Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) 2025-ci il üzrə 6 məzunu İNHA Universitetinin magistratura proqramına tam təqaüdlə qəbul olub.
Təhsilində yüksək akademik nəticələri ilə fərqlənən İDP məzunları bu təqaüdü BMU ilə İNHA Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair imzalanmış Niyyət Məktubuna əsasən əldə ediblər. Sənədə uyğun olaraq İDP-nin təhsildə fərqlənən məzunlarının 10%-nə İNHA Universitetinin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayrılır. Bu, həm akademik, həm də elmi tədqiqat sahəsində irəli getmək istəyən
məzunlar üçün unikal fürsətdir. Belə bir əlverişli imkandan yararlanaraq İNHA Universitetinə qəbul olan 6 məzundan 5-i magistratura, 1-i isə “Integrated degree (Magistratura + PhD)” proqramı üzrə təhsilini davam
etdirəcək.
Məzunlar proqramla, eyni zamanda Koreyadakı təhsilləri ilə bağlı fikirlərini
bölüşüblər.
Alpər Qəhrəmanlı (“Elektrik mühəndisliyi” ixtisası məzunu): - Bu il “Elektrik və kompüter mühəndisliyi” üzrə “Integrated degree (Magistratura+PhD)” üzrə qəbul almışam. Proqramın ilk 1.5-2 ilində magistratura səviyyəsində dərslər götürüb tələb olunan kreditləri toplamalıyam. Bu mərhələdən sonra doktorantura təhsili gəlir və proqramın sonunda PhD diplomu əldə edəcəyəm. Mən, həmçinin universitetdə Electric Machines and Drives laboratoriyasında assistant olaraq işləyirəm. BMU-İNHA İDP biz gənclərə xaricdə təhsil və peşəkar inkişaf üçün həqiqətən böyük imkanlar yaradır. Aytac Qocayeva (Elektronika mühəndisliyi): - İDP beynəlxalq təhsil sahəsində yeni qapılar açır, akademik biliklər və fərqli mədəniyyətlərlə tanışlıq imkanı yaradır. Proqramın təqdim etdiyi təqaüd və dəstək gələcək karyeramız üçün böyük üstünlük deməkdir. Məhəmməd Qurbanzadə (Elektronika mühəndisliyi): - “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə magistratura proqramına qəbul olmuşam. Eyni zamanda İNHA Universiteti Intelligent Power Grid laboratoriyasında tədqiqatçı işləyirəm. Bu proqram bizim dünyagörüşümüzü genişləndirir. Ümumiyyətlə, Cənubi Koreyada müasir təhsil mühitində mütəxəssis kimi yetişmək bizlər üçün ideal bir platformadır. Məhəmməd Məhərrəmov (İnşaat mühəndisliyi): - “İnşaat mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsinə qəbul olmuşam. Həm də İNHA Universiteti Consys laboratoriyasında tədqiqatçı olaraq çalışıram. BMU-İNHA İDP Koreya dilini öyrənmək və ixtisasımızda ən müasir bilikləri əldə etmək üçün unikal imkan yaradır. Buradakı təhsil mənə inkişafımda böyük töhfə verib. Rauf Həşimli (Elektrik mühəndisliyi): - BMU-İNHA İDP gələcək yönümlü, nəsillərin inkişafına dəstək verən ideal təhsil layihəsidir. Mən “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə magistratura proqramında təhsilimə davam edirəm. İNHA Universiteti Power systems laboratoriyasında assistant olaraq çalışıram. Ən sonda yaxşı kadr kimi ölkəmin inkişafına xidmət etmək istəyirəm. Nəcəf Məmmədov (Elektronika mühəndisliyi): - “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsini qazanmışam. Həm də İNHA Universiteti Intelligent Embedded System laboratoriyasında tədqiqatçı işləyirəm. Bu proqram üçün dövlətimizə və BMU rəhbərliyinə minnətdarıq. İNHA Universitetinin rəhbərliyinə də yaradılan imkanlara görə təşəkkür edirik. Çünki BMU-İNHA İDP çərçivəsində təhsilimizlə təkcə biliklərimizi artırmır, dünyagörüşümüzü genişləndirir, fərqli mədəniyyətlərlə də tanış oluruq. Qeyd edək ki, 2020-ci ildən icra olunan proqram Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb. İndiyədək proqramdan 143 nəfər məzun olub.