Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-08 14:51:00
Hazırlıq keçməyən birincilərin məktəbdə yaratdıqları problemlər-Müəllimlərin baş bəlası

Məktəbəhazırlıq qruplarında təhsilin icbari xarakter daşımamasına baxmayaraq, onun əhatə dairəsi digər illərlə müqayisədə genişlənməkdədir. Bunlarla yanaşı, məktəbəhazırlıq keçməyən azyaşlıların I sinfə qəbuluna da heç bir məhdudiyyət qoyulmur. Bu məhdudiyyətsizlik bəzi şagirdlər üçün geniş imkanlar açsa da, müəllimlərin işini müəyyən qədər çətinləşdirir. Çünki mətkəbəhazırlıq təlimlərində bir sıra biliklərə yiyələnmiş şagirdlərlə hazırlıq keçməyənlərin bilik səviyyəsi heç vaxt eyni olmur. Bu səviyyəni balanslaşdırmaq isə müəllimlərə heç də asan başa gəlmir.

Məktəbəhazırlıq təhsili alan və almayan şagirdlərin bir sinifdə təhsili müəllimi nə kimi çətinliklərlə üz-üzə qoyur? Bu problemi hansı yollarla aradan qaldırmaq mümkündür?

Qeyd:

Hazırlıq keçən və keçməyən azyaşlıların eyni sinifdə təhsili prosesi bu cür baş verir:

Məktəbəhazırlıq keçməyən şagirdlərin I sinfə qəbulu üçün hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Sadəcə hazırlıq qruplarında təhsil almış azyaşlılara müəyyən üstünlüklər verilir. Məsələn, onların sorğusu sistemdə avtomatik hazırlıq keçdiyi məktəb və müəllim üzrə yerləşdirilir. Bu, həm də hazırlıq keçən və keçməyən azyaşlıların ayrı siniflərdə təhsilinə hesablanmış bir addımdır.

Lakin, məktəbəhazırlıq təhsili almış azyaşlının həmin müəllim və ya məktəbdən imtina edib, I sinfə qəbul üçün başqa bir sorğu yerləşdirmək hüququ var. Belə olduqda, məktəbəhazırlıq keçən uşaqlardan ibarət sinifdə bir neçə yer boşalır və onların yerinə hazırlıq qruplarında təhsil almamış və həmin müəllimin sinfi üçün sorğu yerləşdirmiş azyaşlı qəbul olunur. Çünki I sinfə qəbul növbəlilik prinsipi əsasında aparılır.

“Bütün uşaqlar yalnız hazırlıq keçəndən sonra məktəbə qəbul edilməlidirlər”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil İnstitutunun Məktəbəqədər təhsilin kurikulum şöbəsinin müdiri Laləzar Cəfərova məktəbəhazırlıqla əhatə səviyyəsinin bu il 90%-ə çatdırılacağını xatırladıb. Amma bildirib ki, hələ də məktəbəhazırlıqdan kənarda qalan bəzi uşaqlar var:

“Bu zaman müəllimin işi çətinləşir. Hazırlıq keçən şagirdlər 2 aydan sonra artıq  əlifbanı bitirirlər. Məktəbə gələnə qədər bütün hərfləri tanıyır, sözləri çap formasında oxuyur, 10 dairəsində əməliyyatlar aparır, ətraf  aləm haqqında xeyli bilgilərə malik olurlar. Amma hazırlıq keçməyən azyaşlıların bilik səviyyəsi bu dərəcədə olmur. Məlumatsız uşağı bu səviyyəyə çatdırmaq üçün müəllim onunla xeyli əlavə iş görməlidir. O, şagirdlərin bilik səviyyəsini yalnız bu yolla balanslaşdıra bilər. Müəllimin bir neçə ay çətinlik çəkəcəyi isə istisna deyil.

Yəni, təbii olaraq sinif 2 hissəyə bölünür: Hazırlıq keçən və keçməyən şagirdlər.

