Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-18 12:44:00
“Çalışacağam ki, klassiklərimizin davamçılarından olum”

Şəbnəm Əsgərli: “Müsabiqələrə qatıldıqca təcrübəm artır”

Qarşımda olduqca  səmimi,  bir az da dilli-dilavər  qız dayanmışdı. Biz onunla  tez bir zamanda dostlaşdıq.  Olduqca maraqlı həmsöhbət  idi. Adı Şəbnəm, soyadı isə  Əsgərlidir.  Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən  İncəsənət Gimnaziyasında  təhsil alır. Bu sənətə necə bağlandığı   ilə əlaqədar  fikir və düşüncələrini dinləmək arzusunda olduğumu  bildirəndə  xoş bir təbəssüm qondu  onun üzünə və  tərəddüd etmədən hələ  erkən yaşlarında ikən rəsm çəkməyə necə həvəs göstərdiyi, eləcə də ötən bu illər ərzində  qazandığı uğurlar  barədə qürur hissi ilə  danışmağa başladı.

Hələ sənətdə sözünü tam deməyən, ancaq bu əsrarəngiz rəng çalarlarının qovşaqlarında yaradıcılıq manevrləri etməklə öz xəyal  dünyasının  sözlə ifadə olunmayan məqamlarını  fırçanın qüdrəti və istedadın məharəti ilə  canlı obrazlara çevirərək  tamaşaçıların müzakirəsinə təqdim etməyə  canla-başla  çalışan  tələbə  rəssam qız danışdıqca  dahi rəssamların, heykəltəraşların, musiqiçilərin, bir sözlə, bütün karifeylərin həyat tarixçələrinin təkrarlandığı qətiyyətində oldum. Sanki bir tələbənin dilindən  deyil, qeybdən eşidilirdi  bu səs, bu tanış sözlər, bu tanış ifadələr. Sən demə tarix təkrarlandığı kimi, yaradıcı insanların həyat tarixçələri,  yaradıcılıq taleləri də eynilə yeni  rakursda təzələnir, təkrarlanırmış.

Rəngli karandaşlardan özümü bir an belə ayrı hiss etmirdim

Uşaq yaşlarımdan oyuncaqlarım  da  elə rəngli karandaşlarım olub. Sonradan öyrəndiyimə görə elə bütün uşaqlarda  erkən yaşlarında  şəkil çəkməyə həvəs çox olur. Amma  təvazökarlıqdan kənar olsa da deməliyəm ki, bu həvəs məndə bir balaca başqa cür baş verdi və mən rəngli karandaşlardan özümü bir an belə ayrı hiss edə bilmirdim, hətta gecələr  yastığıma  başımı qoyanda da karandaşlarım  mənimlə yanaşı düzülməliydi  balıncımın üstünə.

Rəsm çəkməyə natürmortdan başlamışam

Bir əşyanın şəklini  normal çəkənə qədər bəlkə on vərəqi korlayırdım, məqsədimə nail olandan sonra  ancaq ürəyim rahatlaşırdı. Bax, beləcə, bu minvalla mən ətrafımda olan  nə varsa, bitkilərin, meyvələrin, sonra isə çətin də olsa insanların  rəsmlərini, portretlərini  kağız üzərinə köçürməyə başladım. Bu minvalla mən rəssamlıq sənəti sahəsində qazandığım uğurlara beləcə   erkən yaşlarımda tədricən imza atmağa  başladım. Atam mənə  o qədər  rəngli karandaşlar alırdı ki!  İlk öncə rəsm çəkməyə natürmortdan başlamışam. Sonra isə yavaş-yavaş Azərbaycan nağıllarındakı sevdiyim obrazları rəsmlərimdə canlandırmağa çalışırdım. 

Rəsmlərimə tamaşaçı gözü ilə baxıram

Rəsm müəllimim Vaqif Ucatay mənə rəngkarlıq sənətinin sirlərini böyük ustalıqla və əzmkarlıqla öyrədir. Bu gün mən yaradıcılıq potensialımdan məharətlə istifadə etməyə çalışıram ki, gələcəkdə mahir fırça ustalarından biri kimi tanınım, həm özüm məşhur olum, həm də müəllimimin üzünü ağ edim. Mən hər hansı bir əsəri işləyib qurtardıqdan sonra ona tamaşaçı gözü ilə də baxıram, əgər zövqümü oxşamırsa, gözüm onu tutana qədər  üzərində işləməli, çatışmayan elementləri əlavə etməliyəm.Yeri gəlmişkən deyim ki, rənglər portret cizgilərində xarakteri təzahür etdirən ən mühüm amildir. Rəssamlıq  peşəsi təsviri incəsənətin ən qədim növlərindən biridir. Bu peşənin sahibləri rənglərdən  ustalıqla  istifadə etməklə öz hisslərini, arzu və duyğularını, yaradıcılıq potensiallarını ortaya qoyurlar.

