XƏBƏRLƏR

21.07.2019 17:18
Azərbaycan təhsil tarixinin ən acıtaleli müəllimləri - Mətbuat-144

AzEdu.az  milli  mətbuatımızın 144 illiyi münasibətilə publisistik yaradıcılıqla yanaşı, həm də maarif sahəsində də misilsiz xidmətləri olan və ağrılı  ömür yaşayan  aydınlardan bir neçəsini təqdim edir:

Fərhad Ağazadə - 1880-ci ildə Şuşa şəhərində anadan olan mətbuat xadimi yaradıcılığının ən bəhrəli çağında sağalmaz xəstəliyə tutulub və ömrünün sonuna qədər bu xəstəlik ona acı bir tale yaşadıb. Bu xəstəliyə qədər xüsusən də Cumhuriyyət dövrü mətbuatının, “Azərbaycan” qəzetinin ən fəal yazarlarından olan Fərhad Ağazadə həm mətbuat, həm maarif sahəsində xeyli işlər görmüşdü. Əlifba islahatı aparan şəxslərdən biri də o idi. Lakin 1929-cu ildə sağalmaz xəstəliyə tutulur. Qida borusu get-gedə daralır. Mahaçqala, Sankt-Peterburq və Moskva kimi şəhərlərdə onu müalicə edə bilməyib əməliyyata salmaq istəyirlər. Lakin Ağazadə buna razı olmur. Həyat yoldaşına yazdığı məktubda “əgər əməliyyata aparsalar, gəlib evdə oturacağam” deyir. Bununla da ardıcıl olaraq faciələr bir-birini əvəz edir. XX əsrin böyük əlifba islahatçısı bunlara çox davam gətirə bilmir.

Abdulla Sur- cəmi 29 il ömür sürən Abdulla Sur Azərbaycan mətbuatının nakam taleli imzalarındandır. XX əsrin əvvəllərində “Şərqi-rus”, “Həyat” və “İrşad” kimi qəzetlərdə çalışan gənc nasir həm də qısa ömrünə baxmayaraq Azərbaycan ədəbiyyatında sentimental cərəyanın yaradıcılarından biri kimi tanınıb. Nakam tale onun əsərlərində də özünü göstərir. Gənc yaşlarında ağır xəstəliyə tutulub və cəmi 29 yaşında vəfat edib.

Axund Yusif Talıbzadə - Yusif Ziya Talıbzadə kimi də tanınan maarifçi generalın da taleyi acınacaqlı olub. Cəmi 46 il ömür yaşayan Talıbzadə həm din, həm maarif, həm siyasi, həm mətbuat, həm də hərbi xadim kimi özünü yüksək səviyyədə göstərib. Hacı Zeynalabdin Tağıyevin ən çox etibar etdiyi şəxslərdən birincisi olub. Yusif Ziya və onun acı, eləcə də şərəfli taleyi ilə bağlı yazdıqca bitməz. Bir müddət həbs olunsa da, Nərimanov özü ona zəmin durur və həbsdən xilas etdirib. 
1922-ci ilin axırlarında Bakıya qayıdıb, Nəriman Nərimanovla görüşür, sovetlərə qulluq etmək istəmədiyini, bu quruluşla uyğunlaşa bilmədiyini söyləyib. N.Nərimanov Sovet İttifaqı sərhədlərini tərk etmək üçün ona rəsmi sənəd verir. Elə bu vaxtlarda biz Yusif Ziyanın Türkmənistanda, Orta Asiyada və s. yerlərdə basmaçılara qoşularaq Qızıl ordu ilə vuruşlarda iştirak etdiyini görürük. Basmaçılarla bir sırada Yusif Ziya ilə bərabər, istilaçı rus ordusuna qarşı döyüşən və sonralar görkəmli alim kimi məşhurlaşan professor Zəki Vəlidi Toğan tərəfindən yazılmış xatirə bu baxımdan çox əhəmiyyətlidir. Xatirələr Orta Asiya türklərinin azadlıq mübarizəsinin tarixi faktlara əsaslanan geniş mənzərəsini yaradır. Yusif Talıbzadə 1923-cü ildə vəfat edib. Onsuz da məşəqqətli ömür sürən Yusif Ziyanın ölümü də faciəvi olur. O, 1923-cü ildə Qırmızı Ordu ilə döyüşlərin birində ağır yaralanır. General-mayor yaralı halda Amu-Dərya çayını keçərkən boğulub ölür.

Ömər Faiq Nemanzadə - bu sırada ilk adı çəkiləsi şəxslərdən biri də Ömər Faiq Nemanzadədir. O, Azərbaycanda və Gürcüstanda bir neçə sektorda ömrünün sonuna qədər aramsız mübarizə aparıb. Həm maarif, həm mətbuat, həm də ictimai sahədəki fəaliyyəti onu yoldaşlarından fərqləndirirdi. “Şərqi-rus”, “Molla Nəsrəddin” kimi mətbu orqanlardakı yoldaşları Ömər Faiqin fantastik məhsuldarlıq qabiliyyətinə təəccüb edirdilər. Sabirin ona həsr etdiyi şeirdə “Öməra, demədim sən də heyifsən” misrası hər şeyə aydınlıq gətirilir. Mirzə Cəlil də onun zəhmətsevərliyinə həsəd aparırdı və yazdığı bir neçə məktubda “Moll Nəsrəddin”i Ömər Faiqə həvalə etdiyini açıq bildirirdi. Amma çox təəssüflər olsun ki, bütün ömrünü maarifçi mübarizəyə həsr edən Ömər Faiq hər zaman çətin bir həyatın qəlibindən çıxa bilməyib. Maddi və mənəvi problemlər, kənardan gələn təzyiqlər onun həyatını qaraltmışdı. Sonda Stalin repressiyası onu da yaxalayıb və Ömər Faiq əfəndi bir güllə ilə öldürülüb.

Məhəmməd Hadi – bu şəxsin həyatı başdan-başa iztirabla dolu olub. Uşaq vaxtından həm özü, həm də balaca bacı-qardaşı başqalarının himayəsində yaşayıb. Dövrün iki məşhur mətbu orqanında- “Həyat” və “Füyuzat”da çalışan Məhəmməd Hadi ömrünün sonunda şeirlərini satmaqla çətinlikıə dolanırmış. 1907-ci ildə "Füyuzat" qapandıqdan sonra o, "Tazə həyat" və "İttifaq" qəzetlərində işləyib.

Səid Səlmasi – bu gənc yazıçı da qısa ömründə bir sıra çətinliklərlə üzləşib. Əslən Cənubi Azərbaycandan olsa da,  Şimalın başda “Füyuzat” dərgisi olmaqla adlı-sanlı mətbu orqanlarında çıxış edib. Mətbuat işlərini Arazın o tayında sürətləndirmək istəyərkən cəmi 22 yaşında irticaçılar tərəfindən qətlə yetirilib.

Salman Mümtaz – XX əsrin ilk yarısındakı Azərbaycan mətbuatının 41 ili Salman Mümtazın adı ilə bağlıdır. Görkəmli ədəbiyyatşünas, publisist ən məhsuldar çağlarını “Molla Nəsrəddin”də keçirib və orada “Sərçəqulu bəy”, “Xortdan bəy” imzaları ilə çıxış edib. Repressiya dalğası Salman Mümtazı da gedər-gəlməzə aparıb. Onu təcili olaraq həbs edib, sürgün yollayıblar. Dörd ildən sonra isə Salman Mümtaz uzun müddət davam edən məşəqqətlər nəticəsində  dünyasını dəyişib.

Ceyhun Hacıbəyli – Ceyhun bəy əsasən ictimai-siyasi xadim kimi tanınsa da, mətbu fəaliyyəti də olub. AXC-in rəsmi orqanı olan “Azərbaycan” qəzetinin əsas yazarlarından olan Ceyhun bəy cəmi 29 yaşı olanda dövlət xətti ilə Parisə gedib. Lakin vəziyyət tamamilə dəyişdiyindən o, geri dönə bilməyib. Min bir zülümlə gənc xanımını və kiçik yaşlı oğlunu Parisə apartdıra bilib. Oradakı həyatı isə daha faciəli olub. Həm qürbətin mənəvi sıxıntısı, həm də maddi problemlər onun həyatında dərin izlər qoyub. Buradakı ailəsi sonadək onun nə vaxtsa qayıdacağına inanırdı. Üzeyir Hacıbəyli öz qəbrinin yanında onun da qəbrinin qazılmasını vəsiyyət etmişdi ki, əgər nə zamansa Bakıya gəlib burada vəfat etsə, Ceyhun bəyi onun yanında dəfn etsinlər.

İlin gənc müəllimi-Müraciət formu