom sizi irəli aparmayacaq. İngilislər artıq 14-15 yaşlarında, məktəbin 10-11-ci sinfindən işləməyə başlayırlar.

-Sizcə, hazırkı vaxtda azərbaycanlı gənclər üçün hansı ölkələr münasibdir?

-Sırf maddi cəhətdən əlçatmaz olduğuna görə İngiltərəni kənara qoysaq, Almaniya, İsveç, Mərkəzi Avropa ölkələri, Amerika və Kanadada daha az xərc tələb edən universitetlər var. Sırf elmi cəhətdən yanaşsaq, məsələn, elə kurs ola bilər ki, filan ölkədə yaxşı tədris olunmasın. Buna görə kursu müəyyənləşdirib, yer axtarmalısınız. Bizim tələbələr daha çox Almaniya, Macarıstan və Polşaya gedirlər. Ümumiyyətlə, ölkənin adı olsun deyə gedib oxumağın mənası yoxdur.

-Hazırda bir gənc üçün imkan olduğu təqdirdə xaricdə təhsil vacibdirmi?

-Bəli. Bakalavr da alınmasa, magistr və ya doktorantura  təhsili lazımdır. İstəyirsinizsə, dünyaya gözünüz açılsın, məsələlərə yanaşmanız dəyişsin xaricdə təhsil vacibdir.

-Doktorantura təhsili almağı planlaşdırırsınızmı?

-Bəli. İstəyirəm ki, doktoranturanı bitirdikdən sonra ölkəmizdə öyrəndiklərimi daha geniş miqyasda tətbiq edim. Bunun üçün mənə komanda lazım olacaq. Doktoranturanı bitirən adam daha təkmilləşmiş mütəxəssisə çevrilir. Onun ölkəsinə verəcəyi faydalar daha böyük ola bilər. İngiltərədə doktoranturanı oxuyub, orada daha da təkmilləşib ölkəmə qayıtmaq istəyərəm. Bu, mənim abstrakt bir arzumdur. Üç-dörd il sonra necə olacaq bilmək olmaz. İngiltərədə doktorantura 4 ildir. Üçüncü ili bitirdikdən sonra sizə yarımştat müəllim kimi çalışmağa icazə verilir.Beləliklə, sizi müəllim olmağa öyrəşdirirlər. Mənim bəzi müəllimlərim elə idi, amma mükəmməl idilər. Çünki güclü professorların yanında işləyirdilər. Bunu Azərbaycanda tətbiq edən bəzi yerlər var.

-İngiltərədə doktorantura oxuduğunuz halda müəllim kimi fəaliyyət göstərməyi istəyərsiniz?

-Birmənalı olaraq istəyərdim. Çünki bu sizi  həm müəllim kimi yetişdirməyə kömək edir, həm də bildiklərinizi insanlara çatdırırsız. Bu da mənim ən sevdiyim işdir. İndi də o işlə məşğulam, seminarlar təşkil edirik, məni tədbirlərə qonaq çağırırlar, bildiklərimi bölüşürəm.

-Bəs, Azərbaycan universitetlərinin hər hansında müəllim kimi dəvət etsələr çalışardınızmı?

-Təbii ki, qəbul edərəm. Sadəcə İngiltərədə şans olsa, buradan daha üstün tutaram.

-Fərqli təhsil sistemində oxumusunuz. Bəs, burada müəllim kimi çalışsanız tədris metodunuz necə olar?

-Cavan müəllimlər fərqli sistem görüb deyə, dərsləri başqa cür tədris edirlər. İlk tətbiq etdiyim prezentasiyalar və qrup diskussiyaları olar. Eyni zamanda qiymətləndirmədə dəyişiklik təklif edərəm. Sinifdə iştirakın da qiymətləndirilməsi həmin tələbənin haqqında məruzədə  öz əksini tapması yaxşı olar. İmtahan qiymətləri öz yerində, dərslərdə aktivliyi də müəyyən dərəcədə xal gətirsin. Mənim bəzi dərslərimdə qiymətləndirmədə həm də dərsdə iştirak nəzərdə tutulurdu.

