Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-28 17:15:00
Cümhuriyyətin 23 aya sığdırdığı əsrəsığmaz  işlər – 101 il əvvələ virtual səyahətin videosu

 

Azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyan milli hökumət - Azərbaycan Cümhuriyyəti bu gün 101 yaşındadır.

 1918-ci ildə yaranmış müstəqil dövlət 23 aylıq fəaliyyyəti müddətində mühüm tarixi hadisələrə imza atıb. Gəlin birlikdə, 101 il öncəyə səyahət edib, o günləri yada salaq.

 1918-ci il 28 may

 Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərindəki Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

 1918-ci ilin mayın 28-də Azərbaycan Milli Şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycan Xalq Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə,  Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdı. Müstəqil Azərbaycan dövlətinin idarə üsulu xalq cümhuriyyəti idi. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin edəcəyini bildiridi.

 1918-ci il 27 iyun -  Azərbaycan dili dövlət dili elan olundu

 Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi.

AXC Hökuməti 1918-ci ilin 16 iyunda Gəncədə fəaliyyət göstərməyə başladı. Və dövlət dili haqqında qərar Gəncəyə köçən Hökumətin qəbul etdiyi ilk qərarlardan biri oldu.

Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Amma qeyri-millətlərdən olan parlament nümayəndələri bu qərara etiraz edərək, rus dilində danışmağı təklif etdikdə, bu məsələ ayrıca müzakirə olundu. Və qərara alındı ki, Parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunsun, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilsin. Bununla belə, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilsin

 1919, 1 sentyabr

 Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu.  Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını bərpa etdi. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.  idi.

 1918-ci il 9 noyabr

 Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan ibarət idi. Lakin noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi "türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi".


1918-ci il 7 dekabr - Müsəlman Şərqində ilk parlament respublikası yarandı

 AXC Şərq dünyasında ilk dəfə parlament quran hökumət olub.  1918-ci il dekabrın 7-də saat 13.00-da H.Z.Tağıyevin qız-məktəbinin binasında - indiki Füzuli adına Əlyazmalar İnsitutunun yerləşdiyi məkanda - Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi.

 Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli qanununa əsasən, parlamentdə ölkə ərazisində yaşayan bütün xalqlar, hətta sayca çox az olduqlarına görə parlament seçkilərində iştirak etmək hüququ olmayan xalqlar da təmsil olundular.

Cümhuriyyət xadimlərinin, sülhsevər Azərbaycan xalqının özünün ilk parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar Milli Şuranın açılışında iştirak etmədilər.

Həmin gün Fətəli xan Xoyski qanunverici orqanın ilk iclasındakı çıxışında Azərbaycan hökumətinin bir neçə aylıq fəaliyyəti barədə hesabat verdikdən sonra onun istefası haqqında bəyanatı da  təqdim etdi.

Həmin tarixi nitqi xatırlayaq: “Fəaliyyətimizdə xətalar işləmişiksə də, hər zaman fikrimiz bu olmuşdur: Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı bizə göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid xeyirli şeydir. Parlamentin əsas vəzifəsi də yol göstərməkdir. Hər nazir öz nəzarətləri barəsində bəyanat verəcəkdir. Hökumətin ixtiyarı bu günə qədər idi. Şimdi isə siz yığıldınız. Hökumət başında parlamentin etimadına müzəhhər və parlamentə istinad edən bir kabinə olmalıdır.  Heç bir hökumət parlament açıldıqdan sonra iş başında qalamaz. Ona görə də mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm: hökumət hüzurunuzda istefasını verir”.

 Azərbaycanın müstəqilliyinin 1920-ci ildə Versal Ali Şurası tərəfindən de-fakto tanınması

 1918-ci il dekabrın 28-də  parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Gərgin mübarizədən düz üç ay sonra, yəni 1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan nümayəndələri bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşdü. Bu bir ay ərzində Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin ən başlıca müvəffəqiyyətlərindən biri dövrünün görkəmli siyasi xadimi ABŞ prezidenti V.Vilsonla görüşü olmuşdu.

1920-ci ildə Azərbaycan nümayəndələrindən Ə.Topçubaşov Fransa Xarici İşlər Nazirliyinə dəvət edildi. Paris Sülh konfransının Versal Ali Şurası 11 yanvar 1920-ci il tarixdə Azərbaycanın müstəqilliyini de-fakto tanıdı. Beləcə Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətlər tərəfindən rəsmi şəkildə tanınan, Qərb ictimai fikrində qəbul edilən ilk türk və müsəlman respublikası oldu.

 Çətin və gərgin əməyin nəticəsində əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyliyə yazırdı: «Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur…bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik… Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa olsun, müstəqillik əldə edəcəyimizə inanırdıq… Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq”.

1920-ci ilin 28 apreli


Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də Rusiya Sovet Federativ Sosialist Respublikasının hərbi müdaxiləsi nəticəsində süquta uğradıldı.

 Bugünkü müstəqli Azərbaycan Respublikası ilk parlamenti və hökuməti, dövlət aparatını təşkil edən, ölkənin sərhədlərini müəyyənləşdirən, bayrağını, himnini və gerbinin yaradan, ana dilini dövlət dili elan edən, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quran Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyan Azərbaycan Cümhuriyyətinin yaradıcılarına sayğılarla.