Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-05 10:30:00
Kəşfi ilə dünyanı təəccübləndirən cərrah: “Qadınlar kişi, kişilər də qadın olmaq üçün müraciət edirlər” -MÜSAHİBƏ  

Həkimlik cəmiyyət üçün ən yararlı peşələrdən hesab olunur. Rus akademik Bilibinin sözləriylə desək, həkimliyi öyrənmək insanlığı öyrənməkdir. Statistik məlumatlara əsasən, yaşadığımız ölkədə 30 mindən çox təbib çalışır.

AzEdu.az həkimlərin gözü ilə təhsili şərh edən “Doktor” layihəsini davam etdirir. Xatırladaq ki, layihə çərçivəsində xaricdə təhsil alan yüksək dərəcəli mütəxəssislərin müsahibələrinə yer verilir.

Elmdə nə qədər dərinə gedirəmsə, yaradıcı qüvvənin olduğuna bir o qədər çox inanıram. Dünyanı yaradan hər hansı qüvvə mövcuddur, lakin bunun cismani görüntüsü varmı, bilmirəm... Hansı ki, ona Allah deyirik...”.

Bu sözlər layihənin budəfəki qonağı,Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin sədri, eyni zamanda, Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü Vaqif Qələndərliyə aiddir.

Vaqif Qələndərli bir çox mürəkkəb əməliyyatlar, o cümlədən, dirsəkdən qopmuş qolun 6-8 saatdan sonra təkrar yerinə replantasiyasını (bərpası) uğurla həyata keçirib.

Öz dilindən TƏQDİMAT:Orta məktəbi Qərbi Azərbaycanın Göyçə mahalında qızıl medalla bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna qəbul olundum. Yaxşı qiymətlərlə oxuduğum üçün IV kursda Dövlət Proqramı çərçivəsində Azərbaycanda olmayan ixtisaslar üzrə İstanbul Cərrahpaşa Universitetinəgöndərildim. Azərbaycan Tibb Universiteti və İstanbul Universitetinin rektorluğu arasında tələbə mübadiləsi üçün imzalanan müqavilə əsasında seçilən 10 tələbədən biri olaraq,İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsini bitirdikdən sonra İstanbul Universiteti Çapa tibb fakültəsindəuzmanlıqixtisasına başladım. 5 il davam edən bu ixtisaslaşmamadan sonra 2001-ci ildə ölkəmizə qayıdaraq, Mərkəzi Klinik Xəstəxana, Respublika Klinik Xəstəxanasında və Tibb Universitetində əməliyyatlara başladıq.

Hazırda Azərbaycan Tibb Universitetinin (ATU) və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) professoruyam.Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası üzrə tələbələrin və rezidentlərin hazırlanması üçün Azərbaycan Tibb Universiteti, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təsis etdiyi ilk dərslik və dərs vəsaitinin müəllifiyəm.

Vaqif Qələndərlinin ŞƏRHİ: Azərbaycanda səhiyyənin dünəni və bugünü...

-Türkiyədə tələbə olarkən düşünürdük ki, oxuyub, Azərbaycana qayıdanda öyrəndiklərimizi tətbiq etmək üçün şərait olmayacaq. Lakin biz oxuyub gələndə, artıq müalicə və müayinə üçün ölkəmizdə bütün yeni avadanlıqların olması bizə stimul verdi. İndi səhiyyəmizə ayrılan investisiya nəticəsində, tibb sahəsində istənilən tədqiqatı aparmaq üçün texniki avadanlıq tapmaq mümkündür.

Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə böyük inkişaf var: təxminən, 10-15 il əvvəl kimisə aeroportdan endirib, - “bura Bakıdır”,- desələr, heç kəs tanımazdı. İndi isə vəziyyət fərqlidir, inkişaf təhsil, iqtisadiyyat, səhiyyə, ümumiyyətlə bütün istiqamətlərdə özünü büruzə verir. Əlavə olaraq, son zamanlar mütəxəssislərimizin nailiyyətlərinin “səs-sorağını” xaricdən eşidə bilirik və əcnəbi mütəxəssisləri də asanlıqla konqreslərdə iştirak etmək üçün ölkəyə dəvət etmək şansımız olur. Bu uğurların hər biri Prezident İlham Əliyevin səhiyyə sektoruna qayğısından irəli gəlir. Konfranslar üçün gələn xariciləri qabaqcıl xəstəxanalara aparıb onlara bölgələrdəki Diaqnostik Mərkəzləri göstərəndə, təəccüblənib deyirdilər ki, belə məhdud bölgələrdə böyük diaqnostik mərkəzlərin və böyük müalicə-müayinə metodikasında istifadə olunan avadanlıqların olacağı heç ağlımıza gəlməzdi.

Hesab edirəm, yaxşı olardı ki, kifayət qədər kadr olsun vəonlar bu avadanlıqlardan istifadəni bacarsınlar. Bizdə bu sahədə ciddi islahatlar aparılmasına baxmayaraq,  kadr çatışmazlığı hələ də müşahidə edilir. Mən plastik və rekanstruktivcərrahiyyə sahəsində həm praktiki, həm elmi istiqamətdə bu sahəni dünyada tanıtmaq üçün əlimdən gələn hər şeyi etmişəm. Bütün beynəlxalq konqreslərdə çıxışlarım zamanı,Azərbaycanın ən önəmli tarixi məqamlarından başlayaraq,öz tibbi nailiyyətlərimizi təbliğ etmişəm. Qısacası, təkcə praktiki olaraq deyil, həm də nəzəri biliklərimizlə xarici konqreslərdə iştirak edirik. Elə bu yaxınlarda - 9 noyabrda mənim təşkilatçılığımla Beynəlxalq Dodaq və Damaq Yarığı Konqresi keçirildi.Ümumilikdə, ölkədə bu sahədə 5 dəfə beynəlxalq konqres keçirilib ki, hər birinin birbaşa təşkilatçısı mən olmuşam. Bunu, elmi-praktik potensialımızı dünyada tanıtmaq üçün önəmli şərt hesab edirəm.

Plastik və rekonstruktiv cərrahın Azərbaycan və Türkiyə mətbuatının gündəmini dəyişən, ABŞ-da dərsliyə salınan metodu: 

-Mənim üçün 2018-ci il ərzində ən önəmli hadisələrdən biri metodikamın Amerika Birləşmiş Ştatları,Florida Tibb Universitetinin dərsliyinə düşməsi olub. Bilirsiniz ki, Azərbaycanda dərslik yazmaq asan olsa da, xaricdə bir dərslikdə çıxmaqçoxçətindir. Bir azərbaycanlı həkim kimi metodikamın dərsliyə düşməsi həm ölkəmiz, həm də şəxsim adından qürurverici hadisədir.

ABŞ-ın Florida Tibb Universitetinin (Jacksonville) dosenti, Çənə-üz Cərrahiyyəsi Şöbəsinin rəhbəri, Mikrovaskulyar  Cərrahiyyənin direktoru RuiFernandesin müəllifi olduğu "Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplər. Praktiki yanaşma" dərsliyində mənə məxsus xüsusi metodika da ayrıca fəsil kimi salınıb. Dərsliyi, bu sahənin mütəxəssisləri üçün stolüstü kitab da adlandırmaq olar. Metodikamın bu dərsliyə salınması mənim üçün gözlənilməz oldu: Türkiyədən zəng edib məni təbrik edəndə hələ xəbərim yox idi.Əvvəl inanmadın, daha sonra araşdırıb gördüm ki, dərsliyin 20-ci fəslində metodikam - "Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri" adlı bölmə salınıb. Burada, artıq bir neçə ildir ki, tətbiq edilən xüsusi metodikadan bəhs olunur. 

Metodikanın mahiyyəti, süd vəzinin və döş qəfəsi toxumalarının yenidən bərpası üçündaxili döş arteriyası ilə birlikdə alınan toxuma flepini sinənin, baş və boyunun toxumasıdeffektlərində istifadə etməkdir. Bu alternativsiz metod, 1999-cu ildə Səhiyyə Nazirliyinin və ATU-nun xüsusi icazəsi ilə Azərbaycan məhkəmə-tibbi ekspertizasının morqunda insan meyitləri üzərində aparılan araşdırmalardan sonra öz təsdiqini taparaq canlı insanlarda tətbiq edilib. Həmin ilin sentyabrın 29-da Quş adasında keçirilən ümumdünya Plastik-Rekonstruktiv Cərrahiyyə Konqresinə təqdim olunan ixtira 360 yenilik içərisindən seçilərək beynəlxalq mükafat və diploma layiq görülüb. Bu cərrahiyyə metodu dünyanın impaktfaktorlu nüfuzlu jurnallarında nəşr olunub.

Dünyanın bir çox ölkəsində - Yaponiya, Braziliya, Türkiyə, Koreya, ABŞ-da - bu metodla cərrahiyyə əməliyyatları həyata keçirilir. Qeyd edim ki, bunlar dünyada ən ağır əməliyyatlar hesab edilir.

Xəbəri eşidən kimi müəllif RuiFernandeslə danışdım, sonra məni ABŞ-a dəvət etdilər. Amerikada çox yaxşıqarşılandım və məni tələbələrə universitetinin fəxri müəllimi kimi təqdim etdilər. Bildirdilər ki, istədiyim vaxt Florida Universitetinin müəllimi kimi orada tələbələrə mühazirə oxuya bilərəm.

 

-Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası üzrə tələbələ və rezidentlərin hazırlanması üçün dərslik müəllifi, həmçinin Rezidentura Təhsil Proqramının yaradıcılarındansınız. Ümumiyyətlə, Azərbaycanda rezidentura təhsilinin effektivliyi barədə nə deyə bilərsiniz?

-Bəli, rezidentura təhsil proqramının hazırlanmasında şəxsən iştirak etmiş komissiya üzvi kimi deyə bilərəm ki, ümumiyyətlə, rezidentura təhsil səviyyəsinə keçmək ciddi məsələ idi. Rezidenturanın tətbiqi nəticəsində, məzunlar bu sahəyə diqqət artıraraq, özlərinin konkret ixtisasını öyrənməyə başladılar. Bu proqramın tələblərinin, xaricdə olan proqramlarla eyniləşdirmək təbii idi. Bu keçid dövründə birdən – birə rezidenturadan effekti sürətlə almaq çox çətindir. Ona görə ki, bu təhsil sistemidir. İnsanların psixologiyasının həm tədris edən müəllimlərin, həm də tələbələrin bu işə tam güvənib adaptasiyasına nail olmaq lazım idi. Bu, keçid dövründə ( təxminən, növbəti 3-4 il ) çətinlik olacaq. Lakin ilk rezidentlər məzun olduqca, onlar, artıq öz nəticələrini göstərməyə başlayırlar, klinikalarda rahatca müayinə və əməliyyat edə bilirlər. Bu təhsil səviyyəsini daha da inkişaf etdirmək üçün bir az vaxt lazımdır. Amma Azərbaycan dilində dərslik və proqramların tərtibi o deməkdir ki, artıq bu sahədə inkişaf yüksək səviyyədə gedir. Biz də ölkə daxilində mütəxəssis hazırlamaq üçün əlimizdən gəldiyi qədər çalışırıq.

-Lakin yenə də tələbələr rezidenturada oxumaq üçün xaricə, əsasən Türkiyə və Almaniyaya üz tuturlar... 

