XƏBƏRLƏR

21.05.2018 11:21
Dünyada ilk Blokçeyn Universiteti fəaliyyətə başlayacaq

Qloballaşan dünya ali təhsil sistemində bir sıra yeni prioritetlərin gündəmə gəlməsi ilə səciyyələnir. Yeni prioritetlərdən bəhs edərkən elmi-tədqiqat universitetlərinin sürətlə dəyişən reallıqlara adekvat cavab verməsindən də danışmaq lazım gəlir. Bu günlərdə  Böyük Britaniyanın Oksford Universitetindən olan bir qrup akademikin dünyanın ilk Blokçeyn Universitetinin fəaliyyətə başlaması ilə bağlı açıqlaması da dediyimiz yeni prioritetlərin növbəti anonslarından biridir. Ümumiyyətlə, Britaniya ali təhsil sistemində nələr baş verir? Blokçeyn Universiteti nə deməkdir?

AzEdu.az xəbər verir ki, "Azərbaycan müəllimi" qəzeti bu kimi suallara Böyük Britaniya ali təhsil sisteminə yaxından bələd olan, Edinburq Universitetinin doktorantı, tədqiqatçı və  müəllim Xaləddin Rzayevlə aydınlıq gətirməyə çalışıb.

Xaləddin Nizami oğlu Rzayev 1990-cı ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə paytaxtdakı Ələkbər Əliyev adına 204 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olub. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub.  2012-2014-cü illərdə  təhsilini Bakı Mühəndislik Universitetinin MBA proqramında davam etdirib.  Eyni zamanda, “Nurgün” Şirkətlər Qrupunda maliyyəçi olaraq fəaliyyət göstərib.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-2015-ci illərdə Böyük Britaniyanın Lester Universitetində maliyyə iqtisadiyyatı üzrə magistratura təhsili alıb,  fakültə üzrə ən yüksək nəticə göstərərək maliyyə və iqtisadiyyat ixtisasları sahəsində ilin ən yaxşı tələbəsi adını qazanıb.  2015-2016-cı illərdə “Nurgun” Şirkətlər Qrupunun Türkiyə filialında maliyyə müdiri vəzifəsində çalışıb.  2016-cı ildə maliyyə ixtisası üzrə Edinburq Universitetinin doktoranturasına  qəbul olub və universitetin tam təqaüdünə layiq görülüb. Hazırda bu universitetdə elmi-araşdırma və müəllimlik (tyutorluq) fəaliyyəti ilə məşğuldur.

- Xahiş edirik,  Böyük Britaniyadakı təhsil həyatınız, ixtisasınız, elmi araşdırmalarınızın mövzuları barədə məlumat verərdiniz.

- İlk olaraq qeyd etmək istərdim ki, magistr təhsilimi Böyük Britaniyanın Lester Universitetində almağım   mənim gələcəkdəki ixtisaslaşma seçimimi etməyə çox böyük motivasiya olub.  Hazırda Böyük Britaniyanın Edinburq Universitetində maliyyə istiqaməti üzrə doktorluq dərəcəsində təhsil alıram. Araşdırma mövzum maliyyə bazarlarının mikro-strukturudur. Bu sahənin əsas araşdırma istiqaməti maliyyə bazarlarının iqtisadi strukturu, informasiyanın maliyyə bazarlarında qiymətin formalaşması prosesinə təsiri, maliyyə bazarlarında likvidliyin ölçülməsi və idarə edilməsi, qiymətli kağızların ultrasürətli ticari əməliyyatlarıdır (High Frequency Trading). Görundüyü kimi, bu sahə çox geniş sahədir və əlbəttə ki, daha dəqiq ixtisaslaşma tələb edir. Mənim üç əsas araşdırma istiqamətim var: 1) maliyyə bazarlarında ani və qısamüddətli sınmalar (flash crashes) və bunların ehtimal oluna bilməsi; 2) qiymətli kağızların ultrasürətli (High Frequency Trading) ticarətinin informasiya məzmunu; 3) müxtəlif ölkələrin maliyyə bazarları arasındakı informasiyanın ötürülməsi sürətinin həmin maliyyə bazarlarına təsiri.

- Sizi  daha çox necə təqdim etmək olar: müəllim, tələbə, tədqiqatçı...

- İlk olaraq onu bildirim ki, bizlərin-doktorluq dərəcəsində təhsil alanların tələbə kimi təqdim edilməsi bizi “küsdürür” (gülümsəyir - red).Məncə, daha doğru ifadə tədqiqatçı olardı. Çünki zamanımızın çox hissəsini məhz bu işə sərf edirik. Ancaq onunla bərabər müəllimlik etdiyimiz üçün bu ifadə də bizə çox yad sayılmaz.

- Siz universitetin akademik həyatında elmi tədqiqatların rolunu necə qiymətləndirirsiniz?  Ali məktəb təhsil verməlidir, yoxsa tədqiqat aparmalı və ya tədqiqatçı yetişdirməlidir?

-  Bu barədə çox və uzun danısmaq lazımdır. Əvvəlcə onu bildirim ki, bizim Azərbaycanda gördüyümüz və dünyada mövcud olan universitet anlayışları çox fərqlidir. Bu barədə Böyük Britaniya ənənəsini misal göstərmək mənim üçün ən doğrusudur. Çünki bu ölkədə həm təhsil almışam, həm də hazırda tədqiqat aparıram. Ən qısa formada onu deyə bilərəm ki, Böyük Britaniyada universitetlər daha çox tədqiqat yönümlüdür; müəllimlər öz vaxtlarının çox hissəsini bu işə sərf edirlər desəm, yəqin ki, yanılmaram. Doğrusu,  məncə, tədqiqat və təhsil vermək işlərinə bir-birindən ayrı baxılmamalıdır. Çünki güclü tədqiqat bazasının mövcudluğu eyni zamanda universitetin daha yüksək səviyyədə təhsil verməsinə də səbəb olacaqdır. Dünyada baş verən elmi dəyişiklikləri izləməyin ən yaxşı yolu bu elmi dəyişikliklərin içində olmaq, yəni tədqiqat aparmaqdır. Bir sözlə, ali məktəblər həm tədqiqat aparmalı, həm də təhsil verməlidir. Yuxarıda da bildirdiyim kimi, bunları  bir-birindən ayrı formada təqdim etməyin doğru olmadığı qənaətindəyəm.

- Necə bilirsiniz, biz universitet təhsilinin hansı mərhələsində tələbələrin elmi tədqiqatlara cəlb olunmasına diqqət yetirməliyik?

- Əslində, bu sualın cavabı çox açıqdır. Doktorantura dərəcəsində təhsil alan tələbələrin sayı çoxalmalıdır. Məsələn, onu bildirim ki, dünyada ən çox doktorantura pilləsində təhsil alan tələbələri olan ölkələr Amerika Birləşmiş Ştatları, Almaniya və Birləşmiş Krallıqdır. Yəqin ki, bu ölkələrin iqtisadi və texnoloji sahədə olan liderliyi müzakirə mövzusu deyil. Biz də bu ölkələri izləməli və doktorantura dərəcəsində təhsil alan tələbələrin sayını artırmalıyıq. Bununla birlikdə, bu tələbələrin dünyadakı tədqiqatlara qoşulmasını da təmin etmək lazımdır. Dünya dəyişir və elm dünyanı dəyişdirən əsas “lokomotiv”dir.

- Britaniya  təcrübəsindən yanaşsaq, sizcə, elmi tədqiqat  universiteti necə olmalıdır?

- Yuxarıda verdiyim statistikada bildirdiyim kimi, Böyük Britaniya doktorantura dərəcəsində təhsil alan tələbələrin sayına görə dünyada ilk üç yerdən birini tutur. Bu baxımdan, bu olkəni uğurlu ölkə saya bilərik. İlk əvvəl onu bildirim ki, Böyük Britaniyada universitetlərin əsas gəliri müxtəlif büdcələrdən tədqiqatlar üçün ayrılan vəsaitlərdir. Bu onu deməyə əsas verir ki, elmi tədqiqat universitetləri dövlət və müxtəlif qurumlar tərəfindən dəstəklənməlidir. Bundan başqa, universitetlərdəki akademik heyət dünyadakı qabaqcıl jurnallarda elmi məqalələr dərc etdirməyə nail olmalıdır. Məsələn, mənim tədqiqat apardığım Edinburq Universitetində müəllimlər ən azı iki ildən bir dünyanın qabaqcıl jurnallarında məqalə çap etdirməlidirlər. Məlumat üçün onu bildirim ki, qabaqcıl jurnallar müxləlif metodlardan və qurumların bu barədəki hesabatlarından istifadə edilərək seçilir.

- Məlumdur ki, Britaniyanın Avro məkanı tərk etməsi gündəmdədir. Bu reallaşdığı təqdirdə ölkədə elmi tədqiqat universitetlərinin taleyi ilə bağlı problemlər yaranacaqmı? Bu barədə Britaniya elmi elitası, akademik dairələrin nə kimi düşüncələri var?

-  Bu barədə universitetlərin və akademik dairələrin mövqeyi açıqdır: Böyük Britaniya Avro məkanı tərk etməməli idi. Ancaq artıq gecdir və proses başlamışdır. Hal-hazırkı prioritet yarana biləcək problemləri görmək və həll etməkdir. Biz maliyyə sahəsində çalışanlar üçün problemlər rəqəmlərdə gizlidir. Bu baxımdan, inanıram ki, Avro məkanı tərk etməklə yaranacaq problemləri də anlamaq üçün bəzi rəqəmlərə baxmaq lazımdır. Böyük Britaniya universitetlərində elmi araşdırma edən tədqiqatçıların 17%-i məhz Avro zona vətəndaşıdır. Təxmini olaraq, universitetlərin tədqiqat gəlirlərinin 10%-i Avropa Birliyi tərəfindən maliyyələşir və məqalələrin 30%-i avropalı araşdırmaçıların birinci və ya digər müəllifliyi altında nəşr olunur. Göründüyü kimi, rəqəmlər açıqca ifadə edir ki, hər hansısa “sərt” tərk etmə prosesi böyük problemlər yarada bilər.

- Oksford Universitetinin alimləri  cari ilin 3-cü rübündən  dünyada ilk Blokçeyn Universitetinin fəaliyyətə başlayacağını bildirirlər. Bu barədə nə deyə bilərsiniz? Bu universitet hansı məqsədlə yaradılır, necə fəaliyyət göstərəcək?

- Bəli, bu barədə müxtəlif məqalələr oxumuşam. Oksford Universitetinin bir qrup akademiki tərəfindən yaradılan bu universitetin  əsas xüsusiyyəti ali məktəbin heç bir fiziki vahidinin, məsələn, binasının olmamasıdır. Universitetin bütün işləmə prinsipi xüsusi proqram (“application”) üzərindən həyata keçiriləcək.  Ancaq bu, çox maraqlı bir sual doğurur. Bildiyiniz kimi, “online” və ya “distance” tədris proqramları onsuz da uzun müddətdir mövcuddur. Bəs, bu universitetlərin fərqi nədən ibarət olacaq? Məhz burada “Blokçeyn” ifadəsinin mahiyyəti meydana çıxır. Bildiyiniz kimi,

“Blokçeyn” texnologiyası mərkəzi sistemi olmayan və əslində üzv olan və bu texnologiyadan istifadə edən hər kəsin bir anda “mərkəz”ə döndüyü bir sistemdir (bu prosesə “decentralised” sistemlər deyilir). Buna oxşar olaraq, bu universitetlərdə də mərkəzi idarəetmə mexanizmi olmayacaq. Bundan başqa, sistemin bütün hüquqi və inzibati prosesləri “blokçeyn” texnologiyası ilə işləyəcək; kontraktların hazırlanması, ödəmələrin idarə edilməsi və akademik nəticələrin hesablanması. Bu baxımdan bu universitetlərə veriləcək ən gözəl ad məhz “Blokçeyn” Universitetləri olmuşdur. Bu sistemin yaradılmasında əsas iki məqsəd mövcuddur; tələbələr üçün mövcud olan yüksək təhsil haqlarını aradan qaldırmaq və müəllimlərin daha yüksək əməkhaqqı almasına nail olmaq.

- Bu universitetin tələbələr üçün “uber”, müəlimlər üçün  “Airbnb”  olacağı bildirilir. Bu nə deməkdir?

- Əslində bu ifadələr şərtidir. Ancaq ən qısa formada belə ifadə etmək yanlış deyildir. Bildiyiniz kimi, Uber bir şirkət olaraq xidməti göstərmək istəyənlərlə (sürücülərlə) xidməti almaq istəyənlər (sərnişinlər) arasında əlaqəni xüsusi bir proqram vasitəsilə həyata keçirir və təklif etdiyi qiymətlər adətən daha ucuz olmaqdadır və bu ucuzluq məhz xidmətdən istifadə etmək istəyənlər (sərnişinlər) üçün əlverişlidir. Bu oxşar olaraq “Blokçeyn” universiteti xidməti almaq istəyənlərlə (tələbələrlə) xidməti təklif etmək istəyənlər (müəllimlər) arasında “körpü” rolunu oynayacaqdır və Uberin xidmətinə oxşar olaraq xidməti almaq istəyənlər (tələbələr) üçün daha əlverişli qiymət təklif edəcək. Məhz bu səbəbdən bu universitetlər tələbələr üçün “Uber” rolunu oynayacaq.

Eyni olaraq “Airbnb” şirkətinin prinsiplərinə də bənzərlik olacaq. Bildiyiniz kimi, “Airbnb” vasitəsilə şəxslər evlərini qısamüddətli kirayəyə verə bilir və bunun müqabilində çox uyğun ödəmə alırlar. Buna bənzər olaraq, bu sistem vasitəsilə müəllimlər öz “biliklərini” xidmət olaraq təklif edəcək və bunun müqabilində daha yaxşı maaş alacaqlar. Məhz bu səbəbdən bu universitetlər müəllimlər üçün “Airbnb” rolunu oynayacaqdır.

Ancaq qeyd etmək istərdim ki, hər iki firmayla əsaslı bir fərq mövcuddur. İstər Uber, istərsə da Airbnb şirkətləri gəlir məqsədilə yaradılmış şirkətlərdir. Ancaq “Blokçeyn” Universiteti heç bir gəlir əldə etmək niyyətində deyil. Əsas məqsəd tələbələr və müəllimlərin maddi imkanlarını artırmaqdır.

- Blokçeyn Universitetinə qəbul necə aparılacaq? Təhsil haqları necə olacaq? Akademiklərin maaşları necə hesablanacaq?

- Qəbul prosesi “Blokçeyn” Universiteti içində yaradılacaq olan kolleclər tərəfindən fərdi olaraq həyata keçiriləcək. Məsələn, ilk yaradılmış kollec olan Ambrose kolleci Oksford Universitetinin sisteminə uyğun olaraq skype- müsahibələr həyata keçirəcək. Ancaq bu məsələ tam yekunlaşmış məsələ deyil. Müzakirələr aparılmaqdadır və yəqin ki, bəzi dəyişikliklər ediləcək.

Maaşların hesablanması prinsipi mərkəzi qaydada həyata keçirilməyəcək  və məhz, əsas fərq də buradan qaynaqlanır.  Müəllimlər təklif etdiyi modullar üzrə qiymət təklifi yerləşdirə biləcək və tələbələr qiymətlərin uyğunluğuna görə modulları seçəcəklər.   Bu səbəbdən dəqiq rəqəmlər demək çətindir. Ancaq təxmini hesablamalara görə, təhsil haqqı təxmini olaraq 10.000 ingilis funtu olacaq. Və bu təhsil haqları müəllimlər üçün 40.000-80.000 ingilis funtu dəyərində gəlir gətirəcək.

- Blokçeyn Universitetində kimlər müəllim kimi işləyə biləcək?

- Bunun üçün əvvəlcədən minimum kriteriyalar müəyyən edilmişdir. Bu tələbləri yerinə yetirən hər kəs müəllim kimi işləyə biləcək. Minimum kriteriyalardan əlavə xüsusi müsahibələrin keçirilməsi də nəzərdə tutulmuşdur.

- Məlumatlara görə, bu ali məktəbin kampusu olmayacaq, onun digər, onlayn təhsil təklif edən universitetdən fərqi nədədir?

- Yuxarıda bildirdiyim kimi, əsas məsələ fiziki kampusun olmaması deyil. Əsas məsələ vahid mərkəzin olmaması və əslində bütün üzvlərin həm də mərkəz rolunu oynamasıdır. Məhz bu səbəbdən bu universitetlər “Blokçeyn” olaraq adlandırılmaqdadır. Ən qısa formada proseslərdəki fərqi belə izah edə bilərik. Əgər siz onlayn təhsil alırsınızsa, siz təhsil haqqını universitetə ödəyirsiniz və universitet mövcud olan müqaviləyə görə müəllimə əməkhaqqı ödəyir. Bu prosesdə tələbələrin təhsil haqqının bir qismi müəllimlərin əməkhaqqına yönləndirilir, digər qismi isə universitet üçün gəlir formasında saxlanılır. Ancaq “Blokçeyn” universitetlərində ali məktəblər bu “körpü” rolunu oynamayacaq. Tələbənin ödənişi birbaşa müəllimə gəlir kimi ödənəcək. Məhz bu, təhsil haqlarının azalmasına səbəb olacaq. Məncə, bunu rəqəmdə daha sadə ifadə edə bilərik. Məsələn, düşünək ki, biz tələbəyik və “standard” online dərs almaqdayıq və təhsil haqqı 10 manat dəyərindədir. Biz bu 10 manatı universitetə ödəyəcəyik və universitet bu 10 manatın 7 manatını müəllimə maaş formasında ödəniş edəcək və 3 manatını özünə gəlir kimi saxlayacaq. Ancaq “Blokçeyn” universitetlərində bu dərsin dəyəri 8 manat olaraq nəzərdə tutulacaqdır və bu 8 manat birbaşa müəllimə yönləndiriləcək. Belə olan halda, həm tələbə daha az təhsil haqqı ödəyəcək (10 manat əvəzinə 8 manat), həm də müəllim daha çox maaş qazanacaqdır (7 manat əvəzinə 8 manat). 

- Bəzi akademik dairələrdə bu cür universitetin qeyri-effektivliyi barədə fikirlər var. Narahatlıqlar nə ilə bağlıdır?

- Narahatlıqların olması normaldır. Çünki mərkəzləşməmiş universitet yeni bir anlayışdır və yarana biləcək problemlər aydın deyildir. İfadə edilən ən əsas problemlərdən biri müəllim-tələbə münasibətlərinin dəyişilməsi ehtimalıdır. Mərkəzləşmiş sistemlərdə müəllim və tələbə arasındakı münasibət mərkəz, yəni universitet  vasitəsilə həyata keçirilir, maddi və hüquqi zəmində münasibət mövcud deyildir. “Blokçeyn” Universiteti  bunu təmin edə biləcəkmi? Əsas sual məhz budur.

- Sonda gələcək planlarınız barədə məlumat almaq istərdik... 

- Doğrusu, gələcəklə bağlı əsas planım akademik mühitdə fəaliyyət göstərməyə davam etməkdir. Özümü akademik mühitə aid hiss edirəm və tədqiqatların bir parçası olmaq məni çox sevindirir.

İlin gənc müəllimi-Müraciət formu