Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-23 09:17:00
“Onlar artıq vicdanı qarşısında cavab verməlidir”-Kənd və şəhər müəlliminin debatı

"Yaşamağım üçün atama, yaxşı yaşamağım üçün isə müəllimimə borcluyam"( M.İskəndər)

Gözünün nuru, beyninin ziyası, ürəyinin istisi ilə ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən müəllimlər qədirbilənlər tərəfindən yüksək qiymətləndirilib.

Müəllimin məkanı olmaz. O, hər məkan üçün sayğılı bir şəxs olmaq üstünlüyünə sahibdir. Amma bəzən, “kənd müəllimi” və ya  “şəhər müəllimi” ifadələrinin də  işlədildiyini görürük. Bu, təbii ki, təhsil işçisinin çalışdığı məkanla bağlıdır. Bəs, onları bir-birindən başqa nələr fərqləndirir?  

AzEdu.az onların özünəməxsusluğunu müəyyənləşdirmək məqsədilə həm kənd, həm də şəhər məktəbinin müəllimlərinə eyni sualları ünvanlayıb.

Eyni suallara ayrı-ayrı şəxslərin fərqli  cavablarını  təqdim edirik:

-Birinci dərs gününüzü təsvir edin.

 Əliyev Azay - R.Kəlbiyev adına Xınalıq kənd internat tam orta məktəbinin tarix müəllimi

“Ən yaxşı metod müəllimin özünün yaradıcı fəaliyyətidir.

-İlk gün şagirdlərlə salamlaşdıqdan sonra onların əhval-ruhiyyələri ilə bağlı ümumi sorğu keçiririk. Əgər şagirdlərlə yeni tanış oluramsa, əvvəlcə özüm, daha sonra fənn haqqında məlumat verirəm və onlarla  bir-bir söhbət aparıram. Şagirdlərin maraq dairəsi, nitq qabiliyyəti, fərdi xüsusiyyətlərini müəyyənləşdirirəm. Sonrakı davranışlarımda bu cəhətləri nəzərə alıram”.

Hüseynova Validə - Bakı şəhəri 280 nömrəli məktəbinin ibtidai sinif müəllimi

-İlk dərs günü yoxlama xarakterli keçir. Tapşırıqlarla, yaxud sual-cavabla şagirdlərin diaqnostik qiymətləndirməsi aparılır. Şagirdlərə tədrisi ili ərzində keçiriləcək mövzular barədə məlumat verilir. İlin əvvəlində məktəb qaydalarını xatırladırıq”.

Şagirdlərin qarşılaşdığı çətinliklər

A.Əliyev: -Bizdə kənd məktəbi olduğu üçün şəhərdəki təhsil ocaqlarında tez-tez rast gəldiyimiz nadinclik edən, müəllimin sözünə əməl etməyən şagird, demək olar ki, yoxdu.  Əsas problem isə dil məsələsidir. Gündəlik məişətdə Xınalıq dilindən  istifadə etdiyimiz üçün tədris prosesində Azərbaycan dilində dərsi izah edəndə şagirdlərin bəziləri başa düşmür. Buna görə də biz Azərbaycan dili ilə yanaşı, Xınalıq dilindən də istifadə etməyə məcbur oluruq.

Əsasən, qışda çətinliklə  qarşılaşırıq. Dağ kəndi olduğu üçün yarım metr, bəzən daha çox qar yağır. Bu şagirdlərin məktəbə gəlməyində problem yaradır. Bunu nəzərə alaraq ibtidai sinif şagirdləri günortadan sonra, beşinci sinifdən yuxarı siniflər isə səhər növbəsində məktəbə gəlirlər.

Məktəbimiz yeni təmirdən çıxıb, istilik sistemi ilə təchiz olunub. Şagirdlər yalnız yolda, məktəbə gələrkən çətinlik yaşayırlar. Bəzən gecikir, bəzən də dərsə gələn uşaqların sayında azalma olur. Bizdə internat məktəbi olduğu üçün qonşu kəndlərdən gələn  60-dan çox uşaq  burda qalır. Onların sayəsində sinifdə azalma hiss olunmur”.

V.Hüseynova - Kiçik yaşlı uşaqlarda diqqət problem olur. Bu onların özündən asılı deyil. Böyüklərdə diqqətin idarə olunması bizim özümüzdən asılı olduğu halda, onlarda qeyri-iradidir. Müəllim belə hallarda müxtəlif metodlardan istifadə edib,  şagirdin diqqətini dərsə yönəltməyi bacarmalıdır.

