Ölkəmizdə xaricdə təhsilə maraq kifayət qədər böyükdür. Ən çox seçilən xarici ölkə isə qardaş Türkiyədir. Lakin məlumdur ki, Türkiyə universitetlərinin bir qisminin diplomu ölkəmizdə tanınmır. Buna baxmayaraq, tələbələrin bu universitetlərə marağı azalmaqdansa, əksinə artır.
Maraqlıdır ki, Türkiyədə təhsilin hansı üstünlükləri tələbələri cəlb edir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, Türkiyədəki ali təhsil müəssisələrinin əksəriyyəti, xüsusilə yarıdan çoxu, Azərbaycandakı ali təhsil müəssisələrinin böyük əksəriyyətindən daha yaxşı tədris keyfiyyətinə malikdir:
“Türkiyədə özəl və vəqf universitetləri ilə birlikdə ümumilikdə 150-dən çox universitet var. Bunlardan 80-dən çoxu dövlət universitetidir. Dövlət universitetləri Azərbaycan qanunvericiliyinə əsasən tanınır, çünki onlar Türkiyənin Yükseköğretim Kurulu (YÖK) tərəfindən akkreditasiyadan keçiblər. Buna görə də, həmin universitetlərdə təhsil alan tələbələr narahat olmamalıdırlar.
Azərbaycandan Türkiyəyə təhsil almaq üçün üz tutanların əsas səbəblərindən biri mədəniyyətin, coğrafiyanın və dilin yaxınlığıdır. Tələbələr sadəcə riyaziyyat, məntiq və Türkiyə türkcəsindən imtahan verərək, Türkiyədə təhsil almaq imkanı əldə edirlər. Azərbaycanda bu imtahana (Yabancı Öğretim Sınavı – YÖS) hazırlayan kurslar mövcuddur və bu sadə imtahan abituriyentlər üçün çox cəlbedicidir. Azərbaycanda universitetə qəbul olmaq üçün 4-5 fəndən hazırlaşmaq lazım olduğu halda, Türkiyədə yalnız 2 fəndən imtahan verərək daha yaxşı universitet və ixtisas seçmək mümkündür. Bu səbəbdən Türkiyənin universitetlərinə üstünlük verənlərin sayı çoxdur.
Bundan əlavə, bəzi çalışqan abituriyentlər həm Azərbaycanda, həm də Avropada təhsil almaq imkanı əldə edirlər. Lakin, onlar adətən Türkiyədə ilk 10-luq və ya 20-liyə daxil olan universitetlərdə daha yaxşı təhsil imkanı olduğunu görərək, Türkiyəyə gedirlər.
Diplomların tanınmaması təhsil seçiminə birbaşa təsir göstərir. Diplomları tanınmayan universitetlərdə təhsil alanlar, adətən məlumatlı olmayan və seçim imkanı məhdud olan abituriyentlərdir. Onlar: “Heç yerə qəbul ola bilmədim, heç olmasa orada oxuyum”,- düşüncəsi ilə hərəkət edirlər.
Türkiyədəki ali təhsil müəssisələrinin əksəriyyəti, ən azı yarıdan çoxu, Azərbaycandakı ali təhsil müəssisələrinin böyük əksəriyyətindən daha yaxşı tədris keyfiyyətinə malikdir. Azərbaycanda yalnız 4-5 universitet Türkiyədəki universitetlərlə rəqabət apara bilər. Təəssüf ki, digər universitetlərimiz bu rəqabətə qoşula bilmir.
Eyni zamanda, Türkiyə universitetləri maliyyə baxımından daha sərfəlidir və ixtisaslar əmək bazarının tələblərinə uyğun şəkildə tədris olunur ki, bu da daha effektiv olur. Bu səbəblərdən azərbaycanlı abituriyentlər arasında Türkiyədə təhsil almaq geniş yayılmışdır”.