Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-14 15:00:00
Psixoloq:“Bir qız mənə zəng edib, təcavüzə məruz qaldığını və özünü öldürmək istədiyini dedi”-MÜSAHİBƏ

Murad İsayev: “Bəzi bağçalarda uşaqların bədənlərində iz qalmaması üçün onların saçlarını yolur, cəza kimi saatlarla tualetlərdə saxlayıb oranı təmizlətdirirlər”

“Fəlsəfə, psixologiya, sosiologiya və s. kimi ixtisaslara qabiliyyət  imtahanı keçirilməlidir”

Həkimlik cəmiyyət üçün ən yararlı peşələrdən hesab olunur. Rus akademik Bilibinin sözləriylə desək, həkimliyi öyrənmək insanlığı öyrənməkdir. Statistik məlumatlara əsasən, yaşadığımız ölkədə 30 mindən çox təbib çalışır.

AzEdu.az həkimlərin gözü ilə təhsili şərh edən “Doktor” layihəsini davam etdirir. Xatırladaq ki, layihə çərçivəsində xaricdə təhsil alan yüksək dərəcəli mütəxəssislərin müsahibələrinə yer verilir.

Layihənin budəfəki qonağı müxtəlif illərdə Türkiyə, İsrail və Ukraynada təhsil alan, Proqressiv Psixologiya Mərkəzinin direktoru, psixoloq Murad İsayevdir.

AzEdu.az Murad İsayevlə müsahibəni təqdim edir:

-Murad bəy, müxtəlif ölkələrdə psixologiya üzrə təhsil almısınız. Xaricdə müşahidə etdiklərinizə əsasən, psixologiyanın tədrisində regionları bir-birindən hansı özəlliklərin ayırdığını söyləmək olar?

-Psixologiya elə bir sahədir ki, bu sahə ilə məşğul olarkən, mütləq şəkildə, regionun psixologiyasını bilmək lazımdır.  Misal üçün, ukrayn xalqının, hətta regionlarınının şərqi ilə qərbinin psixologiyası bir-birindən tamamilə fərqlənir. Şahidi olduğum hadisəni danışım: Donetsk şəhərində təhsil aldığım vaxtlarda orada Rusiya-Ukrayna müharibəsinin nəticəsi olaraq millətin psixologiyası dəyişmişdi və xalq sanki daha çox rus təbiətli idi. Lakin Qərbə doğru getdikcə - Kiyev və ona yaxın şəhərlərdə insanlar nisbətən millətpərəst idilər. Bu kimi faktorlar psixoloqun mental dəyərlər anlayışı ilə yaxınlaşmasına mane olur. Təsəvvür edin, bir mental dəyərə öyrəşdikdən sonra eyni ölkədə tamam başqa dəyərlər peyda olur. Nəzərə alaq ki, Ukrayna, Türkiyə və İsrailin psixologiyası – bunların hər üçü bir-birindən tamamilə fərqlənir. Misal üçün: Türkiyədə baza olaraq, psixologiyanın tədrisi qənaətbəxş hesab olunsa da, burada  daha çox xarici mütəxəssis və ədəbiyyata üstünlük verirlər. Bəlkə də türk həmkarlar sözlərimə görə, məndən inciyəcəklər, amma sanki Türkiyədəki ədəbiyyatlar insana informasiyanın kökünü, mahiyyətini öyrətmir. Ukrayna, İsrail və Almaniyada isə qətiyyən belə deyil.  Qeyd etdiyim ölkələrdə gərək istənilən mövzunu və bazanı araşdırasan, psixoanaliz anlayışının yarandığı dövrə qədər gedib, o zamanda Freydin keçirdiyi bütün anları, övladları və onun xəstəliyi, İkinci Dünya Müharibəsində İngiltərə və başqa xarici ölkələrə qaçması və s. - hamısının məhz araşdırmaçısı olasan, “kopyaçısı” yox. Əslində, belə olmalıdır, çünki bunlar kitabla öyrəniləsi məlumatlar deyil.

