Azedu.az

Azərbaycanda tədqiqat mərkəzi qurmaq istəyirəm - Mançestrə qəbul alan GƏNC

Xaricdə Təhsil

25 Avqust 2025, 12:18
Azərbaycanda tədqiqat mərkəzi qurmaq istəyirəm - Mançestrə qəbul alan GƏNC

2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq şəxslərdən biri də Edqar Şahbazovdur.

Edqar Şahbazov Mançester Universitetində “Molekulyar biologiya” ixtisası üzrə doktorantura pilləsində təhsil alacaq.

Bakı Dövlət Universitetinin biotexnologiya ixtisasını bitirən müsahibimiz magistratura təhsilini Dövlət Proqramı çərçivəsində 2023-cü ildə Bakı Dövlət Universiteti ilə Yerusəlim Yəhudi Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində alıb.

AzEdu.az E.Şahbazov ilə həmsöhbət olub.

"Açığı, qəbul xəbərinə çox da təəccüblənmədim. Çünki artıq bilirdim ki, göstəricilərim yüksəkdir və qəbul olacağam. Hətta may ayında universitetdən qəbul məktubunu almışdım. Ona görə də tam əmin idim. Yenə də çox sevindim, bu xəbəri valideynlərimlə və müəllimlərimlə bölüşdüm.

Bakı Dövlət Universitetində biotexnologiya ixtisasından məzun olmuşam. 2023-cü ildə Dövlət Proqramı çərçivəsində Bakı Dövlət Universiteti ilə Yerusəlim Yəhudi Universitetinin ikili diplom proqramında iştirak etdim. Bu sayədə magistratura səviyyəsi üzrə təhsil aldım. Onu başa vurduqdan sonra doktoranturaya müraciət etdim. Mançester, Oksford, Edinburq və Yerusəlim Yəhudi Universitetlərindən qəbul aldım. Oksford və Edinburq universitetlərinə magistratura üzrə qəbul aldığıma və artıq Dövlət Proqramı çərçivəsində bu pillədə təhsilimi bitirdiyimə görə doktorantura üzrə seçimim Mançester Universiteti oldu.

Dövlət Proqramına müraciət etməyimdə əsas motivasiyam onun yaratdığı böyük imkanlardır. Bu proqramın məzunları nüfuzlu yerlərdə təmsil olunurlar. Xaricdə təhsil almaq olar, amma bunu dövlət xətti ilə edəndə ölkəni daha geniş miqyasda təmsil etmiş olursan.

Gələcək planım Azərbaycanda xüsusi bir elmi-tədqiqat və müalicə mərkəzi qurmaqdır. Bu barədə artıq müsahibə mərhələsində də danışmışdım və münsiflər tərəfindən çox bəyənilmişdi. İstəyim odur ki, həm İsraildəki institutlarla, həm də Mançester Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda sıfırdan belə bir beynəlxalq mərkəz qurulsun.

Sosiallaşma məsələsinə gəlincə, bu daha çox olduğun ölkədən və ətrafındakı insanlardan asılıdır. Əgər düzgün mühit və yaxşı insanlar varsa, sosiallaşmaq çətin olmur. Mən də müxtəlif ölkələrdə olduğum üçün bu prosesdə problem yaşamayacam".

Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...
Son xəbərlərDaha çox