Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-08 15:45:00
Elçin Şıxlı: “Bir müəllim vakansiyası üçün 20 min adam növbədə durur” - Rubrika

AzEdu.az  “5+1” rubrikasını davam etdirir. Rubrika əsnasında, portal əməkdaşlarının hər biri aktual saydıqları təhsil mövzulu suallarını müsahibə ünvanlayırlar.

Redaksiya 5 əməkdaşı onları narahat edən sualları  hər dəfə altıncı şəxsə-müsahibə ünvanlayırlar... Yəni, 5+1 formatında qısa söhbət...

Rubrikamızın növbəti qonağı  tanınmış jurnalist Elçin Şıxlıdır.

Elmin Nuri: Sizin Finlandiya təhsili haqqında silsilə yazılarınız var. Azərbaycan təhsili, təfəkkürü Finlandiya modelini qəbul etmək gücündədir?

-Türklər demiş “denemek” lazımdır. Bunu etməsək, mənfisini, müsbətini görə bilmərik. Niyə qəbul etmir ki?! Bəlkə də edər. Amma pillə-pillə, yavaş-yavaş bu modeli tətbiq etmək lazımdır. Təbii ki, buna birinci sinifdən və uşaqların sərbəstliyindən başlamaq daha məsləhətlidir. Çünki Finlandiyada  şagirdlərə sərbəstlik verirlər. Parta deyilən əşya yoxdur.  Müəllim, yaxud, tərbiyəçi 15-20 dəqiqə dərs keçir, ondan sonra elə bu qədər də tənəffüs verilir. Şagirdlərin geyimində vahid forma yoxdur. Sərbəst şəkildə geyinirlər. Yeddinci sinfə qədər imtahan deyilən məfhum yoxdur, ev tapşırıqları verilmir. Yəni bütün bu məsələlər dərsdə, məktəbdə həll olunur. Qiymət verilmir. Valideynlərin,   şagirdlərin heç birinə “sən yaxşısan, o pisdi”, yaxud, əksinə deyilmir. Hər bir şagirdə fərdi yanaşmaya üstünlük verilir. Ümumi tədris proqramı təbii ki var. Amma o proqramı şagirdlərdən biri 1 saata, o biri 2 saata qəbul edə bilər. Müəllim tədrisi elə qurur ki, tutalım, 6 saatın sonunda  şagirdlərin hamısı proqramı qəbul edir.

Ayşə Müseyib: Valideynlərin əksəriyyəti dərsdən sonra övladlarını müxtəlif  məşğələlərə  göndərir. Bir növ, uşaqların əyləncəsi əllərindən alınır. Buna doğurdan da  ehtiyac varmı?

-Bizim sistemdə əlavə hazırlıq lazımlıdır. Məsələn,  valideynlərin övladlarını musiqiyə, idmana, rəsm dərnəklərinə göndərməyi bizim sistemə görə təəccüblü bir şey deyil. Amma xarici ölkələrdə əlavə məşğələlərə ehtiyac yoxdu. Onların sistemi bizdə tətbiq olunsa, yenə də ehtiyac qalarmı, qalmazmı bunu zaman göstərər.

Lamiyə Süleymanlı: Müəllimlər şagirdlərin qiymətləndirilməsi üçün vaxtların çox hissəsini sənəd, kağız-kuğuz işlərinə sərf edirlər. Finlandiyada, eləcə də dünya ölkələrinin təhsilində bu proses necə tənzimlənir?

-Dünya ölkələrində müxtəlif təhsil sistemləri tətbiq olunur.  İngiltərədə, Çində, Malayziyada, Finlandiyada qiymətləndirmə fərqli şəkildə həyata keçirilir.  Müəllimlik Finlandiyada üstün peşələrdən hesab olunur. Bir müəllim vakansiyası üçün az qala, 20 min müəllim  növbədə durur. Təsəvvür edin, bu necə də nüfuzlu bir işdir. VIII-IX sinfə qədər şagirdlər məktəbdə oxuyur, yuxarı siniflərdə isə peşə öyrənirlər. Məktəblilərə nəzəri biliklərdən daha çox həyatda lazım olan vərdişləri, bilikləri, qabiliyyətləri aşılayırlar. Ona görə də hər adam universitetə sənəd vermək istəmir. Məsələn, bir nəfər peşə məktəbinə gedib, orda həm işləyir, həm öyrənir və sonra elmlə məşğul olmaq istəyirsə, ali məktəbə qəbulda iştirak edir. Onların sistemi tamam başqadır, çünki təfəkkür başqadır.

Nəzrin Rüstəmova: Azərbaycanda təhsil nə dərəcədə inkişaf etməlidir ki, cəmiyyətin bir qismi  obrazlı dildə desək, “Molla Nəsrəddin” jurnalının səhifələrindən çıxsın?

-Cəmiyyətin, təhsilin inkişafı üçün xüsusi yol xəritəsi olmalıdır və biz konkret bir təhsil sistemini seçməliyik. Hansı sistemi qəbul edəcəyiksə, addım-addım ona doğru irəliləməliyik. Sistemin nə olduğunu bilmədən, onun xüsusiyyətlərini tətbiq etmədən bu haqda nəsə demək çətindir.

Şükufə Süleymanlı: Təhsilin işiqlandırılması istiqamətində  jurnalistlərə nə kimi tövsiyə edərdiniz?

-Jurnalistlər hər bir sahədə olduğu kimi təhsildə baş verən çatışmazlıqları, problemləri işıqlandırmalıdır. Başqa cür mümkün deyil. Əskiklər vaxtında tənqid olunmalıdır ki, ikinci də bu neqativ hallar baş verməsin. Təbii ki, hansısa maraqlı fəaliyyət, nailiyyətlər olarsa, onlar da mətbuatda yazılmalıdır. Tutalım, biz yeni bir təhsil sisteminə keçəcəyiksə, cəmiyyət arasında onun izahı, təbliğatı KİV-in, jurnalistlərin üzərinə düşən bir məsələdir.

Ayşə Müseyib