-Deməli, Türkiyə psixologiyanın tədrisində digər ölkələrdən müəyyən qədər geri qalır...

-Türkiyədə məlumatlar şablon şəkildə öyrədilir, lakin nümunələr zəifdir və ya yerli deyil. Nümunələri, adətən, xarici ölkələrdən göstərirlər. Çünki Türkiyə xalqının bambaşqa psixologiyası var: insanlar dərdini falçı, ekstrasens və onlarda məşhur olan cinci hocalara daha çox danışırlar, nəinki psixoterapevtə... Psixoloqa münasibətləri birmənalı deyil və orada belə bir məntiq var: “gəlib pul verib, çıxırıq”. İnkişaf etmiş, nisbətən böyük şəhərlərdə vəziyyət bir az başqa olsa da, ümumiləşdirsək, belə demək olar ki, cəmiyyət bu istiqamətdə maarifləndirilməyib.

İsrailin paytaxtı Tel-Avivdə hər kəs rahat şəkildə gəlib, dərdini danışa bilir. Misal üçün, bir xanım pasiyent deyir ki, ailə qurmaq istəyirəm və partnyorumun filan psixoloji problemləri var. Bu sözlər özü Türkiyə və Azərbaycanda ailə sirri kimi qiymətləndirilir. Belə fikir formalaşıb ki, bu sirr heç kəsə açılmaz, məhrəmdir və s.

“Bəzi insanlar, əslində psixopat olduqlarının fərqində deyillər”

-Azərbaycanda necə, qeyd etdiyiniz problemlərlə müraciət edən cütlüklər olurmu?

-Bəli, hazırda eyni problemlə qəbula yazılanlar var. Tutaq ki, cütlük ailə qurmaq istəyirsə, gəlib “natamam tərəfləri”ni  aydınlaşdıraraq, müəyyən natamamlıqların həlli üçün müəyyən çıxış yolları istəyirlər. Türk mütəxəssisləri özləri də etiraf edirlər ki, belə suallarla müraciət edənlər çox azdır. Bu cür problemlərlə daha çox elit təbəqə müraciət edir. Qərbi Avropa ölkələrində isə bu, çox adi bir prosesdir.

Bəzən olur ki, müraciətçilər psixopatiyadan əziyyət çəkir: psixopatdı, şüuraltısına işləyib, amma problem açıq-aydın görünmür. Belə insanlar çox gözəl maskalana bilsələr də, vaxt gəlir, hansısa kənar faktor onu aktivləşdirib ortaya çıxarır. Bu zaman, artıq o şəxs yaxınlarına və ətrafına ziyan vurmağa başlayır. İnsanın psixikasını müəyyənləşdirmək üçün mütəxəssis mütləq pasiyentin buraxdığı xırda səhvləri görür. Məsələn, “yoldaşım əsəbidir, arada hirslənir”,- deyərək, məsələnin ciddiyəti nəzərə alınmır və zaman beləcə həmin şəxsin əleyhinə işləyir.  Təbii ki, əsəbiləşmənin səbəbi patoloji dəyişiklik olarsa, vaxt keçdikcə, faktorlar təsir göstərdikcə həmin insan qarşısıalınmaz təhlükəli varlığa çevrilir: uşaq, böyük heç kim fərq etmədən təhlükəni reallaşdırır. Bunun praktiki olaraq da şahidi oluruq: tez-tez eşidirik ki, kimsə ailə üzvlərini doğrayaraq öldürdü və s. Qeyd edim ki, hələ üzə çıxanlar bunlardır, inanın, aşkar olmayan nə qədər faktlar da var.

TƏKLİF: “Psixologiya – psixoterapiya və hətta psixiatriyada belə qabiliyyət imtahanının olması  vacibdir”

-Murad bəy, təhsil aldığınız xarici ölkələrdəki psixoloji təhsil barədə ətraflı məlumat verdiniz. Bəs, psixologiyanın tədrisi və savadlı mütəxəssislərin yetişdirilməsi baxımından, Azərbaycanda vəziyyət necədir?

-Birinci növbədə qeyd edim ki, ölkəmizdə insan resursları baxımından münbit potensial var. 3 il Xəzər Universitetində dərs dediyim vaxtlarda da  bunun  şahidi olmuşam: insan var ki, çox çalışqandı, həddən artıq gözəl araşdırması var, amma duyumu yoxdur.  Duyum, hiss etmək və qarşı tərəfi keçirdiyi proseslərə adekvat reaksiya vermək lazımdır. Bu, bir az mənəvi və ailə dəyərlərindən, bir az da genetik faktorlardan asılıdır. Düşünürəm ki, bu kimi sahələrə - fəlsəfə, psixologiya, sosiaologiya və s. qabiliyyət  imtahanı keçirilməlidir. Yəni, psixologiyada oxumaq istəyən şəxs qabiliyyət imtahanından keçməlidir. Bəzi tələbələr az çalışsalar da, dediklərimizi daha tez mənimsəyirlər, sürətli analiz edirlər. Psixologiya – psixoterapiya və hətta psixiatriyada belə qabiliyyət imtahanının olması, məncə, vacibdir. Çünki biz ruh ilə - insanın daxili gizli aləmi ilə işləyirik. Ona görə də, qabiliyyət imtahanından keçmək peşəkar kadrların məhsuldarlığının artmasına səbəb ola bilər. Çünki əks təqdirdə, kadrın yetişməsi üçün çox zaman lazımdır. Ruhsal produktiv olan insana yetişmək üçün 1 il lazımdırsa, digərinə 5-6 il gərəkdir. Təbii ki, valideynlər də bundan yana deyillər.

Əgər bu sahə formalaşmasa, nə pedaqoqlar özlərinə düzən verə biləcəklər, nə də ibtidai sinif müəllimləri... Yəni, şagird və tələbələrlə davranışlarda yenə də ciddi problemlər olacaq.

Ölkəmizdə psixologiya sahəsi üzə təkmilləşmə yerlərinin və kadrların olması çox önəmlidir. Mən xaricdən gələn kadrlardansa öz kadrlarımızdan istifadənin tərəfdarıyam. Çünki azərbaycanlını azərbaycanlıdan yaxşı anlayan olmaz. Burada böyüyən, burada tərbiyə alan bir insan daha yaxşı bilir ki, atasının şiddəti və aqressiyası hansı formadadır və səbəbi nə ola bilər. Bu, birbaşa mental dəyərlər anlayışı ilə bağlıdır. Öz mütəxəssislərimizin formalaşması üçün böyük bir mərkəzin açılışına hazırlaşırıq. Təbii ki, institut səviyyəsində olmasa da, bu, köməkçi praktiki mərkəz ola bilər.

Psixologiyada ən vacib məsələlərdən biri də psixoloqun özünün supervayzerinin  olmasıdır.

Çünki psixoloq olsam da, mən də insanam: ailəm, övladlarım var. Evdə də, cəmiyyətdə də müəyyən gərginliklər yaşaya bilərəm. Məhz buna görə, yeri gəlsə, biz digər insanlardan daha çox psixoloqa müraciət etməliyik. Mənim özümün iki supervayzerim var, internet üzərindən onlarla əlaqə qururam. Ona görə iki nəfər seçmişəm ki, birinin fikri ilə o birinin fikrini müqayisə edə bilim. Supervayzerlərimin biri İsraildən, digəri isə Ukraynadandır – yəni, fərqli mədəniyyət sahibidirlər. Mən özümə bu şəkildə düzən verməsəm, nəticə yaxşı olmaz. Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin belə sözü var: bir psixoterapevtin yanlış cümləsi səhv yazılmış preparatdan daha təhlükəlidir. Buna görə də, biz özümüz haqda da kənardan rəy almalı və mütəxəssis fikirlərini öyrənməliyik. Bu səbəbdən Azərbaycanda da supervayzerlərin yetişməsi lazımdır.

Hazırda çox savadlı psixoloqlarımız yetişir. Lakin indi olduğu sayda psixoloq artsa, hələ yenə də ehtiyac duyulacaq. Psixoloqlar daim oxumalı, yeni mövzuları araşdırmalıdırlar. Hər həftə ya elektron versiyada, ya da adi kitablar sifariş edib araşdırma edirəm. Təəssüf ki, bəzən mütəxəssislər bildikləri ilə tez kifayətlənirlər. Buna görə də, konfranslar, kurslar və bu kimi inkişafa istiqamətlənmiş digər yerlərdə həmin şəxslər ya təsadüfən iştirak edir, ya da ümumiyyətlə, görünmürlər.

Azərbaycan valideyni və mükəmməllik psixologiyası

-Qeyd etdiniz ki, hər regionun psixologiyası bir-birindən tamamilə fərqlənir. Bəs sırf azərbaycanlılara məxsus hansı psixoloji problemlərə rast gəlinir?

-Valideynlər uşaqlarını hər zaman mükəmməllik psixologiyasında böyütmək istəyirlər. Maksimum fərqlənən, çox dil bilən və ideal insan yetişdirmək onların arzusudur. İnsan şəxsiyyəti 18 yaşına qədər formalaşır. Eqonu bu yaşda müəyyən çərçivəyə salmasaq, gənclərimizi nəzarət altında saxlaya bilməyəcəyik. Hamının övladı əzizdir, amma klassik olsa da, tərbiyəsi ondan da əzizdir. Uşağı özbaşına böyütmək, onun müəllimini danlamasına, bağçada hay-küy salmasına şərait yaratmaq yolverilməzdir. Mən Sovetlər Birliyində böyüyən insanam. Bizim bağça dövrümüzə nəzər salanda sanki gestapo şəraitində böyüdüyümüzü deyirlər. Təbii ki, bu cür ciddiliyin və sərtliyin də lehinə deyilik. Ümumiyyətlə, uşaqlara hər hansı bir şeyi təlqin etmək düzgün deyil.

İsrail təcrübəsi deyir ki, uşağın genetikasında nəyə meyllilik varsa, məhz onun inkişaf etdirilməsi, potensialın ortaya çıxarılması üçün çalışmaq lazımdır. Övladınıza “sən gələcəkdə mütləq filankəs olmalısan” demək olmaz. Şagirdlər ekskursiyalara görüb-tanış olduğu ərazilərdə öz-özünü tapması üçün aparılır. Əgər özün mühəndis ola bilməmisənsə, burada uşağın nə günahı var ki, onu  mütləq mühəndis etmək istəyirsən?! Mən bunun əziyyətini çəkmişəm. Valideynlərim mənə “sən riyaziyyat üzrə oxumasan, biz pis valideyn sayılacağıq” deyirdilər. O vaxt hirslə onların istədiklərini etdim. Magistraturaya yönləndirməyə çalışanda, təhsilimi dayandırıb, əsgərliyə getdim. İnsanın iradəsi güclü olmalıdır ki, mən cəmiyyətə , insanlara nə kimi fayda verə bilərəm? Analiz etməyi bacarmaq lazımdır. Uşaqlara bu cür məhdudiyyətlər qoyulduğuna görə bəzi problemlər baş qaldırır. Bizim üçün vaxt ən dəyərli anlayışdır. O vaxtı sevdiyim sahədə keçirməsəm, zamanımı boşa xərcləmiş sayılıram. Bəzən, 12 saat seans keçdiyimiz vaxtlar da olur. Yanıma gələn şəxsin problemini öyrənib, ona yardım edərkən, bundan zövq alır,  öz sahəmi daha da çox sevirəm.

Cəmiyyət orqanizm kimidir. Valideynlər uşaqlarını o vəziyyətdə gətirirlər ki, onlarda yaranan peşmanlıq və pərtlik bütün sistematikalarını da  əldən çıxarmış olur. Onlara sual verirəm: “Hörmətli valideyn, övladınızla söhbət edirsinizmi?”, “Hörmətli valideyn, övladınızla çay içmədən, TV-ə baxmadan, başqa işlə məşğul olmadan üz-üzə söhbət edirsinizmi?”  İnanın ki, övladları ilə həftə ərzində bircə  saat belə vaxt keçirmirlər. Onlara uşaqları barədə sual verəndə cavab da tapa bilmirlər.

Bir ara “Mavi balina” deyilən oyun meydana gəldi. Bu cür oyunlar yenə də yaradılacaq. Onları quranlar psixoloqlar və sosioloqların özləridir. Oyun müəyyən müddət insanı manipuliyasiya ilə təsir altında saxladıqdan sonra insana hansı əmri verirsə, adam da onu icra edir. Proqrama qoşulanların əksəriyyəti ana-ata sevgisindən məhrum uşaqlardır. Əziz valideyn, övladını qucaqla, oyna, qıdıqla, ona sevgini göstər. Uşaqlar deyir ki, valideynlərimi bəzən günlərlə görmürəm. Bu kimi ifadələri dəfələrlə eşidirik. Valideyn problemin səbəbini soruşanda, problemin elə özü olduğunu qeyd edirəm. Siz sevgi verməsəniz, övladınız robot olacaq. Əgər qazandığın maaşı uşaqlarına yönəltmirsənsə, onunla vaxt keçirmirsənsə, deməli, sən onsuz da işləmirsən. Əziz valideynlər, unu götürün, içinə su qatın, rəngləndirici əlavə edin. İcazə verin övladınız yemək bişirəndə sizə kömək eləsin, doğrasın təmizləsin. “Mən də faydalıyam” duyğusunu hiss eləsin. Valideynlərə bunları çatdırmaq lazımdır.

“Alibaba” şirkətinin məşhur meneceri deyir ki, uşaqlarımıza riyazi hesablamaları öyrətməməliyik, onları gələcəkdə onsuz da robotlar edəcək. Biz onlara yaradıcılığı, robotların edə bilməyəklərini aşılamalıyıq. Yaratmağı, var etməyi bilməlidirlər.

“Qız uşağı mənə zəng edərək təcavüzə məruz qaldığını və özünü öldürmək istədiyini dedi”

-Əksər valideynin psixoloji problemləri olduğunu diqqətə çatdırdınız. Evdə bu təzyiqə məruz qalan uşaq, normalda çıxış yolu kimi məktəbdəki psixoloqa üz tutmalıdır. Sizcə, məktəb psixoloqlarının fəaliyyəti şagirdə hər hansı yardımın göstərilməsində nə qədər effektlidir? 

-İlk olaraq  “psixoloq” sözünün mahiyyətini insanlara düzgün başa salmaq lazımdır. Hazırki kurikulum təhsil sistemində çox gözəl psixoloji proqramlar var. Sadəcə bu proqramlar uşaqlara tam çatdırılmır. Kiçik siniflərdə fiqurların yerləşdirilməsi, yutub platformasında fiqurların danışıq videoları kimi bir çox maraqlı vasitələr var. Bunlar bir tərəfdən səsli, digər tərəfdən də görüntülü olmaqla uşaqlara məlumatlar ötürürlər. Məktəblərə də uşağın 5 duyğu orqanının aktivləşməsi üçün hər cür şərait yaradılıb. Bunları quranların özləri də əslində psixoloqlardır. Sadəcə, valideynlərin  üzərində işləmək üçün xüsusi proqramlar lazımdır. Valideynə psixoloq deyən müxtəlif cür reaksiyalar verməyə başlayır.

Hər birimizin övladı yeniyetməlik yaşına çatanda ona söylənən fikirləri qəbul etmir. Əsasən, qız uşaqları analarına, oğlanlar isə atalarına qarşı çıxırlar. Təbiət insanı elə yaradıb ki, bütün canlılar bir-birlərindən fərqlənməlidirlər. Əgər övlad valideynlərinin  dediyi hər şeylə razılaşarsa, deməli, kopyalanır. Ona görə də təbiət bizə öz valideynlərimizə qarşı çıxmaq imkanı verib. Bu bizi bir-birimizdən fərqləndirir. Övladın valideyninin dediyi hər şeyi etməməsi, onların sözünə qulaq asmaması təbiidir. Onları döyməklə cəzalandırmaq olmaq. Məsələn, uşaqlara psixoloji cəza verirəm: öncə onları mükafatlandırır, sonra həmin mükafatı müəyyən müddətdən sonra geri qaytarmaq şərti ilə hissə-hissə ondan alıram. Cəza olaraq övladını döyən valideynlərin  95%-nin əsəblərində problem var. Uşağını bağlı otaqlarda saxlayanlar ana-atalar görmüşük. Valideyn övladını hər hansı səbəblə yanıma gətirəndə birinci anaya deyirəm ki, özünüz psixoloji və tibbi yardım alın. Mən nə qədər etsəm də,  “A” hərfini səhv yazdığına görə bu uşağı yenə döyəcəksiniz.

-Məktəb psixoloqlarının eyni zamanda peşəkar kadr olaraq hazırlanmasında da müəyyən problemlər var. Ucqar kənd məktəblərində isə bu vakansiyalar, demək olar ki, tamamilə boş qalır..

 -Bəli, məktəb psixoloqlarının peşəkar kadr kimi yetişdirilməsində müəyyən problemlər var. Heç olmasa psixoloqları məktəblərə dəvət edib valideynlərə seminarlar keçmələrini təşkil etmək lazımdır. Bizi dəvət etsələr,bu seminarları ödənişsiz keçirə bilərik. Bunu valideynlər təklif etməli olduqları halda, biz  təklif edirik. Bəzi informasiyaları buklet, flayer və ya jurnallarla evlərə ötürməliyik. Məsələn, hər dəfə radioda tütündən uzaqlaşmaq üçün hazırlanan reklamı dinləyirəm. Uşaq qeyd edir ki, mən azərbaycanlıyam, ölkəmə xidmət etmək, həkim olmaq istəyirdim, amma atam siqaret çəkdiyinə görə, sağlamlığıma zərər gəldi.

15 il əvvəllə müqayisədə psixoterapiyaya gələnlərin sayı təxminən 25-30% artıb. Hər gün müxtəlif  zənglər, e-maillər gəlir. İntihar etmək istəyən insanlar olur. Bu yaxınlarda bir qız uşağı telefonda təcavüzə məruz qaldığını və özünü öldürmək istədiyini dedi. Bu mənada, lazımsız kurs reklamlarının əvəzinə sosial reklamlar mütləq çəkilməlidir. Əgər övladınızla ünsiyyətiniz alınmırsa, zəng edib məsləhət alacağınız bir mərkəz olmalıdır. Ən əsası isə öncə valideynlərin üzərində iş aparılmalıdır. Uşaqlar onlardan sonra gəlir.

“Çirklənmədən, sındırmadan, açmadan, dağıtmadan heç bir uşaq inkişaf edə bilməz”

-Murad bəy, uşaqları döyməklə cəzalandırmağın yanlış olduğunu vurğuladınız. Bəs valideynlər hansı cəza metodlarından istifadə etsələr, daha yaxşı nəticə əldə edə bilərlər?

-Bəli, xüsusilə də uşağı küncdə saxlamaq olmaz. Küncdəsənsə, digər uşaqlar sənə baxır, diqqət mərkəzindəsən və ixtiyarın ola-ola tərpənə bilmirsən. Həmin cəzanın özünəinama verdiyi zərbəni heç bir şey verə bilməz. Bu da Sovetin verdiyi mənfi tərbiyə formalarındandır. Amma nəzərə almaq lazımdır ki, Sovetlər Birliyində onlara qul lazım idi. Bizə isə inkişaf edən gənclər lazımdır.

Bəzi bağçalarda uşaqların bədənlərində iz qalmaması üçün onların saçlarını yolur, cəza kimi saatlarla tualetlərdə saxlayaraq oranı təmizlətdirirlər.  Xəbərləri yoxdur ki, qorxu adı altında uşağın bütün psixologiyasını məhv edirlər. Bayaq da qeyd etdiyim kimi, uşaqlara cəza verməyin ən gözəl yolu birinci onları mükafatdırıb sonra mükafatı hissə-hissə geri almaqdır. Cəzanı bərpa et və mükafatını götür. Bunun hiperaktiv uşaqlarda verdiyi effekt döyməkdən qat-qat önəmlidir. İsveç araşdırmalarında göstərilir ki, uşağa mütəmadi olaraq şiddət tətbiq etmək onun döyülməyə qarşı istəyini artırır. Balacada şiddətdən serotonin hormonu yaranır. Durduq yerdə "qaşınır" və döyülmək istəyir. Hətta valideynlər də deyir ki, uşaq döyülməsə, özünə gəlməyəcək. Belə uşaqlarda artıq nevroloji problem var.

Övladının inkişaf etməsini və gözəl tərbiyədə olmağını istəyirsənsə, ona heç nə təlqin etmə, özün öz üzərində tətbiq et. Məsələn, onun kitab oxumağını istəyirsənsə, kitab oxu, gül əkib-becərməyini istəyirsənsə, gül ək-becər.

İsraildə bağça pedaqoqları ilə seminar keçirilmişdi. Çöldə uşaqlar qumla oynayıb, üst-başlarını quma batırırdılar. Biri qumu yeyir, digəri isə başına tökür və beləcə əylənirdilər. Ən maraqlısı isə heç bir valideynin onlara müdaxilə etməməsi idi. İnsan orqanizmini nəyə öyrəşdirirsənsə, ona da dözümlülük yaranır. Bizim valideynlər o dözümlülüyün yaranmağına imkan vermirlər. Uşağın yatdığı otağı  38-39 temperaturda etmək, həyətə çıxaranda ağzını-burnunu bağlamaq düzgün deyil. Uşaq tərləyir və immun sistemi dözmür. Onların bədənlərini qoruduğumuz kimi, eləcə də psixologiyalarını qoruyuruq. Çirklənmədən, sındırmadan, açmadan, dağıtmadan heç bir uşaq inkişaf edə bilməz.

 -Psixoloji araşdırmalara görə, valideynin tərbiyə prosesində yol verdiyi ən böyük səhvlərdən biri də övladını digər uşaqlarla müqayisə etməsidir...

-Bəli, çox düzgün qeyd etdiniz. Valideyn övladını təkcə başqa uşaqlarla müqayisə etmir, onu eyni zamanda, sıra mədəniyyətində hər zaman qabağa itələyir. Valideyn uşaqlarına sürücülük mədəniyyətini, yolda gözləmək qaydasını öyrətmir. Bir dəfə Kiyevdə çox böyük tıxaca düşmüşdük. Gediş yolu tamamilə dayansa da, gəliş bomboş idi. Həmin vaxt da hava limanına tələsirdik. Sürücüyə dedik ki, əks istiqamətiniz boşdur, nə polis var, nə kamera. Bəlkə, əks yoldan gedəsiniz? Sürücü tıxac bitənə qədər gözlədi, amma əks yolla getmədi. Tamamilə, düzgün yanaşmadır. Əgər kimsə tələsirsə, evdən tez çıxmalıdır və bu, taksi sürücüsünün problemi deyil. Uşaqlarımıza mədəniyyəti körpəlikdən öyrətməli və bunu öz üzərimizdə tətbiq etməliyik.

Nəzrin Rüstəmova

Nəzrin Cavid

Bu bölməyə aid digər xəbərlər
2020-03-04 12:01:00
2020-02-07 09:12:00
2019-06-18 12:39:00
2019-04-09 12:43:00
2019-03-14 15:00:00
2018-08-31 09:56:19
2018-07-24 11:42:51
2018-07-23 14:40:00
2018-07-23 11:45:00
2018-04-05 11:29:57