XƏBƏRLƏR

19.01.2020 13:37
SSRİ-nin ən unikal məktəbində oxuyan Bəşarət Məmmədov: -“Həmişə ara yerdə mən cəzalanırdım”- FOTOLAR+MÜSAHİBƏ

AzEdu.az yeni rubrikaya start verir. Rubrika çərçivəsində ölkəmizdə tanınan mətbuat xidmətlərinin rəhbərlərinin orta məktəb xatirələrinə dalacaq, onların uşaqlıq illərinə qayıdacağıq.

Mətbuat katiblərini bir növ, masadan partaya qaytaracağıq.Əziz oxucu, siz də mətbuat katibini bu dəfə masa arxasından deyil, parta arxasından dinləmiş olacaqsınız. Hazırsınızsa, “Katib partası” rubrikasının ilk müsahibəsinə başlayaq:

İlk müsahibimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  mətbuat katibi Bəşarət Məmmədovdur.

Təhsil dosyesi:

Bəşarət Məmmədov təhsil həyatına 1981-ci ildə Şəki rayonunun Çayqaraqoyunlu kənd tam orta məktəbində başlayıb. 7-ci sinifdən sonra isə Yevlax rayon Xaldan kənd kompleks orta məktəbində təhsilini davam etdirib, elə oradan da məzun olub.

Məktəbə aparan yol

Bəşarət Məmmədov əvvəldən  məktəbi, təhsil həyatını çox sevib. Onda bu sevgini yaradan səbəb haqqında özü bunları danışır:  

 “Orta məktəbə getməzdən bir il öncə məktəbəhazırlıq qruplarında təhsil almışam; burada bizə yazıb-oxumaq öyrədilməsə də, yaşımıza uyğun biliklər verilir, dərsdənkənar təlimlərə daha çox yer ayrılırdı. Həmçinin, məktəbəhazırlıqda bir çox yaradıcılıq kursları da təşkil olunurdu ki, bu da bizə - mən və həmyaşıdlarıma - məktəbi daha da sevdirdi. Beləcə, artıq birinci sinifə qədəm qoyduqda məktəbə uyğunlaşma ilə bağlı heç bir problem yaşamadım”.

İlk məktəb təəssüratları

Məktəb haqqında söhbətə yenicə başlamışıq... Amma Bəşarət müəllimin artıq indidən həmin illərə səyahəti başlayıb.  Xatirələrə dalır...  İlk xatırladığı isə təbii ki, ibtidai sinif müəllimidir:

-Məktəbə aid o qədər xatirələrim var ki! O xatirələrin içində bu gün də  unuda bilmədiyim  bir çox müəllimlərim  yaşayır: ən birincisi də  ibtidai sinif müəllimim Kimya xanım...

Çox təcrübəli pedaqoq idi; bizə həmişə xatırladırdı ki, bir çoxunuzun valideynlərinizə, hətta bəzilərinizin nənə-babasına da dərs demişəm. Yaşının çoxluğuna baxmayaraq, peşəsini sevən, olduqca təcrübəli, savadlı insan idi və şagirdlərə sevgi ilə yanaşırdı. O, dərsləri hamının mənimsəməsi üçün əlindən gələni edər,  hər bir şagirdə fərdi olaraq yanaşardı.

 

Nümunəvi şagirddə unikal yaddaş

Xatirələr kadr kimi bir-birini əvəzləyir... Rakurs mərkəzində yeniyetmə Bəşarət Məmmədovdur... Özünün dediyi ki, onu digərlərindən fərqləndirən əsas detal-güclü yaddaşı olub:

-Hamı təhsil illərindən danışarkən, yaxşı oxuduğunu fəxrlə vurğulayır. Amma sözün həqiqi mənasında, mən bu sözü işlədə bilərəm. Burada yaxşı müəllimlərimizin, eləcə də məntiq və hafizə ilə bağlı təbiətən verilən üstünlüklərin də rolu olub.

İbtidai sinifdə müəllimin dərsdə izah etdiyi mövzunu evdə oxuduğumu  xatırlamıram. Elə hafizəm var idi ki,  müəllimin dediyi hər şeyi yadda saxlaya bilirdim. İmtahan və olimpiadalarda suallarla qarşılaşdığım zaman  o sualın cavabının kitabın hansı səhifəsində,  hansı hissəsində olduğunu belə təsəvvür edirdim. Göz yaddaşı ilə bunu xatırlaya bilirdim. Ali məktəbə qəbul imtahanı zamanı çox qısa zaman ərzində sualları cavablandırıb bitirdim. Yəni, sualların cavabını dəqiqliklə bildiyim üçün düşünməyə ehtiyac qalmırdı. Sualın cavabının hansı kitabda və hansı səhifədə, shifənin sağ və ya sol tərəfində olduğunu da dəqiq xatırlayırdım.

Dəcəl uşaqlıq dövrü   

-Məktəb illərində çox dəcəl olmuşam. İndi də müəllimlərim məni gördükdə də bunu xüsusi qeyd edirlər. Bütün sağlam, hərəkətli kənd uşaqları kimi mən də bir dəqiqə belə dinc dayanmırdım. Ya futbol oynayır, ya uşaqlarla dağlara gedib “döyüş oyunları” təşkil edir, yay aylarındasa kəndin ortasından keçən çayda çimirdik. Dərsdənkənar məşğuliyyətimiz əsasən bunlardan və təsərrüfat işlərində kömək etməkdən ibarət idi.

HAŞİYƏ - Məktəbdə maraqlı hadisə

“Məktəbimiz kənd məktəbi idi və 8 illik (həmin dövrdə 9 illik olmurdu) təhsil verirdi. Qış vaxtı  sinif otaqları kömür sobası ilə isidilirdi. Soyuqlu, şaxtalı günlərdə tənəffüs vaxtı şagirdlər sobanın ətrafına toplaşırdı. Döşəmədə sobanın ərtafında taxtadan çərçivə hazırlanmışdı və üzərinə qum tökülmüşdü. Bu ona görə idi ki, sobanın istiliyi döşəməni yandırmasın. Həmin çərçivədən içəri keçmək, sobaya çox yaxın durmaq olmazdı.

Təxminən 4-5-ci siniflərdə oxuyurduq. Bir dəfə bütün uşaqlar sobanın ətrafına yığışıb isinirdi. Bu əsnada oğlanlar arasında “sobaya kim daha yaxın dursun” düşüncəsiylə dartışma baş verdi. Sinif yoldaşım olanla əvvəlcə mübahisə, daha sonra dartışmamız nəticəsində kömür sobası yeşə aşdı. Qızarmış daş-kömürün təsiri ilə sinfimizin döşəməsi yanmağa başladı. Bütün texniki işçilər, müəllimlər “hadisə yeri”nə gəldilər. Təbii ki, bizi buna görə ciddi şəkildə tənbeh etdilər. Müəllimlərimiz bizi “öz üsulları” ilə  cəzalandırdılar. Hətta sonrakı  illərdə də döşəmədə kömürün izi qalmışdı. Bu, uşaq dəcəlliyindən irəli gələn hadisə olsa da, bizə yaxşı bir dərs oldu, həm də sonradan yaddan çıxmayan bir xatirəyə çevrildi”.

Mütailəyə olan böyük həvəs

-Məktəb illərində müəllimlərin bizi mütailəyə həvəsləndirməsi sonrakı illərdə də öz təsirini göstərdi. Mətbuatda çalışdığım dövrdə də etdiyim mütailə mənə böyük yardımçı oldu. Məktəb illərində qəzet və jurnalları mütailə edirdim. “Azərbaycan”, “Ulduz”, “Elm və Həyat” kimi jurnalları alır və onları da həvəslə oxuyurdum. Maraqlıdır ki, o dövrdə aldığım qəzet və jurnalların heç birini atmamışam. Qəzet və jurnalları o qədər diqqətlə oxuyurdum ki, hər hanısa bir texniki səhv belə gedirdisə, onu dərhal işarələyirdim”.

Xaldan məktəbinə gedən yol

“Məktəbimiz 8 illik olduğu üçün 8-ci sinifdən sonra şagirdlər oxumaq üçün  ya qonşu qəsəbədə olan 10 illik məktəbə gedir, ya da başqa rayonlara üz tuturdular. Əksər şagirdlər yaxın ərazi olduğu üçün qonşu qəsəbəyə gedirdilər. Mən 7-ci sinifdən sənədlərimi keçmiş SSRİ məkanında məşhur olan Zahid Şöyübovun rəhbərlik etdiyi Yevlax rayon Xaldan kənd kompleks orta məktəbinə verdim”.

 Məktəbimi 7-ci sinifdən dəyişməyimin isə çox maraqlı və deyərdim ki, bəlkə də qeyri-adi səbəbi var idi. Müəllimlərimiz nə deyərdisə, biz onun sözünü tam ciddiyəti ilə qəbul edirdik.

Bizdə xarici dil kimi fransız dili tədris olunurdu. Kənd məktəbində xarici dil müəllimi olmadığı üçün həmin müəllimlər kənar yerdən gəlib, bir-iki il işləyib gedirdilər. O müəllimlər də bizə çox hörmətlə yanaşır və  fransız dilini sevdirirdi.

Həmin il bizə fransız dili tədris edən gənc bir xanım – Gülarə müəllim idi. Savadlı və peşəkar insan idi. Bu səbəbdən fənnini bizə sevdirə bilmişdi. Biz də çox həvəslə dərsimizi öyrənirdik.

Fransız dili müəllimimiz dedi ki, 25 may günü yekun qiymətləndirmə aparacaq. Mən də hər zaman dərsdən “5” alırdım.

Lakin bir əmma da var idi: İndi özünüz təsəvvür edin də... Yaz vaxtı, məktəb başa çatır, səfalı kənd yerində təbiətin oyanış çağı... Həmin ərəfədə başım futbola və başqa işlərə necə qarışdısa, yekun qiymətləndirmə üçün kifayət qədər hazırlaşa bilmədim. Elə bu səbəbdən də nəticə olaraq, 25 mayda mən dərsə getmədim. Bütün yayı düşündüm ki, mən sentyabr ayında müəllimin üzünə necə baxacağam. Bu gərginlik bütün yay ərzində məndən uzaqlaşmadı. Mənə elə gəlirdi ki, müəllim bütün yay ərzində mənim dərsə gəlməməyim haqqında düşünüb. Buna görə də yayda sənədlərimi götürüb Xaldan məktəbinə üz tutdum. Sentyabrda isə öyrəndim ki,  həmin müəllim ailəsi ilə yaşayış yerini dəyişib  və bizim məktəbdəki işindən ayrılıb. Bu da taleyin bir qisməti imiş”.

“Xaldan da Xaldan idi də...”

-Kənar yerdə oxumaq və həftədə bir dəfə evə gəlib-getmək mənə çətin gəlirdi və uyğunlaşmaqda  problem yaşayırdım.

Xaldan kənd kompleks orta məktəbi Sovet dövründə olduqca prestijli təhsil müəssisəsi idi. Həmin dövrdə deyilirdi ki, SSRİ məkanında olan eyni imkanlara malik iki məktəbdən biridir.

Məktəb kompleks olduğu üçün burada bağça və məktəb bir müəssisədə birləşirdi. Məktəbin ərazisində şagirdlər üçün musiqi məktəbi və yataqxana, müəllimlər üçün yaşayış binası inşa edilmişdi. Bunların hamısı da çox ideal fəaliyyət göstərir və hər bir şəraiti var idi.

Məktəbdə təsərrüfat sahələri də yaradılmışdı. Böyük nar bağı, tingçilik sahəsi, istixanalar, hətta qaramal və quşçuluq təsərrüfatı vardı. Burada dovşan və göyərçin belə saxlayırdılar. Təsərrüfat sahələrində daimi işçilər çalışırdı. Ancaq nar yığımı mövsümündə və tingçilik sahəsinə qulluq göstərmək üçün bəzən şagirdlər də cəlb olunardı.

Məktəbimiz həmin dövr üçün mümkün olmayan bir şəraiti və imkanları özündə birləşdirirdi. Təbii ki, məktəb sonrakı illərdə həmin dövrdəki imkanlarını qoruyub saxlaya bilmədi. Yəqin ki, dəyişən zaman və müasir tələblər o cür məktəb modelinin dəyişməsini zərurətə çevirdi.

Orada şagirdlərin qalması üçün də hər cür şərait yaradılmışdı. Bizim kənd ilə Xaldan arasındakı məsafə 15 kilometr idi. Bu baxımdan qalmaq məsələləri problem olmurdu. İlk dövrlərdə uyğunlaşmaq çətin olsa da, sonralar heç bir problem olmadı.

Burada oxuduğum müddətdə məndə özünəinam, özünə qarşı tələbkarlıq və məsuliyyət hissi geniş formada inkişaf etdi. Pedaqoji kollektivin münasibəti bizdə xüsusi dəyərlər formalaşdırırdı. Mən 1992-ci ildə Bakı Dövlət Universitetinə qəbul olduğum zaman da bir çox cəhətlərdən  Xaldan məktəbində gördüyüm şəraiti  tapa bilmirdim.

Bir faktı deyim ki, mənzərə daha aydın təsəvvür olunsun: Xaldan məktəbində olan kompüter otaqları həmin dövr üçün olduqca müasir əsasda hazırlanmışdı. Məktəbin iki zalı şagirdlər üçün kompüter otağı olaraq nəzərdə tutulmuşdu. Bizim istifadə etdiyimiz kompüterlərdən həmin dövrdə əksər universitetlərdə belə yox idi. 90-cı illərin əvvəllərində IBM kompüterləri Azərbaycan üçün ən yaxşıları hesab olunurdu. Bu baxımdan, məktəb çox üstün imkanlara sahib idi. Həftədə bir gün istehsalat təliminə dərs ayrılırdı. 7-ci sinifdən başlayaraq həftədə bir gün qızlar tikiş, oğlanlar isə bitkiçilik üzrə tədrisə cəlb olunurdular. Bu tədris ən yüksək səviyyədə aparılırdı-həm nəzəri, həm də təcrübi baxımdan. Qızlar üçün bir neçə zalda tikiş maşınları yerləşdirilmişdi. Onlar həm nəzəri, həm də praktiki cəhətdən bu peşəni öyrənilirdilər. Hətta istehsalat təcrübəsi  üçün ayrıca bina ayrılmışdı.

Məktəbin böyük istixanaları var idi. Həmin dövr üçün müasir istixanaların ilk nümunələri Xaldan məktəbində yaradılmışdı. O istixanalarda pomidor, xiyar, limon və digər tərəvəz və bitkilər yetişdirilirdi. Biz təcrübələrimizi həmin istixanalarda keçirdik. Yuxarı siniflərdə uşaqlara  sürücülük (avtomobil və traktor) tədris olunurdu. Həm mühərrik və mexanizmlərin tədris modelləri üzərində nəzəri tədris aparılır, həm də yol hərəkəti qaydaları öyrədilirdi. Təcrübi hissəni isə məktəbin maşın və texnikalarının olduğu hissədə öyrənirdilər. Hətta vaxtaşırı proqrama uyğun olaraq, maşın və traktor da sürürdük.

Xaldan məktəbinin memarlıq ansamblına baxdıqda insan heyran qalır. Burada bağça, məktəbin tədris korpusları tam ahəngdə inşa olunmuşdu. Həmçinin bütün standartlara cavab verən futbol meydançası, idman kompleksi, üzgüçülük hovuzu, tədris-istehsalat sahəsi, meyvə bağlarını görmək mümkün idi. Musiqi məktəbi və yataqxana çox yaxşı vəziyyətdə idi. Belə bir ideal kompazisiya vardı Xaldan məktəbində. O mühitin verdikləri heç nə ilə əvəz oluna bilməz.

