XƏBƏRLƏR

14.02.2020 15:39
Şəxsiyyətin formalaşmasında və musiqi tərbiyəsində uşaq baletlərinin rolu

Uşaqların ətraf aləmi dərk etməsində, klassik musiqi zövqünün formalaşmasında uşaq balet tamaşalarının rolu danılmazdır. Böyük təkamül və inkişaf yolu keçən balet sənəti olduqca çətin, incə, zərif hərəkətlər, plastika tələb edən bir sənətdir. Baletdə hadisələri musiqinin müşayiəti ilə sözlər deyil, hərəkətlər, jestlər, rəqs elementləri deyir. İdeya, bədii fikir, hadisə rəqs elementləri ilə ifadə edilir.

“Qız qalası” ilə nəinki Azərbaycanda, hətta Orta və Yaxın Şərqdə baletin ilk nümunəsini yaratmış klassik bəstəkar, dirijor, librettoçu, Azərbaycanın Xalq artisti Əfrasiyab Bədəlbəyli, həmçinin Azərbaycan musiqisi tarixində uşaqlara həsr edilmiş ilk milli balet əsərinin müəllifidir. Bəstəkar 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbinin buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli “Tərlan” baletini yazır. Balet Azərbaycanın ilk balerinası, quruluşçu baletmeyster Qəmər Almaszadənin quruluşunda xoreoqrafik məktəbin məzunlarının iştirakı ilə 1939-cu ildə tamaşaçılara təqdim olunur. Əsərin süjet xəttini - balaca qızın yuxuda qorxulu, əcaib varlıqlar tərəfindən təqib olunması təşkil edir. Xeyir və Şər qüvvələri savaşının sonunda həmişə Xeyir qüvvənin qələbə çaldığı kimi, burada da cəsarətli oğlan uşağı qalib gələrək qızı xilas edir.

Azərbaycan musiqisində uşaq melodik səhnə əsərləri 60-cı illərdə öz çiçəklənmə dövrünü yaşayır. Məhz həmin illərdə opera-təmsil, radio-opera, opera-balet, həmçinin uşaq opera-nağılları, uşaq baletləri yazılmış və bu səpgidə əsərlərin yazılması sonrakı illərdə davam etdirilmişdir.

1961-ci ildə bəstəkar İbrahim Məmmədov uşaqlar üçün eyniadlı təmsil əsasında “Tülkü və Alabaş” opera-baletini yazır. Əsərin premyerası ilk dəfə 1964-cü ildə qoyulmuşdur.  Əsərdə vokal və xoreoqrafiya nümunələri bir-birini mahiranə şəkildə tamamlayır. Bu üçpərdəli opera-baletin librettosunu yazıçı Soltan Dadaşov yazmışdır. “Tülkü və Alabaş” opera-baletində personajların müxtəlif heyvanların surətlərində ifadə edilməsi uşaqlar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanmışdır.

Növbəti illərdə milli musiqidə uşaq janrının intensiv inkişafı yeni-yeni uşaq balet əsərlərinin meydana çıxmasına zəmin yaradır.

Bəstəkar Əşrəf Abbasovun yaradıcılığının zirvəsində uşaqlar üçün yazdığı “Qaraca qız” baleti durur. Bu, uşaqlar üçün yazılmış ilk irihəcmli səhnə əsəridir. 1965-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçı S.S.Axundovun “Qorxulu nağıllar” povesti əsasında yazılmışdır. Baletin libretto müəllifi və tamaşanın ilk dirijoru Ə.Bədəlbəyli olmuşdur.

“Qaraca qız” klassik balet ənənələrinin ən gözəl nümunələrindən biridir. Bəstəkar burada Azərbaycan xalqına məxsus milli keyfiyyətləri musiqi dili vasitəsilə məharətlə verə bilmişdisə, baletmeyster Q.Almaszadə də, öz növbəsində, bir xoreoqraf kimi əsərə yüksək bədii zövqlə quruluş verməyə nail olmuşdur.

“Qaraca qız” baleti 1969-cu ildə Parisdə “Şan Elize” teatrının səhnəsində Beynəlxalq rəqs festivalı zamanı nümayiş etdirilmiş və Azərbaycanın balet artistləri Paris Rəqs Akademiyasının diplomuna layiq görülmüşlər.

Son illər Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan Azərbaycan bəstəkarlarının uşaq balet əsərləri sırasında Oqtay Zülfüqarovun “Əlibaba və qırx quldur” baleti özünəməxsus yer tutur. Balet 1990-cı ildə yazılmış və librettosu da bəstəkarın özünə məxsusdur.

Növbəti illərdə Oqtay Zülfüqarov “Məlikməmməd” xalq nağılı əsasında ikipərdəli “Sehrli alma” baletini yazır (librettosu müəllifin özünə məxsusdur).

Azərbaycan bəstəkarları uşaqlara həsr etdikləri bu kimi balet əsərlərində milli xoreoqrafiya ilə klassik balet ənənələrinin dramatizmini, obrazların psixoloji səciyyəsini parlaq harmonik ahəng və tembr rəngarəngliyi ilə xalq musiqisinin intonasiyalarından istifadə etməklə klassik balet ənənələrinin ən gözəl nümunələrini yaratmağa nail olmuşlar. Onlar bu növ səhnə əsərlərini təkcə uşaqlara deyil, böyüklərə də sevdirməyi bacarmışlar. 

“Xeyir və Şər”- bəstəkar Tofiq Bakıxanovun Nizami Gəncəvinin “Xəmsə”si əsasında yazdığı birpərdəli, üçeskizli baleti dahi Azərbaycan şairi Nizaminin 850 illiyinə həsr olunmuş müsabiqədə mükafata layiq görülmüşdür. Baletin librettosti Rəşid Əhmədov, xoreoqrafı isə Xalq artisti Tamilla Şirəliyevadır. Əsərin iştirakçıları olan mərhəmətli Xeyir, qəzəbli Şər, qızlar, quşlar, simvolik güllər baletin dramaturji qütblərini təşkil edir.

Hazırda Akademik Opera və Balet Teatrının səhnəsində uşaqlar üçün Azərbaycan bəstəkarları tərəfindən yazılmış milli balet əsərləri səhnəyə qoyulur. Lakin o əsərlər əsasən 20-25 il və daha öncələr yazılmış musiqi nümunələridir.

Deyə bilərik ki, son illərdə uşaqlara həsr edilmiş böyük musiqi səhnə əsərlərinin yaranması işində bir durğunluq dövrü yaşanır. Uşaqlar üçün yazılmış balet əsərlərinə çox nadir hallarda rast gəlmək olar.

Azərbaycanın tanınmış musiqişünasları müasir dövrdə gənc bəstəkarlar tərəfindən uşaq balet əsərlərinin yazılmamasının bir problem olduğunu dəfələrlə efir məkanlarında dilə gətirib söyləmişlər.

Bəstəkarlarımızın bu gün müasir uşaqların həyat və düşüncə tərzinə yaxından bələd olaraq, onların zövq və dünyagörüşü ilə ayaqlaşan yeni balet əsərləri yaradıb ərsəyə gətirmələri uşaqlar üçün də çox sevindirici hal olardı. Əlbəttə ki, sovet dönəmindəki uşaqlarla müasir uşaqların maraq dairəsi, düşüncə və yaşam tərzini eyni tutmaq qətiyyən mümkün deyil. Əgər bundan 30 il və daha öncələr uşaqlar oyuncaqlarla oynayırdılarsa, bugünkü uşaqlar daha intellektual səviyyəli olub, müasir dövrün tələblərindən irəli gələrək, kompüter və internetdən istifadə etmək bacarığına malikdirlər.

Hazırda Azərbaycan balet səhnəsində tamaşaya əsasən xarici bəstəkarların uşaq balet əsərləri qoyulur. Düzdür, milli uşaq balet tamaşalarına da quruluş verilir, lakin onların sayı elə də çoxluq təşkil etmir.

Müasir gündə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində xarici səhnə əsərlərindən tamaşaya qoyulan Pyotr İliç Çaykovskinin “Şelkunçik”, Boris Zeydmanın “Qızıl açar”, İohann Ştrausun “Düyməcik”, Frans Şubertin “Dahi hekayəçi”, Sergey Prokofyevin “Zoluşka” və s. bu və ya digər balet əsərləri  uşaqların zövqünü oxşamaqla onları sevindirir.

“Qızıl açar” baletinin librettosunu görkəmli Azərbaycan bəstəkarı Ə.Bədəlbəyli yazmış və əsər 1957-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Opera-Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Qeyd edək ki, gənc tamaşaçılar üçün nəzərdə tutulmuş bu dördpərdəli balet əsəri Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulmuş birinci uşaq baletidir ki, günümüzə qədər onilliklər boyu opera-balet səhnəsində nümayiş etdirilir.

Balet mürəkkəb janr olduğu kimi, həm də ecazkar qüvvəyə malikdir. Məhz balet janrında musiqi və hərəkət vasitəsilə emosional təcrübənin ən mürəkkəb çalarlarını çatdırmaq mümkündür. Dövr, nəsil dəyişikliyinə baxmayaraq, bu janrda yazılmış əsərlər heç zaman öz aktuallığını və təravətini itirmir.

Balet - tamaşaçının duyğularına birbaşa təsir edə bilən sintetik sənət növüdür. Musiqi tərbiyəsində və şəxsiyyətin formalaşmasında uşaq baletlərinin rolu böyük əhəmiyyətə malikdir. Bu əsərlərin köməyilə uşaqlara ətraf aləmə məhəbbət, milli musiqiyə maraq, vətənə sevgi, özündən kiçiklərə və böyüklərə sayğı, hörmət kimi xeyirxah hisslərin aşılanması nəticəsində  onlar kamil insan kimi formalaşır.

Uşaqlar bizim gələcəyimizdir. Onlara sevgi və diqqətlə yanaşmaq hamımızın borcudur.

Vəfa GÖVHƏR (Azərbaycan müəllimi)