Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-11 14:04:39
Kolleclərə maraq bəzi özəl universitetləri qabaqlayır: ”Çünki aldadırlar...”  

İmtahanların nəticələrinə əsasən, özəl ali təhsil müəssisələrinin plan yerləri 72,90 faiz dolub. Ayrı-ayrı ixtisas qruplarında plan yerlərinin dolma faizləri fərqli olub. Bu göstəricilər  I qrupda 65,48, II qrupda 62,11, III qrupda 89,57, IV qrupda 91,30, V qrupda isə 85,45 faizə bərabərdir.

Qeyd etmək lazımdır ki, ixtisas seçimində iştirak edən abituriyentlərin bir hissəsi (I qrupda 15 nəfər, II qrupda 10 nəfər, III qrupda 20 nəfər, IV qrupda 2 nəfər) özəl ali təhsil müəssisələri ilə müqayisədə dövlət orta ixtisas təhsili müəssisələrinə üstünlük verib.

Bu məlumat 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik təhlilində yer alıb.

Abituriyentlərin belə gözlənilməz seçim etmələrinin bir çox səbəbləri var. Bunların sırasında təhsil haqqını, diplomun əmək bazarındakı dəyərini, ali təhsil müəssisəsində təhsilin səviyyəsini və s. göstərmək mümkündür.

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil  komitəsinin üzvü Sona Əliyeva ilə əlaqə saxladıq.

“Cəmiyyətdə özəl və dövlət təhsili fikri tam formalaşmayıb”

S.Əliyeva AzEdu.az-a açıqlamasında  məsələni özəl təhsil müəssisələrinə olan inamsızlıqla əlaqələndirib:

“Bu məsələ kollec və ya özəl universitetlərdəki təhsillə deyil, əhalinin dövlət təhsil müəssisələrinə olan inamları ilə bağlıdır. İnsanlar özəl universitetləri deyil, dövlət kolleclərinə üstünlük verirlər.

Bu məsələdə bir neçə il əvvəl bəzi özəl universitetlərin vətəndaşları aldatması da mühüm rol oynayır. Sözügedən hadisəyə görə tələbələr problem yaşadılar. Həmin universitetlərdən bir neçəsinin lisenziyaları əllərindən alındı.

Bu gün isə özəl universitetlərin  bir çoxunda təhsilin səviyyəsi yüksək səviyyədədir. Ümumiyyətlə, cəmiyyətdə özəl və dövlət təhsili fikri tam formalaşmayıb. Hələ də  regionlarda dövlət təhsil müəssisələrini bitirən şəxslərə üstünlük verilir”.

“Bizə kollec təhsili də lazımdır”

Təhsil üzrə ekspert Nadir İsrafilov isə kolleclərə tələbatı bu sahədə aparılan islahatlarla əlaqələndirir:

“Təhsilin müxtəlif  sahələri olan kollec universitet və s. hər biri öz mütəxəssislərini yetişdirir. Bu gün elə sahələr var ki, orada ali təhsilsiz də işləmək olar. Burda təəccüblü heç nə yoxdur. Bizə kollec təhsili də lazımdır, universitet təhsili də. Bunların hər birinin öz yeri  var.

Müstəqillik qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, təhsildə də müəyyən boşluqlar yarandı.  Necə ki, yağışdan sonra göbələklər artır, eləcə də kolleclərin  sayı çoxaldı. Maddi texniki bazası, lazımı infrastrukturu olmadan çox sayda kolleclər açıldı. 

Onların əksəriyyətinin  özünü doğrultmaması kollec təhsili haqqında mənfi rəy formalaşdırırdı. 

Aparılan təhsil siyasəti nəticəsində, yaxın ixtisaslı kolleclər universitetlərin nəzdinə verilir, özünü doğrultmayanlar isə bağlandı.  Bu addımlardan sonra kolleclərin nüfuzu müəyyən qədər artıb.

Bu gün də kolleclərlə bağlı bir sıra müxtəlif  tədbirlər həyata keçirilir. Artıq kollec məzunları, ali məktəbə imtahansız qəbul ola bilirlər. Bu kimi stimullaşdırıcı tədbirlər kolleclərə marağı artırıb”.