Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-22 16:08:00
Sertifikasiya ilə bağlı ən vacib məqamlar–O Diaqnostik Qiymətləndirməni nədə qabaqlayacaq?

“Təhsil haqqında”Azərbaycan Respublikası Qanununa edilmiş əlavələrə əsasən, dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər.

MİQ müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq.

Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından Məntiq MİQ müsabiqəsindən də çıxarılıb.

Bəs, direktorların müəllimlərin sertifikasiyasından gözləntiləri nələrdir? Sertifikasiya MİQ və DQ-nin hansı boşluqlarını dolduracaq?

“Müəllimlər arasındakı rəqabəti gücləndirəcək”

Ağdam rayonu 148 nömrəli məcburi köçkün tam orta məktəbinin direktoru Rəşad Kazımov sertifikasiya barədə danışarkən diaqnostik qiymətləndirmə ilə bağlı bəzi məqamları vurğulayıb. O, həmçinin, sertifikatlaşdırmanın daha müsbət nəticələrə səbəb olacağına əminliyini bildirib:

“Hər kəsin məvacibi eyni formada artırıldı. Fikrimcə, sertifikasiya müəllimlər arasındakı rəqabəti gücləndirəcək. Hər kəsin öz gücünə uyğun qiymətləndirilməsi rəqabəti artıracaq. Bu, həmin müəllimlər üçün stimul olacaq. Sertifikasiya bir növ sürücülük vəsiqəsi imtahanı ilə müqayisə oluna bilər. Sürücülük vəsiqəsi hər hansı kateqoriyalara bölünür, aşağı kateqoriyalara bəzi şeyylər üçün icazə verilmir. Sertifikasiya da buna gətirib çıxaracaq. Öz güzəranına görə, hər kəs peşəsinə daha dinamik yanaşacaq.

Şəxsən mən bunu yüksək qiymətləndirirəm, çoxdan gözlədiyim addımdır. İnanıram ki, təhsilimizə daha üstün dəyərlər qazandıracaq”.

“Bir ixtisas üzrə bütün respublikada eyni vaxtda keçirilməlidir”

Direktor diaqnostik qiymətləndirmə suallarının öncədən tapılması məsələsinə də qayıdıb. Bildirib ki, diaqnostik qiymətləndirmə imtahanında hər kəs maraqlanır, sualları tapırdı:

“Belələri sonradan həmin sual tiplərini cavablayaraq yüksək nəticə göstərirdilər. Müxtəlif tarixlərdə eyni sual tipləri olduğu üçün bu baş verirdi. Nəzərə alaq ki, informasiya əsridir, suallar sosial şəbəkələr vasitəsilə tez yayılır. Şəxsən özüm imtahandan çıxanda həmkarlarım məndən sualları soruşdular. Mənə düşən testləri dedim. Sonra gördüm ki, mən neçə bal toplamışdımsa, sonra imtahan verən müəllim də həmin balı topladı.

Fikrimcə, məhz buna görə sertifikasiya bir ixtisas üzrə bütün respublikada eyni vaxtda keçirilməlidir. Suallar ictimailəşdirilməməlidir. Yəqin, sertifikasiya da müəllimlərin qanunvericilik, ixtisas, kurikulum biliklərini yoxlayacaq. Hesab edirəm ki, konstitusiyadan da suallar salına bilər.  Ən ali qanunlarımızı bilmək vacibdir”.

“Eyni səviyyəli suallar gözləyirəm”

Ağstafa rayon 1 saylı orta məktəbin direktoru Elvin İmaməliyev isə bildirib ki, Təhsil Nazirliyi rəsmi açıqlamadığına görə, hələ bu barədə danışmaq tezdir:

“Müəllimlər sosial şəbəkələrdən bu barədə müxtəlif məlumatlar alırlar. Fikrimcə, bu, MİQ formatında olacaq. Eyni səviyyəli suallar gözləyirəm.

Bilirsiz, hər imtahan müəllimləri öz üzərilərində işləməyə sövq edir. Fikrimcə, bu, müəllimlərə, tədris keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcək”.

“Sertifikasiya belə müəllimlərin məktəbdə qalıb qalmayacağını həll edəcək”

Füzuli rayonu 7 nömrəli tam orta məktəbin direktoru Gülşən Novruzova da müəllimlərin sertifikasiyasının yaxşı nəticə verəcəyini düşünür:

“Müəllimlərin bilik və bacarıqlarının Diaqnostik Qiymətləndirmə vasitəsilə yoxlanması çox aşağı nəticə göstərən müəllimlərin mövcudluğunu göstərdi. Amma buna baxmayaraq onların əmək haqları artırıldı. Sertifikasiya isə belə müəllimlərin məktəbdə qalıb qalmayacağı məsələsini həll edəcək.

Çox isterdim ki, sertifikasiya zamanı həm də müəllimlərin pedaqoji bacarıqlarını yoxlayan mükəmməl üsul olsun.Çünki az bal toplayanlarla yanaşı, 50 baldan yuxarı nəticə göstərsə də, sinfi idarə edə bilməyən müəllimlər var. Burada həm savad, həm də peşə bacarıqları kompleks olmalıdır”.

Yardımlı rayonu Dəlləkli kənd ümumi orta məktəbinin direktoru Zaur Abbsov da sertifikasiyanın bu ildən başlanacağını güman edir:

"Elə müəllimlərin gözləntisi də budur. Sadəcə sertifikasiya ilə diaqnostik qiymətləndirməni qarışdırmaq düz deyil.

Yeni tələblərə cavab verəcək müəllim üçün bu lazımdır. Sertifikasiyaya hazırlaşan müəllim,mütləq öz üzərində çalışacaq və anlayacaq ki,Təhsil Nazirliyi ona növbəti 5 ildə müəllim işləmək hüququ verir. Arxayınlıq hissi aradan qalxacaq, müəllim öz işinə, ixtisasına daha da diqqət yetirəcək, IKT qabiliyyətini yüksəltməyə çalışacaq.

Diaqnostik qiymətləndirmə ilkin bilik və bacarıqları aşkara çıxarırdısa, sertifikasiyada daha da təkmilləşmə, müasir pedaqoji biliklərə yiyələnmə, ixtisasa daha da diqqət göstərməyə şərait yaradacaq. Yaxşı olardı ki, sertifikasiya zamanı DQ dən fərqli olaraq,MIQ müsabiqəsində olduğu kimi,müəllimlərin müsahibəsi də həyata keçirilsin.

Sertifikasiya ilə bağlı indidən müəllimlər məsuliyyətini dərk edirlər, sadəcə proses yubanmamalıdır. Bu məsələ nə qədər tez həyata keçirilsə, təhsilimiz bir o qədər qazanacaq.

Diplomların yoxlanılması, əvvəllər təsadüfən təhsil sisteminə gəlmiş, daxildən bu sistemə heç bir faydası olmayıb, əksinə ziyan verən, müəllim peşəsinə xələl gətirən, ictimaiyyətin illərlə gözlədiyi yarıtmaz "kadrlar" nəhayət ki, uzaqlaşmalıdırlar. Biz nikbinik, Təhsil Nazirliyi və onun əməkdaşları bu prosesin də öhdəsindən layiqincə gələcək və təhsil sferası növbəti uğurlu islahatla bir az da canlanacaq".

Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Eınur Rzayev də sertifikasıyanın müsbət tərəflərinin çox olacağına ümid edir. Onun fikrincə, ən azından müəllimlər öz üzrəində işləyəcəklər:

"Bunu DQ imtahanında gördük. Heç vaxt komputer arxasında oturmayan müəllimlər məcbur olub qısa müddət ərzində komputeri öyrəndilər. Ancaq Diaqnostik Qiymətləndirmədən fərqli olaraq Təhsil Nazirliyi sertifikasiyaya daha ciddi hazırlaşmalıdır. Çünki, bu sahədə artıq kifayət qədər təcrübə var.

DQ-nin ilkin mərhələlərində bəzi çatışmamazlıqlar var idi. Bu, müəllimlər arasında narazılığa səbəb olurdu. Bu dəfə isə ən xırda texniki qüsur belə olmamalıdır. Sertifikasiya  nəticələrindən asılı olaraq müəllimlərin əmək haqqının verilməsi yaradıcı müəllimlərə stimul verəcək. Onsuz da həmin müəllimləri təhsilə cəlb etməkdə çətinlik çəkirirk. Yəni repetitor müəllim məktəbdə çox dərs götürmək istəmir. Bu, həm onun üçün vaxt itkisidir, həm də özünü yormaq istəmir.

Bunun isə köklü səbəbləri olsa da, qarşısını almaq üçün hər hansı mexanizm yoxdur. Məncə, heç mümkün də deyil. Ona görə də həmin müəllimləri sinfə cəlb etmək üçün stimullaşdırıcı tədbirlər olmalıdır".

Elnur müəllim düşünür ki, sertifikasiyanın bir mərhələsi də, müəllimin dərs dediyi sinifin və şagirdlərin nəticələri nəzərə alınmaqla keçirilməlidir:

"Müəllimin nəticələri yalnız bilikli və yaradıcı olması ilə deyil, həm də yetişdirdiyi şagirdlərlə ölçülməlidir. Yəni,  nəticəyönümlülük olmalıdır.

Qısası, yenə də repititorlar önə çıxıb ən yüksək dərəcə kateqoriya Sertifikat alacaq və yenə də özünün seçdiyi şagirdlərlə işləyəcəksə, bu, təhsilimizə heç nə verməyəcək. Həmin müəllimlərin sinifdə işləməsi üçün mütləq hər hansı addım atılmalıdır".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları