Qiyabi və ya alternativ təhsil forması bir çox ölkədə işləyənlər, təhsildən kənarda qalmış şəxslər və ya müəyyən səbəblərlə əyani təhsil ala bilməyən insanlar üçün ikinci şans rolunu oynayır. Bu təhsil forması “axşam məktəbləri”, “part-time təhsil”, “yetkinlər üçün təhsil”, “second chance schools” kimi müxtəlif adlarla tanınır və məqsədi insanlara orta və ya peşə təhsilini tamamlamaq imkanı yaratmaqdır.
AzEdu.az xarici ölkələr üzrə qiyabi təhsil formalarıyla bağlı araşdırma yazısı hazırlayıb.
Amerika Birləşmiş Ştatlarında qiyabi təhsil əsasən “evening schools”, “GED proqramları” və “adult education” çərçivəsində həyata keçirilir. Bu proqramlar orta məktəbi vaxtında tamamlamayan şəxslərə təhsilini başa vurmaq imkanı verir. GED (General Educational Development) sertifikatı bu sahədə ən geniş tanınan sənəddir. Həmçinin community college-lərdə və peşə məktəblərində axşam dərsləri və çevik saatlarda keçirilən kurslar vasitəsilə yetkinlər və işçilər üçün təhsil imkanları mövcuddur.
Kanadada “continuing education” və “adult high school” proqramları ilə təhsildən uzaq düşmüş şəxslər yenidən sistemə qayıtmaq imkanı əldə edirlər. Bu proqramlar əsasən əyalət səviyyəsində təşkil olunur və həm akademik, həm də peşə yönümlü kursları əhatə edir. Axşam dərsləri, həftə sonu dərsləri və onlayn tədris modelləri bu sahənin əsas dayaqlarındandır.
İtaliyada qiyabi təhsil əsasən “Scuole Serali” (axşam məktəbləri) və “Scuole di Seconda Opportunità” (ikinci şans məktəbləri) vasitəsilə həyata keçirilir. Bu məktəblər işləyən gənclər və ya orta təhsili başa vurmamış şəxslər üçün nəzərdə tutulub. Tədris proqramları əsas bacarıqları inkişaf etdirmək və onları əmək bazarına hazırlamaq üzərində qurulub. Həm akademik, həm də peşəkar sahələr üzrə tədris verilir.
Türkiyədə qiyabi və ya axşam təhsili formaları məhduddur. Lakin bəzi universitetlərdə ikinci təhsil proqramları (axşam təhsili) mövcuddur və bunlar əsasən işləyən şəxslər üçün nəzərdə tutulub. Eyni zamanda, onlayn və uzaqdan təhsil modelləri geniş yayılmaqdadır. Xüsusilə pandemiyadan sonra məsafədən təhsil modelləri həm ali, həm də orta təhsildə yayılmağa başlamışdır.
Rusiyada qiyabi təhsil formaları, xüsusilə sovet dövründə geniş yayılıb. “Vechernyaya shkola” (axşam məktəbi) adlanan bu məktəblər işləyən və ya gündüz təhsil ala bilməyən şəxslərə orta təhsil vermək məqsədi daşıyırdı. Bu sistem müasir Rusiyada da müəyyən bölgələrdə fəaliyyətini davam etdirir. Həmçinin, Rusiya qiyabi təhsili onlayn platformalar vasitəsilə də həyata keçirir. Məsələn, “InternetUrok” adlı platforma bu istiqamətdə geniş istifadə olunur.
Ukraynada qiyabi təhsil daha çox “yetkinlər üçün təhsil” və ya “ikinci şans proqramları” adı altında təşkil olunur. Müharibə şəraiti və daxili miqrasiya nəticəsində bir çox şagird və tələbə üçün əyani təhsil imkansız olduğundan, onlayn və uzaqdan təhsil modelləri ön plana çıxmışdır. Ukraynada həyat boyu təhsil (“life-long learning”) konsepti də dəstəklənir və yetkin yaşda təhsilə qayıtmaq istəyənlər üçün dövlət və qeyri-hökumət proqramları fəaliyyət göstərir.
İspaniyada qiyabi və alternativ təhsil sistemləri kifayət qədər inkişaf edib. Xüsusilə “Escuelas de Segunda Oportunidad” (E2O) ikinci şans məktəbləri -məktəbi erkən tərk etmiş 15-29 yaş arası gənclər üçün nəzərdə tutulub. Bu məktəblərdə şagirdlərə fərdi tədris planları, əsas bilik və bacarıqlar, peşə təhsili və əmək bazarına inteqrasiya imkanları təqdim olunur. İspaniya bu sahədə Avropada qabaqcıl təcrübəyə malik ölkələrdən biridir.
İngiltərədə qiyabi təhsil müxtəlif formalarda mövcuddur: “adult learning”, “evening classes”, “distance learning” və “part-time secondary education”.Yetkinlər üçün GCSE və A-level imtahanlarına hazırlıq kursları mövcuddur. Həmçinin işlə birlikdə təhsil almağa imkan verən peşə təhsili proqramları (Vocational Education and Training) geniş yayılıb. Universitet səviyyəsində də part-time proqramlar, xüsusilə magistratura və müəllim hazırlığı üzrə mövcuddur.
Bu ölkələrin təcrübəsi göstərir ki, qiyabi və alternativ təhsil formaları təhsil sistemlərinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu model vasitəsilə yüz minlərlə insan məktəbə qayıtmaq, yeni biliklər qazanmaq və əmək bazarında rəqabətə davamlı olmaq imkanı əldə edir. Əksər ölkələrdə bu sistem dövlət tərəfindən maliyyələşdirilir, bəzilərində isə qeyri-hökumət təşkilatları və özəl sektor da prosesə dəstək verir.
Bununla belə, bir sıra problemlər də mövcuddur. Ən böyük çətinliklər sırasında resurs çatışmazlığı, keyfiyyət standartlarının olmaması, motivasiya problemi və sosial əngəllər yer alır. Məsələn, axşam dərslərinə qatılmaq, ailə məsuliyyətləri və iş yükü ilə balans qurmaq hər zaman asan olmur. Bəzi ölkələrdə bu sistem yalnız böyük şəhərlərdə fəaliyyət göstərir, kənd və ucqar bölgələrdə əlçatanlıq problemi mövcuddur.
Qiyabi təhsil bir çox ölkədə sosial bərabərliyi təmin edən, təhsildən kənarda qalanlara ikinci şans verən mühüm bir vasitədir. Bu sahədə İspaniya, ABŞ, İngiltərə və Kanada uğurlu nümunələr göstərir.