Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-17 11:50:38
MİQ müsabiqəsinin ən güclü müəllimi – “Bəzi həmkarlarımı özüm hazırlamışam”  

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin növbəti test imtahan  mərhələsi keçirilib.

Müsabiqənin test mərhələsinin növbəti günündə ibtidai sinif müəllimi olmaq istəyənlər imtahanda iştirak ediblər.

İbtidai sinif müəllimi olmaq istəyən namizədlərdən Aysel Məmmədova 58 bal toplayaraq, yüksək nəticə əldə edib.

O, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsini bitirib.

Aysel Məmmədova  müsabiqə təəssüratlarını AzEdu.az-la bölüşüb.

“Universiteti bitirdikdən sonra özəl kurslarda müəllim kimi fəaliyyətə başladım.  2016-cı ildə MİQ-in test imtahan mərhələsində 55 bal toplayaraq,  Səbail rayon 50 nömrəli məktəbə təyinat aldım.

Sonra  müəllimlərin yerdəyişməsi müsabiqəsindən   yararlanaraq, Mehdiabad qəsəbəsi 2 saylı məktəbə keçdim:

2015-ci ildə 45, 2016-cı ildə 55, 2017-ci ildə 53 bal topladım və iki dəfə də diaqnostik qiymətləndirmədə (53 bal hər ikisində) iştirak etdim.

MİQ müsabiqəsinə özüm hazırlaşmışam. Kurs və müəllim yanına getməmişəm. Hətta özüm müəllimləri hazırlaşdırıram. Onlara ixtisas və kurikulumdan köməklik edirəm”.

Müsahibimiz qeyd edib ki, imtahan prosesi çox şəffaf  keçib:

“Müsabiqə prosesini müşahidə etdim və heç bir qaranlıq məqamla rastlaşmadım.

Müsabiqədə iştirak edən müəllimlərə tövsiyəm odur ki, öz üzərlərində çalışsınlar. Hər şey kursdan asılı deyil, insan özünü inkişaf etdirməyi bacarmalıdı. Çox oxuyanda yüksək nəticə əldə etmək mümkün olur. Məsələ iki kitab oxumaq və test əzbərləməklə bitmir. Dərindən oxumaq lazımdı”.

Aysel Məmmədova müsahibəsində təqdim edilən test nümunələrinin çox da çətin olmadığını vurğulayıb:

“Lakin onlar diqqət tələb edir.  O qədər savadlı və bilikli olmaq lazımdı ki, testlərdəki incəliyi görmək mümkün olsun.

Özüm hazırda Mehdiabad qəsəbəsində qaldığım üçün buraya yaxın bir məktəbi seçməyi düşünürəm.

Dərs prosesində şagirdlərimin daha yaxşı mənimsəməsi üçün əlavə vəsaitlərdən istifadə edirəm. Onlara yaradıcı tapşırıqlar verirəm. Kurikulumun incəliklərini öyrədirəm. Standart dərs metodlarından istifadə etmirəm.

Tanıdığım ibtidai sinif müəllimləri öz üzərlərində çalışan və yeniliklərə açıq insanlardı. Savadlı gəncliyin yetişməsində ibtidai sinif müəllimlərinin rolu yüksəkdi. Tövsiyə edərdim ki, müəllimlər elə gənclər yetişdirsinlər ki, onlar gələcəyin şəxsiyyəti olsunlar.

Gələcək hədəflərimdən biri müsabiqələrdə iştirak etməkdi. İbtidai sinif müəllimliyi adına daha gözəl işlər görmək istəyirəm.

Müsabiqədə heç bir texniki problemlə qarşılaşmadım. Bəzi sosial şəbəkələrdə texniki problemlərlə bağlı yazılanlar biliyi az olan insanlar tərəfindən irəli sürülüb”.

Şükufə Süleymanlı