Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-07 15:16:00
İspaniyada oxuyan soydaşımız: "Bu qaydalar bizdə tətbiq edilsə, auditoriyada tələbə qalmaz” –MÜSAHİBƏ

Əliəşrəf  Əzimzadə: “Kişiyə hər şey olar” fikrini bizim qədər düşünən yoxdur”

“Azərbaycanda tələbələr lazımsız dərslik materialları ilə yüklənib. Bunu minimuma  endirmək lazımdır”.

“Universitetlərdə test üsulu ilə imtahanlar ləğv edilsin. Test sadəcə əzbərçilik qabiliyyətini inkişaf etdirir. Avropada tələbələr yalnız yazılı və şifahi imtahanlar verirlər. Bu da biliklərin daha qalıcı və faydalı olmasına səbəb olur”.

Xaricdə təhsil alan gənc müsahibimizə aiddir bu sözlər... Əvvəlcə özünü tanıyaq: Əliəşrəf Əzimzadə   1997-ci il fevralın 1-də Bakı şəhərində doğulub. 2014-cü ildə 226 saylı orta məktəbi bitirərək, UNEC-ə qəbul olunub, İqtisadiyyat fakültəsi üzrə bakalavr  təhsili alıb.

Daha sonra isə İtaliyanın Roma Tor Verqata Universitetinin  Avropa İqtisadiyyatı və Biznes Hüququ ixtisası üzrə təqaüdlə magistr səviyyəsinə qəbul olub.  

Əliəşrəf Əzimzadə təqdimatına əlavə edir:

-Xaricdə təhsil almaq uşaqlıq arzum idi və  bunun üçün məktəb illərindən hədəflər müəyyənləşdirmişdim. X sinifdə oxuduğum zaman "Azərbaycan tarixi" fənn olimpiadasında bütün mərhələləri keçərək Bakı şəhəri üzrə III yeri əldə etdim. Təhsil Nazirliyi tərəfindən diplom və medalla təltif edilmişdim. Ümumiyyətlə, orta məktəbdə oxuduğum müddətdə xaricdə təhsil alacağım potensialına malik olduğumu hiss etmişdim. Onu da bildirim ki, ötən semestr “Erasmus+” proqramının qalibi olduğum üçün hazırda İspaniyanın Navarra Dövlət Universitetində təhsilimi davam etdirirəm.

“Əliəşrəfi  İtaliyaya aparan “Təhsil cazibəsi””

-Xarici universitet seçimini edərkən çox araşdırma aparırdım. Onu da bildirim ki, həm reytinq baxımından, həm də yaşayış cəhətdən daha münasib ölkə seçmək istəyirdim. Məlum olduğu kimi, İtaliya universitetləri dünyanın ən qədim və reytinqli təhsil ocaqlarından sayılırlar. Təhsil aldığım “Tor Vergata” Universiteti isə iqtisadiyyat sahəsi üzrə reytinqinə görə İtaliyada top 5-likdədir. Bakalavr təhsilimi iqtisadiyyat ixtisası üzrə oxuduğuma görə bu göstərici seçim üçün kifayət etdi. Həmçinin, İtaliya dövlətinin yaşayış və təhsil üçün tələbələrə verdiyi təqaüd də seçimimdə böyük rol oynadı.

Əliəşrəf İtaliyaya getdikdə yaşadığı “culture shock”ları (mədəni şok) da vurğulayır:

 -İtaliyaya ilk dəfə gələrkən adaptasiya problemi yaşayırdım. Bu ölkənin həm mühitinə alışmaq, həm insanlarla ünsiyyət, həm də təhsil sahəsindəki fərqlər bunu çətinləşdirirdi. Avropada insanların həm fikir, həm geyim, həm seçim baxımından sərbəstlik və üstünlükləri daha çoxdur. Bu mühitə alışmaq müəyyən zaman tələb edir. Məni  İtaliyada ən çox təəccübləndirən isə  insanların yaşayış tərzləri və həyata baxış formaları oldu. İtaliyada insanlar həyatdan həqiqi mənada zövq almağı bacarırlar. Demək olar ki, 20-yə yaxın Avropa ölkəsində olmuşam və   yerli insanların evində qalmışam. Mədəniyyət fərqləri mənim dünya görüşümə çox ciddi təsir göstərdi və müsbət mənada dəyişikliklərə səbəb oldu.

Hazırda təhsillə əlaqədar olaraq 5 aydan çoxdur ki, İspaniyada yerli ailəylə yaşayıram. Əvvəllər ispanlarla həm dil, həm də yaşayış tərzi baxımından bir-birimizi başa düşmürdük.  Ancaq hazırda onların  ailə üzvü kimiyəm.

Bu dəmdə Əliəşrəfə sualımızı da ünvanlayırıq:

- Səyahət etdiyin 20 ölkədəki nələri Azərbaycanda da görmək  istərdin?

-Skandinaviya ölkələrinə olan marağımı nəzərə alsaq, Norveç, Danimarka, İsveçdə olarkən insanların nəqliyyat yaxud şəxsi avtomobil yerinə velosipedlərdən geniş istifadəsinin şahidi oldum. Bu onlar üçün artıq həyat tərzinə çevrilib. Velosipedlərdən geniş istifadə etmək həm ekoloji cəhətdən sağlam mühit yaradır, həm də şəhərlərdəki sıxlığı azaldır. Ölkəmizdə də velosiped yollarının salınmasını, ondan istifadənin kütləviləşməsini istərdim.

 Avropanın sevilən cəhəti isə insanların şəhərdə, küçədə, nəqliyyatda bir-birinə qarşı olan hörmət və nəzakətidir. Demək olar ki, heç vaxt avtobusda mübahisə edən iki avropalı görməmişəm.   Avropada insanlar bir-birlərinə qarşı maksimum dərəcədə diqqətlidirlər,  üzr istəməyi bacarırlar və xoşbəxtdirlər. Ümid edirəm ki, Azərbaycanda nəqliyyatda, küçədə rastlaşdığımız xoşagəlməz hallar, mübahisələr yavaş-yavaş aradan qalxar və insanlar Avropadakı kimi bir-birlərinə qarşı hörmətlə davranarlar.

 Əliəşrəf Azərbaycan, ispan və italyan müəllimlərinin fərqi cəhətlərini də vurğulayır:

-Azərbaycan və Avropa müəllimlərini, ümumiyyətlə təhsil sistemini müqayisə etsək, çoxlu maraqlı nüanslara toxuna bilərik:  Avropalı professorlar tədrisdə müasir metodlardan, texnologiyanın imkanlarından maksimum dərəcədə istifadə etməyə çalışırlar. Avropada mühazirələrin əksəriyyəti diskussiya şəklində, tələbə-professor arasında fikir mübadiləsi formasında aparılır. Yeni dərsi elə sinifdəcə mənimsəmək olur. Azərbaycanda isə bəzən 90 dəqiqəlik mühazirənin hamısı qeyd aparmağa, sovet üsulu ilə yeni mövzunu yazmağa həsr edilir. Bu da dərsin sıxıcı və yorucu olmağına səbəb olur.

Xarici müəllimlər tələbələrə sərbəstlik verirlər. İtaliya və İspaniyada dərsdə iştirak etmək məcburi deyil, davamiyyət yoxdur. Lakin bununla belə yenə də boş auditoriya tapmaq çətindir. Avropa tələbəsinin düşüncə tərzi təkcə imtahandan keçmək yox, həmin fənnin biliklərinə yiyələnmək, gələcəkdə ondan istifadə potensialı yaratmaq, yüksək balla ili başa vurmaqdır. Təsəvvür edin ki, Azərbaycanda davamiyyət yoxlanılmır. Bu zaman yəqin ki auditoriyada  tələbə tapılmaz. İlk növbədə tələbələrin dərslərə, imtahana, ümumilikdə universitetə yanaşma formasını dəyişmək lazımdır”.

Xarici ölkələrdə kitabxana mədəniyyəti

Təklif: Test üsulu ilə  keçirilən imtahanlar ləğv edilsin”

-Azərbaycanla müqayisədə xarici ölkələrin kitabxana mədəniyyəti də fərqlidir.  Azərbaycanda 4 il bakalavr təhsili aldım, ancaq nə mən, nə də digər qrup yoldaşlarımın kitabxanadan istifadə etdiyini görmədim. Bəlkə də çox nadir hallarda kitabxanalardan istifadə edirdim. Lakin İtaliya, İspaniyada bizim bütün vaxtımız kitabxanada keçir.  Bəzən səhər 9-dan kitabxana bağlanana qədər orada oluruq.  Elə zamanlar da olur ki, kitabxanada oturmağa belə yer tapılmır. Avropa tələbəsi üçün kitabxana hər şeydir. Bütün bunlar, Avropa müəlliminin tələbkarlığından, dərsin ciddiliyini dərk etməkdən irəli gəlir.

İstərdim ki,  ilk növbədə test üsulu ilə imtahanlar ləğv edilsin. Test sadəcə əzbərçilik qabiliyyətini inkişaf etdirir. Biz Avropada ancaq yazılı və şifahi imtahanlar veririk. Bu da öz növbəsində biliklərin daha qalıcı və faydalı olmasına səbəb olur. Təsəvvür edin ki, professorlarla üzbəüz ingilis dilində şifahi imtahan verməli oluruq. Belə bir imtahana hazırlaşmaq üçün əlbəttə kitabxanada saatlarla vaxt keçirmək lazımdır. Azərbaycanda isə müəyyən sayda testi əzbərləyib, professoru görmədən belə imtahandan  keçmək mümkündür.

İtaliya və  İspaniyada tələbə olmayan  istənilən şəxs universitetə girib, dərsdə otura, mühazirəni dinləyə bilər.  

Bəs görəsən, Əliəşrəf Əzimzadə necə düşünür, Məhz Azərbaycanın orta və ali təhsilindəki əsas  çatışmazlıqlar nələrdir?

- Boşluqlar sırf müəllim, direktor yaxud professorlardan qaynaqlanmır. İlk növbədə şagird və tələbələrin təhsilə olan yanaşma tərzini, baxışını dəyişmək lazımdır. Tələbə universitetə getməyi problem kimi yox, həyatının bir hissəsi kimi görməlidir. Əsas məsələ universitetə qəbul olmaq yox, universiteti hansı şəkildə bitirməkdir. Tələbə nə qədər tələbkar olarsa, müəllim də bir o qədər inkişafa meyil edər.

Boşluqlardan digəri isə Azərbaycanda tələbə və şagirdlərin lazımsız materiallarla yüklənməsidir. Bunu minimuma endirmək, daha faydalı və tələbənin gələcək ixtisası üçün yararlı fənləri tədris etmək məqsədəuyğun olar.

Son illərdə təhsil sahəsindəki islahatları da müsbət qiymətləndirmək olar. Bir çox universitetlərimizdə artıq elektron təhsil modelinə keçid edilib. Ümid edirəm təhsilin keyfiyyətinin artırılması istiqamətində də işlər sürətlənər.

İtaliyada dövlət təqaüdlü təhsil almağın sirləri…

-Magistr səviyyəsi üzrə Avropada təqaüd qazanmaq çox da asan məsələ deyil. Bunun üçün çox böyük əziyyət tələb olunur. Təkcə İtaliyada deyil, istənilən Avropa ölkəsində bu uğuru əldə  etmək üçün yüksək ortalama göstərici (GPA), ingilis dili biliyi və uzun sənədləşmə proseduru tələb olunur. Bakalavr ərzində aldığınız qiymətlər demək olar ki, bu prosesdə açar rolunu oynayır. Mən bakalavr səviyyəsində III kursda təhsil alarkən İtaliyaya gəlməyi hədəf seçdiyim üçün həmin tədris ilini 98-100 ortalama ilə, əlaçı olaraq başa vurdum.  Son iki ili isə bütün fənlərdən "A" qiymətini, yekun dövlət attestasiyadan isə 100 bal aldım.

İngilis dili imtahanına isə heç bir kursa getmədən 2 ay evdə hazırlaşaraq lazımi nəticəni göstərdim. Bu uğurları qazanmaq üçün  sadəcə zaman və əmək sərf etmək lazımdır.

Bu məqamda sual:

-Əliəşrəf, nə qədər təqaüd alırsan?

-İllik 5100 avro İtaliya dövlət təqaüdü alıram.

Bəs  Əliəşrəfin aldığı təqaüd xərclərini ödəməyə kifayət edir?

-Xərcləri idarə etmək Avropada oxuyan bir tələbə üçün ən vacib mövzudur. Bu tələbədən-tələbəyə dəyişən prosesdir.   İtaliya bahalı ölkədir. Elə buna görə də tələbələr düzgün sistem qurmasa maddi cəhətdən sıxıntılar yaşaya bilərlər. Bizə verilən təqaüd isə yaşayışımız üçün minimum məbləğdə hesablanıb.

İtaliyada bəzi dostlarım var ki,  verilən təqaüdü yeməyinə və yaşayışına güclə çatdırır. Mən isə bacardığım qədər daha qənaətcil olmağa çalışıram. Həmçinin.  yemək və ev pulu xaricində səyahət etməyə də vaxt ayırıram. Səyahət demək olar ki, həyatımın bir parçası, uşaqlıq arzumdur.

“Maraqlıdır, İtaliya və İspaniyada tələbələrə həftədə neçə saat iş izni verilir? Həmin ölkələrdəki tələbələr əsasən hansı sahələr üzrə işləyirlər?” sualımızı da Əliəşrəfə ünvanlayırıq:

-İtaliya və İspaniyada tələbələrə verilən iş saatları haqqında dəqiq məlumatım yoxdur. Dərslər o qədər çətin və ardıcıl olur ki, işləməyə də vaxt qalmır. İtaliyada hər sahədə italyan dili tələb olunduğu üçün uyğun iş tapmaq da çətin məsələdir. Bəzi dostlarım imtahanlar bitdikdən sonra, xüsusilə yay mövsümündə gəlirlərini artırmaq üçün   yalnız ingilis dili tələb edən, daimi və ixtisasları ilə əlaqəli olmayan yerlərdə işləyirlər. Ancaq əsas hədəfimiz  təhsilimizi başa vurub ixtisasımıza uyğun doğru işi tapmaqdır.

İspaniyada isə xarici tələbələr demək olarki işləmir, yerli tələbələr isə daha çox təcrübə keçməyə üstünlük verirlər”.

 

Tələbələrə nə kimi  endirimlər, güzəştlər tətbiq edilir?

-İtaliyada nəqliyyatdan istifadə üçün olan illik və aylıq kartları tələbələr endirimlə əldə edə bilirlər. Daha sonra gündə iki dəfə universitetimizin yeməkxanasında 8 avroluq yemək menyusu təqaüd qazanmış tələbələrə 2 avroya təklif olunur.

Tələbə bileti yaxud “Libretto”nu (qiymət kitabçası) göstərməklə şəhərin bir neçə muzey və attraksionlarına endirimlə daxil olmaq mümkündür.

İspaniyada isə tələbə bileti ilə demək olar ki, şəhərin bütün idman zallarına endirimli şəkildə daxil olmaq şəraiti yaradılıb. Həmçinin, bəzi avtobus və qatar şirkətləri şəhərlərarası səyahət zamanı tələbələrə müəyyən güzəştlər təklif edir.

İtaliya və İspaniyada tələbə həyatının çətinlikləri:

-İlk vaxtlarda şəhərə, universitetə, yerli dilə adaptasiya olmaqda çətinlik çəkirdim. Daha sonra tədricən zamanla bütün bunlara uyğunlaşdım. Hazırda dərslər xaricində çətinlik çəkdiyim bir mövzu yoxdur. Hər hansı bir problemim olarsa, buradakı dostlarımla, məndən əvvəl bu yolu keçmiş insanlarla əlaqə qururam, onların təcrübələrindən istifadə etməyə çalışıram.

Onu da bildirim ki, Romadan Bakıya birbaşa təyyarə reysinin olmamağı da bəzən çətinlik yaradır. Azərbaycana qayıtmağa görə transit ölkələrdən istifadə etməli oluruq. Ailəmizi, dostlarımızı, yaxınlarımızı uzun müddət görməmək bəzən çətinlik yarada bilir.

Əliəşrəf ölkəmizi xaricdə layiqincə təmsil etdiyini də bildirir. Müsahibimiz qeyd edir ki, xaricdə olduğu müddətdə Xocalı həqiqətlərini avropalılara və bütün dünyaya bacardığı qədər tanıtdırır:

  -İtaliyada Azərbaycan Gənclər Diasporası mövcuddur. Həmin təşkilata üzv olmuşam və bacardığım qədər onların təşkil etdiyi bütün tədbirlərdə iştirak etməyə çalışıram. Ötən il 26 fevralda həmin diasporanın sədrliyi ilə Belçikanın paytaxtı Brüssel şəhərində Avropa parlamenti qarşısında Xocalı soyqırımına həsr edilmiş tədbirdə iştirak edərək ölkəmizi layiqincə təmsil etdik. Xocalı həqiqətlərini avropalılara və bütün dünyaya bacardığımız qədər tanıtdırdıq. Yüksək səviyyəli bir tədbir baş tutdu.

Universitet daxilində isə hər il "international dinner" adlı tədbir keçirilir. Burada hər ölkədən olan tələbələr öz milli mətbəxlərinə uyğun təamlar hazırlayır və digər tələbələrə tanıdırlar. Biz də azərbaycanlı tələbələr olaraq hər il bu tədbirdə iştirak edərək ölkəmizi təmsil etməyə çalışırıq.

Ümumiyyətlə, səyahət etdiyim bütün ölkələrə Azərbaycan bayrağı ilə gedirəm. Ötən il Norveçin Bergen Şəhərindəki Floyen zirvəsində bayrağımızı açmışdım.

“Azərbaycan dilində danışan alman”

 “Xaricdəkilərinin gözüylə Azərbaycan”

-Düzünü desəm, məndən "haralısan" sualı soruşulan zaman "Azərbaycanlı" dedikdən sonra ardınca həmişə "tanıdınızmı, hansı ölkə?" sualını da verirəm.  Bəzən təəssüf ki, tanımırlar. Elə vaxt olur ki, ancaq “adını eşitmişik” deyirlər. Bəzən həqiqətən hətta yerini, paytaxt Bakını da dəqiq təsvir edirlər. İtaliyanlar ispanlara nəzərən daha çox ölkəmizi tanıyırlar. Çox yaxşı haldır ki, həmişə ölkəmizin müsbət tərəflərindən söhbət açırlar.

Bir həftə əvvəl Parisdə 5 xarici tələbənin yaşadığı evdə qonaq idim. Onlar ilk dəfə azərbaycanlı biri ilə tanış olduqlarını deyirdilər. Ölkəmiz onlar üçün çox maraqlı idi. Bacardığım qədər məlumat verməyə çalışdım. Ondan əvvəl Amsterdamda evində qaldığım ailə ölkəmizlə yaxından maraqlanırdı, növbəti səyahətlərini bəlkə Bakıya planladıqlarını bildirirdilər.

Ötən il Vyanada Martin adlı almanla qalmışdım, Bakıda olmuşdu, hətta xatirə kimi armudu stəkan alıb Avstriyaya gətirmişdi.

Almaniyanın Bremen şəhərində Sebastian adlı poliqlot Azərbaycan dilində danışa bilirdi. Belə halları görəndə çox sevinirəm.

 Gözəl bir söz var:Gəzməyə də, ölməyə də Vətən yaxşı”

HAŞİYƏ-Yaxud, Əliəşrəfdəki vətən sevgisi

-Xarici ölkələrdə olduğum müddətdə ən çox ailəm, dostlarım, yaxınlarım üçün darıxıram.   Onu da bildirim ki, bu qədər səyahət etməyimə baxmayaraq mənim üçün Bakı əvəzedilməz şəhərdir. İnsan bəzən xarici dildə danışmaqdan, eşitməkdən də bezir, öz dilindən ötrü darıxır.

Əliəşrəf İtaliyada da "kişiyə hər şey olar"  düşüncəsi hər kəsin psixoloji məntiqinə çevrilib?

-Avropada belə şeyləri biz qədər düşünən yoxdur. Bəlkə də bu bizim öz dəyərlərimizə bağlı bir şey olduğu üçün bunları diqqət mərkəzində saxlayırıq.

Ümumiyyətlə, Avropada kişi qadın fərqini edən insan görməmişəm. Hər kəs eyni sosial statusa malikdir. Burada kişilər də, qadınlar da istədikləri hər şeyi edirlər və onlara cəmiyyətin heç bir  yoxdur.

Əliəşrəfin fikrincə, Azərbaycanda orta məktəb müəllimləri şagirdlərə məqsədli olmağı aşılaya bilirlər?

-Məncə kifayət qədər savadlı müəllimlərimiz mövcuddur ki, şagirdlərə bu amili aşılasın. Mənim orta məktəb müəllimlərimin əksəriyyətinin verdiyi məsləhətlər, aşıladığı fikirlər, prinsiplər hələ də mənə kömək edir. Bu təkcə müəllimlərdən yox, ailədən və insanın özündən asılı olan bir şeydir.

 Müsahibimizin monoloqu:

“Xaricdə təhsil almaq istəyənlərə bu yolda uğurlar arzulayıram. Xaricdə təhsil almaq arzusunda olanlar əsla geri çəkilməsinlər. Gənclərimiz heç bir çətinlikdən qorxmasınlar və  daim hədəfinə doğru irəliləsinlər.  

Ümumiyyətlə, cəsarətli, optimist, inamlı olmaq lazımdır. Hər gün hədəfinizə doğru irəliləməlisiniz. Avropada oxumaq sadəcə hədəfin yarısıdır, təhsili uğurla başa vurub ixtisasınıza uyğun gözəl bir iş tapmaq isə əsl hədəfdir. Hər kəsə bir daha bol-bol uğurlar arzu edirəm”.  

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları