XƏBƏRLƏR

13.09.2019 09:00
Yeni dərs ilinə yeni hədəflərlə

Təhsil işçilərinin respublika konfransı keçirilib

AzEdu.az xəbər verir ki, 2019-2020-ci tədris ilinin başlanmasına bir neçə gün qaldı. Təhsilalanlar yeni dərs ilinin həyəcanı ilə məktəbə başlayacağı günü gözləyir. Təhsilverənlər isə son hazırlıqlarını görür. Hazırlıqlar çərçivəsində sentyabrın 2-dən başlayaraq respublikanın müxtəlif rayon və şəhərlərində təşkil edilən təhsil işçilərinin sentyabr konfransları ayın 6-da öz işini yekunlaşdırıb. Konfranslarda ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə yerlərdə geniş müzakirə edilib, qarşıda duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqlar verilib. Sentyabrın 11-də isə keçirilən respublika konfransı ilə təhsil işçiləri yeni dərs ilinə hazırlıqları tamamlayıb.

Konfransda Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, yerli təhsili idarəetmə qurumlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və  təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 Təhsil sahəsində çoxşaxəli layihələr həyata keçirilir. Təhsil naziri Ceyhun Bayramov həyata keçirilən tədbirlərin nəticələrinin təhlilinə əsaslanaraq bir sıra vacib istiqamət üzrə görülən işlərdən danışıb, qarşıdakı hədəfləri açıqlayıb. Nazir məktəblərin maddi-texniki bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərə toxunub.

 Məktəblərin maddi-texniki bazasının müasirləşdirilməsi, məktəblərdə təhsil üçün şəraitin yaradılması məqsədi ilə  hər il ölkə başçısı tərəfindən imzalanan çoxsaylı sərəncamlara diqqət çəkən nazir qeyd edib ki, bu istiqamətdə gedən işlər Prezident İlham Əliyevin şəxsi nəzarəti altındadır.

 Maddi-texniki bazanın təkmilləşdirilməsindən, yeni məktəblərdən danışarkən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən xüsusi  layihələri də diqqətə çatdırıb. Ceyhun Bayramov deyib ki, yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılan 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onun sözlərinə görə, bu sahədə inkişafın davamı olaraq bir sıra əsaslı nailiyyətlər əldə edilib. 2003/2018-ci illər ərzində 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. Nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb. İki növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enib.

 3-5 yaşlı uşaqların təhsil aldığı qrupların sayı artırılacaq

 Təhsilin keyfiyyətinə gəlincə, bu istiqamətdə fəaliyyət lap aşağıdan, 3-4 yaşlı uşaqlardan başlayır. UNİSEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinin də uğurlu nəticələri var. İndiyə qədərki prosesin yekunu olaraq yeni qərar verilib. Həmin qərara görə, növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulub.

 Beşyaşlıların məktəbə hazırlığı da ümidverici rəqəmlərlə ifadə olunur. Bu il və gələn il ərzində beşyaşlıların 90 faizinin məktəbəhazırlığa cəlb edilməsi planlaşdırılır. Təhsil naziri deyir ki, 90 faizlik nəticə inkişaf etmiş ölkələrin göstəriciləri ilə eynidir. 

 Əməkhaqqı artımı davamlı və sistemli xarakter daşıyır

 Təhsil sahəsində ötən illər ərzində əldə edilən ən böyük uğur işə qəbulun obyektivliyinə inamın formalaşdırılmasıdır. Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən danışıb. Həmin işlərin nəticəsidir ki, 2019-cu ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən artaraq 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

 İndiyədək ölkə üzrə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. Onların dərs yükü norması 1.5 dəfə, əməkhaqları 2 dəfə artırılıb. C.Bayramov qeyd edib ki, təhsil sistemində əməkhaqqının artımı davamlı və sistemli xarakter daşıyıb: “Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Eyni zamanda, ümumtəhsil sistemində çalışan 5 mindən artıq müəllimin bu  artımdan  sonra əməkhaqqı 1000 manatdan çox təşkil edir”.

 Müəllimin keyfiyyəti, şagirdin nəticələri yaxşılaşıb

 Bir tərəfdən işə bilik və bacarığını təsdiq edənlərin qəbul olunması, digər tərəfdən sistemdə olan müəllimlərin diaqnostik qiymətləndirilməsi və aşağı nəticə göstərən müəllimlərin təlimlərə cəlb edilməsi ötən illər ərzində müəllimlərin keyfiyyət göstəricilərinə birbaşa təsir göstərib. Bu və digər tədbirlər müəllimliyin cəmiyyətdə nüfuzunun yüksəlməsinə səbəb olub. Bu da öz növbəsində müəllim olmaq istəyənlərin sayının çoxalmasına gətirib çıxarıb. Nəticə özünü 500-dən çox bal toplayan abituriyentlər arasında müəllimliyi seçənlərin sayında əksini tapıb. Bu il ali təhsil müəssisələrində təhsil almaq hüququ qazananların 25 faizi müəllimlik ixtisasını seçib.  Başqa sözlə, 500-dən çox bal toplayan hər 4 abituriyentdən birinin elektron ərizəsində yazdığı ilk ixtisas müəllimlik olub. Təhsil nazirinin fikrincə, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə, növbəti illər üçün məktəblərdə  müəllim təminatına nikbinliklə baxmağa  imkan verir.

 Məktəbdə keyfiyyət müəllimdən başlayır. Müəllimlər isə öz növbəsində məktəbin səviyyəsinə təsir göstərir. Nəticə şagirdlərin qiymətlərində ortaya çıxır. Bu da nəticə. Təhsil naziri rəqəmləri açıqlayıb: “Beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla, ümumilikdə 146 medal qazanıblar”.

 Ötən il bir sıra şəhər və rayonlarımızda xüsusi istedadlı şagirdlərdən ibarət lisey siniflərinin yaradılmasını olimpiadalara hazırlıq çərçivəsində mühüm tədbirlərdən biri kimi qeyd edən C.Bayramov sayı 60 olan belə siniflərin  artırılacağını vurğulayıb. Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyinin Quba və Gəncədə, Kimya Təmayüllü Respublika Liseyinin isə Şəki və Şirvan şəhərlərində filialları yaradılıb. Nazir bunun  həmin bölgələrdə olan istedadlı şagirdlərin seçilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

 Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi genişləndirilir

 Ölkə təhsilinin qarşısında duran vacib məsələlərdən biri bütün məktəblərdə keyfiyyətli təhsilin təmin edilməsidir. Təhsil naziri tam orta təhsil səviyyəsində bu prosesin gedişindən tam razı deyil: “Apardığımız təhlillər zamanı fərqli mənzərə görürük. Əfsuslar olsun ki, elə təhsil müəssisələrimiz var ki, onlar bu işi lazımi səviyyədə təmin və təşkil edə bilmirlər. Bu, bir çox məqamlarla özünü təsdiq edir. Bəzi məktəblərdə arxayınlıq var ki, şagirdlər əlavə hazırlıq hesabına imtahanlara müstəqil hazırlaşa bilərlər. Halbuki təhsil qanunvericiliyində edilmiş son dəyişikliklər bütün məktəblər üçün yüksək nəticələr əldə etmək imkanları yaradıb. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib”.

 Bu məqsədlə atılan addımlardan biri təmayül siniflərinin yaradılmasıdır. Artıq bir neçə ildir başlayan bu prosesin uğurlu nəticələri var. Təhsil naziri bildirib ki, şagirdlərin meyil və maraqları hesabına təmayül siniflərinin yaradılması üçün bütün imkanlar təmin edilib: “Eyni zamanda, şagirdlərin təhsillərinin növbəti pilləsində seçdikləri ixtisasa uyğun olmayan fənlərin sayının azaldılması və ya keçirilməməsi, məhz şagirdlərin maraqlarına uyğun fənlərin keçirilməsi imkanları mövcuddur. Bir çox yerlərdə çətinliklər nəzərə alınaraq, təmayül siniflərinin yaradılması üçün 20 şagird deyil, 15 şagirdlə də formalaşdırılmasının qanunvericiliyə daxil edilməsi imkanları daha da genişləndirilir”.

 Beləliklə,  2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Təmayülləşmə şəbəkəsinin genişləndiriləcəyi şübhə doğurmur. Növbəti tədris ilindən etibarən  isə ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül sinifləri də fəaliyyətə başlayacaq. Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki,  Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılacaq. Həmin siniflərə ümumi təhsil müəssisələrinin IX sinfini bitirənlər qəbul ediləcəklər.

 Peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib. Təhsil naziri növbəti ilin planını açıqlayaraq deyib: “İlkin olaraq müxtəlif bölgələr əhatə edilməklə, 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq”.

 Nazir C.Bayramovun sözlərinə görə, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir. Nazir onu da deyib ki, peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil ediləcək.

 Məktəblərdə STEAM-ın tədrisinə başlanılacaq

 Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsini nəzərdə tutan və indiyədək 26 min şagirdi əhatə edən “Rəqəmsal bacarıqlar” layihəsi də bu ildən genişləndirilir. Həm icra olunduğu şəhərlər, həm də əhatə etdiyi şagirdlərin sayının artırılacağı planlaşdırılan layihənin hədəfi 90 mindən çox şagirdi əhatə etməkdir. Nazir C.Bayramov informatika fənnini yeni formatda öyrənən şagirdlərin sayının bu ildən 70 minə, gələn ildən isə 100 minə çatdırılmasının nəzərdə tutulduğunu açıqlayıb.

 Ancaq ən az bu layihə qədər uğur qazanacağı şübhə doğurmayan yeni layihə də var. Təhsil naziri növbəti tədris ilindən start götürəcək həmin layihə barədə də məlumat verib. Onun fikrincə, təhsilin qarşısında duran vəzifələrdən biri məzmunun gələcək əmək bazarına, şagirdlərin meyil və maraqlarına uyğun formada yenilənməsindən ibarətdir. 

Ölkəmizdə  ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək. Dünyanın aparıcı təhsil sistemlərində tətbiq edilən bu yanaşma ötən tədris ilində araşdırılıb, aparıcı təhsil sistemlərinin mütəxəssisləri ilə birgə məzmun hazırlanıb. Bu ildən robototexnika və dizayn üzrə hazırlıq nəzərdə tutulan bu layihə də genişləndiriləcək.

Belə ki, yeni modulların məzmunları üzərində işin başlanıldığını xəbər verən Təhsil naziri aviamühəndislik, nanotexnologiyalar, kiber təhlükəsizlik istiqamətləri üzrə növbəti tədris ilində hazırlıqların davam edəcəyini deyib.  2020/2021-ci tədris ilindən   tətbiqi nəzərdə tutulan həmin istiqamətlər üzrə layihəyə cəlb edilən şagirdlərin sayının 20 minə çatdırılacağı hədəflənib.

 Məktəbdə sağlam mühiti təmin edə bilməyənlər məktəb idarəetməsindən kənarlaşdırılırlar

 Şagirdlərin sağlam böyüməsini, fiziki və mənəvi inkişafını, düzgün dəyərlərin formalaşdırılmasını ən vacib istiqamətlərdən hesab edən Təhsil naziri bunu təmin etmək istiqamətində nəzərdə tutulanlardan danışıb: “Bu baxımdan Azərbaycan məktəblərində düzgün mənəvi-psixoloji mühitin, şagirdlər arasında düzgün ünsiyyətin formalaşdırılması, şagird-müəllim münasibətlərində xüsusi olaraq buna diqqət edilməsi, valideynlərin tədris prosesinə daha aktiv cəlb edilməsi qarşımızda duran vəzifələrdəndir. Hesab edirik ki, məktəb rəhbərləri təhsil müəssisəsi daxilində istənilən neqativ halların aşkar edilməsi, onlara qarşı adekvat tədbirlərin görülməsini xüsusi diqqətdə saxlamalıdırlar. 2019-cu ilin may ayında Təhsil Nazirliyi tərəfindən imzalanmış xüsusi tədbirlər planının icrasını diqqətdə saxlayacağıq və çoxsaylı tədbirlər həyata keçirəcəyik”.

 Onun sözlərinə görə, təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ hallar da öz təsdiqini tapıb.

 “Müşahidələrimiz onu göstərir ki, bəzi hallarda qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir”, - deyən C.Bayramov əlavə edib ki, bu il ərzində işlərində yol verdikləri nöqsanlara görə 6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, məhz bu səbəbdən 10 rayon təhsil şöbəsinin və 3 ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərinə intizam tədbirləri tətbiq edilib. Bununla yanaşı, 8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavininin əmək müqaviləsinə xitam verilib, 29 nəfər direktor və 37 nəfər direktor müavini barəsində intizam tədbirləri tətbiq edilib.

 C.Bayramov deyib ki, 80 nəfər məktəb direktorunun nəticələrinin davamlı şəkildə aşağı olması səbəbindən əmək müqaviləsinin uzadılmaması barədə qərar qəbul edilib. 7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Nazir qəti şəkildə bəyan edib: “Bu məsələlərə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar”.

 Müəllim necə öyrətməlidir?

ADPU-nun rektoru, professor Cəfər Cəfərov gənclərin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsi üçün müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Rektorun fikrincə, onlara vətən, xalq, dövlət sevgisini və müstəqil öyrənmə bacarığını  öyrətməlidirlər: “Biz yeni nəslin nəyi öyrənməli olacağını bilməsi üçün hökmən ona iki bacarığı aşılamalıyıq. Birincisi, tələb olunan minimum rəqəmsal biliklərdir. İkincisi, ana dilimizlə yanaşı, ən az bir xarici dil, elm və texnologiya dili olan ingilis dilini hökmən öyrətməliyik. Bunlar bizim dünya elminə və siyasətinə, uğurlu işgüzar fəaliyyətə çıxışımızın birbaşa yoludur. Milli-mənəvi kök üzərində rəqəmsal bilik, bacarıqlar və dünyaya çıxış üçün ingilis dili, tələb olunan məlumatı əldə etmək üçün dünyagörüşü, maraq dairəsi və s. milli təhsilin istiqamətini formalaşdırmağa kömək edəcək vacib məsələlərdir”.

 Təhsilin istiqaməti bəlli olduqdan sonra isə həmin istiqamət üzrə müəllimin necə öyrətməsi məsələsi gündəmə gəlir. C.Cəfərov əmindir ki, məlumat bolluğunda azmaq təhlükəsi ilə üzləşmiş gəncin çoxsaylı bilik və mənbələrdən nəyi, necə öyrənəcəyini tənzimləyən bələdçi, yönəldici, mentor müəllim yetişməlidir. Bununla bağlı ADPU-da artıq ənənəyə çevrilmiş humanist pedaqogika üzrə beynəlxalq və respublika oxuları təcrübəsindən danışan rektor hesab edir ki, artıq ötüb keçmiş ehtiyaclar üçün kadr hazırlamaq dövrü deyil.

 Dövrün tələbinə cavab vermək üçün isə 2021-ci ildə 100 illik yubileyini qeyd edəcək Pedaqoji Universitet “ADPU-2021 Strateji İnkişaf Planı”nda öz missiyasını pedaqoji sahədə təhsil və tədqiqatın əsas mərkəzi olaraq müəyyənləşdirib. Son 5 ildə pedaqoji kadr hazırlığında, müəllimlik peşəsinə maraqda ciddi dəyişikliklərə toxunan C.Cəfərov deyib: “3 il öncə 500-dən çox bal toplayıb müəllimlik peşəsini 1-ci yerdə seçən abituriyentlərin sayı 25 nəfər olduğu halda, keçən il həmin göstərici ölkə üzrə 2090 nəfər, ADPU üzrə isə 566 nəfər idi. Cari ildə qəbul planını 96.4 faizlə ölkə ali məktəbləri arasında 6-cı yerdə başa vuran ADPU, əslində ilk dörd yeri tutmuş ali məktəblərin qəbulunun cəmindən daha çox tələbə qəbulu həyata keçirir. Bu il ADPU-ya filiallar istisna olmaqla 2298 nəfər qəbul olub ki, onlardan da 339 nəfəri 500-dən çox bal toplayanlardır. Bu, Pedaqoji Universitetin timsalında nəticənin son illərdə faizlə deyil, dəfələrlə yaxşılaşdırılması deməkdir. Dolayısı ilə rəqəmlər bizə yaxın gələcəkdə yeni nəsil müəllim hazırlığı üçün böyük ümidlər verir”.

 Müəllimliyi bu peşəni sevənlər seçməlidirlər

 Müəllim hazırlığında isə həmin ixtisası kimlərin seçməyi çox önəmlidir. C.Cəfərov deyib ki, müəllimliyi müəllim olmaq arzusu ilə yaşayan və bu peşəni sevən insanlar seçməlidirlər. Bu sahədə məktəblərin karyera məsləhət xidmətlərini artırmasını təklif edən rektorun fikrincə, əsas məsələlərdən biri  də pedaqoji təcrübədir: “Artıq ikinci ildir ki, ADPU-da  pedaqoji  (istehsalat)  təcrübə 14 həftə müddətində və çoxtərəfli müqavilələr  əsasında  təşkil edilir. Yola saldığımız tədris ilində tələbələrimiz Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrdə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəb və liseylərində, Bakı Şəhəri İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin məktəbəqədər təhsil müəssisələrində və 2 özəl müəssisədə, filiallar üzrə isə Şəki, Şamaxı, Quba, Ağcabədi və Quba şəhərlərində 36 məktəbdə təcrübə keçiblər. O cümlədən, “Tarix və coğrafiya müəllimliyi” və “Coğrafiya müəllimliyi” ixtisasları üzrə tələbələr Bakıda və ayrı-ayrı regionlarda çöl təcrübəsində olublar”.

 Ancaq pedaqoji təcrübə zamanı ortaya çıxan problemlər də olduğunu vurğulayan C.Cəfərov deyib ki, 2014-cü ildə təsdiq edilmiş ali təhsil ixtisaslarının dövlət standartına və tədris planlarına görə Bakıdakı bütün ali məktəblərin pedaqoji ixtisaslarında təcrübələr eyni vaxtda başlayır və bir neçə min tələbə Bakının məktəblərinə, xüsusilə də şəhərin mərkəzində orta məktəblərə gedir və ciddi sıxlıq yaranır. Məktəblərin mövcud infrastrukturu və kadr potensialı nəzərə alınmadan normadan artıq yüklənmə nəticəsində pedaqoji təcrübənin keyfiyyəti aşağı düşür. Bəzən tələbələr pedaqoji təcrübə zamanı ancaq bir sinifdə sınaq dərslərini keçirlər. Halbuki tələbələrə sınaq dərslərini müxtəlif yaş qruplarındakı siniflərdə keçmək imkanı yaradıla bilər. Tələbələrin sınaq dərslərində ixtisas müəllimləri ilə yanaşı, məktəb rəhbərliyinin də iştirak etməsini məqsədəuyğun sayan rektorun fikrincə, tələbələrin təcrübə nəticələrinin məktəbin pedaqoji şurasında müzakirə olunması, tələbələrin yalnız sınaq dərsləri ilə deyil, məktəbin ictimai həyatında, cəmiyyətlə, valideynlərlə işdə, məktəbin idarəolunmasında, bir sözlə, məktəbşünaslıq məsələsində də fəal iştirakı arzuolunandır.

Rektor təklif edib ki, növbəti 4 il ərzində də anoloji təcrübə proqramı hələ ki, qüvvədə olacağı üçün bu sahədə koordinasiya gücləndirilsin. Bakı məktəblərinin pedaqoji təcrübə imkanları nəzərdən keçirilməklə, hansı məktəbdə hansı ixtisaslar üzrə nə qədər tələbənin təcrübə keçə biləcəyi limitləşdirilsin.

 Pedaqoji təcrübə məsələsində laqeydliyin tələbənin sonrakı karyera seçimindəki təsirini vurğulayan C.Cəfərov təhsil ictimaiyyətindən, xüsusilə direktorlardan bu məsələnin vacib bir məsələ kimi diqqətdə saxlanmasını istəyib.

 Təhsildə şəffaf və işlək mexanizmin yaradılması tarixi nailiyyətdir

Tədbirdə çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev vurğulayıb ki, Azərbaycan təhsili qısa müddətdə böyük uğurlara imza atıb: “Hesab edirəm ki, 2018/2019-cu dərs ilində təhsildə görülən işlər yüksək qiymətləndirilməlidir. Ümummilli lider Heydər Əliyevin “Təhsil həyatımızın ən mühüm və gərəkli sahəsidir, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır” fikri göstərir ki, bu məqsədə xidmət edən təhsil islahatları olduqca əhəmiyyətlidir. Bu proses davamlı xarakter daşıyır və islahatların müsbət nəticələrini artıq görməyə başlamışıq. Prezident İlham Əliyevin rəhbərliyi altında hazırlanaraq Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilən təhsil siyasəti ciddi dönüş və inkişafı tam təmin edib”.

 Bu da təsadüfi deyil. B.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü ildə imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin inkişaf istiqamətləri, qarşıda duran vəzifələr dəqiq və aydın müəyyən edilib: “Onlardan biri də peşəkar müəllim kadrlarının hazırlanması, müəllim peşəsinin nüfuzunun artırılması və müəllimlərin sosial vəziyyətinin gücləndirilməsidir. Təhsil naziri Ceyhun Bayramovun da qeyd etdiyi 2014-cü ildən başlayaraq görülmüş işlərin nəticəsi, yəni, ali məktəblərə müəllim ixtisası üzrə qəbul olunanların böyük hissəsinin 500 baldan yuxarı bal toplayanlar olması, müəllimlərin diaqnostik qiymətləndirilməsinin yekunu olaraq onların sosial vəziyyətinin gücləndirilməsi kimi şəffaf və işlək mexanizmin yaradılması tarixi nailiyyət hesab edilməlidir”.

 Millət vəkili diqqətə çatdırıb ki, bütün bunlar Azərbaycanda təhsilin yeni inkişaf yoluna başladığının göstəricisidir. İstedadlı gənclərin, fədakar müəllimlərin birgə fəaliyyətinin nəticəsi, müəllim borcunu dərk etməsidir.

 “Yaxşını tapıb  nümunəyə çevirmək təkcə tərbiyə prosesində deyil, bütün sahələrdə əhəmiyyətlidir”, - deyən deputat bunu həm də əxlaq məsələsi sayır: “Bugünkü uğuru qiymətləndirməmək, müəllim və şagirdlərin əməyinə kölgə salmaq kimi cəhdlər pislənilməlidir. Müəllim əməyi ən böyük hörmətə layiqdir və bu, Azərbaycan təhsil siyasətinin mərkəzində dayanan məsələlərdəndir”.

 Millət vəkili bu gün beynəlxalq fənn olimpiadalarında Azərbaycanın təhsil uğurlarını nümayiş etdirən gənclərin sabah daha böyük uğurlara imza atacaqlarına inamını ifadə edib.

 B.Əliyev təhsilin idarəedilməsi məsələsinə də toxunub. O hesab edir ki, təhsilin yeni idarə mexanizmlərinin işlənib hazırlanması, ictimai özünü idarəetmə orqanlarının yaradılması bu sahədə atılan uğurlu addımlardandır: “Son illərin təcrübəsinin təhlili göstərib ki, bu işləri görmədən keyfiyyətli təhsilə nail olmaq mümkün deyil. Ona görə də bu istiqamətdə görülən işlər təqdirəlayiqdir. Təhsilin idarə edilməsinin yeni modelinin təkmilləşdirilməsi və tətbiqinin genişləndirilməsi olduqca zəruridir. Təhsilin keyfiyyəti təhsil müəssisəsində hazırlanan kadrların milli və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli olması, ölkənin sosial-iqtisadi inkişafında rolu ilə müəyyən edilir. Bununla bağlı yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın hazırlanması və icrası onu deməyə əsas verir ki, ali təhsilin keyfiyyətcə yeni mərhələsinə keçid artıq başlayıb”.

 Məktəbdə sağlam mühit psixoloji xidmətin təşkilindən asılıdır

 B.Əliyev də müəllim hazırlığına xüsusi diqqət yetirilməsini zəruri hesab edib: “Müəllim hazırlığına münasibət dəyişib. Dövləti idarə edəcək, yeni texnologiya yaradacaq və tətbiq edəcək mütəxəssis vətəndaşın yetişdirilməsi kimi strateji dövlət əhəmiyyətli bir missiyanı yerinə yetirən müəllimin hazırlanması, seçilməsi və qiymətləndirilməsi sahəsində əhəmiyyətli işlər görülməkdədir”.

 B.Əliyev də hesab edir ki, təhsilin qarşısında dayanan borc və müəllimin görəcəyi əsas iş vətənpərvər, sağlam düşüncəli, milli-mənəvi keyfiyyətlərə malik gənclərin formalaşdırılmasıdır: “Bu, olduqca çətin bir işdir. Lakin həm də şərəflidir.  Unutmaq olmaz ki, hər şagird müstəqil yaradıcı şəxsiyyətdir. Onlarda olan bu böyük potensialı aşkar etmək və gerçəkləşdirmək də müəllimin borcu və vəzifəsidir. Bunun üçün də onun fərdi və yaş xüsusiyyətlərini dərindən bilməlidir. Şəxsiyyətyönümlü təhsilin uğurlu olması üçün bu, vacibdir”.

 Millət vəkili orta məktəblər də daxil olmaqla, bütövlükdə təhsil sistemində çox böyük işlər görüldüyünü deyib: “Təhsil haqqında” Qanuna edilən 62 əlavə və dəyişikliyi “inqilabi dəyişiklik” adlandıran millət vəkili bildirib ki, təhsil müəssisələrində və təhsilin bütün pillələrində psixoloji xidmətin təşkili ilə bağlı yeni konsepsiya, yanaşma tələb olunur. Onun fikrincə, məktəb psixoloqlarının yenidən hazırlanması, eləcə də müəllim hazırlığı ixtisaslarında tədris edilən psixologiya dərsliklərinə, proqramlarına yenidən baxılması əhəmiyyətli məsələlərdəndir.

Uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanılması həyati zərurətə çevrilib: “Hesab edirəm ki, islahatların uğurla həyata keçirilməsi həm də psixoloji xidmətin təşkilindən asılıdır. Təəssüf ki, bu gün orta məktəblərdə psixoloji xidmətə münasibət ürəkaçan deyil, bəzi yerlərdə hətta formal xarakter daşıyır. Məktəblərin hazırlıqlı psixoloqlarla təmin edilməsi üçün yetərincə mütəxəssis yoxdur. Məktəb psixoloqlarının hazırlanması məsələsinə  yenidən baxılmalıdır”.

 Bu istiqamətdə Təhsil Nazirliyində kifayət qədər ciddi tədbirlər görüldüyünü vurğulayan millət vəkili “Məktəblinin dostu” layihəsinin müsbət nəticələrinə diqqət çəkib. Layihənin davam etdirilməsini olduqca vacib hesab edib. Onun fikrincə, təhsil mühitinin yaradıcı təlim mühitinə çevrilməsi, yaradıcı təfəkkürə malik müstəqil şəxsiyyətlərin yetişdirilməsini təmin edən yaradıcı müəllimlərin və fəal-interaktiv təlim metodlarının hazırlanması baxımından da psixoloji xidmətin əsaslı şəkildə yenidən qurulması zəruridir: “Əksər hallarda müasir informasiya cəmiyyətinin yaranması qloballaşmanı o qədər sürətləndirib ki, mənlik şüuru yenicə formalaşan məktəbəqədər yaşlı uşaq ciddi psixoloji travmalara məruz qalır. Bu gün hər iki uşaqdan birində ya planşet, ya da smartfon var. Onlar hansı informasiyanı alırlar? Müəllim və valideynlərinin, yoxsa virtual dünyanın və oradakı yeni infoqrupların təsiri altında daha çox olurlar? Ona görə də uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanılması vacibdir”.

 Deputat bildirib ki, istər tələbələrin, istərsə də orta məktəb şagirdlərinin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması, onların yeni təlim mühitinə və gələcək həyat fəaliyyətinə adaptasiyası, yaradıcılıq potensiallarının aşkar edilməsi və gerçəkləşdirilməsi, sağlam sosial-psixoloji iqlimin yaradılması, pedaqoji qabiliyyətlərin inkişaf etdirilməsi, xüsusi istedadlıların inkişafı təhsildə sosial-psixoloji xidmətin yenidən və əsaslı şəkildə qurulmasını tələb edir. Bu fəaliyyət sahəsinin hüquqi-metodiki bazası möhkəmləndirilməli, nəzarət gücləndirilməlidir.

 O, nəzərə çatdırıb ki, Təhsil Nazirliyinin təklifi əsasında “Təhsil haqqında” Qanunna psixoloji xidmətin təşkili ilə bağlı yeni maddə əlavə edilib, məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək qaydalar layihəsi hazırlanıb. Deputatın sözlərinə görə, bu qaydalar layihəsi təsdiq edildikdən sonra məktəb psixoloqlarının lazımi adekvat, vahid alətlərlə təmin edilməsi istiqamətində işlər görülməli, mövcud xarici testlərin standartlaşdırılması məsələsi həll edilməlidir.  İslahatların uğurla həyata keçirilməsi həm də psixoloji xidmətin təşkilindən asılıdır.

 İctimai Şura öz vəzifələrini yerinə yetirməyə hazırdır

 

Konfransda İctimai Şuranın yaradılması təhsilin gələcək inkişafında rolu baxımından xüsusi qeyd edilib. Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Şahlar Əsgərov şuranın cəmiyyətdə körpü rolunu oynayacağına, həm ictimaiyyətin rəyinin Nazirliyə çatdırılmasında, həm də Nazirliyin həyata keçirdiyi layihələrlə bağlı mövqeyinin ictimaiyyətə çatdırılmasında üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyini deyib.

Onlar məsuliyyətini dərk edir

 Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva təhsil müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyətindən danışıb.

 

 Daha sonra Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin gənc müəllimi Şəbnəm Uğurlu gənclərə yaradılan şəraiti yüksək qiymətləndirib. Gənc müəllimlərə yaradılan şərait , müəllimliyə verilən dəyər müəllimliyə həvəsi olanları daha da stimullaşdırıb.

 Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən və yüksək balla pedaqoji ixtisası seçən Fidan Əhmədova isə qazandığı uğurun sirrini bölüşüb: “Uğurumun səbəbi təhsil aldığım məktəbin, zəhmətkeş, təcrübəli müəllimlərimin  mənə verdiyi bilik, formalaşdırdığı bacarıqlar oldu. Hər gün keçilən mövzunu sinif yoldaşlarımızla müzakirə edərkən, hansısa bir problemin həlli yollarını tapmaq üçün fikir mübadiləsi apararkən  özümüz belə fərqinə varmadıq ki, gələcəkdə qazanacağımız böyük bir uğurun təməli məhz indi  qoyulur.  Biz məktəbdə elmin sirlərini mənimsəməklə yanaşı,  Vətəni sevməyi, insanlığı sevməyi, dostluq etməyi öyrəndik”. 

 Müəllimlik ixtisasını seçən tələbə bunu uşaqlıqdan müəllimliyə olan həvəsi ilə izah edib: “Bu gün müəllimlər qarşısında çıxış edirəm. 4 il sonra özüm də müəllim olacağam. Məsuliyyətimi indidən dərk edirəm”.

 Təhsilin vəzifəsi sağlam nəsil yetişdirməkdir

 Qarşıda duran ən böyük vəzifə təhsilin hər kəs üçün əlçatan, keyfiyyətli və rəqabətli olması, düzgün dəyərlər formalaşdırmasıdır. Məhz bu istiqamətdə fəaliyyətini qurmaq üçün təhsilverənlər öz qeydlərini götürüb dərs ilinə başlayır.

 Yeni dərs iliniz mübarək!

 Ruhiyyə DAŞSALAHLI

(Azərbaycan müəllimi)

İlin gənc müəllimi-Müraciət formu