Tokio şəhər rəhbərliyi beynəlxalq ailələrin təhsilə çıxışını asanlaşdırmaq məqsədilə yeni “Beynəlxalq Məktəblər Portalı”nı istifadəyə verib.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, platforma həm yapon, həm də ingilis dillərində fəaliyyət göstərir.
Portal vasitəsilə beynəlxalq məktəblərin yerləşdiyi ünvan, sinif tutumu, tədris dili, qəbul qaydaları və təhsil proqramları haqqında məlumat əldə etmək mümkündür.
Bu təşəbbüs Tokioda yaşayan və işləyən əcnəbi ailələrin məktəb seçimini daha rahat və sistemli şəkildə həyata keçirməsinə imkan yaradır.
Şəhər rəhbərliyi bu addımı Tokioyu daha da qloballaşdırmaq və xarici ailələrin təhsil ehtiyaclarını qarşılamada çeviklik göstərmək məqsədi ilə atıb.
Ekspertlər qeyd edirlər ki, belə bir portal beynəlxalq mühitdə fəaliyyət göstərən şirkətlər və diplomatik missiyalar üçün də faydalı olacaq.
Portalın texniki və məlumat bazası üzrə təkmilləşdirilməsi davam edir. Bu nümunə digər ölkələrdə də, xüsusilə də təhsildə beynəlmiləl açılım axtaran regionlar üçün model ola bilər.