XƏBƏRLƏR

28.06.2019 15:25
Rafael Hüseynov: Suriyada qədim sivilizasiya inciləri məhv edilir

Sonu görünməyən, üzücü müharibəni yaşamaq hər xalq, hər ölkə üçün çox ağırdır. 2011-ci ilin martından etibarən artıq 9-cu ildir ki, Suriya bu dəhşətin içərisindədir. Adı vətəndaş müharibəsi qoyulsa da, bu ölkəyə kənardan hansı uzun əllərin müdaxilə etdiyi sirr deyil. Suriya müharibəsinin əvvəldən yalnız bu ölkənin müharibəsi olmadığı da bəllidir. Qlobal siyasi intriqalar, maraq kəsişmələri, böyük iddialar Suriyanı faciəvi düyün nöqtəsinə çevirib. Gözlərimiz qarşısında ən böyük insanlıq faciələrindən biri yaşanır: həlak olanlar, yaralananlar, sağalması müşkül psixoloji zədə alanlar, gələcəyə ümidini itirən, yeni qaçqınlar axını yaradan bədbəxt insanlar.

AzEdu.az xəbər verir ki, bu fikirləri AŞPA-da “Suriyada vəziyyət: siyasi həll üçün perspektivlər” adlı məruzənin müzakirələri zamanı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov söyləyib.

Deputat bildirib ki, narahatlıq doğuran ciddi səbəblərdən biri də davamlı olaraq münaqişənin həll edilməsinə deyil, daha da mürəkkəbləşməsinə xidmət edən xəbərlər alınmasıdır. Hər kənar müdaxilə isə mövcud alovu körükləməkdir. Məsələn, heç bir beynəlxalq razılaşma olmadan təcavüzkar olduğu dünyaya yaxşı bəlli olan Ermənistan da Suriyaya hərbi qüvvə göndərir. Həm də bu dövlət səviyyəsində, rəsmən edilir. Belə müdaxilə isə o qədər əcaibdir ki, hətta Ermənistanın özündə də bu addıma qarşı etirazlar səslənir. Suriya faciəsindən kənar qüvvələrin məkrli niyyətlərlə bu qəbildən olan hər istifadəsi təbii ki, vəziyyəti daha da çətinləşdirir. Lakin Suriya müharibəsi yalnız ayrı-ayrı insanların başına gələn müsibət deyil. Qədim sivilizasiya inciləri illərdir ki, dağıdılır, məhv edilir və bu proses davam etməkdədir. Pərdə arxasında məkrli qüvvələrin dayandığı bu müharibə həm də bizə, hamımıza qarşıdır. Suriyanın bombardman edilən, xarabazara çevrilən şəhərləri, yox edilən abidələri yalnız ərəbinki deyil. Min illər, yüz illərlə mövcud olmuş, indi yer üzündən silinən bu sərvətlər həm də ingilisinkidir, fransızınkıdır, italyanınkıdır, almanınkıdır, bütün bəşəriyyətinkidir. Bütöv bir tarix yox edilir və dünya da buna dözür.

“Mənə, ölkəmə və xalqıma Suriyada baş verənlərin birbaşa təsiri var, müdhiş zərbələri də davam etdirir. Orada, qədim Hələbdə atılan hər bir güllə, partlayan hər bir mərmi mənə və xalqıma doğma olan bir insanı diksindirir. Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsimi bu gün dünyanın çox dillərində danışır. İnsanı tərənnüm edən, onu ilahi mərtəbəyə qaldıran bu böyük humanist dünyanın az şairlərindəndir ki, son yarım əsrdə UNESKO onun yubileylərini 3 dəfə qeyd edir. 1970-ci illərin əvvəllərində anadan olmasının 600, 2017-ci ildə vəfatının 600, indi isə doğumunun 650 illiyi böyük ədəbiyyat bayramı kimi UNESKO-nun təqvimindədir”, - deyə R.Hüseynov diqqətə çatdırıb.

Deputat qeyd edib ki, Nəsimi mütərəqqi ideyalarını, fəlsəfi təlimini yaymaq üçün daim yollarda olmuş, Orta Asiyadan Anadoluya, İrana, İraqa səfərlər etmiş, əsərlərini 3 dildə -Azərbaycanca, farsca və ərəbcə yazmışdır. Humanist ideallarına, dövrünə sığmayan cəsarətli fikirlərinə, bədii və fəlsəfi əsərlərindəki tükənməz enerjiyə görə mühafizəkar qüvvələrin təhriki, orta əsrlər müsəlman inkvizisiyasının fərmanı ilə 1417-ci ildə Nəsimini Suriyada, Hələb şəhərində əzablı bir ölümlə qətlə yetirilib. Lakin bu əzabkeşi xalqın ürəyindən çıxarmaq mümkün olmamış, elə həmin çağlardan başlayaraq Nəsiminin məzarı insanların müqəddəs saydığı bir məkana çevrilmişdir. Bu gün də eyni məhəbbət və sayğı davam etməkdədir. Şairin Vətəni Azərbaycanda onun abidələri ucalır, Bakı şəhərinin rayonlarından biri onun adını daşıyır, əsərləri məktəblərdə tədris edilir, bu gün Azərbaycanda adı Nəsimi olan minlərlə insan var. Həmin nəsimiləri, bizi dünya söz, fəlsəfi fikir tarixinin zirvələrindən olan bu əzabkeş şəxsiyyətin ən ciddi təhlükələr altında olan məzarının taleyi çox narahat edir. Dahi Nəsiminin xatirəsi ilə bağlı bu həyəcan və narahatlıq Suriya müharibəsinin doğurduğu saysız bəla və fəsadlardan yalnız biridir. Ona görə də bu problemin həllinə bütün beynəlxalq təşkilatlar da, aparıcı dövlətlər də məsuliyyət daşıyır. Problemin həll perspektivlərinin müəyyənləşməsindəki hər uğurlu cəhd və addım ən yüksək təqdirlərə layiqdir.

İlin gənc müəllimi-Müraciət formu