Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-28 15:47:00
Nazirliyin sertifikasiya ilə bağlı qərarının faydalı tərəfləri- Ekspertdən ətraflı təhlil

 

 

“Bu gün Azərbaycan cəmiyyəti elə sürətlə inkişaf edir ki,  təhsilin məzmununda 5 ilə köklü dəyişikliklər baş verir. Bu yeniliklər həm elmi, həm metodik, həm də psixoloji xarakter daşıyır.  Müəllim öz üzərində çalışmalı, bu yeniliklərdən xəbərdar olduğunu təsdiq edən sənəd almalıdır”.

AzEdu.az xəbər verir ki, bu fikirləri professor, pedaqoq Fərrux Rüstəmov səsləndirib. O, dünya ölkələrində sertifikasiya təcrübəsini də vurğulayıb.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov ötən gün  illin yekunları ilə bağlı hesabatda sertifikasiya qaydalarından da danışıb. Nazirin bu yöndə çıxışı və təqdim  etdiyi yeni bilgilər müəllimlər tərəfindən müsbət qarşılanıb:

 “Qaydalara əsasən,  sertifikasiya 5 ildən bir keçiriləcək. Növbəti aylarda qaydalar təsdiq ediləcək. Sertifikasiyadan  bütün sistemdəki müəllimlərin  mərhələlərlə keçməsi  nəzərdə tutulur.  Məqsəd müəllimin inkişafını təmin edib onu stimullaşdırmaqdır. Nəticədə göstəriciləri  çatmayan, zəif olan  müəllimlər üçün əlavə imkanlar yaradılacaq təlimlər təşkil olunacaq”.

F.Rüstəmov nazirliyin sertifikasiya ilə bağlı həyata keçirdiyi işləri alqışlayaraq, onları detallı şəkildə incələyib:

“Müəllimin fəaliyyətinin sertifikasiyalaşdırılması dünyanın hər yerində var. Yəni, müəyyən Avropa ölkələrində, Amerikada müəllimlər 5 ildən bir serifikasiyadan keçirilir. Bizdəki kimi qəbul imtahanı ilə müəllimlik ixtisasını oxumaq dünyanın heç yerində yoxdu.  Faktiki olaraq müəllim diplom ilə nüfuz, məktəbdə dərs demək hüququ qazanır.  Müəllim universiteti bitirir və uzun müddət həmin sahədə çalışır. Bizdə sertifikasiyanı Təhsil Nazirliyi, Avropa ölkələrində isə müstəqil qurum həyata keçirir. Avropada müəllimlər heç bir psixoloji gərginlik yaşamadan yeniliklərlə bağlı sorğu-sualdan keçib çox rahat şəkildə  həmin sənədi alırlar.  Yəni həmin müəllimə 5 il müddətində heç kim deyə bilməz ki, sən “yaxşı”, yaxud “pis” müəllimsən. Ümumiyyətlə, onlarda “yaxşı”, “pis” müəllim anlayışı yoxdu.  Əgər sertifikasiyadan keçib sənəd alıbsa, deməli, o, yaxşı müəllimdir”.

“Müəllim nəyisə bilməyəndə onun fəaliyyətinə son qoyula bilməz”

O, həmçinin sertifikasiyanın məqsədi, mahiyyəti barədə öz fikirlərini bölüşüb:

“Belə bir sual yaranır: Bu, bizə nə verəcək?- İlk növbədə  müəllimləri hərəkətə gətirəcək. Bu gün müəllimlərin böyük əksəriyyəti passivdir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran kimi böyük şəhərlərdə fəaliyyət göstərən müəllimlər istisna olmaqla,  rayon, kənd yerlərində işləyən müəllimlərin çoxu yeniliklərdən xəbərsizdir.  Onlar yeni ədəbiyyat almırlar, oxumurlar. “Azərbaycan məktəbi” jurnalı,  “Azərbaycan müəllimi” qəzeti və s. digər pedaqoji xəbərlər yayımlanan dərgilərdən istifadə etmirlər, yenilik onlardan uzaqdır, onlara çatmır. Düzü, heç onların imkanı da yoxdur ki,  Bakıya gəlib hansısa kurslarda təlimlərdə iştirak etsinlər. İndi bir növ müəllim buna məcbur olacaq. Sadəcə sertifikatlaşdırma birtərəfli olmamalıdır. Yəni, müəllim nəyisə bilməyəndə onun fəaliyyətinə son qoyula bilməz”.