-Düzdür, Azərbaycanda rezidentura proqramı olsa da, bütün tələbələr burada təhsil almağı seçmirlər. Adətən, Türkiyə, Almaniya, Rusiya və Amerika arasında seçim edirlər. Bu, təbii bir şeydir, zaman-zaman azalacaq. Mən Türkiyədə uzmanlıq üzrə oxuyanda müəllimlərimiz danışırdılar ki, onların qohumları Almaniya, Amerikada təhsil alırlar. Halbuki,  Türkiyənin özünün böyük potensialı var idi. Deməyim odur ki, əvvəllər orada da belə hallar çox olmasına baxmayaraq, indi vəziyyət dəyişib. Qısa müddətdə artıq bizdə də xaricdə təhsil almağa gedən tibb tələbələrinin sayı, hesab edirəm ki, azalacaq.

-İstənilən halda, xaricdə tibb üzrə təhsil almaq tələbələrin gələcəkdə mütəxəssis kimi yetişməsində əhəmiyyətli yer tutur. Burada əhali sayından qaynaqlanan məsələlər də var...

-Bəli, bu məsələ olduqca önəmlidir. Biri var ki, 80 milyonluq  əhali ilə işləyib, onların xəstəliklərinin araşdırılması və əməliyyatlarında iştirak etmək; bir də var, bu işləri 10 milyon əhalisi olan ölkədə görmək... Bunun ciddi təsiri danılmazdır.

Çünki xəstənin rezidenti görməsi, birbaşa əlaqəsi xəstəliyi öyrənmək üçün çox vacibdir. Qeyd edilən ölkələrdə əhali sayı çox olduğu üçün, xəstə sayı da çoxdur.

-Azərbaycanda kolleci yüksək nəticələrlə bitirən məzunlar ali məktəblərin eyni ixtisaslarına (kollecdəki ixtisasın eyni) Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarını vermədən qəbul oluna bilərlər. Bu qərar hələ təsdiqini tapmasa da, artıq qəbul olunub. Ümumiyyətlə, sizdə kolleclərdən universitetlərə imtahansız qəbul nə dərəcədə effektiv ola bilər?

-Yeni istiqamət, orijinal ideyalar olduğu üçün, bu haqda dəqiq bir şey deyə bilməyəcəm. Yalnız qaydalar ekspertlər tərəfindən formalaşandan, dəqiq qərar qəbul edildikdən sonra fikir bildirmək olar. Amerika və Avropada, ümumiyyətlə, bütün dünyada təhsil tamamilə fərqli olduğundan, hər ölkəninmüxtəlif istiqamətlərdə individual yanaşması ola bilər. Hesab edirəm ki, yeni metod tətbiq edilməzdən öncə dünya praktikasından örnəklər götürülməli və xüsusi komissiya qərar verməldir ki, kolleclərdən universitetlərə qəbulu necə effektiv etmək olar?! Yəqin ki, stimul olaraq, yüksək qiymətlərlə tibb kollecini bitirənlərin universitetə qəbulu mümkün ola bilər.

Amerikada da belə nümunələr var: Tibb Universitetinə qəbul olunmaq üçün əvvəlcə birbaşa universitetə deyil, kollecə daxil olurlar. Orada Biologiya, Kimya, Biokimya, Fiziologiya və s. dair ümumi təməl istiqamətlər öyrədilir. Sonra həmin təhsilalanlar imtahan verərək nəticələrinə görə, ya davam edir, ya da elə kollec təhsili ilə kifayətlənirlər. Belə başa düşürəm ki, bizdəki yeni yaradılacaq sistem də bu təcrübənin tətbiqini nəzərdə tutur.

Vaqif Qələndərlinin etirafı: “Qadınlar kişilərdən daha güclüdürlər və onların, öhdəsindən gələ bilməyəcəkləri heç nə yoxdur”

- Vaqif bəy, yəqin siz də etiraf edərsiniz ki, istər cəmiyyət, istərsə də həkimlər arasında cərrahiyyə, əsasən, kişi peşəsi hesab olunur. Əksər həkimlər kimi, sizdəmi qadının cərrah olmasını mümkünsüz hesab edirsiniz?

- Bu, düzgün fikir deyil. Qadınlar kişilərdən güclü, enerjili, səbirli və daha məsuliyyətlidirlər. İnsan arzusu uğrunda mübarizə aparmalıdır. Qadın istəsə, peşəkar neyrocərrah da ola bilər. Dünyada bu peşənin sahibləriylə ünsiyyətdə olanda, onlarda qadın-kişi nisbətinin eyni olduğunu görmüşəm. Kifayət qədər də qadın neyrocərrah tanıyıram.

-Azərbaycanda da qadın neyrocərrah tanıyırsınız?

-Azərbaycanda məşhur qadın neyrocərrah tanımıram. Xaricdə isə belələrinin  sayı çoxdur. Əgər, ölkəmizdə bu ixtisaslar üzrə qadın mütəxəssislər yoxdursa, bu o demək deyil ki, qadının buna gücü çatmır. Sadəcə onların işdən başqa məsuliyyətləri də var. Yoxsa qadınların öhdəsindən gələ bilməyəcəyi heç nə yoxdur.

Vaqif Qələndərli müəllim kimi…

- Rezidentlərlə çalışırsınız. Son illər onlarda tibbə, xüsusilə plastik və rekonstruktivcərrahiyəyə maraq necədir?

-Tələbələr son zamanlar gələcəyini düşünən və mütaliəyə meylli olublar. Bilirlər ki, oxumaqdan, savadlı mütəxəssis kimi yetişməkdən başqa  yolları yoxdur. Hər hansı sahə üzrə ixtisaslaşmaq üçün elmi dərindən mənimsəmək lazımdır. Plastik və rekonstruktiv cərrahiyyəyə də son illərdə tələbat böyükdür.

-Dərs dediyiniz tələbələrdən qiymətini kəsdiyiniz və ya imtahana buraxmadığınız olubmu?

-Heç bir tələbəni kəsməmişəm, amma oxumağa məcbur etdiklərim çox olub. Rezidenturaya qəbul olunanlar seçilmiş tələbələrdir. Həvəsi olmayan şəxs tibbə davam edə bilməz. ATU tələbəsinin keçəcəyi yollar, onsuz da çətindir. Bu çətinliklərdən, yalnız oxuyaraq, elmin sirlərini öyrənərək keçmək mümkündür. Əks təqdirdə, illər sonra ali məktəbi bitirib diplom alsan belə, heç kimə bir faydan olmaz.

-Vaqif bəy, ali məktəbdə oxuduğunuz illər barədə danışarkən qeyd etdiniz ki, Azərbaycanda olmayan ixtisaslar üzrə xaricdə təhsil almısınız. Həmin ixtisaslar hazırda ölkəmizdə tədris olunurmu?

-Bəli. Ürək damar-cərrahiyyəsi, plastik rekansturuktiv cərrahiyə kimi ixtisaslar hazırda ölkəmizdə öyrədilir. Bu sahələr üzrə xaricdə təhsil almağımız Azərbaycanda həmin ixtisasların yoxluğundan xəbər vermir. Hazırda müəllifi olduğum dərslik plastik və rekanstruktiv cərrahiyyənin Azərbaycanda inkişaf etdiyinin göstəricisidir.

-Bəzən tələbələr yaşlı müəllimlərdən narazılıq edir, onların dərslərində sıxıldıqlarını etiraf edirlər. Bəs Vaqif Qələndərli müəllim olaraq tələbələrə tibbi necə öyrədir?

-Müəllim kimi əsasən, rezidentlərlə işləyirəm. Əməliyyatlara birgə girərək yeni metodları onlara izah edirik. Qeyd etdiyiniz situasiya dünyanın hər yerində belədir. Təhsil aldığım müddətdə elə müəllimlərim olurdu ki, dərsində hamı yatırdı. Eyni zamanda, tələbkar və maraqlı dərs keçən pedaqoqlarımız da çox idi. Onların dərsində yuxun qaçırdı və mühazirələri dinləmək məcburiyyətində qalırdın. Müəllimin pedaqoji təcrübəsi bu məsələni həll edir.

-Heç əməliyyata girdikdən sonra həkim olmaqdan imtina edən tələbəniz olubmu?

-Xeyr, olmayıb. Əməliyyata təzə-təzə girəndə çətinlik çəkənlər, proseslərə baxanda narahat olanlar olub. Lakin tələbələrin hamısı tibbi əməliyyatlara sonradan adaptasiya olmağı bacarıblar.

Ritorik sual: “Dünya yaradan insan, planet yaradan beyin varmı?!”

-Təkamül nəzəriyyəsinə inanırsınızmı?

-Elmdə nə qədər dərinə gedirəmsə, yaradıcı qüvvənin olduğuna bir o qədər çox inanıram. Dünyanı yaradan hər hansı qüvvə mövcuddur, lakin bunun cismani görüntüsü varmı, bilmirəm. Hansı ki, ona Allah deyirik. Yaradıcı qüvvə elə böyük enerjidir ki, dünyada canlı və cansız hər şeyi yaradıb. Atomun quruluşuna nəzər salsanız, bunların insan zəkasının elmi-nöqteyi nəzərdən çata və dərk edə biləcəyi nəzəriyyələr olmadığını rahatlıqla görəcəksiniz.

-Vaqif bəy, bizə bir vaxtlar qeyri-mümkün kimi görünənlərin bir çoxu elmi isbatını taparaq mümkünə çevrilib. Özünüz də tibdə bir sıra yeniliklərə imza atmısınız. Bu yeniliklərin sayı artdıqca, sizdə yaradıcı qüvvənin varlığına inam azalır?

-Xeyr. Dünyanı yaradan nədir? Dünya necə yaranıb? Hər canlıda elə informasiyalar var ki, insan zəkası onları aşkar edə bilmir. İnsan ən yaxşı halda kompüter, robot və s. kimi texnoloji avadanlıqlar yarada bilər. Dünya yaradan insan, planet yaradan beyin varmı?! Yaradıcı enerjinin cismani sifəti yoxdur. Hansı ki hər şey, məhz bu enerjidən yaranıb.

Bir qədər də kliniki mövzular barədə…

-Son zamanlar burnunu estetik əməliyyat etdirmək istəyənlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Sizcə, bunun əsas səbəbi nədir?

-Plastik və rekanstruktiv cərrahiyyəyə 600-dən çox əməliyyat daxildir. Estetik əməliyyatlar bunların, yalnız 25 %-idir. Dünyada da olduğu kimi burun əməliyyatları hər zaman daha üstünlük təşkil edir. Bizim mənsub olduğumuz zonada burun donqarlığı və deformasiyaları çox müşahidə olunur. Ona görə də bəzi insanlar əyri burunla işə getməyi qəbul etmək istəmirlər. Bu əməliyyat 50 dəqiqə çəkir. 50 dəqiqə içində insan psixoloji cəhətdən özünü yaxşı hiss edir. Bu cür əməliyyatlara, həm ehtiyac, həm də maraq var.

-Bizə maraqlıdır, xeyli sayda insanı əməliyyat edən və vizual gözəlliyə qovuşduran Vaqif Qələndərli özü nə zamansa, estetik əməliyyat etdirməyi düşünübmü?

-Bu məsələni yaşlananda diqqətdə saxlayacağam. Ola bilər ki,üzümün dərisi sallanar, qırışlarım dərin olar, yalnız onda bu barədə fikirləşə bilərəm.

-Vaqif bəy, bizdə olan məlumata görə, bir çox tanınmış şəxsi məhz siz estetik əməliyyat etmisiniz…

-Bəli, belə əməliyyatlarımın sayı çox olub. Məşhurlarda burun, üz və bədənin müxtəlif nahiyələrində əməliyyatlar həyata keçirmişik.

-Yəqin ki, əksəriyyət gözəlliyini bu əməliyyata borclu olduğunu gizlədir…

-Bəli,əməliyyat olunduğunugizlədənlərin sayı çoxdur.Ancaq bəziləri də deməkdən çəkinmir. Bu, onların şəxsi həyatlarıdır və hər insanın baxış bucağı fərqlidir.

- Bəzən, yeniyetmələr arasında da estetik əməliyyatlara istək böyük olur. 15-16 yaşındakı şəxs müraciət edərək bu cür əməliyyat etdirmək istəyibmi?

-15-16 yaşında uşağı estetik əməliyyat etmirik. Yalnız qüsuru olan, üzü hər hansı qəzadan sonra zədələnən, qopan uşaqları cəmiyyətə yenidən qaytarmaq üçün bu əməliyyatlar icra olunur. Yoxsa, hansısa uşaq burnumu estetik əməliyyat edin deyirsə, təbii ki, bunu etmirik. Belə əməliyyatları, yalnız 17-18 yaşdan sonra yerinə yetirmək olur. Prosesdən öncə pasiyentin göstərişlərinə baxılır, yoxlanılır və əməliyyata uyğun olub-olmadığı müəyyənləşdirilir.

“Qadınlar kişi, kişilər də qadın olmaq üçün müraciət edirlər”

-Qüsurlu doğulan və ya hər hansı qəzadan sonra zədələnən uşaqlardan bəhs etdiniz. Onların arasında ikili cinsiyyət orqanı ilə dünyaya gələnlər də var. Belə hallarla qarşılaşanda hansı tədbirlər görülür?

-Ölkəmizdə cinsiyyət dəyişdirmə əməliyyatı həyata keçirilmir. Oğlanın sidik kanalı düzgün inkişaf etməyibsə, bunu bərpa etmək olar. Yoxsa, hansısa kişi mən qadın olmaq istəyirəm deyirsə, onun bu istəyi, təbii olaraq nəzərə alınmır.

-Qadın ola-ola kişi olmaq istəyən və ya əksinə, kişi olub qadına çevrilməyi arzulayanlar sizə müraciət edirmi?

-Bəli, bu kimi müraciətlər daxil olur. Amma onları nə əməliyyat edirəm, nə də məsləhət görmürəm. Avropa ölkələrində bu kimi hallar normal qarşılanır, bizdə isə əksinə. Belə insanlar əməliyyat olunmaq üçün uzun müddətli psixoloq konsultasiyasından keçməli, müalicə olunmalıdırlar. Genetik incələmələr aparılmadan bu əməliyyatlar icra olunmur. Dünyanın hər yerində belədir.

O ki qaldı xəstəliklə dünyaya gələn insanlara, biz onları əməliyyat edib öz cinslərində həyatlarını davam etdirməsini təmin edirik. Bu xəstəliklər genetik və  sonradan qazanılmış səbəblərdən baş verə bilər. İstənilən halda cəmiyyət tərəfindən normal qarşılanmalıdır. Belə xəstəliyi olan insanların içində tanınmış alimlər və ziyalılar olub.

-Cinsini dəyişdirmək istəyən insanların problemini də xəstəlik adlandıra bilərikmi? Hansı ki Ümumdünya Səhiyyə Təşkilatı bunu xəstəlik olaraq qəbul etmir…

-Cins dəyişdirmək istəyi psixoloji pozuntudur. Digər sadaladıqlarım isə xəstəlikdir.

Nəzrin Cavid
Nəzrin Rüstəmova