Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-19 13:32:00
Bağçaları ABŞ sistemi ilə idarə edən rəhbər xanım: “Burda din qətiyyən keçirilməməlidir” -MÜSAHİBƏ  

“Valideynlər övladlarının fərdi xüsusiyyətlərini nəzərə almırlar. Azyaşlı ata – anasının istəklərinə uyğun davranmağa məcbur olur. Uşağın maraq dairəsi və istedadını izləmədən ondan xəyallarındakı bacarıqları tələb edən valideynlər azyaşlıya ilk uğursuzluğu “daddırırlar”. İstedadının fərqində olmayan xeyli azyaşlı bu uğursuzluğun altında əzilir. Onların özünə inamlarını zədələyən bu uğursuzluq çarəsizliyə çevrilir. İstedadlı uşaq hər gün bacarıqlarını daha da itirir”. 

“Bir sevdanın tarixçəsi” adlı DOSYE 

Türkiyədə yerləşən TAD (Türkiyə Amerikan Dərnəyi) uşaq bağçasının rəhbəri Serap Şahin uğursuzluqların hələ kiçik yaşdan valideyn müdaxiləsi ilə başladığını düşünür. Onun fikrincə, valideynlərin yaxşı niyyətlə etdikləri bəzi müdaxilələr uşaqların gələcək uğursuzluqlarına işarədir. Serap Şahin isə bugünəcən etdiyi bütün seçimlərində öz istək və bacarıqlarını nəzərə alıb:

“Uşaqkən böyüyəndə kim olacağımı soruşanlara “bağça müəllimi” cavabını verərdim. Hələ az yaşlarımdan içimdə formalaşan uşaq sevgisi peşəmi müəyyənləşdirən əsas faktorlardan oldu.

Qız Peşə Liseyinin Uşaqların inkişafı fakültəsini bitirib, universitet seçimimi də bu istiqamət üzrə etdim. Oxumağı, yeni məlumatlar almağı və biliklərimi paylaşmağı  sevirdim. Vaxt ötdükcə uşaqların inkişafını izləmək, onu elmi cəhətdən əsaslandırmaq maraq dairələrimdən birinə çevrildi. Qəzet və jurnallardan uşaqlarla bağlı yazıları oxuyur, mənbələri araşdırırdım.

Universiteti bitirdikdən dərhal sonra müəllimliyə başladım. 5 il bu işdə çalışdım. Ailə və uşaqlarla işin azyaşlının inkişafına təsirini anladım. Onların ehtiyaclarını hiss edib problemlərdən çıxış yolu axtarmağım məni bağça müdiri olmağa, ailələrlə daha uzunmüddətli münasibətlər qurmağa vadar etdi. Bu səbəbdən magistratura təhsili aldım.

4 ildir, Türk Amerikan Dərnəyi Bağçalarının rəhbəriyəm.

AzEdu.az Serap Şahinlə olan Türkiyə, Amerika, Azərbaycan məktəbəqədər təhsil sistemini birləşdirən müsahibəni təqdim edir:

-Serap xanım, TAD uşaq bağçaları ənənəvi məktəbəqədər təhsil müəssisələrindən nə ilə fərqlənir?

-Əsası 1951-ci ildə Türkiyədə qoyulan Türk Amerikan Dərnəyi həm də uşaqlara əcnəbi dil təhsili verir. 5 il əvvəl burada əcnəbi dil öyrənənlər arasına 2-6 yaşlı uşaqlar da daxil edilib. Beləliklə, dil tədrisi ilə tanınan məktəbəqədər təhsil sistemini formalaşdırıb.

İngiliscə tədris planına sahib TAD uşaq bağçaları Türkiyənin bir çox şəhərlərində ad–san qazanıb. Tədris planının formalaşdığı müddətdə TAD bağçalarının mərkəzi filialında müdir idim. Arzuladığımız proqramın elmi əsaslandırılması, uyğun metod və texnikalara əsaslanan yeni proqramın  tərtibatını öhdəmə götürdüm. 2 il ərzində fərqli bir tədris proqramı yaradaraq Türkiyədəki bütün TAD bağçalarında mərkəzləşdirilmiş, vahid proqramdan istifadəni təmin etdik. Təhsilin əlçatanlığına xidmət edən bu uzun və əziyyətli işin öhdəsindən gəldik. Elə indi də hazırlanan tədris planlarının  bütün şöbələrdə eyni səviyyədə tətbiqi üçün müəllimlərə təlimlər verir, lazımi işləri həyata keçiririk.

-TAD uşaq bağçalarında azyaşlıların şəxsi inkişafı üçün hansı metodlardan istifadə edilir? Onlara tətbiq etdiyiniz qeyri–adi, təsirli metodları bilmək istərdik...

-“Çoxlu zəka” nəzəriyyəsinin bütün məktəbəqədər təhsil proqramlarda yer almasını vacib hesab edirəm. Uşaqların fərdi özəllikləri diqqətə alınmalıdır. İnkişaf etdirilməsinə ehtiyac duyulan tərəflərinin müəyyənləşdirilməsi, onun daha da faydalı olması üçün mütləq azyaşlını tanımaq lazımdır. Bu metod uşağın özünü kəşf etməsinə kömək edir, özünü dərk edən fərd kimi yetişməsinə şərait yaradır. Müəllimləri isə standart təlim metodlarından uzaqlaşdırır. Onların özlərini inkişaf etdirmələri və üzərilərində işləmələrinə təkan verir. “Bacarıqlı” və “geri qalan şagird” anlayışlarını darmadağın edən bu metod uğurun nisbiliyini təmin edir.

Son illərdə məktəblərdə bu metoda müraciətlərin sayı artıb. İnanırıq ki, o, gələcəkdə daha çox qurumda tətbiq olunacaq və nəticə verəcək.

-TAD uşaq bağçalarının əsas üstünlüyü nədir?

TAD uşaq bağçalarının əsas üstünlüyü azyaşlılara əcnəbi dili (ingiliscə) əzbərə söykənən metodlardan istifadə etmədən, gündəlik danışıqlar vasitəsilə, oyunlarla qalıcı olaraq öyrətməsidir.

Əsas istiqaməti ingilis dilini maraqlı metodlarla öyrətmək olsa da, TAD uşaq bağçaları uşaqlara özünə qulluq və sosial bacarıqlar qazandırmaqda da çox uğurludur. Ailələri TAD-ı seçməyə vadar edən əsas səbəblər də elə bunlardır.

“Uşağın sual verə biləcəyi situasiya yaratmaq lazımdır”

-TAD uşaq bağçalarının əsas missiyaları sırasında “sual verə bilən, danışa bilən uşaqlar yetişdirmək” yazılıb. Buna nail olmaq üçün azyaşlıya necə yanaşmaq lazımdır?

-Hər şeydən əvvəl, uşağın sual verə biləcəyi situasiyanı yaratmaq lazımdır. Bütün imkanları onda maraq oyatmaq üçün səfərbər etmək, ona sual vermək imkanı yaratmaq lazımdır.

Verdiyi sualı cavablayan biri ilə ünsiyyət uşağın özünə inamını artırır. O, sual verərək cavab almaq istədiyi mövzuları kəşf edir. Azyaşlılarla ünsiyyət qurarkən onları hörmət və sevgiylə dinlədiyimizi hiss etdirməliyik. Onların yaxşı dinləyici olmalarını istəyiriksə, öncə özümüz yaxşı dinləyici və cavablayan olmalıyıq.

Hər uşaqla yaşına uyğun danışıq forması tapmalıyıq. Azyaşlılar ünsiyyət qurarkən ciddi qəbul edilmək istəyirlər. Lağ edərək yanaşmaq onları utandırır, danışmaq, sorğulamaq və ünsiyyət qurmaq cəhdlərindən imtina etmələrinə səbəb olur. Buna görə də onları ən səmimi duyğularla dinləmək və suallarını cavablamaq mütləqdir. Azyaşlı ona göstərilən diqqəti hiss edəcək və mütləq bu diqqət üzərində daha dərin düşüncələr quracaq.

“Valideynlər işləri planlayarkən yalnız öz istək və arzularını nəzərə alıblar”

-Valideynlərin övladlarına qarşı hansı yanlışlarının şahidi olmusunuz?

-Artıq valideynlər təhsilli və uşaq yetişdirməklə bağlı məlumatlıdırlar. Amma onların bu məlumatlığı bəzən uşaqlar üçün dezavantaja da səbəb olur:

Valideynlər övladlarının ehtiyaclarını çox peşəkarlıqla qarşılayırlar. Dünyaya gəldiyi andan uşağın başına gələ biləcək hər şeyə qarşı tədbir görürlər. Hər şey  bu qədər sistemli düşünüldüyü və tərtib olunduğu üçün nələrsə yolunda getməyən kimi gərginləşirlər. Arzu etdikləri nəticəni əldə edə bilmirlər. Çünki işləri planlayarkən yalnız öz istək və arzularını nəzərə alıblar. Azyaşlının şəxsi keyfiyyətlərinə, potensialına, inkişaf etməkdə olan xüsusiyyətlərinə diqqət etməyiblər. Bu hal uşaqların özünə inamsız fərd kimi yetişməsinə səbəb olur.

Əzizlərim, sizə bütün planlarınızı bir kənara qoyaraq övladınızı davamlı izləməyinizi,  bundan zövq almanızı məsləhət görürəm. Zaman çox sürətlə keçir. Azyaşlı övladlarınız qısa müddətdə yetişmiş şəxsiyyət olacaqlar. Onlara dəstək olun.

-Türkiyədə məktəbəqədər təhsil sistemi necə qurulub?

-Türkiyədə məktəbəqədər təhsil müəssisələri uşaq bağçası və körpələr evləri olaraq 2 yerə bölünür. Körpələr evləri Türkiyə Cümhuriyyəti Ailə və Sosial Siyasət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Uşaq bağçaları isə  Təhsil Nazirliyinin tabeliyindədir. Körpələr evi 0-6, 2-6 yaş aralarındakı uşaqlara xidmət edir. Uşaq bağçaları isə 3-6 yaş qrupuna aid uşaqlara təhsil verir

 “Məktəb həyatına hazır olmayan uşaq orta təhsilə başlamamalıdır”

-Təhsilə neçə yaşından başlamağıın tərəfdarısınız?

-7 yaş insanda öyrənmə qabiliyyətinin ən sürətli olduğu müddətdir. Əcnəbi dil öyrənmək üçün də bu yaş çox əlverişlidir. Uşaqlar öz ana dillərini ilk 2 il ərzində dinləyərək öyrənirlər. Bu müddətdə onlar çox sürətli aşamalardan keçirlər və 2 yaşları olduqdan sonra öyrəndiklərini yavaş–yavaş nümayiş etdirməyə başlayırlar. Azyaşlılar onları maraqlandıran hər şeyə toxunmaq, kəşf etmək istəyirlər. Öyrəndiklərini oyun yolu ilə ortaya qoyurlar. Öyrənmə prosesi sürətlə davam edir.

Ana dil biliklərinin təməli beləcə qurulur. Müəyyən yaşdan sonra uşaqlar artıq ikinci dili də eyni sürətlə öyrənəcək potensiala sahib olurlar. Digər uşaqlarla müqayisədə əcnəbi dili 2 yaşındaykən  öyrənən uşaqların bilikləri daha qalıcı olur. Buna görə də əcnəbi dil təhsili verən qurumlar 2 yaşı təhsilə başlamaq üçün ən yaxşı dönəm hesab edirlər. Bəzi mütəxəssislər isə uşaqlar üçün ideal təlim yaşını 3 hesab edirlər. Amma fikrimcə, əcnəbi dil təhsili verən qurumlar üçün bu müddət fərqli ola bilər.

Uşağın məktəbə hansı yaşda getməli olması onun təhsilə hazırlıq dərəcəsi ilə ölçülür. Məktəb həyatına hazır olmayan uşaq orta təhsilə başlamamalıdır. Müəllim və valideynləri bir mövzu ilə bağlı maarifləndirmək istərdim: Uşağın 2, yoxsa 3 yaşında olmasının fərqi yoxdur. Əsas odur ki, azyaşlı məktəb həyatına hərtərəfli hazır olsun. Azyaşlının inkişaf istiqamətlərinin hər biri dəyərləndirilməli, fərdi xüsusiyyətləri diqqətə alındıqdan sonra məktəbə başlamalıdır.

“Məktəbəqədər təhsil müəssisələrində din qətiyyən tədris olunmamalıdır”

-Uşaqlara dini biliklərin verilməsi ilə bağlı fikirlərinizi bilmək istərdik. Buna nə dərəcədə ehtiyac duyursunuz və bu, şagirdə nə qazandırır?

Yaşamımızı şərtləndirən bəzi dəyərlər var. Bu dəyərlər sonsuz sevgi və hörmətdir. Uşaqlara hər şeydən öncə bütün canlıları və insanları sevməyi öyrətməliyik. Bu sevgini hörmət edərək nümayiş etdirməyi bacarmalıdırlar. Məsələn, uşağa sıraya düzülməyi və növbəsini gözləməyi öyrətdikdə o, hörmət etməyi öyrənir. Özünə aid olmayan bir əşyanı istifadə etmək üçün icazə tələb olunduğunu öyrətdikdə hörmət edir, və s. Canlıların yaşayış tərzlərinə hörmət etmək də bir sevgi göstəricisidir. Sevgi və hörmət bəşəri, əxlaqi dəyərlərdir. Canlıların olduğu hər yerdə keçərlidir. Bütün dinlər isə bu 2 dəyərin üzərində qurulub. Məktəblərdə sadəcə bu bəşəri dəyərlərin təbliği kifayətdir.

Dinin tədrisi uşaq üçün mücərrəd öyrənmə sistemidir. Azyaşlı öyrədilənləri başa düşə bilmək üçün mücərrədi düşünmə gücünə malik olmalıdır. Bu bilikləri onlara həddindən tez verdikdə beyinləri qarışır və başa düşmək üçün çox sual verməyə başlayırlar. Suallarının hər biri cavablansa belə, tam başa düşmək xeyli vaxt alır.

Fikrimcə, məktəbəqədər təhsildə din qətiyyən tədris olunmamalıdır. Çünki ailənin inancları ilə müəssisənin tətbiq etdiyi dini dəyərlər uyğunlaşmaya bilər.  Dini təhsilin elə ailə tərəfindən verilməsi ən düzgün yoldur. Necə tətbiq olunacağı ilə bağlı mütəxəssislərdən məsləhət ala bilərlər.

-Türkiyədən baxdıqda Azərbaycan məktəbəqədər təhsil müəssisələri necə görünür? Hansı çatışmazlıq və üstünlükləri qeyd edə bilərsiniz?

-Türkiyə və Azərbaycan məktəbəqədər təhsil müəssisələrində bir– birinə çox yaxın nüanslar aşkarlamışam. Digər ölkələrin sistemlərində də bənzərliklər çoxdur. Hər birinin təməli uşaq hüquqları və yaşamın yaxşılaşdırılması üzərində qurulub. Buna görə də, sualınızı Türkiyə və Azərbaycan ilə məhdudlaşdırmamaq, mövzuya daha geniş pəncərədən baxaraq cavab vermək istərdim.

Məktəbəqədər təhsil uşaqların həyatlarının ilk illərini əhatə edir. Bu illər yalnız müsbət duyğuların olduğu, mənfi düşüncələrin hələ yaranmadığı illərdir. İnanıram ki, məktəbəqədər təhsil dönəmində uşaqlara qazandırılacaq hiss və xüsusiyyətlər nə vaxtsa bütün kainatı təsirləndirəcək. Uşaqlara bütün canlı növlərinə sevgi və hörməti, onların yaşam hüquqların hörmət etməyi öyrətdikdə hədəflərimizə çatmaq daha asan olacaq.

“Azyaşlının sərhədsiz tələbləri ilə özünə inam hissini qarışdırmaq olmaz”

-Bir uşaq niyə özünə inamsız olur? Sizcə, əsas günahkar kimdir: Valideynlər, yoxsa ətrafdakılar?

-Özgüvən şəxsin özünü tanıması və dəyərləndirməsi deməkdir. Özünə güvənən insan özü haqqında bir fikrə sahibdir. Edə biləcəklərini və bacarmayacaqlarını ayırd edir. Başqalarının sözlərindən təsirlənmir.

Uşağın özünə inamını inkişaf etdirmək üçün onu bir çox istiqamətlərdə dəstəkləmək lazımdır. Xüsusilə də, uşaq da olsa, onu bir şəxsiyyət kimi qəbul etmək lazımdır. Hörmət etmək və qarşılıq gözləmədən sevmək mütləqdir.

Valideynlərin ali təhsilli olmaları uşağın özünə inamlı böyüməsinə çox dəstək olur. Biz isə uşaqların özgüvənini inkişaf etdirmək istəyərkənfərqində belə olmadan onlara hədsiz ixtiyarlar veririk. Ayaşlılara sərhədsiz hüquqlar verdiyimizə görə, zaman keçdikcə yetkin insanlar deyil, uşaqlar qərar verməyə başladılar. Nəhayət, bu hal onları özünə inamlı deyil, nəzarətsiz tələblərlə çıxış edən fərd halına gətirdi. Azyaşlının sərhədsiz tələbləri ilə özünə inam hissini qarışdırmaq olmaz.

Valideynlərin hədsiz sevgi və qoruma üsulları da uşaqların özgüvənlərini zədələyən və inkişaflarına mane olan faktorlardandır. Hədsiz sevgi uşaqlarda asılılıq duyğusunu inkişaf etdirir. Ailəsindən sağlam şəkildə ayrıla bilməyən uşaqlar özlərini valideynlərinin olmadığı yerdə pis və yarımçıq hiss edirlər.  Bu qeyri – sağlam bağlılıq məktəbə başladığı dövrdə də azyaşlını təqib edir. Onun özünü ifadə edə, başa düşə bilməməsi, istəklərini dilə gətirməməsi, hər kəsin normal qəbul edəcəyi şeyləri edə bilməməsinə, ürkək davranışlara səbəb olur.

Ailə bu qoruyucu davranışları yaxşı niyyətlə edir.  Amma bir –birilərinə oxşayan ailə tiplərinin çoxalması ilə birləşik şəxsiyyətlər formalaşmağa başlayıb. Sosial həyatda problemlər birləşik şəxsiyyətləri çox yalnızlaşdırıb. 

Ailələrin yaxşı niyyətlə etdiyi, amma uşağın özünə inamına zərbə vuran başqa bir xarakteri də azyaşlının fərdi xüsusiyyətləri və maraq dairələrinə əhəmiyyət verməməkdir.

Ailənin yaxşı niyyətlə etdiyi bəzi şeylər uşağın özünə inamına zərbə vurur. Valideynlər övladlarının fərdi xüsusiyyətlərini nəzərə almırlar. Beləliklə azyaşlı ata – anasının istəklərinə uyğun uşaq kimi davranmağa məcbur olur. Uşağın maraq dairəsi və istedadını izləmədən xəyallarındakı bacarıqları göstərməsini tələb edən valideynlər onlara uğursuzluq hissini daddırırlar. İstedadının fərqində olmayan xeyli azyaşlı bu “uğursuzluğun” altında əzilir. Onların özünə inamlarını zədələyən bu uğursuzluq çarəsizliyə çevrilir. İstedalı uşaq hər gün bacarıqlarını daha da itirir. 

-Türkiyənin məktəbəqədər təhsil müəssisələrinə müəllimlərin işə qəbulu necə həyata keçirilir? Bağçada müəllim işləmək üçün hansı tələblərə cavab vermək lazımdır?

-Türkiyədə bağça müəllimi olmaq üçün ali təhsil müəssisələrinin Məktəbəqədər təlim-tərbiyə və uşaq inkişafı fakültələrini bitirmək lazımdır. Liseylərin uşaq inkişafı fakültəsinin məzunları da müəllim ola bilərlər. Onlar lazımi bilikləri əldə etdikdən, təcrübə topladıqdan sonra  mütəxəssis-müəllim kimi işləyirlər.

Universitetlərin uyğun fakültələrini bitirən, müəllimlərin işə qəbul imtahanlarında iştirak edərək lazımi balı toplayan namizədlər təyinat alaraq dövlət məktəbəqədər təhsil müəssisələrində işləmək hüququ qazanırlar.

Özəl sektorda işləmək istəyənlər isə aidiyyatı qurumlara müraciət etməlidirlər.

-Türkiyə bağçalarında nə kimi qadağalar nəzərdə tutulub? Məsələn, uşaqlara tətbiq qadağan edilən hərəkətlər varmı? Qaydaları pozan müəllimi hansı cəza tədbirləri gözləyir?

-Bağça və körpələr evləri tabeliyində olduqları qurumların rəhbərliklərinə uyğun hərəkət edirlər. Onlar fərqli yaş qruplarına aid olan uşaqlara xidmət edirlər. Yaşa uyğun olmayan xidməti qayda pozuntuları müxtəlif xəbərdarlıq və cəza tədbirləri ilə nəticələnir.

“Bağça rəhbərlərinə əsas tövsiyəm odur ki, hər şeydən əvvəl insanlara hörmət etsinlər”

-Sizcə, bir bağça müdiri necə olmalı, hansı hərəkətlərdən uzaq durmalıdır?

-7 ildir, bağça müdiriyəm.  Müxtəlif ailə və uşaqlarla işləmişəm. Onları ən incə xırdalıqlarına qədər təhlil etmiş, nəzərdən keçirmişəm.

Ümumiyyətlə, müəllim məktəb müdiri olmaq üçün bəzi keyfiyyətlərə sahib olmalıdır. Müdirdə bu keyfiyyətlərdən bir – ikisi çatışmadıqda uğur müəssisədən uzaq düşür. Məktəbdə yolunda getməyən şeylərin sayı çoxalır. Orada davamlı bir xaos hakim olur. Ailə, uşaq və işçilərin qayğıları artır.

Bağça müdiri qarşılaşdığı problemlərin öhdəsindən gələ bilmək üçün uşaq və ailələri yaxşı analiz edə bilməlidir.

Məsələn, müəssisədə təhsil alan 2 yaşlı bir uşaq dostlarını itələyir, vurursa, rəhbər düşünməlidir ki, həmin azyaşlı özünü danışaraq ifadə edə bilmədiyini görə, bu üsullara əl atır. Məktəb rəhbərinin bununla bağlı 2 yaş qrupuna dərs deyən müəllimlərə təlim keçməsi, onları məlumatlandırması mütləqdir.

Müdirdə sonsuz insan sevgisi olmalıdır. Qəbul edən, anlayış göstərən, ünsiyyət qurmağı bacaran müdir ailə və tabeliyindəki şəxslərlə özünü çox yaxşı hiss edir.

Yaxşı rəhbər sərt zarafatlara, kinayəli cümlələrə yol verməməlidir.  Məsələn, övladını ilk dəfə bağçaya gətirən ana çox həssas davrana bilər. O, bu durumda özünü çox çarəsiz və günahkar hiss edir. Sərt yumora sahib müdir onun bu qayğılarını anlamaz, nəticədə ananın qayğıları azyaşlıya keçər və uşaq məktəbə uyğunlaşa bilməz. Sərt yumorlu bir müdirlə işləmək müəllimləri də bezdirər. Onlar etdikləri səhvləri gizlətməyə, ört-basdır etməyə çalışarlar. Bu, səmimiyyətsiz bir iş mühitinin yaranmasına səbəb olar.

Məktəb müdiri fövqəladə hallarda çox soyuqqanlı və sakitləşdirici auraya sahib olmalı, yerində müdaxilə etməyi bacarmalıdır.

Bağça rəhbəri ailə ilə müəssisə arasında körpü quran insandır. Buna görə də ünsiyyət qurma bacarıqları maksimum yaxşı olmalıdır. Mübahisə, hədd bildirmək,  məlumatsızlıqda günahlandırmaq bu əlaqəni zəiflədir.

Unutmayın, hörmət qarşınızdakının sizə göstərdiyi, amma təməlini sizin qoyduğunuz bir duyğudur. Bu, peşə bilikləriniz, təcrübələrinizdən yararlanaraq əldə edəcəyiniz nailiyyət deyil. Bağça rəhbərlərinə əsas tövsiyəm odur ki, öncə insanlara hörmət etsinlər. Etdiyiniz hörmət özünüzə qayıdacaq.

Yaxşı bağça müdiri müəssisədəki bütün uşaqları tanıyar, onların inkişaflarını təqib edər, müəllimlərə nümunə olar. O, müəllimlərdən gözlədiyi davranışları öncə özü göstərməlidir.

-Türkiyə bağçalarında maneə olaraq gördüyünüz nələrin aradan qaldırılmasını istərdiniz?

-Bir az diqqət göstərərək cəmiyyətə qazandıra biləcəyimiz fiziki məhdudiyyətli uşaqlar xeyli önyarqılı davranışlara məruz qalırlar. Son vaxtlar çox rastlaşdığım və çox məyus olduğum bu mövzu ətrafında düşünməyə başlamışam. Gəldiyim nəticə budur ki, pedaqoji təhsil alanlara bu mövzuları dərindən mənimsətmək lazımdır. Müəllim və rəhbərlər bu məsuliyyətin altına girməli, belə uşaqlara dəstək olmalıdırlar. Yalnız onda öz övladının yanında fərqli uşaq görmək istəməyən ailələrin sayı azalar. Fərqliliklərə hörmət edən cəmiyyət yetişər.

Bağçalardakı çatışmazlıqlardan biri də fiziki imkanlardır. Bir çox məktəbəqədər təhsil müəssisəsində kifayət qədər həyətyanı sahə yoxdur. Məktəb rəhbərləri sərhədli bağça ilə kifayətlənmək məcburiyyətindədirlər. Bu isə arzulanan, planlaşdırılan işlərin reallaşmasını çətinləşdirir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları