Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-05 11:17:00
Valideynlərin nəzərinə: Övladınız bu halda sinifdə saxlanıla bilər

Ötən tədris ilində qiymətləndirilmə qaydalarına edilən dəyişiklər müəllimlərdə xeyli suallar yaratdı. Orta ümumtəhsil müəssisələrində yarımil sonu yaxınlaşdığına görə bəzi məsələlər indi də aktuallığını saxlayır.

Hazırda valideyn və şagirdləri maraqlandıran məqamlardan biri də sinifdə saxlanma ilə bağlıdır. Məktəbli hansı hallarda sinifdə saxlanıla bilər?

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar”a əsasən, tənzimlənir. Bu qaydalar şagirdlərin sinifdən-sinfə keçirilməsini, müvəffəqiyyətsizliyə və digər səbəblərə görə təkrar sinifdə saxlanılmasını  tənzimləyir.

Qayadalara görə, şagird ibtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə, sinifdə saxlanıla bilməz. Həmin şagirdlər psixoloji-tibbi- pedaqoji komissiyanın qərarı ilə digər təhsil proqramları ilə təhsilə cəlb  olunurlar. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə  əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.

4 və daha artıq fəndən illik "qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII və X (XI) sinif şagirdləri təkrar sinifdə saxlanılırlar.

1- 3  fəndən  illik  "qeyri-kafi” qiymət  almış  V-VIII  və X (XI) sinif şagirdlərinə isə həmin fəndən  yay-tədris tapşırıqları  verilir.

Özlərindən asılı olmayan səbəblərdən xarici dil, təsviri incəsənət, musiqi və nəğmə, informatika fənlərindən, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənlərindən şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçirilməsinə təsir  etmir.

Qeyd edək ki, 1- 3  fəndən  illik  "qeyri-kafi” qiymət  almış  V-VIII  və X (XI) sinif şagirdləri üçün yay-tədris tapşırığı hər il avqustun 25-dən sentyabrın 10-dək məktəbin direktorunun təsdiqlədiyi cədvəl əsasında təlim-tərbiyə işləri üzrə direktor müavininin iştirakı ilə fənn müəllimi tərəfindən qəbul olunur. Şagirdin yay-tədris tapşırığını yerinə yetirməsi müəllimin suallarına verilən cavablarla müəyyən edilir və qiymətləndirilir. Nəticələr pedaqoji şurada müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilir və təhsil müəssisəsi üzrə əmrlə rəsmiləşdirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları