Xaricdə təhsil almaq bir çox gəncin arzusudur. Çox təəssüf ki, bəzi təhsil şirkətləri şagirdlərin, eləcə də valideynlərin məlumatsızlığından bəzən də acizliyindən istifadə edərək onlara yalan vədlər verib aldadırlar.
Bununla da həmin abituriyent həm pulundan, həm də universitey xəyallarından olur.
Maraqlıdır, həmin şəxslər üçün qanunvericiliyimizdə hansı cəza tədbirləri var? Onları hansı cəzalar gözləyir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Babək Umudovun sözlərinə görə, xaricdə təhsil şirkətləri ilə münasibətlər mütləq şəkildə müqavilə ilə ətraflı tənzimlənməlidir:
“Bu müqavilədə tərəflərin hüquq və öhdəlikləri ətraflı təsvir edilməlidir. Bu cür şirkətlərə müraciət edən şəxslər xüsusilə həmin şirkətlərin müqavilə öhdəliklərinə xüsusi diqqət yetirməli, şirkətin hansı hallara görə məsuliyyət daşıyacağını, necə məsuliyyət daşıyacağını müqaviləyə qeyd etdirməlidirlər.Təəssüf ki, bir çox şəxslər təhsil şirkətləri ilə ya müqavilə bağlamadan ödəniş edirlər, yaxud da müqavilə şərtlərinə səthi yanaşaraq, şirkətin əməkdaşlarının şifahi vədlərinə aldanırlar.
Vətəndaşlara ilk tövsiyəm odur ki, müqaviləni imzalamazdan əvvəl hüquqşünas dəstəyi alsınlar. Əgər belə bir tanışları yoxdursa, vəkilə müraciət etsinlər. Hüquqşünas və ya vəkil müqavilədə vətəndaşın hüquqi risklərini daha yaxşı analiz edib, bu riskləri minimuma endirmək üçün müqavilə şərtlərinə əlavə və ya dəyişikliklər edə bilər.Əgər təhsil şirkəti müqavilə şərtlərinə dəyişikliyi qəbul etmirsə, həmin şirkətdən uzaqlaşmağı tövsiyə edirəm. Çünki belə şirkətlər məşhurluğuna, müştəri bolluğuna güvənib, ancaq öz şərtlərini diktə etməyə çalışırlar. Ancaq unutmayaq ki, bütün şirkətlər müştərilərdən asılıdır.
Müqavilə məsələsini bir formada həll etdikdən sonra digər bir tövsiyəm heç bir halda müqavilədənkənar ödəniş edilməməsidir. Müqavilədənkənar dedikdə, müqavilə bağlanmamışdan qabaq, yaxud müqavilə şərtlərinə uyğun olmayan formada və ya həcmdə ödənişləri nəzərdə tuturam. O cümlədən, ödənişlərin bank köçürməsi, yaxud post terminal vasitəsilə edilməsi və ödənişə dair rəsmi ödəniş qəbzinin tələb olunması məsləhətdir”.
“Təhsil şirkəti vətəndaşın arzu etdiyi təhsil müəssisəsindən qəbul almağına nail ola bilmədikdə, bunun səbəblərini aydınlaşdırmaq, şirkətdən hansı tədbirləri, necə gördüyünü göstərən sübutları tələb etmək lazımdır”,- deyə həmsöhbətimiz fikrinə əlavə edib:
“Şirkət əgər üzərinə düşən öhdəlikləri lazımınca icra etsə də, yenə də təhsil müəssisəsi abituriyenti qəbul etməyibsə, burada müqavilə şərtlərindən asılı olaraq şirkətə qarşı hansısa tələb irəli sürülə bilər. Əgər aydın olsa ki, təhsil şirkəti öz müqavilə öhdəliklərini, yaxud sadəcə şifahi vədlərini yerinə yetirməyib, yaxud lazımınca yerinə yetirməyib, bu halda işin hallarından asılı olaraq şirkətin hərəkətlərindən hüquq-mühafizə orqanlarına, yaxud məhkəməyə şikayət edilə bilər. Belə ki, işin hallarından asılı olaraq şirkətin əməllərində inzibati xəta (məsələn xırda talama), yaxud cinayət əməlləri (məsələn, dələduzluq, mövcud ola bilər, yaxud mübahisə sadəcə mülki xarakterli ola bilər.
İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə 160 saatdan 240 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 3 ayadək müddətə inzibati həbs tətbiq edilir.Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu cinayət əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaqla törədildikdə və digər ağırlaşdırıcı hallarda törədildikdə daha da ağır cəzalara səbəb olacaqdır.
Tövsiyə edərdim ki, hüquqlarının müdafiəsi üçün vətəndaşlar təhsil şirkəti ilə müqavilə danışıqlarına başladıqları andan, eləcə də mübahisə yarandığı andan vəkil xidmətlərindən istifadə etsinlər.
Beləcə, vətəndaşın görə bilmədiyi hüquqi risklər vaxtında aşkar olunaraq qarşısı alına bilər, habelə tərəflər arasında mübahisə yarandıqda mübahisənin hüquqi yolla daha tez və səmərəli şəkildə həllinə nail oluna bilər”.