Azərbaycanda son illərdə həm bakalavr, həm də magistratura təhsilində xaricə olan maraq əhəmiyyətli dərəcədə artıb. Hər il minlərlə tələbə daha yaxşı təhsil imkanlarına, beynəlxalq təcrübəyə və fərqli mədəniyyətlərə yiyələnmək üçün xarici ölkələrə üz tutur.
Bu tendensiyanın bir çox səbəbi var və tələbələrin daha çox hansı ölkələrdə təhsil almaq istədiyini anlamaq üçün bu səbəbləri dərinliklə təhlil etmək vacibdir.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov danışıb.
K.Əsədov qeyd edib ki, tələbələrin xaricə maraq göstərməsinin əsas səbəblərindən biri, dünyanın müxtəlif ölkələrindəki təhsil sistemlərinin yüksək keyfiyyəti və beynəlxalq səviyyədə tanınmış universitetlərin mövcudluğudur:
“Tələbələr xüsusilə ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Türkiyə və Rusiyadakı universitetlərə maraq göstərirlər. Bu ölkələrdəki universitetlər, tələbələrə elmi tədqiqat, innovasiya və praktiki biliklər sahəsində geniş imkanlar təqdim edir. ABŞ və Böyük Britaniya kimi ölkələrdə universitetlər, dünya reytinqlərində yüksək yerlərdə qərarlaşdığı üçün azərbaycanlı tələbələr bu ölkələrdə təhsil alaraq, daha yaxşı təhsil səviyyəsinə yiyələnməyi və beynəlxalq tanınmış diplom əldə etməyi arzulayırlar.
Digər tərəfdən, Türkiyə və Rusiya da Azərbaycanlı tələbələr üçün populyar seçimlərdəndir. Bu ölkələr coğrafi yaxınlıq, mədəni oxşarlıq və nisbətən daha əlverişli təhsil haqları ilə tələbələri cəlb edir. Eyni zamanda, Rusiyadakı universitetlər, texniki və mühəndislik sahələrində təhsil almaq istəyən tələbələr üçün mühüm bir mərkəz kimi çıxış edir”.
K.Əsədov sözlərinə görə, gənclərin xaricdə təhsilə maraq göstərməsinin bir səbəbinin də beynəlxalq təcrübə qazanmaq və gələcək karyeraları üçün geniş imkanlar əldə etməkdir:
“Xaricdə təhsil, tələbələrə qlobal iş bazarında rəqabətə davamlı olmaq və fərqli ölkələrdə təcrübə qazanmaq imkanı yaradır. Xaricdə təhsil almaq, həm də tələbələrin iş dünyasında mütəxəssis kimi tanınmalarını təmin edir, çünki bir çox şirkətlər beynəlxalq təcrübəyə sahib işçilərə üstünlük verirlər.
Tələbələr xaricdə təhsil almaq üçün seçdikləri ölkələri müəyyən edərkən, təkcə təhsil keyfiyyətini deyil, həm də yaşayış xərclərini və sosial mühiti də nəzərə alırlar. Məsələn, Kanadada və Avropanın bəzi ölkələrində tələbələr üçün sosial müdafiə proqramları, təqaüdlər və digər dəstək mexanizmləri mövcuddur ki, bu da tələbələrin bu ölkələri seçmələrinə səbəb olur. Eyni zamanda, xaricdə təhsil almaq istəyən tələbələrin bir çoxu, yaşadıqları ölkənin qlobal problemlərə yanaşma tərzini, humanitar dəyərlərini və sosial ədalət sistemini də nəzərə alır”.
Azərbaycanda xaricdə təhsil almaq üçün müvafiq şəraitin yaradılması da bu marağın artmasında mühüm rol oynayır".
Ekspert qeyd edib ki, xaricdə təhsil alan tələbələrin qayıdıb ölkəyə töhfə vermələri üçün də xüsusi proqramların tətbiqi, ölkəmizin beynəlxalq təhsil sisteminə daha sıx inteqrasiya olmasına şərait yaradır:
“Xaricdə təhsil almaq, tələbələrin şəxsi və peşəkar inkişafında mühüm bir rol oynayır və onların gələcək karyera imkanlarını genişləndirir. Azərbaycanın bu sahədə yaratdığı imkanlar və dəstək mexanizmləri, tələbələrin qlobal dünyada daha rəqabətədavamlı və bilikli kadrlar kimi yetişməsinə şərait yaradır”.