O, təhsil aldığı müddətdə Yunanıstanda iş imkanına sahiblənib. Eyni zamanda, bir sıra əhəmiyyətli layihələrin iştirakçısıdır.
AzEdu.az daim xaricdə təhsil alanların təcrübələrini gənclərlə bölüşür.
Bu dəfə Polşanın İqtisadiyyat və İnnovasiya Universitetində magistr pilləsində təhsil alan Adim Azayevlə müsahibəni təqdim edirik:
-Adim, öncə səni yaxından tanıyaq: Orta təhsilini harada almısan?
-Qusar rayonunun Əniğ kəndində anadan olmuşam. Orta təhsilimi Nabranda bitirmişəm. Daha sonra UNEC-in SABAH qruplarında Kommersiya ixtisası üzrə məzun olmuşam.
-Son zamanlar gənclərin xaricdə təhsil almağa marağı artıb. Bir tələbə olaraq xaricdə təhsil almağının səbəblərini bölüşərdin...
-Ümumiyyətlə, ölkə üzrə təhsil dərəcəsi xaricdəki təhsil səviyyəsindən nisbətən aşağıdır. Həmçinin, xaricdə təhsil ən azı bir xarici dili mükəmməl öyrənməyi vəd edir. Digər bir üstünlüyü isə təqaüd qazanıldığı təqdirdə xaricdə oxumaq, Azərbaycanda təhsil almaqdan dəfələrlə ucuz başa gəlir.
- Polşada universitetə qəbul qaydalarından danışardın: Hansı proseduralardan keçdin və hansı sənədlər lazım oldu?
-Qəbul prosedurası ölkədən ölkəyə fərqlənir. Ən mühüm şərt sizin motivasiyanızdır. Müraciət zamanı tələb olunan sənədlər motivasiya məktubu, referans məktubu, xarici dil biliyini təsdiq edən sənəd(IELTS,TOEFL və.s), sağlamlıq haqqında arayış, bakalavr diplomu və bakalavr ixtisasının müraciət etdiyiniz ixtisasa uyğunluğudur. Daha sonra birbaşa nəticəniz sizə bildirişlə və ya SKYPE ilə müsahibə edə bilərlər. Nəticələrimi mənə birbaşa bildirmişdilər.
-Universitetə qəbul olduqdan sonra Azərbaycanda ali təhsil müəssisələri ilə hansı fərqlərin olduğunu müşahidə etdin?
-Azərbaycanda ingilis dilində və ixtisaslı müəllimlərdən dərs aldığım üçün “təhsil şoku” yaşamadım. Buranın müsbət cəhəti kimi daha müasir və praktik üsuldan istifadə olunduğunu deyə bilərəm.
-Müəllimlərinin xarici tələbələrə münasibəti necədir?
-İxtisasımızda təhsil alan bütün tələbələrin xaricdən gəldiyi üçün hər hansı bir ayrıseçkilik ya da xüsusi bir münasibət görmədim.
-Təhsil aldığınız ölkə ilə Azərbaycan, bu iki dövlətin, mədəniyyətin, adət-ənənələrin arasında nə kimi oxşar və fərqli məqamlar var? Adətlərindəki hansı maraqlı məlumatları gördün?
-Oxşar cəhət demək olar ki, yoxdur. Xristian ölkəsi olduğu üçün, həmin dinin adət-ənənələrini davam etdirirlər. Polşa digər Avropa ölkələrinə nisbətən daha dindar ölkədir. Həftə sonları açıq market tapmaq müşkül məsələdir.
-Oxumaq üçün getdiyin ilk zamanlarda hansı çətinlikləri gördün. Mühit, din, dil fərqi necə təsir etdi?
-Buranın qışı çox soyuq keçir. Elə ikinci aydan xəstələndim. Dilləri isə kifayət qədər başa düşülməzdi. Ona görə də yerli əhali ilə ünsiyyətdə olmaq, onları dərindən tanımaq mümkün olmadı. Ümumiyyətlə, Polşanın ən sevdiyim cəhəti digər ölkələrə nisbətən məni güvəndə hiss etdirməsidir.
-"Təhsil aldığın müddətdə hansı fərqliliklər ölkəmizdə də tətbiq olunsa, təhsilimiz inkişaf edər", deyə düşünmüsən?
-Əslində, tətbiq oluna bilinəcək çox şey var. Ən sadə biliyin yoxlanılması üçün bir növ imtahanın hamıya tətbiq olunması, ya da hamıya eyni yolla öyrədə çalışılması aradan qaldırılmalıdır. Tələbəyə seçim verilməlidir.
-Universitetdə əcnəbi tələbələr üçün hansı güzəştlər var?
-Oxuduğum universitetdə əcnəbi tələbələr təqaüdlə təhsil alır və bu təqaüd aylıq yaşam xərclərini qarşılamağa kifayət edir. Xarici və yerli tələbələr eyni hüquqlara sahibdir.
-Universitetin maddi-texniki bazası hansı səviyyədədir?
-Universitet əsasən kompüter elmlərinə fokuslandığı üçün kifayət qədər yüksək maddi-texniki bazaya sahibdir. Ən böyük çatışmazlıq ingilis dilində təhsil verəcək professor heyətinin azlığıdır.
-Orada tələbənin biraylıq yaşam xərcləri nə qədərdir?
- Polşada tələbənin biraylıq yaşam xərci 500-1000 AZN civarındadır.
-Universitetdə keçdiyin dərs sistemini təsvir et...
-Dərslər teorik və tətbiqi olaraq iki hissəyə bölünür. Teorik hissədə professor mühazirəni bütün tələbələrə çatdırır. Tətbiqi hissə kiçik qruplar şəklində mühazirənin real keyslərlə - kompüter proqramları ilə öyrədilməsi, qrup proyektlərdən, hesabatların verilməsindən ibarətdir.
- Polşada xarici tələbələrə iş izni verilirmi?
-Burada yaşayış icazəsinə sahib olan, əyani şəkildə təhsil alan tələbələr həftədə 20 saat işləmək izninə malikdirlər.
-Orada təhsil almağın perspektivi nədir?
-Buranın ən böyük üstünlüklərindən biri, aldığın diplomla Avropanın hər hansı bir ölkəsində işləmək şansıdır.
-Azərbaycan təhsilindən danışaq. Səncə, hazırda təhsilimiz hansı səviyyədədir?
-Hal-hazırda qənaətbəxş olmasa da, müsbətə doğru irəlilədiyini düşünürəm. Əsasən də, xarici universitetlərlə qurulan əməkdaşlıqlar çox mühümdür.
-Oxuduğun universitetdə xarici tələbələr çoxluq təşkil edirmi? Hansı ölkələrdən gələnlər daha artıqdır?
-Polşanın hər yerində olduğu kimi burada da Ukraynalı tələbələr üstünlük təşkil edir. Daha sonra Mərkəzi Asiya ölkələrindən-Qazaxıstan, Özbəkistandan gələn tələbələr çoxdur.
-Polşa səndə nələri dəyişdi? Bu ölkənin fərqliliyi və qəribəlikləri haqqında nə deyə bilərsən?
-Polşa məndə çox şeyi ümumiyyətlə, həyat tərzimi dəyişdi. Xaricdə yaşamaq özü-özlüyündə bir “challenge”dir. Nə qədər çətinliklər qarşısınıza çıxsa, bir o qədər də onlardan sizə müəyyən xüsusiyyətlər qalır. Polşanın fərqli xüsusiyyətləri kimi, daha dindar - bununla əlaqədar, insanların daha mehriban, ailə dəyərlərinə sadiq qalmaları- olmasıdır. Burada pulsuz səhiyyə və yaşlı əhalinin cəmiyyətdə çoxluq təşkil etməsi, ən əsası digər Avropa ölkələrindən dəfələrlə ucuz olmasını deyə bilərəm.
-Bir sıra layihələrin iştirakçısısan, onunla bağlı nə deyə bilərsən?
-Universitetdə oxuduğum zaman I kursun sonunda AIESEC təşkilatı vasitəsi ilə Bosniya və Hersoqovinada 2 aylıq Marketinq təcrübə proqramında iştirak etmişəm. Daha sonra AİESEC təşkilatında 2 il fəaliyyət göstərmişəm. Bu müddətdə daxili və xarici tələbələrin iştirak etdiyi layihələrdə təşkilatçılıq etmişəm. 2-ci kursda 2D animasiya şirkətində Marketinq menecer assistantda 2 aylıq fəaliyyət göstərmişəm. Bu müddətdə Almaniyada 10 günlük beynəlxalq tələbə festivalında iştirak etmişəm. Universitetin son kursunda Qazaxıstanda Astana-EXPO-da bir ay könüllü olmuşam. Magistr təhsilimin ilk kursunun sonunda Yunanıstanda 2 aylıq Erasmus “traineeship” keçmişəm. Bu ilin oktyabrında Türkiyədə bir həftəlik Erasmus layihəsində iştirak etmişəm.
-Bəs, gələcək üçün nə kimi planların var?
-O da mənə qalsın...
-Hazırda magistr təhsili alırsan, doktoranturada oxumaq barəsində düşünürsən?
-Doktorantura təhsil almağıma əmin deyiləm. Bəlkə də gələcəkdə düşünərəm.
-Polşa dövlətinin orta aylıq maaşı və tələbə təqaüdləri nə qədərdir?
- Polşada bildiyimə görə, minimum maaş 1000 AZN, orta aylıq maaş isə 2000 AZN civarındadır. Tələbə təqaüdləri də 700 manatdan başlayır.
-Bir Polşanı gənc asudə vaxtlarını necə dəyərləndirir?
-Polşalı gənc həftəsonunu çox güman ki, “pub” da keçirər. Onlar boş zamanlarında hansısa bir Avropa ölkəsinə səyahət edər. Qeyd etdiklərim isə əksəriyyətdir.
-Polşada təhsil aldığın zaman başına gələn maraqlı hadisələrdən danışa bilərsən?
-Polşada xarici olduğumu anlamırlar. Burada mənimlə polyak dilində ünsiyyətə başlayırlar. Xüsusilə yaşlı nəsil çox kommunikativdir. Marketdə hər hansı bir şey alanda məsləhət almağa çalışırlar, bacardığım qədər danışmağa çalışıram.
-Azərbaycanla müqayisədə yaşam tərzində cəmiyyətin fikrində hansı dəyişiklikləri gördün?
-Müqayisəolunmazdır. Burada hamı öz işi ilə məşğuldur və təbəqələşmə aşağı səviyyədədir.
-Xaricdə təhsil almaq istəyən gənc həmyerlilərimizə nə tövsiyə edərdin?
-Əgər bu haqda düşünürsüzsə mütləq həyata keçirməyə çalışın. Xüsusilə, Avropa şanslar ilə doludur. Kifayət qədər bilik, təcrübə və xarici dil biliyiniz varsa, haradasa sizə uyğun universitet, ixtisas, təqaüd proqramı vardır.
-Sonda əlavə etmək istədiklərin...
-Hamıya uğurlar...