Ruminiya hökuməti 2025–2026-cı tədris ili üçün məktəb təqaüdü verilməsi ilə bağlı yeni metodologiyanı təsdiqləyib.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar dövlət orta məktəblərində şagirdlərin sosial rifahını artırmaq və məktəbdən ayrılma hallarını azaltmaq məqsədi daşıyır. Təqaüdlər əsasən şagirdlərin akademik göstəricilərinə və sosial vəziyyətinə görə verilir.
"Merit" kateqoriyasına daxil olan şagirdlər aylıq 450 lei məbləğində təqaüd alacaq. Sosial təqaüdlər isə aylıq 300 lei məbləğində və ehtiyac əsasında verilir. Təqaüd almaq üçün şagirdlərin müntəzəm dərsə davamiyyəti vacibdir. Bundan başqa, təhsildə aktivliyi və nailiyyətləri olan şagirdlərə dəstək üçün xüsusi stimullaşdırıcı təqaüdlər mövcuddur. İdman və mədəniyyət sahəsində uğurlar qazanan şagirdlər də təqaüd ala bilərlər.
Təqaüdlərin verilməsi prosesi elektron sistem vasitəsilə idarə olunacaq. Bu proqramların məqsədi təhsildə sosial bərabərliyi təmin etmək və uşaqların məktəbdə qalmasını təşviq etməkdir.