-Azərbaycan təhsilindən danışaq. Sizcə, hazırda təhsil hansı səviyyədədir?

-Tez-tez üzərinə vurğuladığım əzbərçilik prinsipi dəyişməlidir. Bunu dəyişməsək, hər hansı ciddi irəliləyiş görmək çətindir. Demirəm ki, İngiltərə təcrübəsini kopyalamaq lazımdır, ancaq yavaş-yavaş  Qərb ölkələrinin elementlərini götürüb tətbiq etmək lazımdır. Tələbələrə dərs proqramlarında azad seçim verilməlidir. Bunların nəticəsində imtahan sistemi dəyişməlidir. Digər təklifim bu olar ki, infrastrukturda dəyişiklik olsun. İşimlə bağlı tez-tez universitetlərə gedirəm. Bəzi  universitetlər həm texniki, həm bina cəhətdən çox köhnədirlər. Məsələn, ADA, Bakı Mühəsdislik Universitetində vəziyyət  yaxşıdır. Onların praktikasını digər universitetlər mümkün qədər tətbiq etməlidirlər. Köhnə dedikdə, müəllim heyətinin də köhnə olmasını nəzərdə tuturam. Bəzi universitetlərdə cavan nəslin nümayəndələri azdır. Bu da imkan vermir ki, təhsil müəssisəsi müasir dövrlə ayaqlaşsın. Elə universitetlər var ki, cavan kadrlar çoxdur deyə, dinamik mühit var. Ora girəndə hiss edirsən ki, burada iş gedir. Üç cəhətdən işlər aparılmalıdır, yoxsa inanmıram ki, bizim universitetlərin səviyyəsi Mərkəzi Avropa ölkələrinkinə çatsın. Dubay və Qətərdə 1960-70-ci illərdə  heç bir universitet yox idi. Artıq onlarda bir neçə universitet var  və onlardan ikisi- Dubay Amerika və Qətər Milli Universiteti dünyada inkişaf etməkdə olan ölkələrin ən yaxşı universitetləri sırasında var. Amma biz orda yer almırıq. Burada Türkiyə, Braziliya, Meksika, Ərəb ölkələrinin universitetləridir. Çox narahatedici bir mənzərədir. Ərəb ölkələri gördülər ki, yüksək səviyyəyə çatmaq bir neçə onilliklər alacaq, ona görə sistemi qurdular və xarici ekspertləri dəvət etdilər. O universitetlərin indi profillərinə girib baxanda görürsən ki,  burada xeyli ərəb müəllimlər var. Dubay Amerika Universitetinin ətrafında olmuşam. Baxanda düşünürsən ki, hər hansı Amerika universitetidir. O universitetlər ki, inkişaf yolu tapa bilmir, o zaman belə bir modeli seçə bilərlər. Xarici ekspertlər dəvət edilərək yerli ekspertləri öyrədə bilər.  

-Sizcə, sosial elmlər Azərbaycanda hansı vəziyyətdədir?

-Təəsüf ki, bu sahə o qədər ürəkaçan deyil. Birinci səbəb kimi əmək haqqını göstərə bilərəm. Az olduğu üçün insanlar bu sahədə fəaliyyət göstərmək istəmirlər. Bir yerdə əmək haqqı yükək olmayandan sonra təbii ki, tələbələrin marağı olmayacaq. Digər sahələrlə tədris elə də fərqlənmir, kitabların azlığı, tədris problemləri burada da var. Özüm kitab müəllifiyəm. Kitabımdan sonra nə qədər tələbə mənə təşəkkür etdi ki, nəhayət ki, bu  məlumatları öz dilimizdə aldıq. Deyirdilər rusca oxuyub başa düşmürük, türkcə material azdır, ingiliscə də yarımçıq anlayırdıq. Kitabların olmasına böyük ehtiyac var.

-Kitabınız hazırda hansı universitetlərdə tədris olunur?

-“Sosioloji nəzəriyyələr: E.Dürkheym, K.Marks və M.Veber” kitabım hazırda Bakı Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında və Xəzər Universitetində tədris olunur. Xəzər Universitetində imtahandan əvvəl uşaqlarla müəyyən  biliklərimi paylaşmaq üçün görüş də keçirilmişdi. UNEC-də kitabxanada olsa da, tədris planına salınmayıb. İlk kitabımı ona görə bu mövzuda yazdım ki,  istənilən sosiologiya tələbəsi bunları bilməlidir. Dünyanın müxtəlif ölkələrində sosial nzəəriyyələr kitabı birinci keçirilir. Nəzəriyyələri bilməlisiniz ki, bu sahənin fundamentini biləsiniz. Quru nəzəriyyələr deyil, hamısı həyatda tətbiq olunan fikirlərdir.

-Gəncləri ən çox maraqlandıran suallardan biri də IELTS -ə necə hazırlaşa bilərəm və nə qədər vaxta normal nəticə qazanmalarıdır. Bu haqda nə deyə bilərsiz?

-İlk olaraq özünüzə cədvəl qurmalı və nizam intizamla ona əməl etməlisiz. IELTS 4 hissədən ibarətdir və hər hissə intensiv hazırlıq tələb edir. Mən hər gün iki fərqli bölmədən bir tapşırıq edirdim. Qısa müddətdə nəticəmi 5.0-dən 7.0-qaldırdım, amma bu qədər az vaxtda gözləmirdim. Qısa müddətdə nəticə üçün gün ərzində 2-3 saat hazırlaşırdım. Düzdür, İngiltərədə olduğum üçün daha rahat oldu, 2-3 aya bu nəticəni qazana bildim. Eyni zamanda hər bölmə üçün xüsusi kitablar almışdım.  “Speaking” i evdə işləmək olmur deyə, daha çox ünsiyyətdə olun. “Conversation club” lara getməklə danışığınızı inkişaf etdirə bilərsiniz. Azərbaycanda olarkən IELTS balım 5.0 idi. Bunun üçün müəllim yanına getmişdim, evdə isə çox vaxt ayırmırdım. Sıfırdan başlayan biri IELTS 5.0 nəticə üçün 1 il bəs edər, amma bu sizin nizam intizamdan asılıdır. Bu, o qədər çətin deyil, amma müəyyən bazası olanlar  6 aya hazırlaşa bilərlər.

-Azərbaycan Elm Assosiyasiyasının həmsədrisiniz. Hazırda nə kimi işlər görürsünüz?

-Məqsədimiz Azərbaycanda elmə marağı artırmaqdır. Dünyada  baş verən elmi yenilikləri Azərbaycana gətirmək, bir sözlə maarifləndirməkdir. Hazırda aktiv 3 layihə var: infoqrafik  cədvəllər, informativ videolar və seminarlar keçiririk. Hazırda komandamız çox böyüyüb. Bu layihələrin məhsuldarlığını daha da artıracağıq. Gələn il  yenidən Multidisiplinar Elm forumu keçirəcik. 2017-ci ildə keçirdik və 500-ə yaxın insan gəlmişdi.

-Xaricdə təhsil almaq istəyənlərə nələri tövsiyə edərdiniz?

-İlk növbədə dil bacarıqlarını inkişaf etdirsinlər. İlk şərtdir, bu olmasa gedib adaptasiya ola, yaxşı oxuya bilməyəcəksiniz. İkinci məsləhətim budur ki, hansı kurs harada daha yaxşı tədris olunursa o ölkəni seçin və vaxtınızı yaxşı idarə etməyi bacarın. Özünüzə  bir vərdiş formalaşdırmalısınız, yəni bu gün nə edəcəm. Xüsusilə yüksək səviyyəli universitetə daxil olandan sonra orada sizə “time menecment” çox vacibdir. Əks  təqdirdə bir çox işinizi gecikdirə bilərsiz.