Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-07 11:55:00
“Bu rektordan sonra universitetdə rüşvət tamamilə yığışdırıldı” – “İraq göz”dən baxanlar

AzEdu.az  “İraq göz”  layihəsi çərçivəsində xaricdə təhsil alan  tələbə və məzun  soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini təqdim edir.

Yəni, özümüzə bir növ, iraqdan, iraq gözdən baxacağıq...

Qeyd edək ki, müsahiblərə bir  çox ali təhsil müəssisələrinin adlarını təqdim etsək də, onlar  yalnız  məlumatlı olduqları  universitetlər haqqında danışıblar…

Yəni, hər hansı universitetin  adının  çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:

İtaliyanın Milan Politexnik Universitetinin tələbəsi Rahib Kamalov:

 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-Bu universitetin SABAH qruplarında bakalavr səviyyəsi üzrə təhsil almışam. Son dövrlər ADNSU-da baş verən dəyişiklər hamıya məlumdur. İstər xarici universitetlərlə əlaqələr olsun, istərsə də şirkətlərlə təcrübə proqramları üzrə əməkdaşlıq tələbələrin gələcək karyera imkanlarını artırmaqda kömək edir. Son illərdə ixtisasların xarici dildə və gənc kadrlar tərəfindən tədris olunması tələbələr üçün yaxşı fürsətdir.

Lakin hələ də universitetin çatışmayan cəhəti mühəndislik ixtisaslarının müasir dövrün tələblərinə cavab verməməsidir. Bunun  səbəbi isə müəllimlərin 50 il əvvəlki sovet kitablarından istifadə etməsidir. Həmçinin, diplom işi mövzuları hazırki sənaye prosesləri ilə ayaqlaşmır. ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ isə texniki ixtisaslar üzrə Azərbaycanda ən yaxşı universitetdir. Bunu tədris sistemi və Fransadan gələn professorların dərs deməsi sübut edir. Lakin,  UFAZ-ın mənfi cəhəti isə sistemin olduqca ağır olmasıdır. Fransız professorların bir semestr materialını bir neçə həftə ərzində mühazirə deməsi tələbələrin mövzuları dərindən mənimsəməməsinə səbəb olur.

ADA Universiteti - Bu universitetdə natiqlik və ədəbi yazı dərslərində iştirak etmişəm. ADA Universitetinin həm tədris sistemi, həm də tələbələr üçün yaradılan şəraiti müasir dövrün tələblərinə cavab verir. Bu universitetdə ixtisaslar kifayət qədər savadlı və gənc kadrlar tərəfindən tədris olunur.

Bakı Dövlət Universiteti- Bu universitetin əsası Məmməd Əmin Rəsulzadə tərəfindən qoyulub. Bakı Dövlət Universiteti tələbə, pedaqoji kadr, fakültə və ixtisasların sayına görə ölkəmizdə liderdir. Bu universitetimizin vəziyyəti ixtisaslardan və kafedralardan asılı olaraq dəyişir. 

Yerli idarəetmə orqanlarına kadr hazırlamaq üçün yaxşı olsa da tədris sisteminin dəyişdirilməməsi yeni məlumatların gözardı edilməsinə gətirib çıxarır.

Nobel mükafatı alan azərbaycanlı Bəxtiyar Siracov Bakı Dövlət Universitetinin məzunudur. Yəni bu universitetin tariximizdə rolu çox böyükdür. Bu universitetin əsas çatışmayan cəhəti isə elektron sistemin olduqca aşağı səviyyədə olmasıdır. Bakı Dövlət Universitetində elektron kitabxana da yoxdur.

Bakı Mühəndislik Universiteti-Bu universitetdə təşkil olunan “Analiz, sintez, dizayn üzrə mühəndislik yay məktəbi”də iştirak etmişəm. Gördüyüm qədəriylə   BP şirkətinin əməkdaşlığı ilə yaradılan kimya mühəndisliyi üzrə laboratoriyalar olduqca müasirdir.

Azərbaycan Dövlət Aqrar Universiteti- Bu universitet haqqında olduqca müsbət fikirdəyəm. Çünki, buna universitet rəhbərliyi və tələbələr üçün yaradılan şərait əsas verir. Paytaxtda yerləşən universitetlərin bəzilərini rəqabətdə qabaqlayacaq gücə malikdir.

Azərbaycan Dövlət İqtisad Universiteti- Bu universitetdə tədris 4 dildə aparılır. Bildiyimə görə, ingilis və türk dilində tədris aparılan qruplarda təhsil yaxşıdır. Bununla yanaşı Beynəlxalq İqtisad Məktəbi( İSE),  SABAH Qrupları və TUDİFAK haqqında olduqca müsbət fikirdəyəm. Həmin qruplarda tədris yalnız akademik kadrlar deyil, həmçinin müxtəlif şirkətlərin əməkdaşları tərəfindən aparılır. Universitetin mənfi cəhəti isə sillabuslara nəzarət olunmamasıdır.

Bakı Ali Neft Məktəbi- Bu təhsil müəssisəsinin yerli və xarici şirkətlərlə əlaqələri olduqca güclüdür. Məhz bu da tələbələrin uğurlu karyeraya fokuslanmasına və düzgün sahəyə yönləndirilməsinə kömək edir.

Azərbaycan Texniki Universiteti- Bu universitetdəki tədris sisteminin müasir tələbatlara uyğun olaraq dəyişdirilməsinə ehtiyac var. Oranın ən nüfuzlu ixtisası isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşlığı ilə tədris olunan Silah və silah sistemləri mühəndisliyidir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti- Bu universitet öz sahəsi üzrə ölkəmizdə liderdir. Həmin universitetin məzunları iş tapmaqda çətinlik yaşamırlar. Universitetdə kifayət qədər güclü kadrlar olsa da, maddi-texniki bazası olduqca zəifdir. Müasir dövrünün əsas tələb etdiyi sahələrdən biri olan Şəhərsalma fakültəsi ancaq AMİU-da yaradılıb.

Azərbaycan Dövlət Pedaqoji Universiteti- Gələcəyə müəllim yetişdirən bu təhsil ocağında hansı səbəbə görə imtahanlar test üsulu ilə olur?! Test üsulu tələbənin özünü ifadə etməsinə mane olur. İmtahanlar yazılı və şifahi qaydada olsa daha savadlı müəllimlər məzun olar.

Almaniyanın  İlmenau Texniki Universitetinin tələbəsi Fərid Abbaszadə:

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-Bu universitetdə 1 il təhsil almışam. Yeni rektor Mustafa Babanlı gəldikdən sonra Azərbaycanın bir çox   universitetlərindən fərqli olaraq  ADNSU-da rüşvət yığışdırılıb. Hazırda isə ADNSU-da tamamilə şəffaf  üsulla qiymətləndirmə aparılır. Bundan əlavə, universiteti bitirdikdən sonra iş imkanlarının yaxşı olduğunu düşünmürəm. 

Azərbaycan Tibb Universitet- Bu universitet haqqında fikirlərimi səhiyyəmizin səviyyəsinə baxaraq yox, orada təhsil alan dostlarımın fikirlərinə əsaslanaraq deyəcəyəm. ATU-nun bəzi kafedralarında hələ də sovet dönəmindən qalma cihazlar, mikroskoplarla dərslər tədris edilir. Klinik fənlərin tədrisinin keyfiyyəti isə heç də qənaətbəxş deyil.  ATU-nun Azərbaycan ədəbiyyatları hələ də sovet sistemində keçirilən biliklərə əsaslanıb və dünya standartlarıyla ayaqlaşa bilmir. Universiteti bitirdikdən sonra gənc həkimlərin aldığı maaşlar isə ürəkaçıcı deyil.

Birləşmiş Ərəb Əmirliyinin Xəlifə Universitetinin tələbəsi Cavad İsgəndərov:

Azərbaycan Dövlət Neft Sənaye Universiteti- Hazırda ölkəmizin ən sürətli inkişaf etməkdə olan 2 universitetindən biri  ADNSU-dur. Bu universitetin məzunları təhsilini xaricdə davam etdirə və ölkədaxili nüfuzlu şirkətlərdə iş tapa bilirlər. Amma ADNSU-nun keyfiyyət və nüfuz baxımından  BANM və ADA səviyyəsində olduğuna inanmıram.

Bakı Mühəndislik Universiteti- Son illərdə geriləmə yaşayan ali təhsil müəssisələrindən  biri də Bakı Mühəndislik Universitetidir. Bildiyim qədəriylə Bakı Mühəndislik Universitetinin müəllim kollektivində ciddi dəyişikliklər olub. Təəssüf ki, bir neçə il öncəki səviyyədə elmi araşdırmalar aparılmır. Bununla belə BMU ölkəmizdə hələ də ən nüfuzlu universitetlərdən biridir. Xarici dildə təhsil verdiyi üçün məzunları ölkə xaricinə çıxmaqda və təhsillərini davam etdirməkdə çətinlik çəkmirlər.

Bakı Ali Neft Məktəbi- Bu universitetdə özüm də təhsil almışam. Bakı Ali Neft Məktəbinin təhsil səviyyəsinin çox yüksək olduğunu rahatlıqla deyə bilərəm. Məzunları digər universitet məzunlarıyla müqayisədə çox asanlıqla iş tapa və təhsil üçün təqaüd qazana bilirlər. Bakı Ali Neft Məktəbinin təhsil istiqaməti birbaşa sənaye yönümlüdür və buna görə də elmi araşdırmalar çox azdır. Fikrimcə, universitet  elmi araşdırmalar istiqamətində də inkişaf etsə ölkə xaricində  nüfuz qazana bilər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları