XƏBƏRLƏR

05.12.2019 16:44
Cəlalə Nəzəroğlu: “Müştərilərimizin 40 faizi yüksək rütbəli şəxslərdir,  hamısının  məlumatları bizdə gizli  saxlanılır” - MÜSAHİBƏ

AzEdu.az-ın budəfəki müsahibi tanınmış aparıcı-jurnalist, “Libraff” mağazalar şəbəkəsinin direktoru, “Diksiya Akademiyası”nın təsisçisi Cəlalə Nəzəroğludur.

 Öz dilindən dosye: Cəlalə Nəzəroğlu 1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr təhsili alıb. Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin beynəlxalq jurnalistika ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.Müxtəlif illərdə Xəzər TV-də "Xəzər Xəbər"-in aparıcısı, İnterAz TV-nin "Xəbərlər" departamentinin rəhbəri, ANS televiziyasında "Salam, Azərbaycan" proqramının rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib. Diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu Türkiyənin fərdi inkişaf üzrə nüfuzlu "SAYGIN Coaching& Consulting" Fərdi İnkişaf Mərkəzində təlim alıb. Bir çox dövlət qurumlarında, özəl şirkətlərdə, QHT-lər, ali və orta məktəblərdə səlis danışığı fərqli formatda öyrədən seminar və təlimlər verib. Fəaliyyəti davam etməkdədir. Bir müddət Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində “Nitq mədəniyyəti” fənnini tədris edib. Prezident İlham Əliyevin sərəncamına əsasən yaradılan ASAN radionun redaktor və aparıcısı olub.

"Danışığınla həyatı qazan" kitabının müəllifidir.

Hazırda LİBRAFF mağazalar şəbəkəsində direktor vəzifəsini icra edir.

AzEdu.az Cəlalə Nəzəroğlu ilə müsahibəni təqdim edir.

-Cəlalə xanım, bir müddət öncə LİBRAFF mağazalar şəbəkəsinə direktor təyin edildiniz. Yeni rəhbər olaraq, LİBRAFF-a hansı yeniliklər və ideyalar gətirməyi düşünürsüz?

      -Bu xəbər sosial şəbəkədə mənim tərəfimdən paylaşıldığı zaman yarım saat müddətində  bir çox sayt tərəfindən yayımlandı. Bu, məni sevindirdi. Çoxlu sayda təbriklər  aldım. Bu da  motivasiyamın yüksəlməsində böyük rol oynadı.

LİBRAFF- müştərisi olduğum və çox sevdiyim bir brenddir. Düşünürəm ki, oxucularımız və digər müştərilər mağazalarımıza daxil olduqları zaman həm axtardıqları kitabları tapır, həm də zövqlü hədiyyələr seçə bilirlər. Həmçinin uşaqları üçün maraqlı və düşündürən  oyuncaqlar da əldə edə bilirlər.

Təbii ki, hər bir yeni rəhbər yeniliklər gətirməyi arzu edir. LİBRAFF-la bağlı mənim və komandamın maraqlı fikirləri var. Kommersiya təşkilatlarında bir məsələ reallaşmadan onun haqqında məlumat vermək düzgün sayılmır. Oxucularımız yaxın aylarda LİBRAFF-dan yeniliklər gözləyə bilərlər.

Sosial şəbəkələrdə  mənə çoxlu suallar verilir. Bir çox gənclərimizin istəyi odur ki, Azərbaycan dilində olan kitabların sayı artırılsın, kitabların qiyməti tələbələrin büdcəsinə uyğun formalaşdırılsın və s. Artıq mağazalarımızda tələbə vəsiqəsini göstərən hər kəsə endirim tətbiq olunacaq.

Çox yaxın zamanlarda online xidmətimiz də aktivləşəcək. Bununla da müştərilərimiz tək mağazalara gəlməklə kifayətlənməyib, həm də online xidmətlərdən yararlanacaqlar. İnsanlar yaşadıqları yerdən asılı olmayaraq, kitab sifariş edə biləcəklər”.

-Savadlı gələcəyə gedən yol kitab oxumaqdan keçir.Bu gün gəncləri kitab oxumağa meyilləndirmək üçün hansı tədbirlərə əl atmaq lazımdır?

      -Düşünürəm ki, bu həyatda hər şey zərurət ilə başlayır. İki növ kitab oxuyan var: Birincisi, uşaqlıqdan kitab oxuyan,  valideynləri tərəfindən kitab zövqü formalaşdırılan şəxslərdir. İkinci növ insanlar isə  bəlli  yaşa gəlirlər və  həmin vaxt anlayırlar ki,özlərində, həyatlarında bir boşluq var. Bu boşluğu doldurmağın yeganə yolunu kitab oxumaqda görürlər.

Fərdi inkişafla bağlı satılan kitablar son 5 ildə ən çox satılanlar sırasındadır. Deməzdim ki, gənclərimiz az kitab oxuyurlar, buna haqqım yoxdur. Ən azından, bu qədər filiallarımız varsa və müştərilər bizi seçirsə, deməli, kitab oxuyan kütlə də var. Əks halda, “Bu qədər alınan kitablar hara gedir?” deyə sual yarana bilər. Son zamanlar gənclər özlərini hərtərəfli inkişaf etdirməyə meyilləniblər. Onlar universitetin verdiyi təhsillə yanaşı, müxtəlif fərdi təlimlər də alırlar.

Ümumiyyətlə, kitab oxumaq həyat tərzinə çevrilməlidir. Kitab oxumaq insanı stresdən uzaqlaşdırır. Bir şeyə əsəbiləşib davamlı şəkildə onun dərdini çəkəndə sizin istirahətə ehtiyacınız olur. Kitab oxumaq isə bizi bu dərddən xilas edir və  dünyagörüşümüzün, söz ehtiyatımızın genişlənməsinə təkan verir. Bəzən elə olur ki, insanın  nitqi normal olur, mövzunu bilir, lakin o, fikrini çatdırmaqda çətinlik çəkir. Bunun səbəbi  onun  leksikonunda sinonimlərin azlığı ucbatından sözləri ifadə edə bilməməsidir. Halbuki bizdə “Sinonimlər lüğəti” mövcuddur.Bu lüğət bütün mağazalarda satışdadır. Məsləhət görərdim ki, hamı bu kitabı əldə etsin. Kitab oxumaq birbaşa söz ehtiyatını artırmağa xidmət edir. Bəziləri deyirlər ki, kitab qurduyam, amma fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Belə insanlar oxuduqlarını danışsalar, görəcəklər ki, həmin sözlər artıq onların aktiv lüğət ehtiyatında yer alıb.

Hazırda paralel olaraq, Diksiya Akademiyasında da çalışırsınız. Bildiyimiz kimi, buraya bir çox insanlar müraciət edir. Hətta yüksək dairələrdən olan şəxslər də onların sırasındadır. Maraqlıdır, cəmiyyətimizin üst təbəqəsini təmsil edən şəxslərin nitqində hansı qüsurları aşkarladınız? Onlar nitqlərinin inkişafında hansı tədbirlərə əl atdılar?

      -Diksiya Akademiyası Məhdud Məsuliyyətli Cəmiyyəti çox spesifik şirkətdir. Bu formatda qurulan birinci   müəssisədir. Qısqanclıqa yanaşmıram. Nə zamansa bu xidmətləri təklif edən şirkətlər yarana bilər. Əsas odur ki, cəmiyyətə fayda vermək mümkün olsun. Şirkətin təsisçisi özüməm. “LİBRAFF”-a təyin olunana qədər direktor vəzifəsini də icra edirdim. Hazırda həmin funksiyanı Aytən Tahirova yerinə yetirir. Biz orada 6 təlimçi olaraq fəaliyyət göstəririk. Yaşından, cinsindən, sosial mənsubiyyətindən aslı olmayaraq, bir çox müraciətlər şirkətimizə daxil olur. Hər birinə faydalı olmağa çalışırıq.

Müştərilərimizin 40 faizini yüksək rütbəli şəxslər təşkil edir. Bütün müştərilərimizin məlumatları bizdə gizlin şəkildə saxlanılır. Gördüyüm işin nəticəsinin necəliyini həyəcanla gözləyirəm. Həmin rütbəli şəxslər bəlli bir yerə gələn, kənardan  zirvəni fəth etmiş kimi görünən insanlardır. Amma həyat davam edir. Hədəflər əldə edilir, sonra yeniləri arzulanır. Məncə, yaşamaq elə budur. Arzularımız və həvəslərimiz tükəndiyi zaman əslində biz yaşamırıq, sürünürük. Onlar da yaşamağı sevən, konkret hədəfləri olan insanlardır və hazırkı vəziyyətlərindən daha yaxşı pillədə olmağı arzulayırlar. Öz reputasiyalarını daha da qaldırmaq, başqalarının gözündə ucalmaq üçün bu addımı atırlar. Məmurlar  istəyirlər ki, Azərbaycan dilində daha yaxşı danışsınlar, səsləri bəlağətli olsun, çıxış edərkən həyəcanlanmasınlar. Bildiyiniz kimi,  Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması təkmilləşdirilməsi, gələcək nəsillərə çatdırılması ilə bağlı çox ciddi sərəncam və fərmanlar imzalayıb. Bununla bağlı aidiyyati qurumlar da öz işlərini görürlər.Hər kəs öz adına bu dildə yaxşı danışmağı bacarsa, biz dilimizi qorumağı təmin edəcəyik. Həmin məmurlar da bu siyasətin tərkib hissələridir.Öncə onlar yaxşı danışmağa çalışmalıdılar ki, başqalarına da örnək olsunlar. Ümumiyyətlə, peşəsindən aslı olmayaraq, hamı yaxşı danışmağı bacarmalıdır.Bir psixoloqun müştərilərinin sayının artması birbaşa onun nitqi ilə əlaqədardır. Çünki o, bizə dərman yazmır, hüquqi müstəvidə yardım etmir. O yalnız söhbət edir.Təsəvvür edin ki, ləhcə ilə danışan, söz ehtiyatı normal olmayan, səsi qulağı cırmaqlayan bir pisixoloqla danışırsınız. Heç şübhəsiz, 10 dəqiqədən sonra ondan ayrılmaq istəyəcəksiz.

Müxtəlif peşə sahibləri televiziya və radioda müsahibə verirlər.Ola bilsin ki, həmin şəxs çox yaxşı mütəxəssisdir, amma danışığı bərbaddırsa, onun gələcək müştərisi olacaq tamaşaçı kanalı çevirəcək.Özəlliklə ləhcə və dialektlərlə danışanlar, çox təəssüflər olsun ki, digər insanlarla müqayisədə daha çox savadsız insan təsiri oyadırlar.Mən bu yanaşmanın insafsız olduğunu başa düşürəm. Bu insanın şəxsiyyətinə dəlalət eləməməlidir.Lakin biz nəticəyə baxırıq.

Bir müddət aparıcı olaraq xəbərlər proqramını təqdim etmisiz. Həmçinin televiziyanı araşdıran insanlardansınız. Maraqlıdır, bugünkü aparıcılarımız öz nitqlərində hansı səhvlərə yol verirlər?

     -Mən  tələbəlik illərindən etibarən bu sahədəyəm. Bu ilin avqust ayına qədər də fəaliyyətimi davam etdirmişəm. Məsələlərə pozitiv tərəfdən baxmağı sevirəm. Çünki neqativlər kifayət qədər çoxdur. Onlara kökləndiyimiz zaman addım ata bilmirik. Bu fikirlə razıyam ki, aparıcıların nitqində problemlər var. Təbii ki, onlar da bu səhvləri aradan qaldırmaq istəyirlər. Lakin aparıcıların arasında eqosu yüksək olan insanlar da olur. Onlar   tanınan aparıcı  olduqlarını və neçə illərdir efirə çıxdıqlarını idda edirlər və nitqlərinin üzərində işləməyə ehtiyac görmürlər. Bunlar istisnalardır. Mən hesab edirəm ki, bir çox aparıcımız özünü  təkmilləşdirməyə  çalışır. Məsələn, ARB televiziyası son zamanlarda kadr siyasətində gənclərə üstünlük verir. Burada tez-tez müsabiqələr elan olunur, seçimlər aparılır. Başqa bir neçə kanaldan fərqli olaraq, ARB-də aparıcılara aylarla  iş öyrədilir və nitqləri normal hesab edildikdən sonra efirə buraxılır. Onların  çoxu “Diksiya Akademiyası”nın tələbələridir. Biz ARB ilə sıx əməkdaşlıq edirik. Hazırladığımız tələbələri efirdən izləmək çox xoşdur.Az da olsa, bu məsələdə payımızın olduğunu bilmək bizə müsbət enerji verir.

MTRŞ AMEA-nın tərkibində fəaliyyət göstərən Dilçilik İnstitutunun Monitorinq Şöbəsi ilə  televiziya və radio aparıcılarının nitqini analiz edir və onları dinləyirlər. Son dəfə BDU-nun Azərbaycan dili kafedrası ilə əməkdaşlıq etmişdilər. Alınan nəticələr bir kitabda toplanıb. Burada daha çox qrammatik, fonetik və digər səhvlər özünü göstərib. Mən arzu edərdim ki, bu monitorinqlərə nəfəs, səs, pauza, məntiqi vurğu, bədən dili kimi vacib məsələlər də əlavə olunsun. Çünki ünsiyyətdə sözlər - 10, səs - 30, bədən dili - 60 faizlik nisbətdə özünü göstərir. Bu məsələlərə hərtərəfli yanaşmaq lazımdır.

Mən 2015-ci ildə AMEA və MTRŞ tərəfindən təşkil olunan təlimlərə qoşulmuşdum.Bu çox təqdirəlayiq idi.Tənqidlər varsa, çıxış yolları da göstərilməlidir.Çünki aparıcıya yol göstərmək lazımdır. Bir dəfə belə təlimlər təşkil olunmuşdu. Bir çox televiziyalardan aparıcılarımız bu təlimlərdə iştirak edirdilər. Çox arzu edərdim ki, davamlı olaraq çox aktiv bir qurum olsun və aparıcılar həmin qurumdan keçərək təkmilləşsinlər.

-Jurnalistika fakültəsinin məzunusunuz və bir müddət fakültədə müəllim kimi çalışmısınız. Lakin fəaliyyət istiqamətiniz bugünkü jurnalistlərdən xeyli dərəcədə fərqlənir.Bu qədər uğurlara imza atmağın səbəbləri nələrdən ibarətdir?

-Bir fikri ifadə etmək cəsarət tələb edir.Əgər məni uğurlu hesab edirsizsə, bunun səbəbi odur ki, qeybət etmirəm. İnsanların haqqında müəyyən dərəcədə pis düşünmürəm. Lakin kimsə məni incidərsə, ona qarşı əhvalım dəyişəcək. Mümkün qədər insanlarla yaxşı və mehriban davranmağa  çalışıram. Kiminsə şəxsi və iş həyatını müzakirə etmirəm.

İkinci səbəb isə vaxtımı düzgün şəkildə planlaşdırmağımdır. Qeybət bu məsələyə birbaşa təsir edir. İnsanlar vacib şeylər haqqında düşünməkdənsə, xəyalən kimisə müzakirə edirlər. Hətta xəyalında özünü və başqasını canlandırıb, onlarla dialoq aparan insanlar da olur. Bu insanı  hər şeydən soyudan və kefini bərbad edən haldır.Gün ərzində yüzlərlə iş görmək mümkündü. İşlər çox vacibdən az vacibnə doğru sıralanırsa,  hər şey yolunda olacaq. Sosial şəbəkələrdə yazışmaq bizim vaxtımızı alır. Biz o adamlarla görüşməliyik ki, o insanlar bizim üçün kitaba bərabər olsunlar. Bir ifadədə də deyilir ki, elə insanlarla söhbət edin ki, onlar sizin üçün canlı kitab rolunu oynasın, ya da elə kitablar oxuyun ki, onlar sizin üçün canlı insan təsiri bağışlasın.Dostlar və əzizlərlə görüşmək lazımdır. Vaxtı düzgün planlaşdırandan sonra isə  gerçək hədəflər qoymaq lazımdır. İnsanın niyyəti təmiz olmalıdır.Bir şeyi ürəkdən istədiyiniz zaman o reallaşır. ”Sir” əsərini oxuyarkən mən çox təsirlənmişdim. Bu kitab bütün dillərdə nəşr olunub. Hətta sənədli filminə də baxa bilərsiz. Həmin əsər yazılanda çox insan  onu tənqid etmişdilər ki, bu, cəfəngiyyatdır. Halbuki, bu kitabda məsələyə elmi tərəfdən yanaşılıb. Nəyi çox düşünürsənsə, əslində onu özünə çəkirsən. Sadəcə olaraq bəzi insanlar həmin fikri yanlış anlamışdılar.Bir hədəfi yerinə yetirərkən ilk dəfə alınmır, növbəti dəfələrdə həvəsdən düşərsən, lakin israrla istədiyimiz hədəfin arxasınca getməliyik. Nəyəsə qərar verəndə məsləhətləşmək lazımdır.Atalarımız deyib ki, məsləhətli don gen olur.Rəhbər bəzən tək qərar qəbul edir və sonrada  tərəddüd edir ki, görəsən, bu doğrudur və ya səhvdir. Komanda ilə müzakirə etdikdə isə rəngarəng fikirlər ortaya çıxır.Məsləhətləşin, amma yenə də öz doğru bildiyiniz  şeyi edin  və həvəsdən düşməyin. Nəyi bacarırsızsa, onun ardınca gedin. Günün birində mütləq  alınacaq.

-Xanım olaraq özünüzə uğurlu iş həyatı formalaşdırmısız.Bu qədər işi çatdırmaq sizdə çətinlik yaratmırmı? Karyeralarını uğurlu şəkildə davam etdirmək istəyən xanımlara nə məsləhət görərdiz?

    -Ümumiyyətlə, xanımlar həyatlarında onlara zərər verən kim və nə varsa, onlardan uzaqlaşmalıdırlar. Bir şeyi arzulayan insanların həyatında həmişə onları həvəsdən salan şəxslər olur. Birinci növbədə onlardan uzaqlaşmaq lazımdır. Əgər insan bir şeyi arzulayırsa, mütləq onun təlimini almalıdır. Ola bilsin,  insan çox yaxşı şəkildə toxuculuqla məşğuldur. Bunu bir az da təkmilləşdirməlidir. Araşdırma aparmalıdır ki, bunu necə brend formasına sala bilərəm. Yüzlərlə brend var. Lakin sənin brendin digərlərini üstələməlidir. Həmin məhsulun PR-ı düzgün aparılarsa, onu məhz səndən ala bilərlər. Qadınlar kişilərdən çox güclüdülər.Təsəvvür edin ki, bir kişi səhər durur, qadının ütülədiyi hazır paltarları geyinir, onun verdiyi yeməyi yeyir, çıxır gedir işə, axşam işdən gəlir, yenə eyni minvalla yeməyini yeyir, televizora baxır və yatır.Amma qadın  sübh tezdən durur, ev işlərini, məişət qayğılarını yerinə yetirir  və  işə gedir.Düşünürəm ki,  qadınlar daha məsuliyyətli şəkildə işlərini yerinə yetirirlər.Axşam evə gedərkən bir kişi düşünür ki, evə gedib nə yeyəcəyəm, qadın isə nə bişirəcəyini düşünür.Qadınlar hər çətinliyə, zərbəyə dözümlüdülər.Hansı yaşda olmağın fərqi yoxdur.Həyatını dəyişdirdiyin gün onu reallaşdırdığın gün deyil, buna qərar verdiyin andır.Qərar verin və özünüzə güvənin.Vaxtımızı oğurlayan hər şeydən uzaqlaşın.Parklarda, həyətlərdə fikir verirəm ki,  qadınlarımız  saatlarla oturub tum çırtlayırlar.Ola bilər ki, bu onları rahatlaşdırsın.Buna görə heç kim onları tənqid edə bilməz. Lakin  onlar daha faydalı işlər görsələr, özləri üçün daha xeyirli olacaq.Bir dəfə həyətdə bir xanım məni tanıdı və mənə yaxınlaşaraq dedi ki,  imkanım çox zəifdir və qızıma ayaqqabı almaq üçün 30 manat pul tapa bilmir. Mən ona təklif etdim ki, siz burada oturub tum çırtlamaq əvəzinə, hər hansısa bir işlə məşğul ola bilərdiniz.Ondan soruşanda ki, niyə işləmirsiniz,  cavabında mənə iş tapa bilmədiyini vurğuladı.Ona sual verdim ki, hər hansısa restoranda qab yuya bilərsinizmi? O, bir anlıq fikirləşdi və dedi ki, yuya bilərəm, amma tapa bilmirəm.Əslində bu bir bəhanədir.Çünki tum çırtlamağa sərf olunan vaxt iş axtarmağa sərf oluna bilər.Əlbəttə, kimdənsə yardım almaq olar.Bunu o zaman etmək olar ki, həmin şəxs ciddi-cəhd göstərir və qarşı tərəfdə bunu görür və düşünür ki, buna vaxt ayırmaq olar.Qadınların həyatında sevgi olduqca onlar daima qanadlı olurlar və özlərinə güvənirlər.

Şükufə Süleymanlı Müəllifin digər yazıları