XƏBƏRLƏR

26.02.2019 12:42
Xocalı müəllimlərinin qandonduran sözləri: “Xəbər gəldi ki, anam girov götürülüb” -REPORTAJ  

II sinif şagirdi Fatimə Babazadə:“Xocalıyla bağlı filmə baxanda, bir körpənin şişə taxıldığını görüb, qorxdum”

Fatimə Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən Xocalı şəhər 2 saylı tam orta məktəbin “2A” sinfində təhsil alır. O, əslən, Xocalı rayonundandır.

Sinfə daxil olan kimi Fatimənin bildiklərini səbirsizliklə bizimlə bölüşmək üçün tələsməyi diqqətimizi çəkir. Elə bu məktəbə yollanmağımızın əsas səbəblərindən biri Xocalı faciəsini məktəblilərin təxəyyülü, müəllimlərin isə qan yaddaşı vasitəsilə oxuculara təqdim etmək idi.

Fatimənin təbii hisslərindən doğan, birnəfəsə və həyəcanla söylədiyi fikirləri düzəliş etmədən sizlərə təqdim edirik:

“Mənim nənəm və babam Xocalıdandır. Babam Xocalıda döyüşüb və bacısıyla bir yerdə girov götürülüb. O, polis idi və Xocalını qoruyurdu. Həmişə deyirdi ki, ermənilər insanları döyür, əsir götürür. Müəllimimiz də bizə ermənilərin insanları müxtəlif alətlərlə döydüyünü, bıçaqladığını danışıb. Xocalıyla bağlı filmə baxanda 40-ı çıxmamış körpəni şişə taxdıqlarını görüb qorxdum”.

XATIRLATMA:Xocalı şəhər 2 saylı tam orta məktəb faciə yaşanmamışdan öncə Xocalı ərazisində 8 illik orta təhsil müəssisəsi  kimi fəaliyyət göstərib.

Məktəbdə hazırda dərs keçən və təhsil alanların əksəriyyəti, məhz Xocalı rayonundandır.

“2A” sinfinin ibtidai sinif müəllimi Sevda Məmmədova:13 gün meşədə ölümlə mübarizə aparan  babamın cəsədini tapanda onun  əllərindən gələn ocaq qoxusunu bu gün də xatırlayıram”

Sevda Məmmədovanın MONOLOQU - I hissə

“Ermənilər hadisələr baş verən zaman kəndləri,evləri yandırdılar. Məcbur olub meşəyə tərəf qaçıb, birtəhər  Qarqar çayına çatdıq. Əsgərlərimiz isə kənddə qalıb, ermənilərlə döyüşürdülər. Tankların, ağır zirehli texnikanın qarşısında silahsız durmağın çətinliyini izah etməyimə yəqin ki, ehtiyac yoxdur.

HAŞİYƏ:Qarqar çay mənbəyini Şuşa rayonundan 2080 m hündürlükdən götürərək,  Xankəndi, Xocalı, Ağdam və Ağcabədi rayonlarının ərazisi ilə axır. Qarqar çayı Zarıslı və Xəlfəli çaylarının birləşməsindən  əmələ gəlir.

İkinci monoloq

“Fevral ayıdır və sərt qış hökm sürür. Suyun buz bağladığının fərqində olsaq da, çayın digər tərəfinə keçməkdən başqa çarəmiz qalmamışdı. Yaralı, cavan, qoca, xəstə, uşaq, hər birimiz bərbad vəziyyətdə buz kimi suyun içindən keçərək, meşəyə tərəf addımladıq. Hər tərəf qarla örtülmüşdü. Ermənilər tək çıxış yolumuzun Ağdam istiqamətinə getmək olduğunu çox gözəl bilirdi.

Səhərə qədər meşənin içiylə yol gəldik. Usanmadan bir-birimizə, yaralılara, yıxılanlara, ağrısı olanlara, xəstələrə kömək edə-edə, qorxu altında irəliləyirdik” .

26 fevral,  saat 06:00...  Müəllimin üçüncü monoloqu

“Ermənilər meşənin içi ilə səhərə qədər gəldiyimiz yolun yekununda bizi “qarşıladılar”. Hər kəs ayaqyalın, başıaçıq və silahsız idi. Körpələrin səsi, insanların qışqırığı 27 ildir, qulaqlarımdan getmir. Ən çox insan da, məhz burada öldürüldü. Faciə zamanı canlarını bizə görə fəda edən oğullarımızın qəhrəmanlıqlarının şahidi oldum.

Məktəbin direktoru Fiqurə xanımın qardaşı, milli qəhrəman Füzuli Rüstəmov bizi ölümdən xilas etdi. Xocalıda vuruşanların hamısı qəhrəmandır.

Xülasə: Fiqurə Rüstəmova 2 saylı tam orta məktəbin direktoru və Xocalı hadisələrinin canlı şahididir.

Onun qardaşı, Milli qəhrəman Füzuli Rüstəmov 1965-ci ildə Xocalıda anadan olub. On bir yaşı olanda atasını,on beş yaşı olanda isə anasını itirib.

1992-ci il fevralın 25-də 26-na keçən gecə ağır müdafiə döyüşlərində düşmənə qarşı cəsarətlə vuruşub.

Kiçik haşiyə çıxaraq, həmin günləri Fiqurə Rüstəmovanın dilindən çatdırırıq:

“Ermənilər tank və“BTR”-lərlə hücum etdilər. Şaxtalı qış gecəsi idi. Biz iki çay keçməli idik. Güllələr yağırdı. Yanımızdakı adamı öldürəndə, qan üstümüzə fışqırırdı. Qardaşım məni və başqa sakinləri Şelli camaatına təhvil verib, geri qayıdırdı. Ağdamlılar bizə ayaqqabı və paltar verdilər. Qardaşım da bütöv Azərbaycan – vətən uğrunda qeyri – bərabər döyüşdə şəhid oldu. Onu Tərtər rayonunun Həsənli kəndində dəfn etdilər” .

Xocalıda qalan gənclik və gəlməyən Novruz bayramı

Sevda müəllimənin dəhşət haqqında monoloqunun sonu...

“Babamla nənəm 13 gün meşədə ayaqyalın qalıblar. Biz onları tapanda artıq şəhid olmuşdular. Babamın əllərindən gələn ocaq qoxusunu bu gün də xatırlayıram. (ağlayır)

Əsir götürülənlərin səsləri qulaqlarımızdan getmir. Biz meşədən çıxanda Canpolad Rzayevin dəstəsi köməyə gəldi. Meşədən çıxan zaman gördüyüm mənzərəni heç kəsə arzulamıram. Bəyaz qarın üzərində cansız meyitlər, yaralananlar, qışqıranlar və başqaları uzanmışdı. İnsanlara hətta vintaçanlarla da xətər yetirib bədənlərini deşmişdilər. Ağdama çatanda ilk dəfə “qaçqın” sözünü və qaçqın olduğumu eşitdim....

Biz Xocalıda gəncliyimizi qoyduq. Hadisələr baş verən zaman 20 yaşında idim və Novruz bayramının gəlişini gözləyirdim. Axı haradan bilərdik ki, Novruzumuz belə qara gələcək...”

26 fevralda doğulub, 26 fevralda da vəfat edən milli qəhrəman Canpolad Rzayev

QAN YADDAŞI:Canpolad Rzayev 1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub.

Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbərlərə dözə bilmir və tankına oturaraq Qaraqaya kəndinə üz tutur. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaradıb. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak olub.

Sevda müəllimənin sanki “dəhşət” və “faciə” sözlərinin izahı rolunu oynayan “monoloq”undan sonra məktəbi gəzib, başqa siniflərə baş çəkmək istəyirik.

Başqa sinifdəyik... Burada Həsən müəllim İngilis dili dərsi keçir. 6 yaşlı uşağın yaşaya biləcəyi  bütün dəhşətləri yaşayan xocalılı Həsən müəllim...

O, dəhşətli günləri kino lenti kimi geri çevirir... Kadrlar  6 yaşlı Həsənin üzərində dayanır:

 “6 yaşında uşağın yaşaya biləcəyi bütün dəhşətli hadisələri yaşamışam və buna görə də gözümün gördüyü heç nədən qorxmuram”

31 hərfli  Əlifba

“Hadisələr baş verəndə 6 yaşında idim. Xocalıda hazırlıq qruplarında təhsil alırdım. İndiki kimi yadımdadır, son keçdiyimiz hərf “Y”samiti olmuşdu. Güllə səslərinin altında dərslərə gedib-gəlməyə davam edirdik. Bir müddət sonra vəziyyət o qədər ağırlaşdı ki, məktəbə getməyimiz mümkün olmadı”.

Acı təsadüf, yoxsa qismət?!

Müəllim dərindən nəfəs alaraq, nitqinə davam edir:

“Atam o zaman  Xocalıda yanacaq doldurma məntəqəsində müdir vəzifəsində çalışırdı. Bir gün evə gəlib dedi ki, Ağdamdan yanacaq gətirməliyəm. Məni də yanında aparmaqla, sanki mənə həyat bəxş etdi. Həmin olaylarda Ağdamda idim. Həmyaşıdlarımın çəkdiyi ağrılı, acılı əziyyətlərin tam şahidi olmasam da, 6 yaşında uşaq olaraq gözlərimin yollarda qaldığını, anamın, qardaşlarımın nə zaman gələcəyini və ya ümumiyyətlə, gəlib çıxa bilməyəcəklərini düşünməyə başlamışdım. Düzü, bu məsələləri məndən gizlədirdilər. Amma qohumlarım evdə söhbət  edəndə eşidirdim”.

“Bir gün xəbər gəldi ki, anan girov götürülüb”

Həsən müəllim, yaddaşındakı “filmi” birnəfəsə danışmaqda  çətinlik çəkir. Ağrılı “lentlər” bir-birinə dolaşır... Amma yenə də bir qədər fasilədən sonra yenidən sözə başlayır:

“Bir gün babamın rəhmətə getdiyini, həmin günün sabahı isə anamın əsir düşdüyünü eşitdim. Azyaşlı uşağın belə şeylər eşitməsinin onun psixoloji durumunu hansı vəziyyətə saldığını, yəqin ki, təsəvvür edirsiniz.

Şagirdlərim bəzən sual verir ki, müəllim, həyatda qorxduğunuz bir şey varmı? Onlara gözümün gördüyü heç nədən qorxmadığımı söyləyirəm. 6 yaşlı uşağın yaşaya biləcəyi hər şeyi yaşamışam.

Hadisələr zamanı babam rəhmətə getmişdi və cənazəsi meşədə qalmışdı. Xəbər gəldi ki, bir neçə cənazə Ağdam məscidinə gətirilib. Onların içərisində babamın olub-olmadığını öyrənmək üçün cəsədləri görməyə getmişdik. Cənazələrin içərisində elə meyitlər var idi ki, təsəvvür belə edə bilməzsiniz. Erməni vandalları, hətta cəsədin başına yüz oyun açmışdılar. Bunları görərək, böyümüş uşağam. 27 il ötməsinə baxmayaraq, bizim üçün hər gün matəmdir. Hər gün bunun acısı, intiqamı ilə yaşayırıq”.

Həsən Ələkbərov VIII sinif şagirdlərinə dərs keçir. O, şagirdlərinin dərslərə marağını yüksək qiymətləndirir. Hətta onlar arasında dünya miqyasında nailiyyətlər əldə edə biləcək şagirdlərin olduğundan söz açır. İmkan yaradıldığı təqdirdə ölkəmizi layiqincə təmsil edəcəklərinə inanır.

Müəlliminin ən çox təriflədiyi şagirdlərdən biri olan Elmiranın gələcək hədəfləri də onun həyata inamı qədər böyükdür.

Elmira ilə qısa DİALOQ:

-Elmira, gələcəkdə kim olmaq istəyirsən?

-Ölkəm üçün əlimdən gələni etməkdən ötrü yüksək vəzifə tutmaq istəyirəm.

-Məsələn, hansı yüksək vəzifəni tutmaq istəyirsən?

-Millət vəkili və ya nazir olmaq fikrindəyəm...

II sinif şagirdi Fatimənin qan yaddaşının və Elmiranın gələcəyə böyük inamının kəsişdiyi Xocalı şəhər 2 saylı məktəbin bütün şagirdləri 27 ildir, işğal altında olan Xocalı həqiqətlərini eşidərək böyüyür. İnanırıq ki, uzun illərdir, Xocalısız qalan insanlarımızın, xüsusilə buranı sadəcə, şəkillərdə görən Elmiranın arzusu bir gün elə Xocalı torpaqlarında reallaşacaq.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu