Almaniyanın təhsil naziri Karin Prien son aylarda cəmiyyətdə ciddi müzakirələrə səbəb olan bir təkliflə çıxış edib. O, ölkə məktəblərində miqrant mənşəli şagirdlərin sayının siniflərdə 30–40 faizlə məhdudlaşdırılmasının mümkün ola biləcəyini bildirib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu təklifi o, Almaniyanın “Welt” televiziya kanalında yayımlanan “Politikergrillen” adlı proqramda səsləndirib. Nazir qeyd edib ki, siniflərdə çoxlu sayda miqrant mənşəli şagirdin olması tədris prosesində çətinliklər yarada bilər və bu uşaqlardan bəzilərinin alman dilini bilməməsi həm onların öz təhsilinə, həm də sinif yoldaşlarının öyrənmə mühitinə mənfi təsir göstərə bilər.
Karin Prien əlavə edib ki, məktəb yaşına çatmamış, təxminən 4 yaşlı uşaqların dil bilikləri əvvəlcədən yoxlanılmalı və əgər onların alman dili bilikləri zəifdirsə, məktəbə başlamazdan əvvəl onlar məcburi dil hazırlığı proqramına cəlb olunmalıdır. Bu yanaşma ilə o, məktəbə başlayan hər bir uşağın tədris prosesinə uyğunlaşa bilməsini təmin etmək istədiyini bildirib.