Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-17 14:11:00
Dünya universitetlərini işıqlandıran milli ziyalarımız –“Beyin axını”

 

 Tarix boyu Azərbaycandan Şərqə və Qərbə xeyli “beyin axınları” olub. SSRİ-nin iflasından sonra bu axının yeni dalğası baş verib.

AzEdu.az saytının araşdırması zamanı bəlli olub ki, Azərbaycandan “beyin axını” daha çox Rusiya, Türkiyə və Qərbi Avropa istiqamətində olub. 

 Müstəqilliyin ilk illərində Azərbaycandan işləmək üçün başqa dövlətlərə genənlər arasında Memarlıq və İnşaat Universitetinin keçmiş rektoru, mərhum Qeybulla Qeybullayev də olub. Elmi fəaliyyətinin gur vaxtında Türkiyəyə köçən alim  burada o zamankı Baş nazir Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri kimi də çalışıb. 

Kamil Vəli Nərimanoğlu – 1999-cü ilədək BDU-un filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasına rəhbəri də Türkiyəyə köç etmiş azərbaycanlı alimlərdən biridir. Həmin dönəmdə və ondan sonrakı illərdə Kamil Vəli Nərimanoğlu Konya Səlçuq Universitetinin fəxri doktoru adını alır və İzmir, eləcə də Şimali Kipr Yaxın Doğu və Ağdəniz universitetlərində dərs deyir. Hazırda professor Türkiyənin Yedditəpə Universitetində dərs deyir. 

Siyahımızda yer alan digər elm xadimi professor Vəli Şahmurovdur. V.Şahmurov 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib. 1978-1990-cı illərdə Bakı Dövlət Universitetində, 1991-1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində çalışıb. 1997-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsinin müəllimi olub. 2007-ci ildən isə qardaş ölkənin Okan Universitetində çalışmaqdadır. 100-dən çox monoqrafiyanın və 10 elmi layihənin rəhbəri olan Şahmurov müstəqilliyin ilk illərində alimlərin maddi böhranda üzməsi səbəbindən ölkəni tərk edən alimlərdəndir. 

“Beyin axını”ndan danışarkən Türkiyədəki Səlcuq Universitetinin professoru, kompüter və elektronika üzrə ilk mütəxəssislərdən olan Novruz Allahverdiyevi də unutmamaq gərəkdir. Hazırda o, Türkiyənin ən çox tələbəsi olan (71000) Səlcuq Universitetində çalışır. Nəhəng Universitetin  “bilgisayar başqanı“ adlandırılan professor azərbaycanlı ziyalılardan biri ilə söhbətində vətənə qayıdıb-qayıtmamağı məsələsinə fərqli  reaksiya verib. O, Azərbaycan elminin də Türkiyədəki kimi yüksək inkişaf edəcəyi təqdirdə vətənə dönmək fikrinin olacağından danışıb.

 Bu qeyd Kembric Universitetinin təsis etdiyi “Min böyük intellektual” ensiklopediyasına adı daxil edilən alimin Türkiyədə nə səbəbə çalışdığını aydın göstərir. 

Başqa ölkəyə köçən digər dəyərli alimimiz, riyaziyyatçı Elman Həsənoğludur. 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini “Lenin təqaüdü” ilə bitirib. Ondan cəmi bir il sonra elmlər namizədi elmi dərəcəsini alır, sonradan Ukraynanın Xarkov Universitetində çalışan E.Həsənoğlu fizika–riyaziyyat və radiofizika  üzrə sanbalı mütəxəssis kimi tanınır. 1991-ci ildə elə bu universitetdə doktorluq dərəcəsini qazanır. Hazırda qardaş ölkənin İşıq Universitetində fənn-ədəbiyyat fakültəsində matematik bölüm başqanı vəzifəsində çalışır. 

Fizika-riyaziyyat elmləri doktoru, professor Vərqa Kələntərov həmkarlarından həm də vətəndə çalışdığı üçün fərqlənir. Türkiyənin Koç Universitetində matematik uzmanı kimi tanınan Kələntərov vətəndə Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda da fəaliyyətinə xitam verməyib. 

Siyahıya əlavə edəcəyimiz daha bir nüfuzlu şəxs isə Türkiyənin Orta Doğu Texnik Universitetinin professoru Həmdulla Mehrabovdur. Mehrabov fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Bu səfər çox uğurlu keçmiş, o, buradakı Tokio, Osaka, Kioto, Naqoya, Çukubo, Xirosima, Nara və digər şəhər universitetlərində və elmi-tədqiqat mərkəzlərində elmi araşdırmalar aparmağa nail olur. Bundan başqa, alim-master və doktor tələbələri üçün yüksək səviyyədə dərslər apararaq yaponiyalı həmkarlarının dərin hörmətini qazanır. 1952-ci ildə Borçalı mahalında anadan olan professor hazırda fizika sahəsində dünyanın tanınan alimlərindən biri sayılır. 200- dən çox orijinal elmi məqalənin müəllifi olan alim öz fəaliyyəti sahəsində əldə etdiyi böyük nailiyyətlərə görə gizli səsvermə yolu ilə 2000-ci ildə dünya müsəlmanlarının akademiyası sayılan, İslam Dünyası Bilimler Akademiyasına həqiqi üzv seçilib. 

Azərbaycandan köç etmiş növbəti alim texnika elmlər namizədi Bəxtiyar Siracovdur. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin kompüter təminatı şöbəsinin müdiridir. Alim yuxarıdakılardan fərqli olaraq beyin axınını qurbanına çevrilməyib. O yenə də işlədiyi yerdə Azərbaycanı təmsil edir və Azərbaycan adına Beynəlxalq Atom  Agentliyində fəaliyyət göstərir. 1992-ci ildən çoxdur Avstriyada yaşayır.

 Məsud Əfəndiyev 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək  Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olub. İki il oxuduqdan sonra Məsud Əfəndiyev təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pilləsinə qalxaraq, uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib.
Artıq 19 ildir ki, Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində «Dinamik sistemlər» şöbəsinin müdiridir. Həmyerlimiz 2005-ci ildə Yaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Scionce - JSPS» təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb.

 Qərib Mürşüdov - bioinformatika sahəsində tanınmış mütəxəssis, Böyük Britaniya Birləşmiş Krallığı Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alim. Professor Qərib Mürşüdovun "Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı: etibarlı informasiyanın toplanması və istifadəsi" bioinformatika üzrə ən çox istinad olunan vəsaitlərdəndir. Alim bu kitabı ilə bioinformatikanı modern biologiya elminin zirvəsi olduğunu Avropaya sübut edə bilib. 
Qərib Novruz oğlu Mürşüdov 19 dekabr 1962-ci ildə Şəmkir rayonunda anadan olub. 1980-85-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsini təhsil alıb. 1989-92-ci illərdə isə  Rusiya Kristalloqrafiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib. 
1985-1987-ci illərdə AMEA-nın Fizika İnstitutunda, 1987-1993-cü illərdə Rusiya Kristalloqrafiya İnstitutunda çalışıb. 1993-cü ildən etibarən isə York Universitetində elmi fəaliyyətini davam etdirir. Elmdə istinad indeksi deyilən ölçü vahidi vardır. Mürşüdovun işlərinə istinadların sayı 10000-i keçib.

 Uzaq Koreyada çalışan İsmayıl Zülfüqarov 1959-cu ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsini bitirdikdən sonra AMEA-nın Bioloji Tədqiqatlar Elmi Mərkəzində akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları şöbəsində baş laborant kimi fəaliyyətə başlayıb. 1983-cü ildə AMEA-nın aspiranturasına daxil olub və 1988-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi altında Tbilisi Dövlət Universitetinin Elmi Şurasında "Xloroplastların piqment-zülal komplekslərində piqmentlərin nativ formalarının orientasiyası və spektral xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1984-2002-ci illərdə kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinədək yüksələn İ.Zülfüqarov 2003-cü ildən Koreya Respublikasının Pusan Universitetində tədqiqatçı-professor vəzifəsində çalışır.

Dünyanın bir sıra aparıcı elmi jurnallarında alimin 40-dək elmi məqaləsi dərc olunub. Bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak edib, "Web of Science"in məlumatına görə, son beş ildə nəşr olunmuş məqalələrinə 100 dəfə istinad olunub.

Azər Kərimоv 29 dekabr 1951-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunda anadan olub. 1953-cü ildə məlum səbəblərdən ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunub.


1968-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirən Kərimov 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU) İnşaat fakültəsinə qəbul olub və 1973-cü ildə həmin institutun tikintinin iqtisadiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirib. Azərə təhsil aldığı institutda müəllim vəzifəsini tutmaq məsləhət görülüb. O. Moskvada  aspiranturada təhsil aldıqdan sonra dissertasiya işini müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alıb.  Bakıya qayıdaraq pedaqoji fəaliyyətini davam etdirib. Moskvada elmi işinin nəticələrinin tətbiq olunması üzrə “Elm texnika” sahəsində Azərbaycan SSR Lenin Komsomolu mükafatına layiq görülüb. Qeyd edək ki, bu mükafata institut müəllimi kimi layiq görülən yeganə ziyalıdır.


Azər Kərimovun elmi işinin əhəmiyyəti hələ sovetlər dönəmində xaricilərin marağını cəlb edib və 1985-1987-ci illərdə Moskvada xarici dil kursu keçdikdən sonra 1987-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinin təqdimatı ilə müsabiqədə 20 nəfər namizəd arasında qalib gələrək pedaqoji fəaliyyətini davam etdirmək üçün Çexoslovakiyaya göndərilib. Slovakiya Texniki Universitetinin rektoru, tanınmış elm xadimi Anton Blaje onun sənədlərinin qəbul olunmasına xüsusi diqqət ayırıb. Ona ayrılan vaxtın başa çatmasına baxmayaraq Çexoslovakiya Texniki Universitetin rəhbərliyi SSRİ tərəfinə Azər Kərimovun daha bir neçə il bu ölkədə qalması xahişi ilə müraciət edib.
1994-cü ildə Slovakiyada doktorluq dissertasiyasını müdafiə edib. Altı ay müddətində pedaqoji və elmi fəaliyyətinə, nəşr etdirdiyi kitablara, metodiki göstərişlərə görə professor elmi adını alıb. Hazırda Çexiya Universitetlərində dərs deyən yeganə azərbaycanlı müəllimdir.

1998-ci ildə Azər Kərimovun səyi və rəhbərliyi nəticəsində Maraviya Texniki Universitetinin nəzdində Çex-Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb.

Azərbaycandan olan Natiq Atakişiyev nəinki  çalışdığı Meksikada, hətta bütün Amerika zonasında (həm Şimali həm də Cənubi ) nüfuzlu riyaziyyatçılardan sayılır. Alim Bakı Dövlət Universitetinin tətbiqi- riyaziyyat fakültəsini bitirsə də, hazırda Meksika Muxtar İnstitutunun riyaziyyat bölümündə professordur. Atakişiyevi digər kolleqalarından fərqləndirən əsas cəhət onun elmi fəaliyyətlə yanaşı, ictimai fəaliyyətinin də qənaətbəxş olmasıdır. O, bu iki fəaliyyəti uzaq Meksikada Azərbaycanın xeyrinə əlaqələndirir. Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri olan Atakişiyev Meksika-Azərbaycan əlaqələrinin inkişafında fəal rol oynayan şəxslərdəndir. Meksikada ölkəmizin tanıdılmasında mühüm rol oynayan alim orda vaxtikən Azərbaycan dövlətinin əleyhinə olan hadisəyə kəskin etirazını bildirib. 

Rəfail Həsənəli oğlu Əlizadə 1956-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Riyaziyyat və mexanika fakültəsini bitirdikdən sonra 1986-cı ilədək universitetdə elmi araçdırmaçı kimi çalışıb. 1990-cı ildən Bakı Dövlət Universitetində çalışıb, bu ali təhsil ocağının professoru olub. 


1994-cü ildən Türkiyəyə gedərək İzmir Dokuz Eylül Universitetinin riyaziyyat bölümünün, 2001-ci ildən İzmir Texnologiya İnstitununun eyni adlı bölümündə professor kimi çalışıb. 

2010-cu ildən İzmir Yaşar Universitetinin Riyaziyyat bölümünün elm və ədəbiyyat fakültəsində professor vəzifəsini tutur. Eyni zamanda homoloji cəbr, modul nəzəriyyəsi kimi araşdırmalar aparır. Amerika Riyaziyyat Cəmiyyətinin üzvüdür.