İndi geriyə baxanda düşünürsən ki, bu qədər şərait və imkanları yaratmaq üçün çəkilən zəhmət heç nə ilə əvəz oluna bilməz. Nə yaxşı ki, hər şeyin yüksək səviyyədə təmin olunduğu  məktəbdə  oxumaq bizə də qismət oldu. İstər ümumi dünyagörüş baxımından, istərsə də əldə etdiyimiz uğurlar baxımından məktəbimizə və müəllimlərimizə borcluyuq”.

İdeal müəllim simaları

-Bütün müəllimlərimizin üzərimizdə zəhməti böyükdür. Onların qayğısını heç vaxt unutmaq olmaz. Bu gün ən elementar səviyyədə belə nəyisə normal edə bilirəmsə, istənilən bir məsələdə normal həll yolu tapıramsa, burada mütləq  müəllimlərimizin əməyi danılmazdır.

İbtidai sinif müəllimim Kimya Abdullayeva fədakar pedaqoq olmaqla bərabər, həm də hər bir uşaq üçün doğması qədər əziz olmağı bacarırdı. Tarix fənnini tədris edən Tehran müəllim mənim tarix istiqamətinə yönəlməyimdə böyük rol oynayıb.  Rus dili müəllimimiz İbrahim müəllim çox tələbkar insan idi. Onun sayəsində biz rus dilində sərbəst şəkildə oxuyub-danışa bilirdik. Hətta mən Xaldan məktəbinə gedəndə rus dili biliyim sinif yoldaşlarımdan daha üstün idi. Azərbaycan dili və ədəbiyyatını tədris edən, həm də ibtidai sinifdən sonra sinif rəhbərimiz Həsən müəllim öz fənlərini necə sevdirmişdisə, zəif hesab olunan uşaqlar belə onun dərsində fəal olurdular. Həmçinin bir vaxtlar məktəb direktoru olmuş Mənsur müəllim də həm uşaqların təlim-tərbiyəsi, həm də məktəbin ümumi inkişafı üçün mümkün olan heç nəyi əsirgəməzdi. Tələbkarlığı, məsuliyyəti, eləcə də uşaqlara həlim münasibəti ilə yadda qalan Hacı müəllimin Fizika dərslərində hamı həvəslə iştirak edirdi.

Bundan əlavə, Xaldanda biologiya müəllimi Əlağa müəllim dərsləri maraqla izah etməklə yanaşı, həm də öz təcrübələrini bizimlə bölüşürdü. Sinif rəhbərimiz Almaz müəllim əsl müəllim ciddiyəti ilə riyaziyyatı tədris edirdi. Tarix müəllimimiz Nailə müəllim bizdə keçmiş dövrlərin öyrənilməsinə, tariximizə böyük həvəs oyadırdı. Onu da qeyd edim ki, bizə tarix fənnini  bir müddət Şahin müəllim də tədris eləmişdi. Digər unudulmaz müəllimlərimiz Cəzmi müəllim, Rəna müəllim, İsrail müəllim, Nura müəllim,  Əfrasiyab müəllim, Mahir müəllim, Fərhad müəllim, Tahir müəllim, Ruslan müəllim və digərləri də fədakar müəllim olmaqla yanaşı, həm də sözün həqiqi mənasında örnək idilər. Müəllimlərimiz bizim inkişafımız üçün əlindən gələni edirdi. Onlar bütün gününü, saatını bizə həsr edirdilər. Sinifdə təbii ki, hamı eyni səviyyədə oxumurdu. Tənəffüs zamanı belə müəllimlər zəif oxuyan şagirdləri əlavə saxlayır və onlara izah edirdilər.

Xaldan məktəbinə getdikdən sonra adı dillər əzbəri olan, bu təhsil ocağının yüksək səviyyəyə qalxmasının səbəbkarı Zahid Şöyübovu yaxından tanıdım. O, məktəbi Zahid müəllim özü qurmuşdu. Zahid müəllimin tələbkarlığı və məsuliyyəti şagirdlər və müəllimlər üçün böyük meyar idi. Onun əsl pedaqoq kimi qoyduğu qaydalara hamı bir nəfər kimi əməl edirdi. Məktəb həm Azərbaycanda, həm də SSRİ məkanında tanınır, həsəd aparılırdı. Məktəbin təcrübəsi hissə-hissə olsa da, çox yerdə tətbiq olunurdu. Daim qurub-yaratmağa ruhlandıran ulu öndər Heydər Əliyev iki dəfə Xaldan məktəbində olmuş və Zahid Şöyübovla görüşmüşdü.

Maraqlı bir təsadüfü danışım. Mən Təhsil Nazirliyində çalışdığım müddətdə Təhsil Muzeyində Xaldan məktəbinə aid çoxlu şəkillərin olduğunu müşahidə etmişdim və muzeyin direktoru Lalə xanıma bu məktəbin məzunu olduğumu demişdim. Bir dəfə Təhsil Muzeyinin direktoru Lalə xanım zəng etdi ki, sizin müəlliminiz muzeydədir. Gedib-gördüm ki, Nura müəllimdir gələn, bizə ingilis dilindən bizə dərs demişdi. Onunla bu görüş çox xoş oldu. Heydər Əliyev zamanında məktəbdə olarkən Nura müəllimin sinfində çəkilmiş şəkil də muzeydə vardı. Biz də o şəklin qarşısında yenidən şəkil çəkdirdik. Bu çox maraqlı məqam oldu.

Müəllim fədakarlığı

-Mən kənd məktəbində Fransız dilində təhsil almışdım. Lakin Xaldan məktəbində xarici dil olaraq inglis dili keçirilirdi. O vaxt belə bir qayda varmış ki, şagird məktəbini dəyişdikdə xarici dil fərqi yaranardısa və yeni xarici dili mənimsəməkdə çətinlik çəkərdisə, dərsdən azad oluna bilərdi. Bizə bunu ingilis dilini tədris edən Nura müəllim demişdi. O, biləndə ki, mən humanitar sahəni seçəcəm və ali məktəblərə ovaxtkı ənənəvi qəbul imtahanlarında xarici dildən problemlə qarşılaşmayım deyə belə bir qaydanın tətbiqini təklif etmişdi. Dedi ki, əvvəl oxuduğun məktəbdə digər xarici dil keçdiyin üçün yeni xarici dili qısa müddətdə mənimsəyə bilməyəcəksən və bu səndə qəbul zamanı ciddi problem yaradacaq. O dedi ki, qaydalara əsasən sənin attestatında inglis dili hissəsinə “öyrənilməyib” yazılacaq. Hiss etdiyim qədər məktəb rəhbərliyi isə buna öz etirazını bildirmişdi. Ancaq Nura müəllimin ciddi səyləri nəticəsində məsələ həll olundu. O öz fikrini belə əsaslandırırdı ki, hər bir şagirdin nə qədər müsbət cəhətləri olsa da, onun özündən asılı olmayan qismən zəif tərəflərində yanında olmalıyıq.

...Və əlbəttə ki, valideynlər

İnsan həyatında müəllimlərin rolu danılmazdır.Lakin ən ümdə rol və vəzifə hər zaman valideynlərə aid olur:

-Mən valideynlərimə minnətdaram ki, onlar mənim hər bir addımıma dəstək olublar. Mən kiçik yaşlarda bunu tam olaraq dərk etməsəm də, sonradan anladım ki, valideynlərim mənim heç bir seçimimə müdaxilə etmək istəmirdilər. Müzakirələr olub, lakin kəskin müdaxilələr heç vaxt olmayıb. Onlar hər zaman mənə dəstək olublar. Məktəbi dəyişdiyim dövrdən isə müstəqilliyim daha da artdı. Ailəmin ən böyük rolu ondan ibarət idi ki, onlar sadəcə müşahidə edib, nəzarət kəyata keçirirdilər. Bu da yəqin ki, etimaddan irəli gəlirdi. Dəcəlliklə bağlı isə hər zaman danlaqlar olurdu. Onu da deyim ki, dəcəl olsam da, mən heç zaman ziyankar uşaq olmamışam.

Yadımdadır, bir dəfə möhkəm qar yağmışdı. Biz uşaqlarla qartopu oynamağa, sürüşməyə gedirdik. Bir dəfə səhərdən axşama kimi kəndin kənarında o qədər qarla oynadıq ki, tam islanmış halda evə qayıtdım və hərarətim artdı. Mənə qayğı göstərsələr də, o qədər danladılar ki, xəstəliyim, narahatlığım yaddan çıxdı. Danlamalar hər zaman bu kimi məqamlara görə olub. Biz bunu uşaq vaxtı özümüzə qarşı haqsızlıq kimi qəbul edirik. Sonrakı illərdə isə bildik ki, bu qayğının bir forması, doğma istəyindən irəli gələn bir münasibət imiş.

Məktəb illərində danlaq

-Bir dəfə uşaqlarla etdiyimiz bir hərəkət məktəb rəhbərliyi tərəfindən səhv kimi qəbul olundu. Məktəbin direktoru Zahid Şöyübov bizi otağına çağırdı: 10 nəfərə yaxın yuxarı sinif şagidi idik. Bir neçə müəllim də Zahid müəllimin qarşısında durmuşdu. Mən də hər zaman fikrimi çəkinmədən deyə bilirdim. Zahid Şöyübov məsələ ilə bağlı sərt etiraz edərək dedi ki, siz müəllimlər hara baxırdınız? Müəllimlərdən biri məsələni qəti şəkildə inkar etdi ki, xəbərimiz olmayıb. Mən də anında dedim ki, axı Siz məsələni bilirdiniz! Otaqdan çıxandan sonra müəllim dedi ki, “sən istəyirsən məni işdən çıxarsınlar?” Mən də sadəlövh uşaq məntiqi ilə düşünürdüm ki, əgər bu doğrudusa, onu niyə də deməyim? Zahid Şöyübovun da son reaksiyası bu oldu ki, gedin, mən sizinlə danışacam. Həmin müəllim günlərlə özünə gələ bilməsə də, heç bir ciddi cəza tədbiri olmadı.

Unudulmayan “sillə”

 

-Kənd məktəbində oxuduğum vaxtlarda bir şagird divarın suvağını qoparmışdı. Belə olan hallarda ən çox dəcəl uşaqlar yada düşür. Mən də bu səbəbdən diqqət mərkəzində oldum. “Sorğu-sual” başladı, lakin mən bu işi kimin etdiyini bilsəm də, demədim. Buna görə də müəllimlərdən biri mənə yaxşı bir şapalaq vurdu. Bu məsələnin üstündən çox keçdikdən sonra dedim ki, onu edən mən deyildim. Müəllim də dedi ki, sən məktəb yoldaşının adını deməsən də, artıq bilirəm kim etmişdi onu. Amma ara yerdə şapalaq sənə dəydi. O zaman bu kimi tənbeh tədbirlərinə uşaqların məsuliyyətlərini daha dərindən anlaması və tərbiyələrinin düzgün formalaşması üçün əl atılırdı. Lakin yaxşı oxuduğum üçün müəllimlər bu kimi dəcəlliklərin üzərindən bəzən keçirdilər.

Bəşarət Məmmədov müəllim kimi

-Mən Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Qısa bir müddət - təxminən bir il öz kəndimizdə müəllim kimi çalışmışam. Fəaliyyətimin əvvəlindən sinif rəhbəri təyin olundum, 9-cu sinifə rəhbərlik etmək mənə tapşırıldı. Öz-özümə düşündüm ki, məndə qeyri-adi bacarıq hiss etdikləri üçün bu qərarı veriblər. Sonra bildim ki, bu sinifdə davamiyyət zəif, təhsilə münasibət bərbad olduğu üçün digər müəllimlər sinif rəhbəri olmağa razı deyilmiş.

Həqiqətən sinif çox çətin bir sinif idi. Şagirdlərin potensiallarına baxdıqda gördüm ki, dərslərində də çox zəifdirlər. Davamiyyət və göstəriciləri aşağı idi. Nizam və intizama yaxın gəlməyən bir mühit var idi. Mən onlara anlatdım ki, öyrənməyin özləri üçün hansı faydaları ola bilər. Qızların məktəbə cəlb olunması ilə də məşğul oldum. Həmin qızların valideynləri ilə danışdım, fikirlərimi izah elədim. Əvvəl müəyyən etirazlar olsa da, həmin sinfin uşaqlarını bir nəfər kimi məktəbə topladıq.

Həmin sinfə tarix fənnini tədris edirdim. İlk vaxtlardan gördüm ki, onların tarix üzrə aşağı siniflərə aid bilikləri də olduqca zəifdir. Onlarla daha çox maarifləndirici və təbliğati söhbətlər apardım. Məktəbin və ümumi dünyagörüşün əhəmiyyətini izah etdim. Oxuduqlarımızın həyatımız boyu hansısa bir hissəsinin bizə lazım olacağını onlara anlatdım. Xüsusi olaraq bildirirdim ki, bu günə qədər yaxşı oxumamısızsa, ruhdan düşməyin, qorxmayın. Bundan sonra da nələrsə öyrənə biləcəksiniz və ya öyrənmək həvəsinizi oyadaqsınız. Oxuduqlarımızın bir hissəsi ömür boyu bizə lazım olmasa da, onlar bizim təfəkkür və düşüncəmizin inkişafına təkan verir.

Tədris proqramından geri qaldıqları üçün onlara tarix fənni üzrə qısa məlumatlar yazdırırdım. Bu qayda ilə onlara müəyyən biliklər verə bildim.

Mən onlarla imkan olan qədər müxtəlif mövzular ətrafında müzakirələr aparır, onların tədris mühitinə alışmasına zəmin hazırlayırdım. Çoxsaylı misallar gətirirdim ki, yaxşı və faydalı insan olmaq üçün hansı keyfiyyətlər lazımdır. İnsanın hər bir hadisəyə öz yanaşmasının və şəxsi fikrinin olmasının vacibliyini anladırdım. Bu proses bir neçə ay davam etdikdən sonra artıq nəzarətə belə ehtiyac yox idi. Həmin sinfin şagirdləri bir nəfər kimi dərsə gəlməyə başladılar.

Bir müddət ibtidai sinif müəllimi olmadığı üçün günün ikinci yarısı onu da əvəz  etdim. Bu da maraqlı təcrübə qazandırdı mənə. Daha səbrlə yanaşmağı və azyaşlıları duymağı öyrəndim. Öncə şagirdlərə məktəb və dərsin mahiyyətini izah elədim.

Zəif oxuyan uşaqlardan bunun səbəbini soruşdum, onları sinif yoldaşları ilə diskussiyaya cəlb elədim. Zəif uşaqlarda kitablara qarşı qorxu olduğunu, onların “mən bacarmaram” təsəvvürü ilə yanaşdıqlarını öyrəndim. Onlara izah elədim ki, kitabların hamısını birdən oxunmur, söz-söz, sətir-sətir, vərəq-vərəq oxunur. Yaxud hesabı, əməlləri də əzbər şəkildə öyrənmək olmaz. Bilikləri elə mənimsəmək lazımdır ki, onları gələcəkdə hansı istiqamətdə işlədəcəyimizi bilək. Müəyyən biliklər qavranılmırsa onun aid olduğu işləri görmək də mümkün olmur. Bir sözlə, qısa müddət olsa da, ibtidai sinifdə də uşaqların təfəkkürünün inkişafını əsas hədəf kimi seçdim. Qısamüddətdə sinifdə gözlədiyimdən də artıq bir canlanmanın şahidi oldum.

Amma ola bilsin ki, gənclik xarakterindən irəli gəlirdi, çox ciddi müəllim kimi tanınırdım. Dərsə gələndə əgər tənəffüzdürsə, uzaqdan məktəbin həyətində səs-küy eşidilirdi. Ancaq mən məktəbin həyətinə daxil olduğum zaman tam sakitlik bərpa  olunurdu.

Elmin NURİ

Şükufə SÜLEYMANLI

FOTO:İsmət PAŞA