XƏBƏRLƏR

24.05.2018 10:03
700 bal yığan bacı-qardaşlarla MÜSAHİBƏ: “Nəticəmi insanlara deyəndə niyə şoka düşürlər,  bilmirəm”

Onlar bacı-qardaşdılar –Leyli və İbrahim Əhmədovlar… Hər ikisi 700 bal toplayıb; İbrahim 2015-ci ildə, Leyli isə bu il…

İlk baxışdan ətrafda baş verənlərə tam laqeyd münasibət göstərən biriləri kimi görünürlər. Lakin danışdıqca görürsən ki, elə deyil; hər ikisinin işi yalnız saysız-hesabsız test etmək, dərs hazırlamaq olmayıb. Bütün mövzularda kifayət qədər praqmatikdilər…

İndi bunu siz də görəcəksiniz… Beləliklə, AzEdu.az 700 bal toplayan bacı-qardaşlarla müsahibəni təqdim edir:

 -Leyli, biraz imtahan həyəcanı barədə danışaq…

 -Bu illər ərzində heç vaxt yaşamadığım həyəcanı yaşadım. İçəri keçəndən sonra həyəcanlı olsam, heç nə yaza bilməyəcəyimi bilirdim. Ona görə, 10-15 dəqiqə sadəcə sakitləşməyə çalışdım. Sual kitabçası verilən kimi birinci suala baxdım, bildiyim sual idi. Ondan sonra həyəcanı unudub yazmağa başladım. Artıq son sualı cavab kartına köçürürdüm ki, imtahana ayrılan vaxt başa çatdı.

-Özünüzdən bu uğuru gözləyirdiniz?

-Sınaqlarda 690 bal toplamışdım. Burada artırmaq lazım olan cəmi 10 bal idi. Keçmədiyimiz, bir də bir- iki zəif olduğum mövzular var idi. Onları da mənimsəyib,imtahana getdim. Gözlənilən nəticə idi…

-Bundan öncə hansı uğurları qazanmısınız?

-Keçən il tarix fənni üzrə respublika fənn olimpiadasına qatılmışdım. Finalçı oldum, amma medal qazana bilmədim. Ona görə də, açığı, bunu uğur hesab etmirəm. Bu il də eynən, olimpiadaya qatıldım, lakin turu keçə bilmədim. Deyərdim ki, 700 bal həyatımda qazandığım ən böyük və məğlubiyyətlərdən sonra gələn uğurdur..

-Bəs siz necə, İbrahim? Başqa hansı uğurlarınız olub?

-Universitetdən qabaq riyaziyyat üzrə respublika fənn olimpiadasında bürünc medal qazanmışdım.Ümumiyyətlə isə müxtəlif tədbirlərdə məktəbimizi təmsil etmişəm.

-Cəmiyyətdə 700 bal anlayışına sanki utopiya kimi yanaşırlar...

-Onu, açığını desəm, mən də anlamıram. Əslində, biz xüsusi bir şey etməmişik. Mən də bəzən insanlarda qəribə reaksiyanın şahidi oluram: sən bu balı necə topladın?!Bu necə mükündür?!

Bizə sanki qeyri-adi nə isə etmişik kimi yanaşırlar. Onsuz da 650-dən yüksək bal toplamaq potensialına malik olan abituriyent, demək ki, artıq proqramı tam olaraq mənimsəyib. Orada, sadəcə, 1-2 sual fərqi var. 2-3 sualı səhv cavabladığımız zaman balımız  650-ə qədər enə bilir. Bu isə abituriyentin bilik və potensialına xələl gətirmir. 700-ə gəlib çatmaq o deməkdir ki, siz testlərə daha diqqətli yanaşmısınız, heç bir şey diqqətinizdən yayınmayıb. Qısacası, 700 bal toplama potensialına sahib olduqdan sonra bu balı toplayıb-toplamamaq ciddi əhəmiyyət kəsb etmir.

-Yəni, 630 bal toplayan abituriyentlərlə 700 bal toplayanlar arasında yeganə fərq diqqətdirmi?

-Məsələn, belə bir nümunə deyim: əgər 680 bal toplamış bir abituriyentdən səhv etdiyi sualı soruşsanız, o sizə “bilmirdim” deməyəcək. Mövzunu bilmək, o mövzuda səhv etməmək anlamına gəlməz. Məsələn, riyaziyyatdan çox sadə bir hesablama səhvi edə bilərik. Mən özüm universitetə qəbul üçün sınaq imtahanlarının birində coğrafiyadan qəliz bir hesablamanı həll edib, 91 əvəzinə, 9.1 cavabını almışdım. Hesablama düz idi, sadəcə sıfırların birini səhv salmışdım. Bu, tamamilə gözlənilən hadisədir. Bununla mənim nə biliyim azalır, nə də bu, kiminsə günahıdır. Yenə deyirəm, 700 xüsusi potensial deyil.

-Bəs bu suala siz necə cavab verərdiniz, Leyli?

-Məncə də xüsusi bir şey etməmişəm. Mənim xarakterdə olan biri 700 bal toplaya bilibsə, demək ki, heç də qeyri-adi bir şey deyil. Uşaqlıqdan bəri oyun oynamağı, əylənməyi oxumaqdan üstün tutan biri olaraq, bunu əminliklə deyirəm! Hər zaman dərslərimi oxumuşam, amma bunu əyləncə üzərinə qurmuşam. Musiqi dinləyərək test həll etmişəm və ya kitab oxumuşam. Bunu eşidəndə əksər adam mənə belə halda yüksək bal yığa bilməyəcəyimi deyirdi. Deyirdilər, fikrin yayınar və s. Lakin tam əksinə, mən oxumağı daha əyləncəli vəziyyətə gətirib sanki özümü motivasiya edirdim. Əslində, mən də diqqətsizəm və imtahanda ən qorxduğum da bu idi. Nəyisə səhv oxuya və ya sadəcə sualı yanlış anlaya bilərdim… Amma şükür ki, o üç saat ərzində sahib olduğum bütün diqqətimi testlərə verdim, nəticəsi də belə oldu. Mən də insanlara 700 bal topladığımı deyəndə bir neçə saniyəlik şok vəziyyətinə düşmələrini başa düşə bilmirəm. Bəzilərinə görə bu, mükəmməllikdir. Öz adıma deyə bilərəm ki, bu nəticə üçün heç də mükəmməl bir oxuma tərzindən istifadə etməmişəm, sərbəst şəkildə oxumuşam. 

(Bu yerdə İbrahim söhbətə qoşulur)

-Bilmirəm niyə 700 bal topladığımı deyəndə insanlar zarafat etdiyimi düşünürlər?! Axı biz sadəcə 125 sualı cavablamışıq. Hazırlıq müddətində gün ərzində 1000-dən çox test həll etdiyi zaman insan artıq alışır. Əksəriyyət universitetə daxil olmaq üçün illərlə əziyyət çəkir, ortada yalnız rəqəm fərqi var.

-Heç bir abituriyent 700 balı yalnız 3 saat müddətinə toplamır. Əslində 3 saatlıq imtahan müddəti 700 bal toplamaq üçünsadəcə sonuncu mərhələdir. Hazırlığa başlayandan imtahana qədər insan 700 bal hədəfinə doğru irəliləyir.. Bu müddət ərzində hansı fərqli qrafikdən istifadə etmisiniz?

İbrahim:
-Xüsusi hazırlıq qrafikim yox idi. Sabah hansı testləri həll dəcəyimi,  hansı mövzuları hazırlayacağımı bilirdim və o onlarla da məşğul olurdum. Heç bir hazırlıq proqramım olmayıb, saat bölgüsü də etməmişəm. İnanın, bu işlər heç qrafiklə də alınmır. Bəzən olur ki, uşaqlar hər hansı mövzuya hazırlaşmırlar,  müəllim də əsəbiləşib 500 əvəzinə, 1000 test  verir və bu zaman bütün planlar pozulur. Abituriyentlik  dövrü plan quracağın bir zaman kəsimi deyil. Bəzən bir hazırlıq dərsi 2 saat əvəzinə, 4 saat davam edirsə, artıq sən nə planlaşdırsan da yenə bir xeyri olmayacaq. Sadəcə vaxtın var, oxu, testini həll et. Bu qədər...

Leyli:
- Eynilə mən də o cür hazırlaşmışam. Nə zaman sabah üçün hazırlıq planı qursaydım, o zaman  mütləq nəsə  bir iş çıxmalı idi və plan da beləcə dağılırdı. İstədiklərimin 50 faizi alınırdısa, 50 faiz alınmırdı. Artıq son 4 ay ərzində başa düşmüşdüm ki, proses necə getməlidir. Ona görə hər gecə sabahkı dərslərdən, testlərdən əlimdən gəldiyi qədər etməyə çalışırdım. Nə qədər bacaracaqdımsa, o qədər də sabah üçün  planlayırdım. Razıyam, xüsusi hazırlıq qrafiki  adamı daha da intizamlı edir, “disiplin” ə aparır.  İnsan nəyisə əldə etməyi qarşısında məqsəd qoyursa, onu əldə etmək üçün aşırı intizam lazımdır.

-Universitetə qəbul olunmaq üçün repetitor yanına getmisiniz?

-Məni riyaziyyat fənnindən qardaşım hazırlaşdırıb. Digər 4 fəndən isə repetitor yanına getmişəm. Hazırlıq müəllimlərimin hər biri kənar məktəblərin müəllimləri idi. Lakin məktəb müəllimlərimin də bu uğuru qazanmağımda rolu sözsüzdür. Mənə 11 il ərzində bütün fənlərdən təməl bilgiləri məhz onlar öyrədiblər. Son bir il ərzində isə test üsuluna alışmaq üçün repetitor yanına getməli idim…

-Sizcə, repetitor yanına getməsəydiniz, 700 bal toplaya bilərdiniz?

-Repetitor yanına getmədən, 700 olmasa da,  670-80 toplaya bilərdim. Müəllimlərin mənə öyrətdiklərinə arxayın idim. Adi ədəbiyyat ya tarixdən dərs danışsaydımm,  müəllimlər sözümü kəsib “bu hissəyə diqqət edin, testə düşə bilər” deyirdi. Müəllimlər o qədər çox test görüblər ki,  “bu hissə test ola bilər”  deyib, bizə xəbərdarlıq edirdilər. Özümdə artıq kitab oxuyanda hansı hissənin test sualı olacağını  bilirdim. Məndə artıq bu  alışqanlıq yaranmışdı.

- “Əgər müəllim yanına getməsəydiniz, 660-670 civarında bal toplaya bilərəm” dediniz. Belə məlum olur ki, repetitorlar sizə 30-40 bal üçün lazım olublar?

Söhbətin bu yerində iki il bundan əvvəl 700 bal yığan İbrahim etiraz edir, repetitorların “xətrinə dəyəcək” sualla razılaşmır…

-Məsələ 30-40 balda  deyil; müəllim yanına getmək insanda xüsusi psixoloji hazırlıq yaradır. “Mən mənə lazım olanı bilirəm” inamı insanın üzərində olur.  Repetitorun üstünlüyü odur ki, o,  abituriyentə  lazım olanı öyrədir. Şagird də əmin olur ki,  imtahana onun  bildiyindən artıq heç nə düşməyəcək. Bütün kitabı bilə bilərsiniz, əminliyin olması isə insanda rahatlıq, xüsusi inam, psixoloji hazırlıq yaradır.

-Amma məncə, Leyli  2 il əvvəl - siz 700 bal toplayanda artıq o əminliyi qazanmışdı...

Sizdən faydalanaraq psixoloji və müəyyən taktiki hazırlıqlara yiyələnmişdi. Ümumilikdə, siz və sizin kimi azsaylı gənclər bu test sistemində ən güclü kontingent sayılırsınız. Amma təəssüf ki, hətta siz də daxil olmaqla, hər kəs  özünü repetitordan asılı vəziyyətdə görür.  Bu asılılıqdan qurtulmaq bizə nəyi qazandıracaq? 

 -İstənilən sahədə uğur qazanmaq üçün biliyi əldə edəcəyiniz bir mənbə olmalıdır. Nadir hallarda elə insan olar ki, heç kimlə münasibət qurmadan özü tək başına uğur qazanmaq üçün çalışsın. Kimdənsə kömək istəmək insana əlavə üstünlük qazandırır. Mən bunu xüsusi asılılıq saymazdım. Repetitordan yardım alınması insana sadəcə kömək edir. Repetitor yanına gedib sual verməkdən çəkinən insan görmüşəm. Amma o, özünün inkişafı üçün kömək etmək istəyir. İnsan uğur qazanmaq istəyirsə, mütləq kiminsə köməyindən yararlanmalıdır.

 -Sizcə, bu yararlı mənbə rolunu orta məktəblər oynaya bilməzmi?

Yenə də İbrahim davam edir: - Orta məktəblər konkret  tədris  proqram ilə işləyirlər. 11-ci sinfə çatanda 5-6 siniflərdə öyrəndiyiniz  hər hansı bəhsi  unuda bilərsiniz. Repetitor isə öz proqramını sənə görə uyğunlaşdırır və təkrar mütəmadi edir. Orta məktəb müəllimlərinin isə bu imkanı yoxdur. 11-ci sinif müəlliminin  funksiyası sizə 11-ci sinifin materialını mənimsətməkdir. Cari proqramı kənara qoyub, 6 və ya 7-ci sinifi təkrarlada bilməz.

-Sizcə, test üsulu şagirdin biliyini düzgün qiymətləndirə bilir?

-İstənilən sistemin mənfi və müsbət cəhətləri var. Mükəmməl bir sistem zatən yoxdur. Gördüyünüz kimi, mən və bacım üçün test üsulu müəyyən bir fayda verib. Yəni, biz bu sistemə tamamilə uyğun gəlirik. Başqa bir sistem olsaydı, bəlkə də onda uyğun olmazdıq…

-Sizcə, ənənəvi təhsil sistemi əsl insanı əsl  dünyagörüşlü şəxsiyyət kimi yetişdirə bilərmi?

-Suala cavab vermək üçün əvvəlcə insan özü-özündən soruşmalıdır ki, mən şəxsiyyətəmmi? Hər halda biz də o təhsil  sisteminin məhsuluyuq. Çox qəliz sualdır... Məncə, istənilən təhsil  sisteminin şəxsiyyət formalaşdırması mümkündür. Bunun sistemə bir aidiyyəti yoxdur...

Leyli: - Qardaşımın fikirlərinə mən də  qatılıram. Məsələn, Molla Pənah Vaqifi hər zaman bizə misal göstərirlər ki, kənd mühitində şəxsiyyət kimi formalaşıb. Zənnimcə, hər bir insan istənilən mühitdə bunu bacara bilər. Mühitin bir fərqi olduğunu düşünmürəm...

Nəzrin Cavid

Elmin Nuri

 

 

İlin gənc müəllimi-Müraciət formu