Əsasən, bağçaya, məktəbəqədər hazırlıqlara  getməyən uşaqlar sinfə uyğunlaşmaqda  çətinlik çəkirlər. Belə şagirdlərə dost kimi yanaşdıqda onlar asanlıqla  adaptasiya ola bilir. “Eləmə!”, “bəsdir!”, və s. sözlərlə aqressiv davransaq, müəllim şagirdlərin gözündən düşəcək və məktəbdən  uzaqlaşacaq.

Məktəbə  yeni gələn uşaqlardan biri o qədər nadinc idi ki, onu heç bir müəllim qəbul etmək istəmirdi. Hələ ibtidai sinif şagirdi olmasına baxmayaraq, dərsdən kənarlaşıb, başqa yerlərə getmək istəyirdi. Öz razılığım ilə həmin uşağı şagird kimi qəbul etdim. İstəmirdim, o, məhv olsun…”.

Zəif, yaxud psixoloji sarsıntı keçirən şagirdlərlə necə işləməli?

A.Əliyev: -45 dəqiqəlik dərs prosesində zəif uşaqlarla işləmək müəyyən qədər  mümkün olsa da, bu  istənilən effekti vermir.  Ona görə də biz həmin uşaqları dərsdən sonra məktəbə cəlb edirik. Fərdi söhbət aparırıq və ya dərsdə başa sala bilmədiyimiz  mövzuları təkrar izah edirik. Valideynlərlə daimi əlaqə saxlayırıq ki, həmin uşaqların problemin aradan qaldırılmaqda qarşılıqlı şəkildə addım ata bilək”.

V.Hüseynova: -Şəhər məktəblərində elə uşaqlar olur ki, valideynləri ayrılır, yaxud travma ilə doğulur, və ya  ailə üzvlərindən, qohumlarından biri məhbus həyatı yaşayır. Onlar artıq psixoloji gərginlikdə olan şagirdlərdir. Bəzən sinfə girmək istəmir, yaxud qışqırırlar. Bu uşaqlara həssas yanaşmaq lazımdı. Əsasən, valideynlərlə əlaqə yaradaraq, həmin uşaqları sinif yoldaşları ilə  dostlaşdırmağa çalışaraq bu problemləri aradan qaldırırıq.

Yuxarı siniflərdən fərqli olaraq, aşağı siniflərdə şagirdlərlə fərdi, psixoloji söhbət aparmaq lazımı nəticə vermir. Çünki onların düşüncələri tam formalaşmadığı üçün nəyin yaxşı, nəyin pis olduğunu tam dərk etmirlər.  Onlar müəllimin haqlı iradından inciyir, fikirləşir ki, müəllim onu danlayır, deməli bu yaxşı müəllim  deyil”.

-Sizcə, ideal müəllim necə olmalıdır?

A.Əliyev: -Müəllimlik daha çox vicdanla bağlı peşədir. Müəllim məktəbə, sinif otağına addım atdığı gündən şagirdin gələcəyini düşünməlidir. Maddi cəhətləri nəzərə almadan,  öz vicdanı ilə işləməlidir. Bəzən  sinfə elə müəllim gəlir ki, dərs keçməyə həvəsi olmur. O artıq öz vicdanı qarşısında cavab verməlidir. Düşünməlidir ki, valideynləri bu uşaqları bizə tapşırıb, onların gələcəyi müəllimdən asılıdır. 45 dəqiqə ərzində müəllim bütün gücünü sərf edərək çalışmalıdır ki, onlara nəyisə maksimum aşılaya bilsin”.

V.Hüseynova: -İdeal müəllim savadlı, daha çox axtarışda olan müəllimdir. O asanı yox, çətini bacarmalıdır. Artıq 4 ildir işləyirəm. Hesab edirəm ki, ən nadinc, müəllimlərin istəmədiyi uşaqları belə qəbul edib, onunla işləyən müəllim idealdır. Elə uşaq var ki, birinci sinfə gələndə artıq oxumağı, yazmağı bacarır, onunla işləmək asan olur. Elə  uşaq da var ki, heç xətt çəkməyi bacarmır. Bu cür uşaqlarla işləyib, uğurlu olanda müəllimin özünə də xoş olur ki, onu ayağa qaldıra bildi”.

 Ayşə Müseyib