Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 11:55:05
Cəlilabadın fəal müəllimi: “Şagirdlərin valideynlərinə təşəkkür məktubları yazıram” - MÜSAHİBƏ  

Bugünlərdə facebook-da #‎trashtag haştagı ilə müəllimlərin şagirdlərlə birgə zibilliyi təmizləməsini əks etdirən fotolar paylaşıldı.

AzEdu.az həmin iki müəllimindən birini – Elçin Abbasovu taparaq ondan müsahibə alıb.

Elçin Abbasov kimdir? Tələsməyək,  bu dəqiqə təqdim edəcəyik:

Elə öz dilindən DOSYE: Mən, Abbasov Elçin Əkbər oğlu  25 iyul 1984-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi 1990-2001-cı illərdə  Cəlilabad rayonu,  Günəşli kəndində 1 saylı orta məktəbdə, ali təhsilimi 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində almışam. Daxili Qoşunların N saylı hərbi hissəsində hərbi xidmət keçmişəm. Hərbi xidmətdən qayıdan vaxtdan - 2006-cı ildən Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbində Fizika müəllimi kimi çalışıram. 13 ildir,  həmin məktəbdə Fizika və Riyaziyyat fənlərini tədris edirəm. Təhsil Nazirliyinin  keçirdiyi diaqnostik qiymətləndirmədə məktəb üzrə ən yüksək nəticəni əldə etmişəm.

2015-ci ildə Fizikadan  Diaqnostik Qiymətləndirmədən də keçərək, ümumilikdə  54 bal toplamışam.

Təqdimata ƏLAVƏ: Elçin Abbasov Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzinin (marker müəllim təlimi) təşkil etdiyi təlimlərdə, eləcə də digər öyrədici seminarlarda iştirak edərək, beynəlxalq və yerli sertifikatlar əldə edib.

O, çalışdığı məktəbdə siniflərarası bilik yarışması keçirməklə şagirdlərin intellektual bacarıqlarını inkişaf etdirməkdədir. Onu da qeyd edək ki, Elçin müəllim həm də skaut hərəkatının aktiv üzvlərindən biridir. 

QEYD:Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell tərəfindən yaradılıb. Yarandığı dövrdən indiyədək planetimizin 400 milyondan çox sakini skaut hərəkatının üzvü olub.

AzEdu.az Elçin Abbasovla müsahibəni təqdim edir:

-Elçin müəllim, əvvəlcə facebook-da yayılan fotonuz barədə məlumat verməyinizi istərdik...

- İşlədiyim Alar kəndindən İncəçay adlı çay keçir və bu çayın təmizliyi daim sakinləri narahat edən məsələlərdən biri olub. Son günlər Facebookda #trashtag haştagı tez-tez qarşıma çıxırdı. Fikirləşdim ki, biz niyə bu aksiyaya qoşulmayaq? Birgə Skaut dəstəsi yaratdığımız Natiq Cavadovla fikrimi bölüşdüm və qərara gəldik ki, şagirdlərlə birgə İncəçayın bir hissəsini təmizləyək. Bu aksiya şagirdlər, kənd camaatı və sosial şəbəkələrdə çox böyük marağa səbəb oldu. Şagirdlər aksiyaya çox həvəslə qoşuldular və həvəslə iştirak etdilər.

- Elçin müəllim, Skaut hərəkatından danışdınız. Zəhmət olmasa, bu hərəkat barədə məlumat verin.

- Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Baden Pauell tərəfindən yaradılıb. Hərəkat qısa müddət ərzində bütün dünyada geniş yayılaraq, gənclər arasında çox məşhurlaşıb. Azərbaycanda skaut hərəkatı ilk dəfə 1997-cı ildən bəri  fəaliyyət göstərir. Skaut fəaliyyəti qeyri-formal təhsil növüdür. Ümumiyyətlə, skaut hərəkatı Azərbaycanda geniş vüsət alıb. Şagirdlərimizi əsasən mübariz və vətənpərvərlik ruhunda maarifləndiririk. Sosial şəbəkələrdə skautun fəaliyyətini izləyirdim. Cəlilabad rayonunda yaşayan və Biləsuvar rayonundakı Mübariz İbrahimov adına liseydə çalışan Natiq müəllimlə məsləhətləşdik ki, birlikdə skaut dəstəsini yaradaq. Həmin liseydə çalışan Azərbaycan Skautlar Assosiasiyası milli komitəsinin üzvü Hüseyn Hüseynovdan kömək istədik. Hüseyn müəllim də təşəbbüsümüzü çox gözəl qarşılayaraq bizə dəstək oldu. Beləliklə, Natiq müəllimlə birlikdə Cəlilabadda ilk skaut dəstəsini yaratdıq və adını “Turan” qoyduq. Bu məsələdə Cəlilabad Rayon Təhsil Şöbəsi, rayon Gənclər və İdman İdarəsi, həmçinin, valideynlər bizə dəstək oldular. 

Əlavə olaraq bildirim ki,  mənimlə birgə müəllim işləyən həyat yoldaşım Ülkər Abbasovanı da skaut fəaliyyətinə cəlb etmişəm. Həmçinin, iki övladım da bu fəaliyyətə qoşulub.

- Maraqlıdır, Cəlilabad rayonu Alar kənd 2 saylı orta məktəbində dərs şəraiti, təhsil mühiti necədir?

- Cəlilabad rayonunun Günəşli kəndində yaşayıram, Alar qonşu kənddir. 13 ildir, 2 saylı məktəbdə müəllim kimi fəaliyyət göstərirəm. Alar sakinləri mənə hər zaman doğma münasibət bəsləyiblər. Dərs dediyim məktəbin şəraiti yaxşı deyil, birmərtəbəli tikilidir. Buna baxmayaraq,  müəllim olaraq çalışırıq ki, şagirdlərimiz daha çox bilik əldə etsinlər. Məktəbin pedaqoji kollektivinin  bir çox üzvü gənc kadrlardır.

Nisbətən şəraitsiz mühitdə dərs desəm də, işimdən çox zövq alıram. Məktəbdə Riyaziyyat və Fizika fənlərini tədris edirəm. Dəqiq elmlərdən dərs desəm də müxtəlif şagirdlərin bacarıqlarını üzə çıxarmağa çalışıram. Məsələn, Xocalı soyqırımının anım günü ərəfəsində şagirdlərə tapşırdım ki, bununla bağlı müxtəlif rəsmlər çəksinlər. Siniflərə girərək şagirdlərə ayrı-ayrı mövzular tapşırdım. Şagirdlərin çəkdikləri rəsmləri isə məktəbin divarına asdıq. Gördüyümüz iş isə sözün əsl mənasında bizə zövq verdi. Çünki şagirdlərin bu kimi işlərə çox marağı olduqlarını gördüm. Ümumiyyətlə, şagirdlərin yaxşısı-pisi yoxdur.  Məktəbimizdə bəzi dəcəl şagirdlər də olur. Amma onları da hər hansı fəaliyyətə cəlb etdikdə, artıq  məsuliyyət hissi daşıdıqlarının şahidi oluruq.

Azərbaycan məktəblərində hər zaman rastlanan bir problem var: bayram ərəfələrində şagirdlər müəllimlərə nə alsın? Bəzi məktəblərdə şagirdlər bayram günlərində  pul yığaraq müəllimlərə hədiyyə verirlər. Onu da qeyd edim ki,  kənd məktəblərində şagirdlərdən pul yığılma hadisələrinə rast gəlinmir. 

Məsələn, keçən il  8 Mart – Beynəlxalq Qadınlar Bayramı ərəfəsində siniflərə girərək  şagirdlərə təklif etdim ki, zərf müsabiqəsi keçirək. Yəni, hansı şagird ən yaxşı zərf və ya açıqça düzəltsə, onu qalib seçəcəyik. Şagirdlər də çox böyük sevinclə buna razı oldular. Daha sonra şagirdlər “Ən yaxşı zərf” yarışına başladılar. İnanın  ki, onlar  bir-birindən gözəl müxtəlif zərflər, açıqçalar düzəldirdilər. Həmçinin, düzəltdikləri zərflərin içinə öz ürək sözlərini yazıb, məktub şəklində təqdim etdilər. Nəticədə, çox gözəl mənzərə yaranmışdı. Məktəbdə bayram ərəfəsində tədbir keçirdikdə həmin zərfləri qadın müəllimlərinə təqdim etdik. Şagirdlərin əl əməyinin məhsuluna görə qadın müəllimləri  o qədər sevindilər ki…

Ümumiyyətlə, şagirdlərlə yaradıcı  formada işlədikdə onlar çox sevinirlər. Həm də nəzərə alaq ki, onları daha da həvəsləndirmək üçün aralarından seçilənləri diplomlarla təltif edir, həmçinin, kiçik hədiyyələr veririk. Fərqlənən şagirdlərin valideynlərinə təşəkkür məktubları da yazıram.

Şagirdlərlə tez-tez məktəb tədbirləri hazırlayıram. Təvazökarlıqdan kənar olsa da deyim ki, tədbirlərin ssenarisindən tutmuş şagirdləri hazırlamağa, lazım olan avadanlıqları tapmağa qədər hamısını özüm edirəm. Bu işdə yardımçılarım mənimlə bir məktəbdə işləyən həyat yoldaşım Ülkər müəllim, məktəbin Uşaq Təşkilat Birliyinin rəhbəri Vüsalə müəllim və ibtidai sinif müəllimi Babək müəllim olur.

Bundan əlavə, uşaqları imkan daxilində müxtəlif ekskursiyalara, sərgilərə aparıram. Məktəbdə şagirdlərlə flaşmoblar təşkil edirəm. Məsələn, Xocalı soyqırımı, Dövlət Bayraq Günü ilə bağlı flaşmoblarımız olub.

- Rayon məktəbində müəllim işləməyin hansı çətinlikləri var?

- Rayon məktəbində müəllim  işləməyin çətinlikləri çoxdur. Çünki böyük şəhərlərdə  hər zaman inkişaf daha çox olub. Nəticədə böyük şəhərlərdə  işləyənlər həm daha rahat yaşayır, həm də özlərini inkişaf etdirmək şansı qazanırlar. Yaşadığımız dövr internet əsri olsa da kənd mühitində çalışanlar sürətli tərəqqidən müəyyən qədər geri qalır. Məsələn, mən hələ də yaşadığım evə internet çəkdirə bilməmişəm. Evdə telefon xətti olsa da, etdiyimiz müraciətlərə baxmayaraq “yer yoxdur” deyib internet çəkmirlər.

Onu da qeyd edim ki, kənd mühitində müəllim kimi fəaliyyət göstərməyin xoş tərəfləri də var. Çünki şəhər məktəblərində hər hansı bir şeyi asanlıqla həll etmək mümkündür.  Kənd məktəblərində isə əksinə… Şəhər məktəblərində şagirdlər tədbirlər məsələsində daha gözütox olurlar. Kənd məktəblərində isə şagirdlər tədbir və gəzintiləri böyük sevinclə qarşılayırlar. Kəndlərdə bəzi yollar var ki, oradakı vəziyyət ürəkaçıcı deyil. Elə buna görə də, qar və ya yağış olduqda yollar pis vəziyyətə düşür. Həmçinin, bu kimi vəziyyətdə şagirdlər əziyyət çəkdikləri üçün bəzən dərslərdə iştirak edə bilmirlər. Bu da siniflərdə istər-istəməz davamiyyətə təsir edir.

- Rayonlarda, xüsusilə də kənd məktəblərinin əksəriyyətində qızların təhsili vacib hesab edilmir, orada vəziyyət necədir?

- Bunun əksini düşünürəm. Çünki ali məktəblərə hazırlaşanların çoxu qızlardır.  Məktəblərdə tədbir keçirildiyi zaman isə qızlar daha fəal şəkildə  iştirak edirlər. Onu da qeyd edim ki, indiyə qədər burada hamı fikirləşirdi ki, qızlar fotolarını sosial şəbəkədə paylaşmamalıdır. Müəllim olaraq dərs dediyim məktəbin “facebook” səhifəsini yaratdım. Siniflərdə də təbliğat apardım ki, tədbirlərdən çəkilən fotolarınızın şagird kimi sosial şəbəkələrdə paylaşılması normaldır. Onlara izah edərək bildirdim ki, bilik yarışı və digər tədbirlərdə çəkilən fotolarınız valideynləriniz üçün fəxrdir. Yəni, valideynləriniz sevinməlidirlər ki, övladları məktəbin fəal şagirdidir. Onu da qeyd edim  ki, əvvəl bəzi valideynlər etiraz etsə də, daha sonra onlar bunu maraqla qarşıladılar.

- Dərslər yeni metodla – kurikulumla aparılır. Məktəbinizdə kurikulum lazımı səviyyədə tətbiq olunurmu?

- Müəllimlərin əksəriyyəti fəal interaktiv təlim metodu ilə şagirdlərə dərsi tədris edir. Bəzi müəllimlər var ki, ənənəvi metoda üstünlük verirlər. Onu da qeyd edim ki, ibtidai sinif müəllimləri daha çox fəal interaktiv təlim metodu ilə dərsi tədris edir.  

Keçən il “Hədəf” liseyində beynəlxalq təlimçilərin keçdiyi STEM təlimində iştirak edərək beynəlxalq sertifikat qazandım. Bu il bəzi dərslərimi STEM üsulu ilə hazırlayıram. Bu üsulda düzəltmə, qurma işləri olduğu üçün uşaqların marağına səbəb olur və dərsi daha yaxşı mənimsəyirlər. Ötən ilin oktyabr ayında şagirdlərim STEM üsulu ilə keçdiyim dərsdə göy cisimlərinin maketini hazırladılar və şagirdlərimdən Fidan, Nazilə, Firdovsi və Fatimə bu işə görə sertifkat qazandılar. Aprel ayında da STEM üsulu ilə dərs hazırladıq və bu dərsi telefonla videoya çəkib YouTube kanalında paylaşdıq. Ümumiyyətlə, bu üsul şagirdlərdə mühəndis bacarıqlarını, başqa fənlərə inteqrasiya bacarıqlarını və İKT bacarıqlarını üzə çıxarır.

-Bəzi orta məktəblərdə müəllim və şagird münasibətləri düzgün qurulmadığından çox ciddi problemlər üzə çıxır. Bəs sizdə vəziyyət necədir, bu cür problemlərlə qarşılaşmısınızmı?

- Müəllim işlədiyim müddətdə bu kimi problemlərlə üzləşməmişəm. Adətən, şagird-müəllim qarşıdurması yuxarı siniflərdə oxuyanlarla bağlı olur. Ümumiyyətlə, şagird-müəllim münasibəti daha çox dostluq əsasında qurulmalıdır. Müəllim olaraq öz növbəmdə çalışıram ki, şagirdlərimin istənilən problemini dinləyim. Onlarla dost, yoldaş kimi davranıram, bacarıqlarını üzə çıxarmağa çalışıram.

Məsələn, bir dəfə şagirdlər arasında təbliğat apardım ki, tullantılardan nələrsə düzəltmək olar. Onlar da bu istiqamətdə fəaliyyətə başladılar. Şagirdlərimiz plastik qab, istifadə  olunmayan paltar və qutulardan müxtəlif cür maraqlı əşyalar düzəltmişdilər. Onlara söz vermişəm ki,  hazırladıqları əşyalardan ibarət sərgi təşkil edəcəm. Gələcəkdə fikrim var ki, siniflərarası esse, rəsm müsabiqələri də keçirim. Ümumiyyətlə, istedadlı uşaqları üzə çıxarmağa çalışıram.

- Dərs dediyiniz məktəbdə valideynlər övladlarının təhsil almalarında nə qədər maraqlıdırlar?

-Valideynlər müxtəlifdir. Şagirdlərin təhsili ilə davamlı olaraq maraqlanan valideynlər kifayət qədərdir. Bəzi valideynlər də var ki, övladlarının təhsilli olmasını istəsələr də, müəllimlərlə az əlaqə saxlayırlar. Düşünürəm ki, valideynlərin müəllimlərlə əlaqəsi sıx olmalıdır. Son dövrlər müşahidə edirəm ki, ötən illərlə müqayisədə ali məktəblərə hazırlaşanlar sayı çoxalıb.

Bəzən gənc müəllimlər rayon məktəblərində işləməyə həvəsli olmurlar, buna səbəb nədir?

- Bayaq danışdığım kimi, düşünürəm ki, bəlkə də kənd yerlərindəki inkişaf məsələsi gənc müəllimləri narahat edir. Həmçinin, şəraiti zəif mühitdə işləmək onlar üçün maraqlı deyil. Bir çox kəndlərdə yollar qaydasında olsa da, qızdırıcı sistemlərin olmaması  onların gözünü qorxudur.

Maraqlıdır,  təhsil sistemimizdə hansı dəyişiklikləri görmək istərdiniz?

- Müəllimlər şagirdlərə xoş münasibət göstərməlidirlər, necə ki, bunu bir sıra müəllim edir. Müəllimlər şagirdlərlə səmimi olmalıdırlar ki, onlar da sərbəst şəkildə fikirlərini ifadə edə bilsinlər. Həm də maraqlı üsullara əl atmaq olar, məsələn, müəllimlər isti günlərdə açıq havada dərs keçərək şagirdlər üçün mövzunu daha maraqlı edə bilərlər. Əsasən də təbiət fənlərini.

 - İndi isə şagirdlərin tədrisə münasibətindən danışaq. Bir çoxları düşünür ki, rayon məktəblərində oxuyan bəzi şagirdlər məhz ali təhsil almaq üçün deyil, kənd mühitindən uzaqlaşmaq, özünə yeni şərait yaratmaq üçün təhsilini davam etdirməyə can atır. Siz necə düşünürsünüz, bu yanaşma doğrudurmu?

- Yox, elə deməzdim. Düzdür, şəhərdə yaşamaq həvəsiylə hazırlaşanlar da var. Amma əksəriyyəti oxumaq, təhsil almaq istəyir. İstəyirəm ki, harda oxumalarından asılı olmayaraq, şagirdlərim təhsilli olsunlar. 

- Şagirdlərin istər elmi, istərsə də sosial inkişafı üçün  bir sözlə əlinizdən gələni edirsiniz. Bəs, aldığınız maaş sizi qane edirmi? Sosial təminatınızı ödəyirmi?

-İnsanları iki qismə bölmək olar: maaşa və sevdikləri işə görə çalışanlar... Əslində mən bu sadaladığım işləri sevərəkdən edirəm. Qaldı ki, Azərbaycanda müəllimlərin sosial təminatının necə ödənilməsi hamıya məlumdur. Həyat yoldaşımla birlikdə aldığımız maaş sosial təminatımızı demək olar ki, ödəyir.

- Kənd camaatının özünün təhsilə, kitaba münasibəti necədir? 

- Valideynlərin bir qismi övladlarının ali təhsil alması üçün əllərindən gələni edirlər. Amma bəzi  valideynlər var ki, bu məsələlərə əhəmiyyət vermirlər. Onu da qeyd edim ki, övladlarının ali təhsil almasını istəyən valideynlər çoxdur.  

 - Son olaraq əlavə etmək istədikləriniz…

- Kənd orta məktəbində müəllim kimi çalışmaq heç də asan gəlməsin. Bəlkə də kənardan bir çoxuna romantik görünə bilər, amma heç də belə deyil. İşini sevənlər üçün çətin olmur. 

Günel Yaşarqızı
Müəllifin digər yazıları