Professor hesab edir ki, bu proses Təhsil Nazirliyinə bu  istiqamətdə təkliflər də ünvanlayıb:

“ Təhsil Nazirliyi bu proseslə  müəllimlərin bilik və bacarıqlarını araşdırmalı, onlar nədə çətinlik çəkirlərsə, nəyi bilmirlərsə, həmin istiqamətlərdə təlimlər, treninqlər keçirilməlidir. Həmin kurslardan keçən müəllimlər yenidən sertifikasiyada iştirak edib sənəd aldıqdan sonra öz fəaliyyətlərini davam etdirməlidirlər. Müəllimdə xof yaratmaq olmaz ki, siz sertifikat almasaz, ixtisara düşəcəksiz və.s. Bu, o  demək deyil ki, müəllim bilmir. Ola bilsin, yeni texnologiya, yeni təlim metodu haqqında ciddi anlayışı yoxdur.Amma müəllimlərə vaxt verilməlidir. O müəyyən müddətə öyrənməli, yenidən sertifikasiyadan keçirilməldir”.

“Hər kəs öz ixtisasını və onun tədrisini bilməlidir”.

Fərrux Rüstəmov hansı formada keçirilməsindən asılı olmayaraq obyektivliyin, şəffaflığın qorunmasını vurğulayır və müəllimlər arasında təbliğat aparılmasını diqqətə çatdırıb:

“Çox yaxşı ki, məntiqi fənn kimi  sertifikasiyandan çıxardılar. Müəllim heç vaxt məntiq keçmir, amma gəlir məntiqdən imtahan verir. Hər kəs öz ixtisasını və onun tədrisini bilməlidir. Bu prosesi testlə, yaxud şifahi şəkildə necə yoxlamaqdan asılı olmayaraq, obyektivlik, şəffaflığın  gözlənilməsi  və  müəllimlərin  buna inanması əsasdır. Müəllimləri də inandırmaq lazımdır ki, bu sizin xeyrinizədir, siz nələrisə öyrənəcəksiz.  Mən hesab edirəm ki, onlara müəyyən qədər hazırlıq üçün vaxt verilməli, lazım olarsa internet portallarında sualları da yerləşdirmək olar. İxtisas və metodika ilə bağlı soruşulan mövzular, proqramlar, tutaq ki, təhsilin məzmunu,  məzmun standartları, alt standartlar, fəal təlim metodları  və.s yəni, müəyyən bir ümumi istiqamət elan olunmalıdır”.

-Müəllimlər arasında narahatlıq doğuran səbəb nədir?

-Diaqnostik qiymətləndirmə zamanı müəllimlər arasında təşviş yaranmışdı. Nəticədə necə oldu? Hamı keçdi, əməkhaqqı artırıldı, çox da yaxşı nəticə verdi. Təbliğat zəifdir, düzgün bilgiləndirmə aparılmır. Bir qrup adamlar elə deyirlər ki, guya  sertifikasiya “kəsmə”, “asma”, “işdən çıxarılma” üçündür. Müəllimlərə demək lazımdır ki,  bu sizin  inkişafınıza, peşəkarlığınıza  istiqamətlənib.  Siz bunu bilməli, öyrətməlisiniz. Sertifikat alandan sonra heç kim direktor, rayon təhsil şöbəsinin rəhbəri  müəllimə deyə bilməz ki, siz zəif, bacarıqsız  müəllimsiniz.

“Hər bir müəllim öz üzərində işləməlidir.  Makeronkonun bir sözü var: “Şəxsi əmək olmadan insan irəli gedə bilməz, hətta  yerində  də qala bilməz,  o, mütləq geri gedəcəkdir”.  Ona görə də müəllim öz ixtisası və tədrislə bağlı məsələləri peşəkarcasına bilməlidir. Millət öz gələcəyini etibar etdiyi uşaqlar müəllimlərin əlindədir. Hesab edirəm ki, müəllimlərimiz sertifikasiyadan uğurla keçəcək, yeni bir ənənənin əsasını qoyacaqlar”-deyə prof. F.Rüstəmov sözlərinə əlavə edib.