Rəsmlərdə milli üsluba, qrafikaya daha çox üstünlük verirəm və rəng çalarlarını mövzuya uyğun seçirəm. Mürəkkəb kompozisiyalar yaratmaq üçün müxtəlif üsullardan istifadə etmək hobbimdir. Həm respublika, həm də beynəlxalq rəsm müsabiqələrinə qatıldıqca təcrübəm çoxalır, necə deyərlər, püxtələşirəm.

“Qoy həmişə günəş olsun!”

Uğurlarım artdıqca məsuliyyətim də artır. İçərişəhərdə “Nur Art House” qalereyasında Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr edilmiş “Qoy həmişə günəş olsun!” adlı uşaq və gənclərin rəsmlərindən ibarət sərginin açılışı oldu. Azərbaycan Rəssamlar İttifaqının üzvü, keçəçi-rəssam Rauf Əbdülhüseynoğlunun rəhbərlik etdiyi Uşaq yaradıcılıq qrupunun birgə layihəsi olan bu sərgidə mənim də on rəsm əsərim nümayiş olundu. Rənglərdən düzgün istifadə etməyimi  alqışladılar və diplom qazandım. Münsiflər heyəti diplomu mənə təqdim edəndə sevincimin hədd-hüdudu yox idi. Böyük sənətkar Rauf Əbdülhüseynoğlundan öyrəndiyimiz sənət sirlərini rənglərin dili, qələmin, fırçanın gücü ilə ifadə edərək rəngkarlıq, qrafika və batika janrlarında əl işlərimizi tamaşaçılara nümayiş etdirdik. Rəsmlərim bir-birindən mövzuca fərqli və maraqlı idi. Daha çox isti rənglərdən istifadə etmişdim.Yaratdığım kompozisiyalarımın əksəriyyəti mövzu etibarı ilə mürəkkəb olsa da başadüşülən idi. 

“Dünyanın səsini duyaq” 

“Dünyanın səsini duyaq” Beynəlxalq festival keçiriləcəyini eşitdikdə çox sevindim və festivala qatıldım. Festivala  dünyanın  müxtəlif ölkələrindən - Amerika Birləşmiş Ştatları, Kanada, İngiltərə, İtaliya, Çexiya, Ukrayna, Polşa, Belarus, Qazaxıstan, Bolqarıstan, Gürcüstan, İspaniya, Şimali Kipr Türk Respublikasından çoxlu sayda istedadlı uşaqlar, tələbələr qatılmışdılar. “Bir səma altında yaşayırıq, işləyirik, yaradırıq” gənc istedadların XVI beynəlxalq  festivalı  Ukraynanın  Mijqore şəhərində keçirildi. Bu beynəlxalq festivalın təşkilatçıları UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (Təşkilatın rəhbəri yazıçı-jurnalist, Ukraynanın əməkdar jurnalisti Vasili Fyodoroviç Tarçinetsdir), eləcə də UNESCO-nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzi, “NUR Art House”, “Resurs” Gənclərin İnkişafı Mərkəzi İctimai birlikləri və “Educenter” təşkilatı, “Təhsil dünyası” qəzeti idilər. Festivalda istedadlı rəssamlarımız  öz əl işlərini nümayiş etdirirdilər. Mənim  də “İçərişəhər”, “Eyfel qülləsi”, “Dnepr sahilində axşam”, “Bakı”, “Köhnə Bakı”, “Qobustan”, “Karvan” və digər rəsmlərim münsiflər tərəfindən dəyərləndirildi.  “Muğam” adlı rəsmim münsifləri, ümumiyyətlə, heyrətləndirdi.

Qran-pri mükafatı qazandım

Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları öz milli üslublarında fərqli mədəniyyət və adət-ənənələrini öz rəsmlərinin dili ilə  tərənnüm  etmişdilər.  Sevindim ki,  bu festivaldan üzüağ çıxdım və  Qran-pri mükafatı aldım. Çalışacağam  ki, gələcəkdə Azərbaycanın dünyaşöhrətli rəssamlarından olan   Səttar Bəhlulzadənin, Tahir Salahovun, Mikayıl  Abdullayevin, Toğrul Nərimanbəyovun  və digər klassiklərimizin  davamçılarından biri də mən  olum.

Şəbnəmin rəsmlərini seyr edərkən onun böyük istedad sahibi olduğuna məndə zərrəcə şübhə yeri qalmırdı. Bu dilli-dilavər qız qazandığı bütün uğurlara  yalnız gərgin əməyi, işgüzarlığı, ən başlıcası isə bu peşəyə olan hədsiz sevgisi, məhəbbəti sayəsində imza atmışdı.  Bir saat öncə rəssamlıq sənətinin sirlərinə həvəslə yiyələnməkdə davam edən  bir tələbə qızla tanış olmuşdum, ancaq ayrılanda  mahir  peşə sahibi ilə həmsöhbət olduğuma  şübhəm qalmadı.(Azərbaycan müəllimi)