Bunun müxtəlif həll yolları var: Əvvəla, hazırlıq keçən uşaqlar bir, keçməyənlər isə başqa qrupda olmalıdırlar. Yaxud, bütün uşaqlar yalnız hazırlıq keçəndən sonra məktəbə qəbul edilməlidirlər. Bunun çıxış yolu yalnız budur. Amma fikrimcə, indi hazırlıqsız şagirdlər çox azdır. Çünki məktəbəhazırlıq qruplarında təhsil almayanlar belə hər hansı inkişaf mərkəzində bu təlimi keçirlər”.

“Ən azı gündə yarım saat məşğul olmaqla, o azyaşlıları həmin səviyyəyə çatdırmaq mümkündür.”

-Belə şərait yaranan sinfə tədis zamanı müəllim nələri diqqətdə saxlamalıdır?

Laləzar xanım bu yerdə kurikulumun tələblərindən biri olan fərdiləşdirmə və diferensiasiyanı xatırladıb:

“Müəllim təlim prosesində proqramdan geri qalan şagirdləri müəyyənləşdirməli, hansı cəhətdən geri qaldıqlarını aydınlaşdırmalıdır. Bunun nə dərəcədə düzgün olduğunu bilməsəm də, fikrimcə, müəllim bu işin öhdəsindən yalnız fərdi qaydada məşğul olmaqla gələ bilər. Ən azı gündə yarım saat məşğul olmaqla, o azyaşlıları həmin səviyyəyə çatdırmaq mümkündür”.

“Elə bilirlər, 5 yaşda 50 dairəsində riyazi tapşırıqlar edən uşaq məktəbə daha çox hazırdır”

O, məktəbəhazırlıq keçməsinə baxmayaraq, övladı üçün repetitorlara müraciət edən valideynlərdən də söz açıb. Bildirib ki, məktəbəhazırlıq keçən uşağı hər hansı fərdi müəllimin yanına hazırlığa qoymaq düzgün deyil:

“Bəlkə də bu, valideynlərin məlumatsızlıqlarından irəli gəlir. Elə bilirlər, uşaq 5 yaşda 50 dairəsində riyazi tapşırıqlar edirsə, məktəbə daha çox hazırdır. Halbuki bu, düzgün deyil. Hər yaşın öz yükü var. Azyaşlı bu dövrdə yalnız 12 dairəsində əməliyyatlar aparmalıdır. O, istər məktəbəhazırlıqda, istərsə də məktəbəqədər müəssisələrdə təşkil edilmiş qruplarda həmin hazırlıq səviyyəsini keçsə, I sinif üçün kifayətdir”.

Eyni sinifdə təhsil alan məktəbəhazırlıq keçən və keçməyən şagirdlər üçün ayrıca vəsait nəşr edilməsi məsələsinə gəlincə isə Laləzar xanım belə cavab verib:

“Fikrimcə, ehtiyac yoxdur. Belə bir vəsait hazırlamaqla özümüz özümüzün əleyhinə çıxmış olarıq. Çünki strategiyada 2020-ci ilə qədər məktəbəhazırlıqla əhatənin minimum 90%-ə çatdırılmalı olduğu göstərilib. Bunu tətbiq etsək, deməzlər ki, həm sərəncam verilir, həm də hazırlıq keçməyən uşaqlar üçün vəsait hazırlanır?”

Hələ də aktual Sovet təcrübəsi

-Bəs, direktorlar hazırlıq qrupların təhsil almayan uşaqların proqramı mənimsəməsi üçün nə kimi tədbirlər görə bilərlər?

“Sovet dövründə belə bir təcrübə vardı. Ortalama bilik səviyyəsinə çata bilməyən uşaqlar həftədə bir gün, əsasən, şənbə günləri məktəbə gəlirdilər. Bunun üçün ayrıca otaq və müəllim ayrılır, 20-ə yaxın uşaq toplanırdı. Onlar həftədə bir dəfə 3  saat hazırlıq keçirdilər. Amma ictimai əsaslarla, yəni, ödənişsiz. Hətta belə şagirdləri rəsmi surətdə, ərazi üzrə uçota alırdılar. Direktorlar indi də bu şəraiti yarada, məktəbəhazırlıqla əhatə olunmayan uşaqlar üçün dərslər təşkil edə bilərlər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları