XƏBƏRLƏR

28.03.2019 10:00
4 xarici universitet bitirən rəhbər xanım: “Dünyanın heç bir ali məktəbinə attestatla qəbul mümkün deyil” -MÜSAHİBƏ  

AzEdu.az “A-Level Education Group”un rəhbəri Ayan Əliyeva ilə müsahibəni təqdim edir:

Öz dilinden DOSYE:Mən  Ayan Əliyeva Bakı şəhəri Biləcəri qəsəbəsindəki 297 nömrəli tam orta məktəbi bitirmişəm. Orta təhsilimi bitirdikdən sonra DİM imtahanından yüksək nəticə göstərərək, Azərbaycan Dillər Universitetinə qəbul oldum. ADU-da 1il oxuduqdan sonra,təhsilimi  ABŞ-ın Çikaqo Universitetində davam etdirdim. Həmçinin, İngiltərənin “University of London” və Banqor Universitetini də bitirmişəm.

ABŞ-ın Çikaqo Universitetində  təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdıb,  yay tətilində “Dahi” kursunda işə başladım.

Daha sonra növbəti il həmin şirkətə sahibləndim. Ümumiyyətlə,4 xarici universitet bitirmişəm.  Xaricdə aldığım 4 təhsilin hamısı menecment və linqivistika ilə bağlıdır. Uşaqlıqdan təhsilə, tədqiqatlara böyük  marağım olub. Hətta uşaqlıqdan bilirdim ki, həyatım  birbaşa təhsillə əlaqəli olacaq. Yəni, fikirləşirdim ki, ən azından, müəllim olaraq  məktəbdə  işləyəcəm.

 “ABŞ universitetləri  tələbələri lider olaraq yetişdirir”

-Ayan xanım, 4 xarici  universitet bitirmisiniz... Maraqlıdır, təhsil aldığınız ölkələr arasında sizə ən çox qazandıranı hansı oldu?

- Mənə  bu sualı həmişə müxtəlif  formada verirlər. Daha çox soruşulur ki, “əvvəl İngiltərədə, yoxsa, ABŞ-da təhsil  almaq istərdiniz?”(gülür) Çünki,  ABŞ universitetində bakalavr, İngiltərədə isə iki dəfə magistr dərəcəsi üzrə təhsil almışam.  ABŞ  universitetləri tələbəni lider olaraq yetişdirir. Həmçinin, insanda liderlik bacarıqlarını inkişaf etdirir. İngiltərə universitetləri isə  tələbələri məmur olaraq yetişdirir. ABŞ tələbələri özlərini daha çox ifadə edə bilir.

-Ayan xanım, bəs müqayisəyə qaldıqda, gənclərə daha çox hansı ölkədə təhsil almaqlarını məsləhət görərdiniz?

- Təhsil  aldığım Çikaqo Universiteti dünyanın top ali təhsil müəssisələrindən biridir.  Məzunu olduğum İngiltərənin Banqor Universiteti isə ölkə reytinqində ilk onluqda deyil. Ümumiyyətlə, İngiltərə, ABŞ və  Avropada  pis universitet yoxdur. Orada mövcud olan universitetlər çox keyfiyyətlidir.  Çünki, hamısı bir lisenziya ilə işləyən ali təhsil müəssisələridir.

Tədris mərkəzimizə müraciət edən valideynlər övladlarının top universitetlərdə oxumağını istəyir.  Amma valideynlərə o zaman bildiririk ki, hər bir tələbənin akademik və sosial səviyyəsi eyni deyil. Əlbəttə, biz də istəyirik ki, həmin valideynlərə kömək edək. Ümumiyyətlə, top universitetlərin nə fənləri, nə də proffessorları Avropanın orta təbəqəli ali təhsil müəssisələrindən seçilmir. Çünki, hamımız çox gözəl bilirik ki,  top universitet nə deməkdir. Sadəcə, çox  gözəl maliyyədir…   Tələbə Oxford Universitetini  bitiribsə, bu, o demək deyil ki, o, Mançestr Universitetinin məzunundan yüksək səviyyədə biliyə malikdir.

-Bəs, elə ölkə varmı ki, gənclərin orada təhsil almasına təəccüblənmisiniz…

-Təəccüblənməmişəm… Çünki,  düzgün seçim edilən zaman hər bir ölkədə yaxşı proqram, universitet seçmək olar. Bizə müraciət edənlərin çoxu Çexiyada təhsil almaq istədiklərini bildirirlər. Çexiyada  nə səbəbə oxumaq istədiklərini soruşduqda isə orada təhsilin ödənişsiz olduğunu bildirirlər. Amma Çexiyada təhsil pulsuz deyil. Sadəcə, Çexiyada çex , Almaniyada alman dilində təhsil ödənişsizdir.  Lakin  ingilis dil proqramlarında təhsil almaq istəyənlərdən  maliyyə tələb olunur. 

-Maraqlıdır,  Çexiya və Almaniyada aylıq yaşam xərcləri təxminən, nə qədərdir?

-Düşünürəm ki, tələbə keyfiyyətli yaşamalıdır. Tələbənin fikri “haradan yemək alacağam?”  olmamalıdır.  Almaniyada yaşayış xərcləri 1000 avrodan aşağı deyil. Həmçinin, Çexiyada isə 800-1000 avro arasındadır. Amma düşünürəm ki, Türkiyə universitetlərində təhsilin  keyfiyyəti Çexiyadan daha üstündür. Çünki, hamıya məlumdur ki, Türkiyədə rüşvət yoxdur. Türkiyədə tələbə imtahandan uğurla keçə bilməyəndə, yenidən  hazırlaşmaq  məcburiyyətində qalır.

-Bəs, Şərqi və Qərbi  Avropa ölkələrində oxumaq istəyənlər üçün ümumillikdə, yaşayış, təhsil haqqı nə qədərdir?

-Qərbi Avropada  yaşayış və təhsil haqqı bir az bahadır. Şərqi Avropa ölkələrinin universitetlərində isə təhsil haqqı 3000 avrodan başlayır.   Şərqi Avropada təhsil almaq istəyən tələbənin 500-700 avro arasında  aylıq  gəliri olmalıdır.  Orada universitetlərdə təhsil haqqı isə 3000-8000 avro arasındadır. Qərbi Avropa universitetlərində isə ingilis dili proqramlarında  təhsil haqqı  15000-20000 avro  arasında dəyişir.

 -Son zamanlar bəzi xaricdə təhsil şirkətləri fırıldaqları ilə gündəmə gəlir. Gənclərdə belə düşüncə formalaşır ki, bu sahədə fəaliyyət göstərənlər hamını aldadır. Sizin şirkət belə dövrdə necə güvən qazanmağı bacarır?

-Çox aktual suala toxundunuz. İlk növbədə tələbə və valideynlər xaricdə təhsil şirkətlərinə müraciət etdikdə hər şeyi müqavilə əsasında həll etməlidirlər.  Onu da əlavə edim ki, bağlanan müqavilələr də hüquqşünas tərəfindən hazırlanmalıdır.  Fikrimcə, hər bir ailənin öz hüquqşünası olmalıdır. Eyni zamanda, xaricdə təhsil şirkətləri ilə bağlanan müqaviləni valideynlər  öz hüquqşünaslarına göstərməlidir.  Son zamanlar yeni xaricdə təhsil mərkəzləri yaranır və   reklam olunur. Amma “A-Level Education Group”  olaraq 15ildir ki, fəaliyyət göstəririk. Həmçinin, xarici universitet partnyorlarımızı ən leqal yolla əldə edərək tələbələrimizə təklif edirik.  Lakin yeni yaradılan xaricdə təhsil mərkəzlərinin universitet partnyorları azdır. Məhz ona görə də onlar tələbələrə çox universitet təklif edə bilməzlər. Yəni biz bir sahədə 20 universitet təklif edə biliriksə, onlar isə 3 partnyorla işləyir.   Çünki,universitet partnyorunu artırmaq üçün  təcrübə və xarici ölkələrlə  sazişlər lazımdır. 

-İlk baxışda tələbələrin aldanmaması üçün nələri tövsiyə edirsiniz?

-İlk növbədə, hər bir xaricdə təhsil şirkəti həm də bir növ,  ekspert olmalıdır. Hazırda xaricdə təhsil şirkətləri çoxdur. Düşünürəm ki, bu şirkətlər onlara müraciət edənlərin  suallarını cavablaya  bilməlidirlər. Tələbələr əgər İngiltərədə təhsil almaq istəyirlərsə, şirkətin məsələn, Çivninq təqaüd proqramı haqqında məlumatı olmalıdır.

Xaricdə təhsil almaq istəyənlərin özləri də tədqiqat aparmalıdır. Çünki, bu dəqiqə  informasiya əsridir. İngiltərədə oxumaq  istəyənlər üçün zəruri məlumatlar  internetdə  mövcuddur.  Tələbələr internetdə araşdıraraq məlumatlı olduqları bilgiləri xaricdə təhsil mərkəzlərinin nümayəndələrinə sual versinlər. Yəni, yoxlasınlar ki, həmin o suallara nümayəndələr cavablaya biləcəkmi?...

-Fəaliyyətinizə neçə xarici universitetlə əməkdaşlıq etməklə başlamısınız?

- Xarici universitetlərlə əməkdaşlıq etməyə birbaşa ehtiyacdan başlamışıq. Tədris mərkəzimizdə  əvvəlcə tələbələr IELTS, TOEFL, ACT səviyyəsində  ingilis dilini öyrəniblər. Məhz ona görə də  valideynlər görüblər ki,  işimizə çox böyük məsuliyyətlə yanaşırıq. Daha sonra valideynlər bizə müraciət edərək övladlarını xaricdə təhsil almasını istəyiblər. Onu da qeyd edim ki, müraciət edən ilk 10 tələbəyə təmənnasız kömək etmişik. Daha sonra fikirləşdik ki, bu artıq bir işə çevrilə bilər.

Tövsiyə:“Gənclərə Ukrayna universitetlərində təhsil almaqdansa,  Belarusiya ali məktəblərində oxumağı  tövsiyə edirəm”

-Daha çox hansı universitetlə əməkdaşlığa üstünlük verirsiniz?

-Yenə də tələbat… Çünki, elə tələbələr var ki, onların həm savadı, həm də  maliyyəsi  dünyanın top universitetlərində oxumaq üçün yetərli səviyyədədir.  Məhz o tələbələrə tövsiyə edirəm ki,top universitetlərdə təhsil alsınlar. Amma   tələbə var ki, akademik göstəriciləri  və maliyyəsi orta səviyyədədir. Elələrinə top universitetlərdə oxumağı məsləhət bilmirəm. 

Ümumiyyətlə, xaricdə təhsil almaq istəyənlərə “diplom” lazımdırsa, Ukraynada oxuya bilərlər. Əgər bilik  gərəklidirsə,  Belarusiyada təhsil ala bilərlər. Çünki, Belarusiyada demək olar ki, rüşvət yoxdur.  Orada tələbələr çox yüksək səviyyədə  bilik əldə edirlər. Belarusiya univesitetlərində həm rus, həm də ingilis dilində tədris mövcuddur.  Yəni, gənclərə Ukrayna universitetlərində təhsil almaqdansa,  Belarusiya ali məktəblərində oxumağı  tövsiyə edirəm.  

-Bəzən, gənclərdə dövlət və özəl universitetlər  arasında müəyyən fikirlər formalaşır. Yəni, onlar düşünürlər ki, xarici ölkələrdə dövlət universitetlərində  təhsil almaqları  daha perspektivlidir. Maraqlıdır, bu yanaşmaya münasibətiniz necədir?

-Bu fikir Azərbaycanda  olan pis təcrübədən formalaşıb. Amma ilk növbədə onu bildirim  ki, dünyanın bəzi top universitetləri də özəldir. Azərbaycanda  vaxtı ilə özəl universitetlərdə biliyi aşağı, imkanı yuxarı olan tələbələr oxuyurdu. Məhz ona görə də cəmiyyətimizdə fikir yaranıb ki, xaricdə də özəl universitetlərin təhsil keyfiyyəti aşağıdır. Amma xarici ölkələrdə özəl universitetlər var ki, onların məzunları  alim, milyoner və çoxsayılı müvəffəqiyyətli şəxslər olub.

-Maraqlıdır, il ərzində sizə neçə nəfər xaricdə təhsil almaq üçün müraciət edir?

-Xaricdə təhsil almaq üçün müraciət edənlər çoxdur. Amma biz müraciət edənlərin hamsını qəbul etmirik.

-Bu zaman sizin şərt və tələbləriniz nələrdən ibarətdir?

-İlk növbədə müraciət edənlərin akdemik  göstəriciləri güclü olmalıdır. Ümumiyyətlə, saxta ACT, IELTS, TOEFL inanmıram.Müraciət edənlərin bilik səviyyəsini yoxlayırıq. Amma  tələbənin bilik səviyyəsi aşağı olduğu halda da  qapını bağlamırıq. Xaricdə təhsil almaq istəyənlər ilk növbədə akademik, sosial cəhətdənhazırlıqlı olmalıdırlar.

-Müraciət edənlər daha çox hansı universitetə oxumağı arzulayırlar?

-Müraciət edənlərin çoxusu  top universitetlərdə təhsil  almaq istəyir.

- Yəqin ki, təhsil üçün gedib,lakin davam etdirə bilməyib qayıdanlar olur...

-Öz şəxsi təcrübəmizdə bu kimi hallarla rastlaşmamışıq. Xaricdə təhsil almaq istəyənlərə düzgün istiqamət verilməlidir. Azərbaycanda tələbələrə dil və akademik səviyyəsinə görə  müvafiq universitet seçimi edilsə, onlar xaricdə təhsil aldıqları zaman heç bir problemlə rastlaşmayacaq. Tələbələrin xarici uiversitetlərdə təhsillərini yarımçıq qoymaqlarının səbəbi düzgün universiteti seçimi etməməsindən irəli gəlir. Çünki, burada bəzi şirkətlər maksimum güc sərf edir ki, müraciət edən gənclər  nəyin bahasına olursa-olsun, xaricdə təhsil alsın.

 -Ayan xanım, yalnız attestatla xarici universitetə qəbul mümkündür?

- Xarici universitetlərdə yalnız attestatla qəbul yoxdur. Tələbələr Türkiyə, Şərqi və Qərbi Avropa ölkələrinə attestatla “Foundation year”ə (Hazırlıq ili)  daxil ola bilərlər. İngiltərə və ABŞ-da təhsil almaq istəyənlər isə hətta IELTS 5.5 və ya 6.0 olmadıqda hazırlıq ilinə də qəbul olunmur.

Bəzən, sosial şəbəkələrdə reklam olunur ki, “yalnız attestatla  xaricdə təhsil” bu isə tələbələri cəlb etmək üçündür.  Azərbaycanın yalnız attestatını alaraq xaricdə təhsil almaq qeyri-mümkündür.

-İldən-ilə gənclərimiz arasında xaricdə təhsil almağa maraq artıb. Bir mütəxəssis kimi, bu tendensiyanı nə ilə əlaqələndirirsiniz?

-Ümumiyyətlə, xaricdə təhsil almaq gənclərin çoxusuna maraqlı gəlir.  Xaricdə təhsil ilk növbədə,  tələbələr üçün sərbəstlikdir. Həmçinin, gənclər  xaricdə təhsil alaraq  orada iş imkanı da əldə edirlər.

-Hazırda xarici universitetlərə tələbə qəbulu ilə məşğul olan şirkətlər kifayət qədərdir. “A-Level” Tədris Mərkəzi olaraq, digərlərindən fərqləndirən cəhətiniz hansıdır? Xaricdə təhsillə bağlı hansı xidmətləri təklif edirsiniz?

-Tədris mərkəzimizin 15 illik təcrübəsi var. Ümumiyyətlə, ilk növbədə qazancı düşünmədən tələbəni fikirləşmək lazımdır. Yəni, tələbəyə düzgün universitet seçimi etmək lazımdır.  Məqsədimiz  odur ki, tələbə və  valideynlər hər zaman bizdən razı qalsın.

-Bəzən, xaricdə təhsil alan gənclərimiz təhsil aldıqları ölkədə qalaraq, vətənə qayıtmırlar. Bu tendensiyanı  nə ilə əlaqələndirirsiniz?

-Bu, tələbələrin şəxsi seçimidir. Fikrimcə, iqtisadi problemlərimizlə əlaqədardır.

-Bizneslə məşğul olmaq, şəxsi biznesini qurmaq istəyən xanımlara nə  məsləhət görürsünüz?

-Xanımlar ilk növbədə  qeyri-sağlam rəqabətə hazır olmalıdırlar.  Güclü olmalı və öz üzərlərində işləməlidirlər. Həmçinin, bilik səviyyələrini artırmalıdırlar.  Eyni zamanda, mütləq komandalarını inkişaf etdirməlidirlər. 

-Bəzən, gənclər uğurlu karyera və təhsili şansla əlaqələndiririlər..

-...Şans insanın özüdür.  Hazırda bu gün küləkli havada  jurnalist olaraq məndən müsahibə alırsınız. Amma evdə və ya ofisdə kompüterin qarşısında da əyləşə bilərdiniz…  Yəni, şansı özümüz yaradırıq.  İnsanda  istək və həyata qarşı sevgi olmalıdır. İnsanın mütləq öz qarşısına müəyyən məqsəd qoymalı və onları reallaşdırmalıdır. Ümumiyyətlə,  çox insanları tanıyıram ki, xaricdə təhsil almayıb amma çox gözəl müvəffəqiyyətə sahibdirlər.  Amma elə insanlar tanıyıram ki, 4 və ya 5 xarici universitetin məzunudur. Lakin həmin insanlar müvəffəqiyyət sahibi deyil. Çünki onlar “mama”, “papa” hesabına təhsil alaraq vətənə qayıdanlardır. “Mama”, “papa” hesabına oxuyan övladları da şanslı hesab etmək olmaz.

Təklif:Dərslərdə mövcud olan əzbərçilik yadlaşmalı, metodlar dəyişməlidir”

-Təhsil aldığınız xarici ölkələrdə nələrin Azərbaycan universitetlərində tətbiq olunmasını istərdiniz?

-İlk növbədə, yanaşmanın tətbiq olunmasını istərdim. Tələbələrin motivasiyaya çox böyük ehtiyacları var. Şagirdlər orta məktəbdə keçirilən 8-9 fəndən bəzilərinisevir. Çünki, həmin fənni tədris edən müəllim digərlərindən fərqlidir. Yəni, müəllim dərsi şagirdlərə sevdirməlidir. Çünki, fənni şagird və tələbəyə sevdirdikdən sonra hər şey qaydasında olacaq. Həmçinin,dərslərdə mövcud olan əzbərçilik yadlaşmalı, metodlar dəyişməlidir.

“Hamı hazıra nazir olmaq istəyir”

-Yəqin ki, işinizin görmədiyimiz pərdə arxası çətinlikləri, qarşılaşdığınız problemlər olur…

-Əlbəttə ki, çətinliklər var…   Ümumiyyətlə, təkcə ölkəmizdə deyil, hər yerdə çətinliklər mövcuddur. Amma hamı hazıra nazir olmaq istəyir. Əslində, normal haldır. İşimizin pərdəarxası çətinliklərinə qaldıqda isə ümumiyyətlə, prosesin özü mürəkkəbdir.  Çünki, 3 ölkənin saatı ilə işləyirik.

-Sizcə, Azərbaycanda təhsil sahəsində biznesini qurmaq istəyən gənclərə nə dərəcədə dəstək göstərilir?

-Tədris mərkəzi olaraq bizə müraciət edənlərin arasında bu sahədə biznesini qurmaq istəyənlər olmayıb. Əslində, xaricdə təhsil sahəsində biznes qurmaq çox çətindir. Çünki, burada hər bir ölkənin təhsilinin incəliklərini  bilmək tələb olunur. Həmçinin, təhsil biznesinə böyük yatırım da lazımdır. İstər təhsil, istərsə də digər sahələrdə biznes qurmaq istəyən gənclərə hər zaman öz təcrübələrimi bölüşməyə hazıram.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu