XƏBƏRLƏR

10.07.2019 16:15
Şagirdin təhsilə marağını artırıb, onu il ərzində uğurlu edəcək vacib metod - Dərs cədvəlinin düzgün hazırlanması-TƏHLİL        

Ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin normal təşkili üçün əsas şərtlərdən biri də dərs cədvəlinin düzgün tərtibidir. O cədvəl ki, müəllimin motivasiyasına, şagirdin öyrənmək həvəsinə ciddi təsir göstərir, vaxt itkisinin qarşısını alır.

Qanunvericilikdə dərs cədvəllərinin tərtibi ilə bağlı mütləq normativlər nəzərdə tutulmayıb. Amma “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” sırasında dərs cədvəlinin tərtibinə qoyulan tələb kimi bunlar qeyd edilib:

…Müəyyən pedaqoji prinsiplərin gözlənilməsi, fənlərin məntiqi cəhətdən bir-birini tamamlaması, çətin fənlərin nisbətən asanlarla növbələşməsi, çətin fənlər üzrə ikidən artıq dərsin ardıcıl salınmaması, həftənin şənbə günü bir fənn üzrə qoşa dərslərin cədvələ daxil edilməməsi...

Şagirdlərin fəal olduqları dərs saatları

Müşahidələr göstərir ki, şagirdlərin təlim keyfiyyəti heç də həftənin bütün günlərində eyni olmur. Çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri onların iş qabiliyyəti çox yüksəlir. Bazar ertəsi şagirdlər dərsə istirahət günündən sonra başladıqlarına görə, onlarda müəyyən yorğunluq və süstlük hiss olunur. Bu yorğunluq altıgünlük iş rejimi ilə işləyən məktəblərdə həftənin son dərs günü də onları təqib edir.

Gün ərzində ən yüksək tədris keyfiyyəti ikinci, üçüncü və dördüncü məşğələ saatlarında olur. Birinci məşğələ saatları şagirdlərin adaptasiyasına həsr olunur, sonuncu saatda isə yorğunluq duyulur.

Mərhum Əməkdar müəllimin hələ də unudulmayan qızıl tövsiyələri

Mütəxəssislər dərs cədvəlinin tərtibi ilə bağlı müxtəlif metodiki tövsiyələr veriblər. Məsələn, İmişli rayonu 2 saylı Aranlı kənd orta məktəbinin keçmiş direktoru, mərhum Əməkdar müəllim Malik Aranlı mövzu ilə bağlı dəfələrlə pedaqoji məsləhətlər verənlərdən olub. Onun çoxlarına məlum olan geniş cədvəl meyarları arasındakı əsas kriteriyalara diqqət edək:

Malik müəllim çətin fənlər üzrə ikidən artıq dərsin cədvələ ardıcıl salınmasının tərəfdarı deyildi. Böyük həcmli ev tapşırıqları ilə fərqlənən bir neçə fənnin eyni günə salınmasını məsləhət görmür, dərslərin xarakter və məzmunca müxtəlifliyini vacib hesab edirdi.

Hesab edirdi ki, müəllimin bir fənn üzrə olan dərslərini paralel siniflərdə eyni dərs gününə salmaq lazımdır. Belə olduqda, müəllimin məşğələlərə hazırlaşması asanlaşır. Bu, eyni zamanda şagirdlərin biliyində olan kəsrləri müəyyənləşdirməyə, dərhal təhlil aparmağa və geriləyənlərə vaxtında kömək etməyə imkan yaradır.

Malik Aranlı uzun illər ərzində topladığı təcrübələrə əsaslanaraq sinif rəhbərinin dərsdən sonra siniflə söhbət aparması üçün dərsinin bazar ertəsi, sonuncu saat olmasını, həmin günlərdə sinif rəhbərinin siniflə işləməsi üçün başqa məşğələlərdən azad olunmasını məsləhət görürdü.

“Sinif rəhbəri olan şəxs bunları qəbul etməlidir”

Kəlbəcər rayon 23 saylı tam orta məktəbin direktoru  Həqiqət Şükürova isə əksini düşünür. Onun fikrincə, sinif rəhbəri cədvəldə dərsi olub–olmamasından asılı olmayaraq, hər gün məktəbə gəlməlidir:

“Sinif rəhbərlərinə deyirəm ki, dövlət sizə vəzifə maaşı ayırır. Sinfin bütün işlərinə cavabdehsiniz. Sinif rəhbəri dərsinin olub – olmamasından asılı olmayaraq, 5 gün məktəbdə olmalıdır. Sinif rəhbərliyini götürən şəxs bunları qəbul etməlidir. Etmirsə, bu işi daha uyğun birinə veririk.

Hər kəs öz işinə cavabdeh olanda direktorun da işi rahatlaşır. Sinif rəhbəri dərsinin neçənci saata salınması ilə bağlı mübahisə etməməlidir. Bu sinif onundursa, istənilən saatda məktəbdə olmalıdır”.

Düzgün cədvələ qoyulan gənc tələblər

Gənc direktorun dərs cədvəlini tərtib edərkən əsas tutduğu kriteriyalar isə bunlardır:

“Şagirdin beynini yormaq olmaz. Azərbaycan dili, Riyaziyyat, Tarix, Coğrafiya kimi əsas fənlərin arasında digər fənlərə yer vermək lazımdır. Rəsm, Fiziki tərbiyə kimi fənləri sonuncu saata salmaq olmaz. Belə olduqda, bu dərslər çox vaxt boş keçir. I saata salınanda isə müəllim dərsə gec gələ bilər. O dərslər əsas fənlər arasına salınıb şagirdin zehni yorğunluğunun çıxarılması üçündür.

Xarici dil fənni birinci və ya ikinci saat tədris olunmalıdır. Çünki bu fənnin proqramı bir qədər ağırdır. Üstəlik, hər şagirdin dili qavrama qabiliyyəti fərqlidir. Ümumiyyətlə, əsas fənlər birinci və sonuncu saat tədris olunmalıdır.

Qoşa saatlar şagirdi çox yorsa da, bunun tərəfdarıyam. Çünki fənn qoşa saata salınanda hər kəs dərsdə fəal iştirak edir, mövzunu bütün məktəblilərə mənimsətmək olur”.

Həqiqət xanımın cədvəl üçün qoyduğu tələblər təcrübi xarakter daşıyır. Amma onu da qeyd edək ki, dərs cədvəli hazırlanarkən müəllimlərin əyani vəsait və şəraitdən (kompüter otağı, müxtəlif laboratoriyalar, idman zalı və s.) yararlanmasının zəruriliyi də nəzərə alınmalıdır. Cədvəlin işə yeni başlayan gənc müəllimlərin təcrübəli həmkarlarının dərslərində iştirakına şərait yaratması da müsbət tendensiya olardı.

“Müəllimin şahidliyi ilə, amma müdaxiləsi olmadan…”

Onun sözlərinə görə, cədvəl tərtib edilərkən müəllimlərin müdaxiləsi direktoru çətin vəziyyətə salır:

“Bəzən müəllimlər elə bilirlər ki, məktəbdə dərs saatı çoxdur, yarısını onlara verib, qalanını gizlədirəm. Halbuki hər biri məktəbdəki dərs yükündən xəbərdardırlar.

Buna görə də cədvəl hazırlanarkən müəllimlərin fikrini nəzərə almıram. Yalnız 2 yerdə işləyən, elmi fəaliyyətlə məşğul olanların fikri nəzərə alınır. Dərslərinin digər işləri ilə toqquşmamasına çalışıram. Digər müəllimlərlə dərs bölgüsü müzakirə olunmur. Cədvəli seçmək müəllimin ixtiyarına verilirsə, orada tədrisin keyfiyyətindən söz gedə bilməz. Çünki müəllim dərs cədvəlin artıq öz işinə uyğun quracaq, pedaqoji prinsipləri unudacaq.

Bundan əlavə, yolu uzaq olan müəllimləri nəzərə alır, onların dərsini ilk saata salmıram.

Ümumiyyətlə, cədvəl hazırlanarkən şəffaflıq prinsipinə əsaslanıram. Cədvəlini hazırlananda bütün müəllimlər orada olur. Məktəbdə hər fənn üzrə neçə saat dərs olduğunu hər kəs bilir. Məsələn, 2 fənni tədris edən 2 kadr, 40 saat Azərbaycan dili fənni varsa, o, müəllimlər arasında bərabər bölünür. Fənni tədris edən bir müəllimdə 14 saat dərs varsa, onunla eyni tədrisi aparan bütün həmkarlarında da eyni qədər dərs olmalıdır.

Bütün direktorlara cədvəli müəllimlərin şahidliyi ilə, amma onların müdaxiləsi olmadan tərtib etmələrini məsləhət görürəm. Belə olduqda, heç kim narazı qalmır və problem yanaşmır.  Şəxsən mən 1 saat dərsin üstündə müəllimlə mübahisə etməyi özümə yaraşdırmıram”.

O, digərlərindən fərqli olaraq, ibtidai siniflərin dərs yükünün azaldılmasının tərəfdarı deyil. Əksinə, düşünür ki, dərsliklərə daha geniş və maraqlı mövzular salınmalı, həyati bacarıqları, məntiqi təfəkkürü inkişaf etdirən fənlərə üstünlük verilməlidir.

Dünya təcrübəsi – Müəllim fikrinə əsaslanan tərtibat

Həqiqət xanım Almaniya, Türkiyə, Çexiya kimi ölkələrdə də olaraq onların tədris sistemi ilə yaxından tanış olub. Bildirir ki, bu ölkələrdə də dərs cədvəlini rəhbərlik tərtib edir. Amma müəllimlərin fikirlərinə üstünlük verilir:

“Orada ibtidai sinif müəllimi dərs bölgüsünü özü aparır. Onlarda sərbəstlik daha çoxdur. Düzü, ö ölkələrdən götürülüb tətbiq olunacaq çox şey var, amma cədvəl barəsində bizim sistemə üstünlük verirəm.

Almaniyada 1 ibtidai sinifdə 2 kadr dərs deyir: Müəllim və onun köməkçisi. Müəllimin işi yüngülləşdirilib. Amma bizdə bir nəfər o qədər işi 45 dəqiqədə necə çatdıracağını bilmir. İndi hazırlıq qrupları ibtidai sinif müəllimlərinin işini bir qədər yüngülləşdirib. Amma cədvəl tərtibinə nəzər salsaq, bizdə proqram onlarla müqayisədə çox düşündürücü, ağırdır”.

Qeyd edək ki, düzgün cədvəl şagirdin yalnız məktəbdə deyil, dərsdən sonrakı vaxt bölgüsünə də təsir göstərir. Çünki gərgin dərs qrafikinə əsaslanaraq tərtib edilən cədvəl yeniyetmənin zehni yorğunluğuna səbəb olur. Belə olduqda, o, dərsə də həvəssiz yanaşır.

Unutmayaq, mükəmməl tədris düzgün planlamadan başlanır.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu