2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq şəxslərdən biri də Dadaşov Nurlandır.
Dadaşov Nurlan Amerika Birləşmiş Ştatlarının Kaliforniya Universitetində magistratura pilləsi üzrə təhsil alacaq.
AzEdu.az N.Dadaşov ilə həmsöhbət olub.
Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən müsahibimiz qəbul xəbərini alanda keçirdiyi sevinc hisslərindən danışıb.
"Xəbəri ilk aldığım an gecə idi. Yuxulu olduğumdan tam anlaya bilmədim. Səhər açılanda, artıq əmin oldum və sevincimi ailəmlə bölüşdüm.
Daha əvvəl Belçikada, İranda, Macarıstanda və Gürcüstanda olmuşam. Ona görə də düşünürəm ki, adaptasiya baxımından ciddi çətinliyim olmayacaq. Sadəcə fərqli bir mədəniyyətə daxil olacağım üçün ilk vaxtlar müəyyən qədər fərqliliklər ola bilər. Buna isə qısa zamanda uyğunlaşacağıma inanıram.
Dövlət proqramına müraciət etməyimin əsas səbəbi onun çox dəyərli və geniş imkanlar təqdim etməsidir. Təhsil xərclərini qarşılaması, əlavə resurslardan yararlanmaq imkanı və ən əsası da qayıtdıqdan sonra işlə təminat baxımından böyük üstünlükləri var.
Doktorantura pilləsini oxumaq barədə isə hələlik konkret planım yoxdur. Amma bəlkə gələcəkdə, təxminən 10 il ərzində bu barədə düşünə bilərəm. Hazırda əsas istəyim magistraturanı bitirib ölkəyə qayıtmaq və burada fəaliyyət göstərməkdir".