Azərbaycanda xarici təhsilə maraq getdikcə artır. Abituriyentlər və tələbələrin çoxu xaricdə təhsil almağı planlaşdırır.
Bəs, ölkəmizdə təhsil sahəsində hansı imkanlar yaradılmalıdır ki, təhsil alanların diqqəti xaricə yox, Azərbaycana yönəlsin?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib ki, əksər universitetlərdə sosial, mədəni və akademik mühit, tələbə azadlığı zəif inkişaf edib:
“Bu çatışmazlıqlar səbəbindən xarici təhsilə maraq gündən-günə artır. Gənclər yeni bir mühit, mədəniyyət görmək və müstəqil yaşamaq arzusundadırlar. Onlar, eyni zamanda, inkişaf etmiş ölkələrdəki təhsilin keyfiyyətini daha yüksək hesab edirlər. Xaricdə təhsil alaraq yeni dil bacarıqları və kompüter səriştələri qazanmağı düşünürlər”.
Qoşqar Məhərrəmov, təhsillə bağlı ölkəmizdə olan bir sıra problemlərə diqqət çəkib:
“Bir çox universitet müəllimləri günün tələblərinə uyğunlaşa bilmir. Dərsliklər, kurikulumlar və dərs adları köhnədir. Müəllim heyətinin motivasiyası aşağıdır. Universitetlərdə proyektor, kompüter və internet resurslarının olmaması, dərslərin keyfiyyətinə mənfi təsir edir. Nəticədə, bir çox insanlar ali təhsili bitirdikdən sonra, konkret peşələr qazanmaq üçün kurslara müraciət edirlər".
Mütəxəssis, ali təhsil müəssisələrində ciddi islahatlar aparılmalı, müəllim heyətinin yenilənməli olduğunu vurğulayıb:
“Bu məqsədlə, ya hazırkı müəllimlərin işdən azad edilməli, ya da onların biliklərinin yenilənməsinə diqqət yetirilməlidir.
Tələbələr üçün azad, onların fikirlərinin dinləndiyi, laboratoriyaların geniş olduğu, yeni kitablar, internet resursları və elektron kitabxanaların mövcud olduğu bir mühit yaradılarsa, onlar Azərbaycanda təhsil almaqdan məmnun olarlar.
Hər halda, xarici təhsilə maraq həmişə olacaq, çünki bu, təbii bir prosesdir. Müxtəlif ölkələrdə təhsil almaq tələbələrə yeni imkanlar yaradır. Azərbaycanda təhsil yaxşı olsa belə, xaricə maraq davam edəcək. Bununla yanaşı, ölkəmizdə tələbələr üçün elə bir mühit yaratmaq mümkündür ki, onlar xaricə getmədikləri üçün peşman olmasınlar”.